Elektron hökuməT – azərbaycanda “public goods” statusunda



Yüklə 27,6 Kb.
tarix21.10.2017
ölçüsü27,6 Kb.
#7430

ELEKTRON HÖKUMƏT – AZƏRBAYCANDA “PUBLİC GOODS” STATUSUNDA

Elektron hökumətin yaranması və ictimai həyatda təzahürləri bilavasitə İKT-nin inkişafı və informasiya cəmiyyətinin təşəkkülü ilə bağlıdır. Dövlət yaranandan idarəetmə ilə bağlı məsələlər dövlət-vətəndaş münasibətlərində qəlibləşmiş normaların yaranmasına gətirib çıxarmışdır ki, bu da klassik hökumət modelində dövlətin vətəndaşları ilə münasibətlərinin çərçivələrini müəyyən etmişdir. Lakin informasiya texnologiyalarının sürətlə dövlət idarəetməsi sisteminə daxil olması və bu sahədə geniş tətbiqi elektron hökumətin formalaşması ilə nəticələnmişdir və bu, müəyyən mənada ənənəvi hökumətin çərçivələrini daha da genişləndirməsinə gətirib çıxarmışdır.

Elektron hökumət dedikdə, ənənəvi hökumətin vətəndaşlara münasibətdə təqdim etdiyi bütün xidmətlərin vahid virtual məkan üzərindən və sistemləşdirilmiş qaydada – “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi nəzərdə tutulur. Bu zaman elektron hökumətin subyektləri – dövlət, vətəndaşlar və hüquqi şəxslər arasında elə münasibətlər yaranır ki, hər bir subyekt öz hüquq və vəzifələrini həyata keçirərkən bir-birinin fəaliyyətindən yararlanır. Daha sadə şəkildə desək, hökumətin təqdim etdiyi hər hansı bir xidmətdən istifadə etmək istəyən vətəndaş heç bir dövlət müəssisəsinə getmədən və əlavə prosedurlardan keçməyə ehtiyac olmadan elektron hökumət portalı üzərindən həmin xidmətdən istifadə etmək hüququna sahib olur. Eyni zamanda, dövlət qurumları da vətəndaşlarla münasibətləri tənzimləyərkən qurumlararası əməkdaşlıq və dialoq vasitəsilə öz funksiyalarını operativ şəkildə həyata keçirmək imkanı əldə edirlər.

Elektron hökumət modelində iyerarxiya mövcud deyil. Burada elektronlaşmanın 3 subyekti də bərabərhüquqlu aktor statusunda olur. Hər bir subyektin hüquq və vəzifələri qanunvericilik əsasında müəyyən edilir və qanunla qorunur. Daha açıq şəkidə desək, vətəndaşın və ya sahibkarın dövlətdən asılılığı minimum həddə endirilir, dövlət qurumlarında çalışan məmurların özbaşınalığı və vəzifədən sui-istifadə hallarının qarşısı alınır, dövlətin vətəndaş qarşısında cavabdehliyi təmin olunur, vətəndaşın müraciətlərinə, şikayətlərinə, irad və təkliflərinə qanunla müəyyən olunmuş müddət ərzində cavab verilməsinə nəzarət edilir. Yəni, elektron hökumət dövlət, vətəndaş və biznes qurumları arasında mövcud olan münasibətlərdə tənzimləyici funksiyanı yerinə yetirir.

Elektron hökumətdən istifadənin səmərəliliyi ondan ibarətdir ki, bu sistemdə bütün məlumatlar elektron formada dövr edir. Kağız üzərində olan infomasiyanın ötürülməsi ilə müqayisədə sənədlərin elektron mübadiləsi daha asan və ucuz başa gəlir. Bu zaman əməliyyat xərcləri (kuryer, poçt xidməti və.s.) minimum həddə endirilir, vaxt itkisinin qarşısı alınır, bürokratik əngəllər aradan qaldırılır, korrupsiya hallarına yol verilmir. Digər tərəfdən, kağız üzərində olan məlumatın qorunub saxlanması və informasiyanın təhlükəsizliyinin təmin olunması da əlavə prosedurlar tələb etdiyi halda, elektron sistemdə buna daha asan şəkildə nail olmaq mümkündür.

Elektron hökumətdə “iş saatları” və “coğrafi məkan” anlayışı öz əhəmiyyətini itirir, 7/24 xidmət həyata keçirilir. Xüsusən də, regionlarda və rayon mərkəzindən kənarda məskunlaşan əhali üçün “hökumətin əlçatmazlığı” kimi vəziyyət aradan qaldırılır. Fiziki məhdudiyyətləri olan vətəndaşlara dövlətlə qarşılıqlı əlaqələrin qurulmasında xüsusi imkanlar yaradılır.

