Tez duraq – gündüzün ömrü uzansın!
VAXT İTİRMƏK VAXTI DEYİL
Şəmsə
Gec yatıb, tez duran uğur qazanar;
Ünvana, mənzilə vaxtında çatar.
Çox yatan özünü çoxbilmiş sanar,
Böyük arzuları başından atar
Qəlbimiz yaratmaq eşqilə yansın –
Həyat yaşamaqçün mübarizədir.
Hay salaq, yatan da qalxıb-oyansın.
Zəhmətsiz həyatın mənası nədir?
Çox yatsaq gecənin ömrü uzanar,
Səhər gözlərini qapıya dikər.
Günəş də özünü gərəksiz bilər,
Onu qarşılayan olmasa əgər.
Tez duraq, – gündüzün ömrü uzansın,
Bitirək yarımçıq işlərimizi.
Dünya bizə baxıb sevinc qazansın,
Bununçün Yaradan yaradıb bizi!
Gec yatıb, tez duran uğur qazanar;
Qəlbimiz yaratmaq eşqilə yansın.
Çox yatsaq gecənin ömrü uzanar,
Tez duraq, – gündüzün ömrü uzansın!
15 yanvar, 2005
YERSİZ TƏLAŞ
Deyirlər günəşdə partlayış olub,
Belə güclü yansa tez də sönəcək.
Çoxunun ürəyi təşvişlə dolub:
“Yerdə tempreatur birdən enəçək” !
Sabaha ümüdlə, inamla baxın,
Boş yerə baş vermir dünyada nəsə.
Yanar ocağıdır Günəş Allahın
Heç vaxt sönə bilməz, o söndürməsə!
15 may, 2013
“SƏXAVƏT”
Mətbuatda gedən yazılardan məlum olur ki, Səudiyyə Ərəbistanın şahzadəsi Fəhd əl-Səid diplom alması münasibətilə Parisdə iki günlük ziyafət – əyləncə təşkil etmiş və bunun üçün 15 milyon avro ödəmişdir.
Göstərir öz varını yadlara, ərəb oğlu,
Altmış nəfər qonağı yaxşıca razı saldın.
Sənin səxavətinə çoxları heyran oldu,
Minnətdarlıq, təşəkkür, tərif, alqış aldın.
Tayfanızın bir azda artdı şöhrəti-şanı,
Sənin hər addımını müxbirlər izlədilər.
Şəkillərin bəzədi qəzetləri, ekranı –
Fransız gözəlləri öpüb-əzizlədilər.
Saldın bütün ələmə gur səsinlə səs, səda –
Kasıbın, imkansızın gərildi əsəbləri.
Pul deyəndə ingilis dərhal düşərdi yada,
Bu işinlə irəli çıxartdın ərəbləri.
Yadellilər cəsarət, qocalıq sayıb bunu,
Səndən pul almaq üçün görüşünə tələsdi.
Iki gündə xərclədin on beş milyon avronu,
Nə ürəyin ağrıdı, nə də əllərin əsdi.
Başına toplaşaraq lotular yığın-yığın,
Saxta sədaqət ilə qabağında əyildi.
Niyə əsməli idi sənin əlin ayağın?
Onsuz da gedən pullar sənin pulun deyildi.
Sən xalqın hesabına qazanmısan hörməti,
Fəqət millət heç zaman bunu vurmayıb üzə.
Yüz illərdir ölkənin tükənməyən sərvəti
Fasiləsiz sel kimi axır xəzinənizə.
Siz tez-tez başınıza yığıb özgəni, yadı,
Əyləncələr yaradıb, məclislər qurursunuz.
Sevincə həsrət qalır neçə ərəb övladı,
Siz isə gecə-gündüz yeyib qudurursunuz.
Hər gün qanlar tökülür Fələstin torpağında,
Yaralılar həkimə, dava-dərmana möhtac!
Bir xalq dinsiz, imansız düşmənin qabağında
Din uğrunda vuruşur qalsa belə susuz, ac!
Od tökülür, od yağır indi Əfqanıstana –
Bu ölkədə yaşayan millətin halı gərgin.
Fəryad, haray qoparır uşaq, qız - gəlin, ana,
Öz doğma vətənində onlar olub didərgin.
Sizlər öz əlinizdə cəm olunan sərvəti
Xərcləyib dağıdanda dünyanı gəzə-gəzə,
Müstəqillik qazanmış Azərbaycan dövləti
Bir milyon qaçqın ilə dayanıbdır üz-üzə.
Eyş-işrətə, şənliyə yaman qarışıb başın,
Səni narahat etmir millətin ağrı, dərdi.
Xərclədiyin pullarla sənin neçə soydaşın
Xarici ölkələrdə təhsil ala bilərdi.
Tikilərdi nə qədər teatr, kitabxana,
Yollar təmir edilər, körpülər salınardı.
İllər boyu evlərə həsrətlə baxanlara,
Qalıb-yaşamaq üçün min mənzil alınardı.
Çox yerdə açılardı yeni məktəb, mədrəsə,
Bir milyon vətəndaşın təzə paltar geyərdi.
Uşaq bağçalarında hamı verib səs-səsə,
Adını vəsf eyləyən nəğmələr söyləyərdi.
Vaxtını sərf elədin belə əyləncələrə,
Nəticə çıxartmadın Qəddafinin yasından.
Bir dayan, lənət oxu daha şeytana, şərə
Bəlkə qurtula bildin millətin qisasından.
Günahını dərk edib xalqa baş endir, əyil.
Üzr istəsən, millətin – günahından keçəcək.
Yoxsa Həccə gələnlər daha şeytanı deyil,
Atılan daşlar üçün sizi hədəf seçəcək.
04 iyun, 2013
ZƏHƏRLI ADAM
Bir hədəf axtarır özünə hər an,
Buztək parıldayan gözləri ilə.
Gündə zəhərlənir nə qədər insan
Acı kəlmələri, sözləri ilə.
Uşaqlar sevinər tərk etsə evi,
Ev dönər hay-küysüz, sakit qalaya.
Rəhbərlik etdiyi bir kollektivi
Neçə illərdi ki, salıb bəlaya.
Adam var–o çalıb bəlkə yüz kərə,
Qəlbində heç dini-imanı yoxdur.
Bütün zəhərlərə tapılıb çarə,
O vuran yaranın dərmanı yoxdur.
Çəkilmir gözündən yersiz qəzəb-kin,
Bəlkə zəhərlənib ondakı qan da.
Soyuq baxışına tuş gəlsə yəqin,
Heyrətdən bayılar gürzə ilan da.
Bezibdir əlindən yadlar-doğmalar,
Tanıyan çalışır görməsin onu.
Ilan zəhərinin bir son həddi var,
Ondakı zəhərin görünmür sonu.
Nəzərdən qaçırar deyə birini,
Həmişə qapının önündə durur.
Zəhərli heyvanlar seçir dərini,
O isə zərbəsini ürəyə vurur.
Şirin söz çıxmayıb hələ dilindən,
Elə zəhərləyir, elə çalır o!
Usanıb, bezməyir öz əməllindən,
Özgə kədərindən ləzzət alır o!
Tək, yalqız qalanda saralır, solur,
Çalmaq həsrətiylə yanır ağız, dil.
Ilandan zəhəri çıxarmaq olar,
Ondakı zəhəri almaq da müşkül!
Müşküldür yox sağaldıb, islah eləmək,
Bir yol var, qarşısı alınmalıdır!
İnsanla yaşaya bilmirsə, demək,
Insansız məkana salınmalıdır!
22 sentyabr, 2006
ŞƏXSİ MƏZAR
“Mən öləndə sizi çox da zəhmətə salmayacağam.Məzarım hazırdır, təkcə cənazəmi qəbrə qoymaq və başdaşımda ölüm tarixini yazdırmaq qalır”.
Bir soydaşımızın dediklərindən.
Özü öz qəbrini göstərib mənə,
Sakitcə, təmkinlə danışır, dinir.
Baxıb başdaşıda olan şəklinə.
Adam xofa düşür, adam diksinir.
Ağrıdır qəlbimi sonsuz dərd, kədər.
Bu məzar yamanca çaşdırır məni.
Çox şeylər görsəm də bu günə qədər,
İlk dəfə görürəm bu mənzərəni.
Zorla saxlayıram gözümün yaşın,
Osa gülümsəyir – əli hasarda.
Hamımız görmüşük şəxsi ev, maşın –
Sən demə, olurmuş şəxsi məzar da.
Qürurla göstərib öz məzarını:
– Necədir? – soruşur, dəyişmir halı, –
Özüm qazdırmışam bu yerdə onu;
Bura həm hündürdür, həm də səfalı.
Üstünə yağsa da hər gün yağış, qar.
Su qəbrə dolmadan axıb gedəcək.
Yoldan da çox aydın görünür məzar.
Adamlar həmişə baxıb gedəcək!
– Nə deyim?! Qalmışam, düzü, heyrətdə,
Başımın üstünü fikirlər alıb;
Axı indiyədək bu məmləkətdə
Kimin cənazəsi məzarsız qalıb?
Ancaq zamanında görülür hər iş.
Qayğıkeş, həssasdır bu oba, bu el.
Burada kiminsə hələ ölməmiş
Məzar qazdırması, məncə, düz deyil.
– Yaxşı tanısam da doğma elimi,
Dediyin yol ilə gedə bilmərəm.
Özüm tikdirmişəm son mənzilimi,
Özgəyə etibar edə bilmərəm!
– Özgəyə nə üçün? Oğlum, qızım var,
Yaxın qohumları demirəm hələ.
Lazım olan şeyi edərdi onlar,
Söz-söhbət düşməzdi ağıza-dilə.
– Çoxdan unutmuşam mən qohumları,
Hamısı nankordur, hamısı nadan.
Görmək istəmirəm daha onları,
Tək-tənha yaradıb məni Yaradan.
– Gəl belə ümidsiz danışma, qağa,
Atanı unudan heç vaxt şad olmaz.
Qohumlar hamısı başdan-ayağa
Dönüb özgə olmaz, dönüb yad olmaz.
– Mənə gərək deyil nə oğul, nə qız;
Rahat yaşayıram qalanda yalqız.
Siz məni dəfn edin dediyim kimi,
Mən hazır qoymuşam bütün xərcimi!
– Qoy olsun! Edərik dediklərini,
Daha qəbrinin də bildik yerini.
Yalnız bir şeyi də izah et mənə;
Kimlər sahib olsun sənin evinə?
Davaya çıxacaq iki övladın,
Gəl söylə indidən birinin adın.
– Sən nə danışırsan, hərifəm, nəyəm?!
Ev çoxdan satılıb, kirayədəyəm.
Bağda yaraşıqlı binam da vardı,
Orda da yaşayıb-qalmaq olardı.
Beş il bundan əvvəl qonşuma satdım,
Bu pullar neçə il başımı qatdım.
Yeyib – içmək olub ən əsas peşəm,
Həyatda yaxşıca kef eləmişəm.
Məni düşündürüb yalnız səhhətim,
Əyləncəm, dincliyim, istirahətim.
Nə bir borc vermişəm, nə borc almışam,
Ömrümü tərtəmiz yola salmışam.
– Onda daha durma,bir usta gətir,
Yarımçıq işini tamamla, bitir.
Ölüm tarixini yazdır məzara,
İşi bitirməmiş gedirsən hara?
–Bunu necə edim, axı sağam mən.
Bilmirəm nə qədər qalacağam mən.
– Yazdır istənilən tarixi ora.
Bil ki, girməsən də kəfənə, gora.
Ölmüsən, bağlanıb bazarın sənin.
Hələ gec qazılıb məzarın sənin!
Çoxdan tərk etmisən sən yer üzünü,
Daha geri dönüb yorma özünü
Nə qəmlən, nə sızla, nədəki ağla,
Girib son mənzilə qapını bağla!
12 mart, 2011
DÖVRÜN QAYĞILARI
Şair dostum Асиф Асиман
Гайьылар ичиндя миллят йорулуб,
Чоху кцсkцн дцшцб, гялби гырылыб.
Йаланлар доьруйа ъалаг вурулуб,
Мангуртлар битибди, ay vətən oğlu.
Дцзц эюрмцрцкся биз баха-баха,
Эедя билярикми айдын сабаща?!
Ъаванлар йашлыны ешитмир даща,
Дяйярляр итибди, ay vətən oğlu.
Щамы истяйир ки, ола бяй, аьа,
Бахан тапылмайыр баьчайа, баьа.
Чох вахт айырмышыг кефя-дамаьа,
Йад бизи ютцбдц, ay vətən oğlu.
Билмирсян дярдини чякясян няйин,
Йерсиз фикирлярдян безибдир бейин.
Бу мискин дюврана: «Йох!» сюйлямяйин
Məqam йетибди, ay vətən oğlu.
06 iyun, 1993
MƏNƏVİ AŞINMALAR
Йады тяглид едиб йадлашан кясин,
Фикри, дцшцнъяси милли олармы?!
Биз гырыб мешяни, аьаъ якирик,
Бу аьаъ kölgəli, эцллц олармы?!
Пярваня нуруна мейл едяр шамын.
Су галар ичиндя кузянин, ъамын.
Мяняви дцнйасы йохсул адамын,
Сабащкы талейи бялли олармы?!
Юзэяйя охшамаг асандыр, асан,
Эяряк кюкц цстя бой ата инсан.
Сян гырхda, гырх бешdə bərk dayanmasan
Yaş артыб, чохалыб ялли олармы?!
Юнцнц кясмяк цчцн йаманын, шярин,
Индидян дцшцняк дяриндян дярин.
Эцнбяэцн чохалан проблемлярин
Йахын эяляъякдя щяллi олармы?!
11 iyul, .2011
DÜNYA ÖZ İŞİNDƏDİR
Qaydadır – baharda bəzənən yerin,
Başının üstünü qışda qar alır,
Yamyaşıl yarpaqlar, əlvan çiçəklər,
Payıza düşəndə solub-saralır.
İnsan da baxaraq bu təbiətə,
Düşür min istəyə, arzu, niyyətə,
Cəsurlar tablaşır hər əziyyətə,
Qorxaq adamların qanı qaralır.
Dəniztək qabarıb-çəkilən bizik,
Dikələn, əyilən, bükülən bizik,
Böyüyən, yüksələn, kiçilən bizik,
Dünya nə böyüyür, nə də daralır.
13 yanvar, 1990
ACI HƏQİQƏT
Çox olar adama “ağlama” deyən,
Fəqət göz yaşını silən az olar.
Xoş gündə qapını çoxları açar,
Dar gündə yanına gələn az olar.
Xalqın qarşısında bəlkə də mini
Danışıb aləmə yayar səsini,
Di gəl ki, aclarla öz tikəsini,
Səxavət göstərib bölən az olar.
Səni aldatmasın xoş baxış, nəzər,
Gülü gül-çiçəyə baxanlar üzər!
Çoxları yanında dolanar, gəzər,
Qədir-qiymətini bilən az olar.
Əsgər paltarını geyər çoxları,
Alovlu şüarlar deyər çoxları,
Kənarda üzünü öyər çoxları,
Səngərdə döyüşüb ölən az olar.
15 fevral,1992
DOLMAYAN BOŞLUQLAR
Biçilmiş zəmilər bir gün əkilər,
Yaşıllıq qazanar yazda düz, dərə.
Boş qalmış yerlərdə evlər tikilər,
İnsanlar yığılar boş mənzillərə.
Buxar tərk etsə də torpağı, yeri,
Geri dönmək üçün olar yağış, qar.
Gərəksiz saymayaq boş kuzələri,
Onları təzədən doldurmaq olar.
Boş vərəq axtarar hər məktub yazan,
Biryolluq qurumaz dərin quyular.
Boş yerdə çox zaman boş qalan qazan,
Ocağın üstünə dolu qoyular.
İnsanı yüz hala salır bu həyat,
Azalır, çoxalır sevgisi, kini,
Sərnişin daşıyan hər cür nəqliyyat
Dolub – boşalmaqla görür işini.
Axar bulaqların suyu saf, sərin!...
Yanmasa istilik verərmi ocaq?
Təkcə boş başların, boş ürəklərin,
Dolub-boşalması müşküldür ancaq.
22 iyul, 2008
GƏLİN BİR AZ DÜŞÜNƏK
Dostlarımdan birinin ad günü ilə bağlı məclisi idarə etmək mənə tapşırılmışdı. Təxminən dörd saat çəkən və çox maraqlı alınan bu ziyafəti səbənkarın işarəsilə yekunlaşdırmaq istəyəndə qonaqlardan biri ayağa qalxıb: “ Biz əylənməkdə davam edəcəyik , əgər sizin sözünüz tükənibsə, danışmaya da bilərsiniz” , – dedi.
Ona verdiyim cavabı poetik şəklə salaraq oxuculara təqdim etməyi özünə borc bilirəm, cünkü son vaxtlar cəmiyyətimizdə özünü belə aparanların sayı artır.
Şairin sinəsi söz xəzinəsi –
Sözə güvənəndə söz tükənərmi?
Dünyanı qızdırır şair nəfəsi,
Könül ocağında göz tükənərmi?
Səninçün səfərdir yolları keçmək,
Mənsə hər addımda iz axtarıram.
Harda olursansa sən yemək-içmək,
Mənsə bir gərəkli söz axtarıran!
Səni düşündürür qaynayan qazan –
Çünkü öz nəfsinin olmusan qulu.
Mənisə cəlb edir yaradan, yazan;
Kitaba, dəftərə verirəm pulu.
Öyrənməklə keçir şair həyatı,
Arıtək hər güldən bir şirə alır.
Nə qədər gəraylı, qoşma bayatı
Onun yaddaşına yazılıb qalır.
Ədəbi irsimiz çox zəngin, dərin!..
Bu irsi öyrənmək olubdur peşəm.
Yazmağım bir yana, neçə şairin
Yüzlərlə şeirini əzbərləmişəm.
Mən sözə vermişəm bil ki, qəlbimi –
Oraya düşən söz itəsi deyil.
Dursam danışmağa – səhərə kimi
Çıxışım, söhbətim bitəsi deyil!
Fəqət bu addımın nə mənası var?
Niyə insanların vaxtını alaq?
Sabahdan borc alır vaxtı adamlar –
Nə üçün bu qədər biz işsiz qalaq?
Yadların çoxalır qorumaq həvəsi,
Bir işi bitməmiş birini seçir.
Bizdəsə həyatın xeyli hissəsi
Elə məclislərdə, toylarda keçir.
Axı gərəklidir ömrün hər anı,
Ö, ömrə gəlməyir, ömürdən gedir.
Sakitcə öldürüb vaxtı, zamanı
İnsan öz ömürnə xəyanət edir.
Həyat verilməyib tək şənlik üçün,
Qısaldaq vaxtını toy- bayramların.
Sabahki işləri düşünək hər gün,
Bilək qiymətini ötən anların!
02 sentyabr, 2008
Cismən itirsək də biz böyük şəxsiyyətləri,
Ruhən ölməzdin onlar, bizimlədir hər biri.
Onlardan miras qalan məsləhət, tövsiyələr
Ən çətin məqamlarda xalqa köməyə gələr.
SƏADƏTİN TƏMƏLİ
Ata-babalarımız
“azadlıq” deyə - deyə,
İllər boyu can atdı
çata müstəqilliyə.
Bu yolda canlar verib,
bu yolda canlar aldı.
Son mənzilə nə qədər
şəhidlər yola saldı.
Heç zaman azalmadı
azad olmaq həvəsi.
Neçə yol, neçə yerdən
qırdı toru, qəfəsi.
Tez – tez qırıb atsa da
qolundakı qandalı,
Çox zaman baş tutmadı
azadlıqla vüsalı.
Elə ki gün işığı
düşdü onun üzünə,
Vicdansız qonşuları
hücum çəkdi üstünə.
O, farsdan qurtulanda
rus şığıdı meydana.
Torpağımız bələndi
çox zaman qızıl qana.
Üstünə itlər deyil,
köpəklər də hürdülər.
Sərvətini talayıb,
rahat ömür sürdülər.
Türkü qul etmək üçün
çoxları birləşdilər,
Onu evindən qovub,
evində yerləşdilər.
“İstiqlal” deyənləri
bir – bir çəkərək dara,
Çalışdılar, əbədi
sahib olalar bura.
Ancaq boğmaq olmadı
bu millətin səsini.
Daim ortaya qoydu
möhkəm iradəsini.
Türk övladı söykənib
qeyrətə, cəsarətə,
“Yox!” – dedi köləliyə,
“Yox!” – dedi əsarətə.
***
Bu yurdun neçə - neçə
qəhrəmanı, igidi
Ömürlük dönüb oldu
azadlıq mücahidi.
Gündüz silah gəzdirirb,
gecə silahla yatdı.
Müstəqil yaşayaraq
arzu, murada çatdı.
Onlar sahib çıxaraq
bu torpağa, bu yerə.
İz qoyub, adlarını
saldılar tarixlərə.
Doqquzuncu yüzillik
Babəklə yadda qaldı.
O, yurda göz dikənin
canına lərzə saldı.
Zərbələr endirərək
Ərəb xilafətinə,
Asan gedən işini
burda saldı çətinə.
Açıq döyüşə girib
onunla neçə dəfə.
Vurdu ox, nizəsini,
qılıncını hədəfə.
Xalq vuruşa-vuruşa
yağıdan azad oldu.
Dərd-kədərdən qurtulub,
rahat, xürrəm, şad oldu.
Evində, obasında
çıxardı gur səsini,
Qəbul edə bilmədi
ərəb himayəsini!
Babək elə yaşadı
yadlar baş əydi ona.
Axırda da kişitək
ömrünü vurdu sona.
İşgəncələr verdilər,
qorxaqlıq eləmədi,
Çoxlarıtək diz çöküb,
mərhəmət diləmədi.
İşıq kimi, nur kimi
parladı axan qanı.
O, qiymətə mindirdi
doğma Azərbaycanı!
Təkcə öz xalqı deyil,
yad da bildi bu adı.
“Azərbaycan” deyəndə
Babəki xatırladı.
***
Xeyli zaman olmadı
xalqın sultanı, şahı.
Dağda qarı əritdi
onun kədəri, ahı.
Adamlar itirərək
öz doğma dövlətini,
Durub çəkməli oldu
özgənin minnətini.
Yurdu dağıdan oldu,
quranlar tapılmadı,
Vətənin keşiyində
duranlar tapılmadı
Bu torpaq xeyli müddət
verildi əldən - ələ,
Dövlətini yaratmaq
nəsib olmadı elə.
Yaddan qurtulmaq işi
ildən-ilə uzandı,
Bundan Vətən itirdi,
qarı düşmən qazandı.
Yurdumuzu talayıb,
adamları soydular.
Varı olan bir xalqı
ac-yalavac qoydular.
Yaxşı ki, mərd Eldəniz
çırmayıb qollarını,
Açdı doğma xalqının
bağlanmış yollarını.
Min yüz otuz altıda
o, arzu, kama çatdı;
Bu eldə Atabəylər
dövlətini yaratdı.
Yenə türk övladları
keçdilər iş başına,
Onlar yiyəlik etdi
doğma yurd-yuvasına
Hücum edən düşmənin
qarşısını aldılar,
Bu ölkədə işləri
qaydasına saldılar.
Adamların üzündən
qalxdı kədər pərdəsi,
Lal olmuş dillilərin
bir-bir açıldı səsi.
“Türk” kəlməsi,“türk” sözü
hər tərəfə yayıldı.
Mürgüləyən igidlər
silkələndi, ayıldı.
Yaşamaqdan bezənlər
həyata vuruldular.
Dağ çayıtək süzülüb
saflaşıb duruldular.
Yenə əvvəlki kimi
götürdülər yarağı,
Artdı işə diqqəti,
yurda olan marağı.
Döndülər bu torpağın
qurucu sahibinə,
Dinsiz soydaşlar belə
gəldi imana-dinə.
Çoxu canı unudub
tutdu Azərbaycanı,
Bildi ki, yurd olmasa,
qorumaq olmaz canı!
Eldənizin dalınca
gəldi Cahan Pəhləvan,
Onun da işlərinə
baxanlar oldu heyran.
Ölkəsi çiçəklənib
döndü bir gülüstana,
O yaşadı yurduna
ürəkdən yana-yana.
Kəndlər, şəhərlər döndü
tikinti meydanına;
Hər yerdən sənətkarlar
pənah gətirdi ona.
Çoxu istedadını
ortaya qoydu burda,
Əzəmətli saraylar
bəş edildi bu yurda
Cahan adına layiq
işlər gördü cahanda.
İndi də göz sevinir
o işlərə baxanda!
...Onu əvəz elədi
qəhrəman Qızıl Arslan,
Onunçün də çalışmaq
əsla olmadı asan.
Yadlar üstünə düşüb
hər tərəfdən vurdular,
Müxalif qüvvələr də
qarşısında durdular.
Öz yaxın qohumları
taxtına çıxmaq üçün
Bu əyilməz insana
zərbələr vurdu hər gün.
Lakin o büdrəmədi,
dayanmadı, durmadı.
Ona daş atanları
qılınc ilə vurmadı.
Salıb müxalifləri
siyasətin toruna,
Elə onlarla birgə
davam etdi yoluna.
“Mən” yox, “vətən” deyərək
düşmən üstünə getdi,
Yadların caynağından
Dərbəndi azad etdi.
Hiyləgər gürcüləri
qovub öz diyarına,
Qoymadı əl uzada
yurdumuzun varına.
Qızıl Arslan xalqına
yaşatdı qızıl anlar,
Ancaq bu həqiqəti
dərk etmədi nadanlar;
Onu qətlə yetirib
bir gün öz yatağında,
Xalqı başsız qoydular
yurdun ağır çağında.
***
Döyüş meydanı oldu
çox zaman Azərbaycan,
Torpağın üzərində
şıram açdı axan qan.
Bu yerə hücum etdi
uzaq monqollar belə,
Zəif düşmüş ölkəni
onlar keçirdi ələ.
Yandı, evlər, saraylar.
obalar talan oldu.
Bərəkətli torpaqda
düşmənlər qalan oldu.
Ağalıq eylədilər
bu yerdə xeyli müddət,
Bir iş görə bilmədi
boğsa da xalqı hiddət.
Görüb bu mənzərəni
igidlər düşdü dərdə:
Nə eləmək olardı
Dövlət olmayan yerdə?!
Hirsindən, qəzəbindən
neçə ürək dayandı,
Silaha əl atanlar
qızıl qana boyandı.
Monqol çıxıb getməmiş
Teymur da hücum etdi.
Qəddarlıq eləməkdə
hamıdan öndə getdi.
Fərq qoymadı kimsənin
dininə, imanına;
Baxaraq ləzzət aldı
axan insan qanına!
Türk olsa da, neçə min
türkün başını vurdu.
Təbrizdə insanları
Hörüb divara–qırdı!
Əgər almasa idi
Tanrı onun canını
Hələ çox tökəcəkdi
adamların qanını,
Böyük sərkərdə kimi
tanınsa da dünyada,
Onu bizim xalqımız
nifrətlə salır yada.
Yalnız zəifləyəndə
Teymurilər dövləti,
Çinar kimi dikəldi
xalqımızın qaməti.
Qara Yusif elləri
toplayaraq başına,
Sahib oldu ölkənin
torpağına, daşına.
Qaraqoyunlu qoydu
dövlətinin adını,
Səadətə yetirdi
igid türk övladını.
Yönəldib ordusunu
o, tez-tez sağa-sola,
Aldı nə qədər şəhər,
aldı nə qədər qala!
Qoymadı düşmənləri
burda at oynatmağa,
Dedi: “Xalqım özünə
həm nökərdir, həm ağa!”
Sonra oğlu Cahan şah
çıxdı şahlıq taxtına,
Gözəl ömür yaşamaq
düşdü onun bəxtinə.
Xidmət etdi elinə
əsl vətəndaş kimi,
Camaat onu sevdi
bir böyük qardaş kimi.
O, eşitdi xalqının
harayını, səsini,
Hamıya arxa durdu,
böldü son tikəsini.
Xeyirxah işlərindən
usanmadı, bezmədi,
O, təkcə xəyanətə,
satqınlığa dözmədi.
Üzə ağ olanların
üstünə pərdə saldı.
Elə dərd verənlərin
özünü dərdə saldı.
Ömrünün sonunadək
xalqa xidmət elədi.
Yurdu sevənlər hər an
ona hörmət elədi.
Elə kəc baxanlara
vüqarla gərib sinə,
Öz adını yazdırdı
tarix səhifəsinə.
***
Hələ Qaraqoyunlu
tərk etməmiş meydanı,
Ağqoyunlu dövləti
silkələdi dünyanı.
Min dörd yüz əlli üçdə
qüdrətli Uzun Həsən,
Silah götürüb oldu
düşmən yolunu kəsən!
Elin qüvvəsi vardı
onun vuran qolunda,
Tər tökdü, qan axıtdı.
dövlətçilik yolunda,
Siyasət oyununda
çox vaxt qoşa zər atdı;
Xarici ölkələrlə
əlaqələr yaratdı.
Cəsarətli ər kimi
o tanıtdı özünü,
Avropa da eşitdi
“Ağqoyunlu” sözünü.
Üz tutaraq Şimala,
Cənuba, Şərqə, Qərbə
Söylədi: “Mən hazıram
daim döyüşə, hərbə,
Ancaq çox istərəm ki,
cahanda barış olsun,
Dinc yaşamaq uğrunda
Çarpışma, yarış olsun!”
Qohumluq yaradaraq
neçə hökmdar ilə,
Yadları doğma etdi,
düşməni aldı ələ.
Müstəqil görmək üçün
Azərbaycan elini.
Həm başını işlətdi,
həm də vuran əlini.
Sözün qüdrəti ilə
çoxunu ram elədi.
Onu eşitməyənin
başına od ələdi.
Özü “Uzun” olsa da,
söhbəti oldu qısa.
Onu eşitməyənlər
Batdı matəmə, yasa.
O, xalqın mürgüləyən
inamını oyatdı,
Onun boyuna baxıb
bu xalq özü boy atdı.
O döndü ağsaqqala,
işbilənə, adilə.
Azadlıq yollarında
boylandı mücadilə.
Xalqın əlindən tutub
köləlikdən qopardı,
Nə qədər bacardısa,
irəliyə apardı.
Gedəndə öz yerində
qoydu Yaqub Mirzəni,
Söylədi: “Ləyaqətlə
əvəz edərsən məni.
Nə qədər türk övladı
azad, sərbəst olacaq,
O qədər yaddaşlarda
adımız da qalacaq!”
Ancaq sona yenidən
pozuldu içlərimiz,
Ömrümüzə yük oldu
dərdimiz, kədərimiz.
Dövləti əldən verib,
həsrət qaldıq dövlətə,
Biz saldıq özümüzü
gündüz vaxtı zülmətə.
***
Xalq dözüb hər əzaba,
qəmə, ağrıya, dərdə,
Yenə dedi sözünü
min beş yüz elə birdə.
On dörd yaşlı Xətai
atılaraq meydana,
Ağsaqqallıq eylədi
çox mərdə, qəhrəmana.
Yaradaraq türkdilli
Səfəvilər dövləti,
Qaytardı özümüzə
itirilmiş şöhrəti.
Dərbənddən, Kərkükədək
böyük bir ərazidə
O qoymadı yad gəlib,
türkə ağalıq edə.
Qılıncın kölgəsinə
səslədi oğulları.
Qovdu ürəklərdəki
xiffəti, intizarı.
Öz başına tac qoyub,
yaddan vergi, bac aldı.
Gənc ikən müdrikləşib
Savalantək ucaldı.
Neçə döyüşə girib,
zəfərlər əldə etdi,
İmdad diləyənlərə
daim güzəştə getdi.
Dağıdıcı qasırğa,
tufan olub əsmədi.
Namərd qonşular kimi
basdığını kəsmədi.
Elmi, mədəniyyəti
hər şeydən uca saydı,
Gözəl əməllərini
bütün dünyaya yaydı.
Dönərək bir məşələ
daim yandı, alışdı,
Türk dilinin gücünü
göstərməyə çalışdı.
Həm elə sahib oldu,
həm də ana dilinə.
Bəzən qılıncı qoyub
qələm aldı əlinə.
Gözəl əsərlər yazıb
əsl sənətkar kimi,
O həm də sözü ilə
fəth elədi aləmi!
Bir yerə toplayaraq
yurdun şairlərini.
Ehtiramla dinlədi
onların hər birini.
Haraya qədəm qoydu,
ayağı dəydi hara,
O, hörmətlə yanaşdı
bütün sənətkarlara.
Cəmi otuz yeddi il
oldusa da həyatda,
Onun gördüyü işlər
həmişə qaldı yadda.
Türkə meydan oxuyan
düşmən cəngavərləri,
Xalqın gücünü görüb
özü çəkildi geri.
Ərəb İraqınadək
Xətai yürüş etdi.
Dəstəsinin önündə
çox zaman özü getdi.
O, elinə bayraqdar,
qoşuna sərdar oldu,
Vətəninə, xalqına
layiq hökmdar oldu.
İki əsrdən artıq
durdu qurduğu dövlət!
Tarixə damğasını
vurdu qurduğu dövlət!
Adı, şanı, şöhrəti
oldu dillərdə əzbər.
Azərbaycan xalqını
tanıdı bütün bəşər.
***
Bir az sonra Əfşarlar,
Qacarlar hakim oldu.
Bu xalqın gülər üzü
Dərddən saraldı, soldu.
Onlar türk ola-ola
farsca danışdı, dindi.
Öz doğma torpağında
yada, özgəyə döndü.
Xəyanət eyləyərək
soykökünə, dilinə,
İran adı verdilər
qədim oğuz elinə.
Türk dilində yazana
rişxənd edib güldülər.
Böyük bir məmləkəti
xanlıqlara böldülər.
Xətainin qurduğu,
möhtəşəm türk ölkəsi
Günbəgün zəiflədi,
qaldı yalnız kölgəsi.
Çəkişmələr başladı
xanlıqlar arasında,
Güclü bir xalq yer aldı
zəiflər sırasında,
Dünən ona baş əyən
bu gün üzünə durdu,
Fürsətdən yaralanıb
köksünə zərbə vurdu.
***
Belə çətin məqamda
Qubalı Fətəli xan
Xilas etmək istədi
yurdunu bu bəladan.
Üz tutaraq xanlara:
“Gəlin birləşək!” – dedi–
“Yoxsa basılacağıq
hamımız tək-tək”, – dedi:
Çoxu məhəl qoymayıb
Fətəlinin sözünə,
Özü öz əli ilə
quyu qazdı özünə.
Onlar vətəni deyil,
düşünüb özlərini,
Bəzisi can itirdi,
bəzisi gözlərini!
Gözlü olanlar belə
kortək ömür sürdülər.
Doğma yeri, torpağı
yıxılanda gördülər.
Öz səhvini dərk edib
onlar anlayan zaman
Yurdun başı üstünü
artıq almışdı duman.
Yaxşıca silahlanmış
güclü rus qoşunları
Aşıb Qafqaz dağını
gəldi Cənuba sarı.
Düşmən sahib olanda
Gürcüstan ellərinə,
Bəylər, xanlar baxdılar
boş qalmış əllərinə.
Gördülər ki, silahı
harasa atıbdılar,
Yadlar irəli gedib,
onlarsa yatıbdılar.
Halları qalmayıbdır
düşmənlə döyüşməyə,
Qarışıbdır başları
əyləncə, yeməyə.
Onunçün yad önünə
duz-çörəklə getdilər;
Babəkin, Xətainin
ruhunu incitdilər.
***
Fəqət bu məqamda da
ərənlik edən oldu,
Düşmənin qarşısına
silahla gedən oldu.
Getdi xan olduğunu
düşmənə sübut edə,
Getdi ki, yağı görsün
onu qorxutmur hədə!
Rus sərdarı ucadan:
“Təslim ol!” – deyə-deyə,
Məktublar göndərsə də
mərdlər yurdu Gəncəyə,
Əyilmədi Cavad xan,
durdu məğrur dağ kimi.
Dedi: ”Gəncəyə gələn
gələr bir qonaq kimi!
Bu məqsədlə qapımı
açmaq istəsə sərdar,
Buyurub gələ bilər –
gözüm üstə yeri var
Ancaq öz evimizi
yada təslim etmərik,
Ondan qorxub, çəkinib
biz güzəştə getmərik.
Əl çəkin hədələrdən,
əl çəkin bu inaddan.
Çıxarsanız yaxşıdır
Gəncə adını yaddan!
Nə qədər sağdır canım
burda xan olacağam,
Canımı verənədək
neçə can alacağam.
Gəncəyə hücum olsa,
gücümü görərsiniz.
Cəsədimin üstündə
şəhəri girərsiniz”
Belə cavab verərək
düşmənin sorğusuna,
Silahlandı – silahla
sözünü desin ona.
Rus sərdarı görərək
onun əqidəsini:
“Atəşlə kəsək, – dedi, –
bu türkün gur səsini”.
Dolutək güllə yağdı
şəhərin üzərinə,
Sakit Gəncə çayında
qan axdı su yerinə.
Yüzlərlə mərd gəncəli
vuruldu şəhid oldu,
Düşmən cəsədlərilə
yollar, küçələr doldu.
Rəşadətlə, hünərlə
vuruşaraq Cavad xan,
Müstəqillik yolunda
etdi canını qurban.
O görsə də düşmənin
silahını, sayını,
Özgələrə vermədi
öz azadlıq payını.
Tərk etmədi dünyanı
kölə kimi, qul kimi,
Öldü azad, müstəqil,
qeyrətli oğul kimi!
Onun yoluyla getdi
övladı Hüseynqulu.
O da dedi: “Düşmənin
heç vaxt olmaram qulu!”
Şəhid olmağı seçdi,
əsarəti seçmədi.
Çoxlarıtək yadların
tərəfinə keçmədi.
Onlar dönüb oldular
qəhrəmanlıq simvolu;
Sonradan çoxu keçdi
Cavad xan keçən yolu!
***
İyirminci əsrdə
Səttarxan çıxdı üzə,
İstədi müstəqillik
bəxş edə ölkəmizə.
Birləşib məsləkdaşı
igid Bağırxan ilə,
Dedi: “Bu xalq sonadək
yaşaya bilməz belə”.
Yurdun oğullarını
Cəm edərək başına,
Dönüb komandan oldu
silahlanmış qoşuna.
Ağır zərbələr vurub
şahın dəstələrinə.
Sahib oldu öz doğma
torpağına, yerinə.
İranın caynağından
alıb Azərbaycanı
Şahdan tələb elədi:
“Bizim dövləti tanı!”
İran şahı çağırıb
xarici qüvvələri,
İtirdiyi yerləri
almaq istədi geri.
Bir qan gölünə döndü
Cənubi Azərbaycan.
Yenə də mərd oğullar
getdi Vətənə qurban.
Hər kənddə, hər şəhərdə
şəhidlər sıralandı,
Səttarxanın özü də
döyüşdə yaralandı.
Şah dəstəsi pozaraq
onun müalicəsini,
Bir gün şəhid etdilər
boğmaq üçün səsini.
Ancaq uca millətin
səsi yenə ucaldı,
Ölümdən qorxmayanlar
şəhidlərdən güc aldı.
Bədəndə sağalmamış
dünən vurulan yara,
Millət ayağa qalxıb
axışdı meydanlara.
“İstiqlal!” sədaları
yenə ucaldı göyə,
Xalq silaha sarıldı
azadlıq alsın deyə.
Yurdun cəsur övladı
Məhəmməd Xiyabani
Çox xeyir əməllərə
olmaq istədi bani.
Uğurla yararlanıb
mətbuatın rolundan,
İrəli çəkmək üçün
tutdu xalqın qolundan.
Çox zaman arxalandı
elminə, savadına,
İstəmədi el düşə,
irticanın oduna.
Qoymadı üsyançılar
qoşunun üstə gedə,
Çox çalışdı dinc yolla
hər şeyi əldə edə.
Ancaq o da çatmadı
öz arzu, istəyinə;
İranda şah rejimi
qanlar axıtdı yenə.
Ərizə, müraciətlə
hürriyyət almaq olmaz!
Mübarizə etməsən
arzuya çatmaq olmaz!
Məhəmməd Xiyabani
görüb bu vəziyyəti,
Söylədi: “Haqq yolunda
biz çəkək əziyyəti,
Təki gələn nəsillər
yaşasın rahat azad!
Gülsün bu xalqın üzü,
olsun öz evində şad!”
Ancaq o da işini
vura bilmədi başa,
Bütün arzu, istəyi,
niyyəti dəydi daşa.
Ömrünü sərf etsə də
belə nəcib bir işə,
İmkan tapa bilmədi
Azadlıqla görüşə.
Di gəl ki, yandırdığı
ocağın közü qaldı,
Millətinin yadında
“Azadliq” sözü qaldı.
***
İyirminci yüzilliyin
on səkkizinci yazı
Milləti razı saldı,
düşmənləri narazı.
Yollarda azadlığın
yaşıl işığı yandı,
Azərbaycan ölkəsi
müstəqillik qazandı.
Əllərdə dalğalandı
üçrəngli bayrağımız.
Çatdı bütün bəşərə
səsimiz, sorağımız.
Qatıldıq yurdu olan
millətlər sırasına.
Dava, məlhəm qoyuldu
Vətənin yarasına.
İnsanlar qul olmadı
başqasının əlində.
Danışdı, təhsil aldı
Azərbaycan dilində.
Çağladı alimlərin,
şairlərin ilhamı.
Öz yurudnda, elində
rahat yaşadı hamı.
Döndü bir həqiqətə
xalqın arzu, gümanı.
Bilindi insanların
əqidəsi, imanı.
El çırmadı qolunu
qurub-yaratmaq üçün.
Dövlətin özülünə
bir kərpic atmaq üçün.
Toy-bayrama çevrildi
azad eldə yaşamaq.
Qürur mənbəyi oldu
türk adını daşımaq.
Görərək xalqımızın
bilik, istedadını.
Yad söndürmək istədi
qəlbindəki odunu.
İyirmi üç ay durmadan
neçə tələ qurdular,
Qarşısında sədd kimi
dəstə-dəstə durdular
Tutaraq ayağından,
asılaraq qolundan
Döndərmək istədilər
onu doğru yolundan.
Aldatmaq istədilər
aldanmadı: “Yox! – dedi, –
Məni qorxuda bilməz
nizə, qılınc, ox!” – dedi.
Vüqarla sinə gərib
vurulan zərbələrə.
O, yolundan qalmadı
üz tutdu zirvələrə.
Əbədi olacaqdı
azadlıq baharımız.
Əgər olmasa idi
“milli” nadanlarımız.
Onlar yada aldanıb
eldə aranı qatdı,
Nişan, orden, medala
bütün ölkəni satdı.
Toplayaraq başına
qatil “bolşevik” ləri,
Ruslara təslim etdi
bBu torpağı, bu yeri.
Başlandı hər tərəfdə
işgəncələr, qətillər.
Bir-birinə calandı
ağrı-əzablı illər.
Adların arasında
çəkilmədi adımız.
Tutuldu, öldürüldü
minlərlə övladımız.
Doğma torpağımızı
yadlara payladılar,
“Hay”ları hər tərəfdən
bu yerə hayladılar.
Yaratmaq istədilər
türksüz türk torpaqları,
Ancaq başa çatmadı
bu çirkin arzuları.
Nə millət buna dözdü,
nə də Ulu Yaradan;
Süqut edib bu dövlət
bir gün çıxdı aradan.
Bu xalq yadlar içində
ərimədi, itmədi.
Azad olmaq uğrunda
mücadilə bitmədi.
İmkan yaranan kimi
özünə gəlib yenə,
Sahib oldu dilinə,
dininə, ölkəsinə.
Üçrəngli bayrağımız
torpağa kölgə saldı.
Azad eldə millətin
azad səsi ucaldı.
***
Vaxt gələcək həsədlə
çoxu baxacaq bizə,
Müstəqil ölkə qurmaq
düşüb qismətimizə.
Kölənin qulağı kar,
gözü kor, dili laldır.
Sevincdən ayrı düşmək
onunçün adi haldır.
Səadətin təməli
azadlıq, istiqlaldır.
Müstəqil yaşayana
hər cür nemət halaldır.
Onu qorumalıyıq
canımız getsə belə,
Yalnız azad yaşamaq
yaraşır bizim elə!
Mart – may,1998
Dostları ilə paylaş: |