Rəfiqə:
Bu, nə sözdür, nə Əğyardır?
Burda xain əli vardır!
Məşuq: ( Aşiqə bir qədər əsəbi)
Sözün var, söz danış, nədir inadın?
Söyləmə burada hər nadan adın!
(azacıq pauzadan sonra incik halda)
Bilmədin eşqinlə çəkdim nə zillət, bilmədin.
Bildi hər kəs, külli-aləm, cümlə millət, bilmədin.
Oldu dillər əzbəri başım çəkən ol qovğalar,
Cümlə aləm söylədi, çox getdi söhbət, bilmədin.
( Kənarda Cadugər məsələnin açılmasından ehtiyat edərək Əğyarı “ Tez ol, get, get” deyərək səhnəyə çıxmağa və danışığa müdaxilə etməyə təhrik edir)
Əğyar: ( “bildim, bildim” deyə-deyə tələsik
səhnəyə çıxaraq)
Eşq evim tikdim özüm, qurdum, imarət eylədim,
Hər zaman kəbəm təkin döndüm, ziyarət eylədim!
( Burada çaşqınlıq yaranır. Aşiq bundan
qəzəblənir)
Aşiq: (qeyzlə Məşuqa)
Özgəyə dil vermisən, ey dil, mənə dil oxuma!
Saxta ol göz yaşların, bəsdir daha, sil, oxuma!
Oldu aşkar indi kim, ardınca Əğyar dolanır,
Pozduğun ilqarə sən təfsiri-təhlil oxuma!
Məşuq: ( Çaşqınlıq içərisində, əhvalı pozulmuş)
Ey fələk, bir bəxti kəm mən kimi xilqətdə hanı?
Taledən bir zərrəcən varsa pay qismətdə, hanı?
Çərxi-dövran sitəmi qəsd ilə yandırdı canı,
Bəndəyə gəlmiş cəza bir belə şiddətdə hanı?
( əhvalı daha artıq pisləşir. Rəfiqə onun
qolundan tutub sakitləşdirir)
Rəfiqə: ( Əğyarə işarə ilə)
Xainin, böhtançının xoş keçir hər yerdə anı,
Hökmü-qəm bəs onlara sahibi-qüdrətdə hanı?
(Aşiqə xitabən)
Aç gözün, sən haqqı gör, Məşuqu ətraflı tanı,
Haqqı isbat eyləmək sizdəki xislətdə hanı?
( Aşiq əlləri ilə başını tutub kənara çəkilirkən
Dost gəlib onun qolundan tutur, səhnədəki
gərginlikdən təəccüblənir)
Dostları ilə paylaş: |