Elektron hökumətin yuxarıda sadalanan üstünlüklərini ümumi şəkildə belə xarakterizə etmək olar:

ELEKTRON HÖKUMƏTİN ÜSTÜNLÜKLƏRİ


Dövlətin vətəndaş və sahibkar qarşısında cavabdehliyinin artması;

Məmur özbaşınalığı, süründürməçilik və vəzifədən sui-istifadə hallarının aradan qaldırılması;

Vətəndaşların müraciətlərinə qanunla müəyyən olunmuş qaydada cavab verilməsinə nəzarət;

Vaxta və əməliyyat xərclərinə qənaət;

Informasiyanın dəqiqliyi, etibarlılığı və təhlükəsizliyinə təminat;

Zaman və məkandan asılı olmayaraq, xidmətdə bərabərliyin təmin olunması;

İnformasiyanın saxtalaşdırılması və təhrif olunmasının mümkünsüzlüyü;

Dövlət qurumları arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi;

Vətəndaşların normayaratma prosesində iştirakının təmin olunması;

Fiziki məhdudiyyətləri olan vətəndaşlar üçün xüsusi şəraitin yaradılması və.s.

Elektron hökumət elə bir platformadır ki, burada bütün subyektlər üçün bərabər hüquqlar və e-hökumət sistemindən istifadədə bərabər imkanlar yaradılır. Buna görə də e-hökuməti “public goods” kimi dəyərləndirmək mümkündür Bu ifadə hərfi mənada Azərbaycan dilinə tərcümə olunmur, bu səbəbdən e-hökuməti “public goods” statusunda dəyərləndirərkən onun mahiyyətini açıqlamaq zəruridir.

“Public goods” elə mal və xidmətlərin məcmusudur ki, burada bir şəxsin ondan istifadə etməsi digərlərinin də ondan eyni şəkildə istifadə etməsini istisna etmir. Elmi ədəbiyyatda hava, milli müdafiə, küçələrin işiqlandırılması, kəşflər və ixtiralar, mayaklar və.s. “public goods”a misal olaraq göstərilir.

Elektron hökumətin “public goods” kimi çıxış etməsini isə müxtəlif arqumentlərlə izah etmək olar. İlk olaraq onu qeyd etmək lazımdır ki, e-hökumətdə “public goods”un xarakterik xüsusiyyətlərindən olan rəqabətin olmaması və digərlərinin istisna olunmasına yol verilməməsi mövcuddur. Yəni, e-hökumətdən istifadə edən hər hansı bir vətəndaş xidmət təminatçıları tərəfindən təqdim olunan xidmətin istehlakını həyata keçirərkən digər vətəndaşın həmin xidmətdən istifadə etməsinə mane ola bilmir, xidmət hər bir fərdə və ya hüquqi şəxsə münasibətdə eyni həddə və eyni qaydada həyata keçirilir və bir vətəndaşın xidmətdən istifadəsi onu digər vətəndaşlar üçün kəmiyyət və keyfiyyət baxımından azaltmır. Bu zaman e-hökumət sistemində təqdim olunan xidmətlər “tükənməyən dəyər” formasında çıxış edir.

Bundan əlavə, elektron hökumət platforması özündə informasiyanı ehtiva etdiyindən, müəyyən şəxsə münasibətdə fərdi məlumatlar istisna olmaqla, bütün məlumatlar ictimaiyyət tərəfindən istehlaka açıq olur. Bu da e-hökumətin “public goods” statusunda çıxış etməsinə başqa bir misal kimi göstərilə bilər.



E-Hökumətin “Public goods” kimi dəyərləndirilməsi

Ümumilikdə isə, e-hökumətin effektivliyi və səmərəliliyi təklif olunan xidmətlərdən istifadə imkanı (keyfiyyət) və istifadə dərəcəsi (kəmiyyət) ilə müəyyən olunur. Azərbaycanda mövcud olan elektron hökumətin effektivliyini yuxarıda adı çəkilən kəmiyyət və keyfiyyət faktorlarına əsasən təhlil etmək üçün e-hökumətin mövcud platforması – e.gov.az portalının fəaliyyətinə nəzər salmaq lazımdır.

Beləliklə, e-hökumət portalını ilk olaraq xidmətlərdən istifadə imkanlarına görə dəyərləndirək. Portalın istifadəsində sahibkar, vətəndaş və qeyri-rezidentlər üçün xidmətlər qruplaşdırılmışdır. İstifadəçi hansı kateqoriyaya aid olduğunu və autentifikasiya vasitəsini müəyyənləşdirdikdən, yəni, kimliyini təsdiq etdikdən sonra istədiyi xidmətdən istifadə etməkdə sərbəstdir.

