Kenesarı xan Qasım oğlunun şərəfinə hazırlanmış poçt markası
Qazaxların milli şüurunun oyanmasına böyük təsir göstərmiş Kenesarı xan 1845-ci ildə rus ordusunun mühasirəsinə düşür. Böyük ümid bəslədiyi dini bir, dili bir qırğızlardan kömək ala bilmir. Məğlubiyyətin qaçılmaz olduğunu görsə də, döyüşü davam etdirir. Hər zaman mərdliklə döyüşən sərkərdə bu dəfə də prinsipinə sadiq qalır. Böyük Qazax çöllərini, dağlarını yaxşı tanıyan, mühasirəni yararaq qaçmaq imkanı olan Kenesarı Qasım oğlu sonadək döyüşü davam etdirir.
Odlu silahlarla təchiz olunmuş, toplardan istifadə edən rus ordusu qəhrəmanlıqla döyüşən qazax əsgəri birliyini dağıdıb, onun cəsur rəhbəri Kenesarı xan Qasım oğlunu döyüşdə Qırğızların əlilə öldürür, başını da kəsib Sankt Peterburqa, çara hədiyyə kimi göndərirlər. Bununla da qazaxlar yenidən Rusiyanın əsarətinə düşür.
Kenesarı xan vətən, millət və din uğrunda şəhid olur. Qazax xalqı Rusiyanın əsarətini qəbul etməyə məcbur olsa da, işğalçılara qarşı zaman-zaman üsyanlar, etiraz hərəkatları baş qaldırır. 1918-ci ildə qurmuş olduqları Alaş Orda dövlətini bolşeviklər dağıdırlar.
Qazax xalqı isə qəhraman oğlunu heç vaxt unutmur. Hətta Sovet hakimiyyətinin ən güclü dövrlərində belə görkəmli Qazax yazıçısı İlyas Esenberli yazdığı “Köcərilər” trilogiyasının bir cildini “Xan Kene” (1969) adı ilə nəşr etdirir..
Son ayaqlanma isə 1986-cı ilin dekabrında Almatıda baş verir. Həmin gün yüzlərlə insan şəhid olsa da, onların qanı yerdə qalmır. Bu ayaqlanma SSRİ deyilən nəhəng imperiyanın yaxınlarda çökəcəyindən xəbər verirdi. Nəhayət, azadlıq axtaran xalqlar istəklərinə nail oldular.
Almatı ayaqlanmasından sonra SSRİ-nin tərkibindəki respublikalar suverenlik aktlarını imzaladılar. Beləcə, Qazaxıstan da 1991-ci ildə müstəqilliyinə qovuşur, Kenesarı xan Qasım oğlunun arzuları 146 il sonra reallaşır.
2001-ci ildə Astana şəhərində, İşim çayı sahilində Kenesarı xan Qasım oğlunun atlı heykəli (heykəltəraş Şot Aman Valixanovdur) qoyuldu. 2008-ci ildə “Kazaxpoçt” rəssam Əbilxan Kaseyeva Kenesarı xanın portiretini hazırlatdı və həmin portiret əsasında 25 təngəlik poçt markası çap etdirdi. 2002-ci ildə onun anadan olmasının 200 illiyi təntənəli şəkildə qeyd edildi.
Rusyanın ən məşhur nəşriyyatlarından olan “Molodaya qvardiya” nəşriyyatı “Məşhur adamların həyatı” seryasından Ediqe Valixanovun Kenesarı xanın həyatından bəhs edən kitabını nəşr etdi. Lakin Qazaxların tanınmış ictimai siyasi xadimlərinin, deputatlarının, yazıçı və şairlərinin təkidinə baxmayaraq hələ də Kenesarı xan kəlləsi Rusyadan alınıb vətən torpağında dəfn edilməyib.
Dostları ilə paylaş: |