Vətəndaşlara münasibətdə isə e-hökumət portalında daha sadə və anlaşılan formada fəaliyyət göstərən sistem formalaşdırılmışdır. Müxtəlif dövlət qurumları və ya xidmət təminatçıları tərəfindən təqdim olunan xidmətlər dövlət qurumlarına görə təsnif edilməklə yanaşı, konkret sahələr və həyat hadisələri üzrə də təqdim olunur ki, bu da vətəndaşlara gündəlik həyat məsələləri ilə bağlı araşdırmanı asanlaşdırmağa xidmət edir. Belə ki, e-hökumət portalının fəaliyyəti ilə yaxından tanış olmayan istənilən vətəndaş üçün konkret məlumatlar sadələşdirilmiş formada “həyat hadisələri” üzrə təqdim olunur. Aşağıdakı cədvəldə bunu daha aydın formada görmək mümkündür:

Buna alternativ olaraq, başqa formada təsnifatlar da aparmaq olar ki, bunlara bir çox dünya ölkələrinin təcrübəsində aşağıdakı şəkildə rast gəlinir:

Bütün bu prosedurların asanlaşdırılmasına baxmayaraq, informasiya texnologiyaları ilə davranış bacarıqlarına sahib olmayan şəxslər üçün elektron hökumət sistemindən istifadə öz mürəkkəbliyini qoruyur. Nəzərə alsaq ki, e-hökumət sisteminin formalaşdırılması konkret olaraq cəmiyyətin inkişafına istiqamətlənib, İKT-yə nisbətən uzaq olan yaşlı nəslin nümayəndələri, İKT ilə bağlı ictimai məlumatlılığın zəif olduğu regionlarda məskunlaşan əhali və müəyyən maddi səbəblərdən internetə çıxışı olmayan şəxslərin bu prosesdən kənarda qalması və ya təcrid olunması e-hökumətin effektivliyini şübhə altında qoya bilər və “rəqəmsal bölünmə”nin daha da dərinləşməsinə səbəb ola bilər. Bu problemin həlli kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “elektron qəbul otaqları” ilə bağlı təklifləri xüsusilə mühüm əhəmiyyətə malikdir. Ayrı-ayrı yerlərdə təşkil olunacaq belə otaqların fəaliyyəti cəmiyyətin e-hökumətə adaptasiyasında və public goods kimi mənimsənilməsində əsas addımlardan biri kimi dəyərləndirilməlidir. Bu addım isə sadalanan faktorlardan ikincisini təşkil edən kəmiyyət – yəni, e-hökumətdən istifadə səviyyəsinin yüksəlməsinə birbaşa xidmət edir.

Kəmiyyət amilinin yüksəlməsində portalın funksionallığının yüksək həddə olması zəruridir. Bu baxımdan e.gov.az portalının ən üstün cəhətlərindən biri də ondan ibarətdir ki, burada vətəndaşlara aid fərdi məlumatların sistemləşdirilməsi həyata keçirilir. Müxtəlif dövlət qurumlarında olan məlumatların mübadiləsi nəticəsində e-hökumət sistemində istənilən vətəndaşın virtual profili formalaşdırılır. Bu profil özündə vətəndaşın adı, soyadı, ailə vəziyyəti, təvəllüdü, iş təcrübəsi, müavinət, sosial yardım, dövlət qulluqçusu statusu və.s. kimi məlumatları ehtiva edir.

Vətəndaşlara aid fərdi məlumatların sistemləşdirilmiş formada təqdim olunmasının bir sıra üstünlükləri mövcuddur. Bu ilk növbədə, e-hökumət sistemində “hökumətdən-hökumətə” əməkdaşlıq formasının yüksək səviyyədə təşkilindən xəbər verir. Bu zaman bir neçə dövlət qurumunun məlumat bazasında müəyyən şəxslə bağlı olan informasiyanın mübadiləsi baş verir və məlumatlar təhrif olunmadan, heç bir dəyişikliyə məruz qalmadan və saxtalaşdırılmadan e-hökumət sistemində toplanır. Və e.gov.az portal bu məlumatları vahid arayış formasında həm aidiyyatı olan şəxsə təqdim edir, həm də həmin şəxsin tələbi ilə müxtəlif dövlət qurumlarına göndərir və ya özəl sektora yönləndirir. Bu əməliyyatın həyata keçirilməsi müxtəlif qurumlara müraciət etməklə əlavə vaxt itkisinin qarşısını alır. İkitərəfli münasibətlərdə (dövlət və vətəndaş) şəffaflığın təmin olunmasına xidmət edir.



Göründüyü kimi, elektron hökumət bütövlükdə dövlət və vətəndaş arasındakı münasibətlərin daha geniş arenaya transformasiyasını ehtiva edir. Elektron hökumətin inkişafı ictimai münasibətlərə yeni forma və məzmun verir. Bu sistemdə demokratik dövlət quruluşu daha da möhkəmlənir, siyasi idarəetmədə mövcud olan çatışmazlıqlar aradan qaldırılır. E-hökumət yeni “public goods” (ictimai mal və ya dəyər) statusunda çıxış edir və ictimaiyyətin dövlətin idarə edilməsində iştirakına zəmin yaradır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən elan olunan “Mənim elektron hökumətim” adlı məqalə müsabiqəsinə təqdim olunur.
Yüklə 27,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin