ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1



Yüklə 2,08 Mb.
səhifə9/21
tarix14.01.2018
ölçüsü2,08 Mb.
#37658
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

Bu saxta baxış hələ Sovet hakimiyyəti dövründə bəzi tarixçilərdə və dilçilərdə şübhə doğurmuşdu. Çünki, bir tərəfdən, er.əv. III minillikdən başlayaraq Cənubi Azərbaycan ərazisində yerli əhalinin hurri, yaxud elam mənşəli, Şimali Azərbaycan ərazisində Dağıstan, yaxud Nax mənşəli olduğu göstərilir, digər tərəfdən deyilir ki, göstərilən minilliklərdə müxtəlif qədim mənbələrdə çəkilən həm Şimali, həm də Cənubi Azərbaycan yer adları və şəxs adları məlum qədim Şərq dillərində (akkad, assur, elam, hurri, Urartu, qədim fars) və indiki erməni, gürcü, Dağıstan və Nax dillərində deyil. Ona görə bu adların çoxu "qədim yerli dillərdəndir" adı ilə kənara qoyulmuşdu. İkincisi, heç cür başa düşmək olmurdu ki, nəyə görə təkcə Azərbaycan ərazisində minilliklər və əsrlərlə ölçülən dövlət qurumları yaratmış yerli əhali belə çox asanlıqla assimilyasiya prosesinə meyilli idilər və iki-üç dəfə dillərindən imtina edərək cənubda guya hurri, yaxud elam mənşəli dillərini ataraq İran dillərinə, sonra da türk dillərinə, şimalda Dağıstan mənşəli, yaxud Nax dillərini ataraq türk dillərinə keçmişlər? Bu proses necə baş vermişdir, hansı linqvistik mexanizm əsasında? Aydın görünür ki, bu qara baxış ağ sapla tikilmişdir. Həm də araşdırma göstərirdi ki, məlum qədim Şərq dillərində, müasir erməni,  gürcü və Dağıstan dillərində izah olunmadıqlarına görə "qədim yerli dillərdəndir" adı ilə kənara qoyulmuş adlar əslində qədim türk mənşəlidir (bax: 13, 73-111). Bunun əsasında aydınlaşırdı ki, həm cənubda, həm şimalda yaşamış qədim əcdadlarımız məhz türk mənşəli idilər, lakin onlar özlərini "türk" adlandırmırdılar. Eradan əvvəl I minillikdə cənubda Manna, Maday və Atropatena, şimalda Albaniya dövlət qurumları da türk mənşəli etnosların qurumları idi. Sonra da məlum olmuşdur ki, er.əv. VIII-VII əsrlərdə şimaldan gələrək əsasən Azərbaycan ərazisində və indiki Ermənistan ərazisində məskunlaşmış kimmerlər (Kimmer adı Kəmər, yaxud Qəmər tayfa adının qədim yunan dilində tələffüz və yazılış formasıdır) və saklar İran mənşəli yox, qədim türk mənşəli idilər. Lakin Sovet quruluşu vaxtında rus və erməni tarixçilərindəki türk antipatiyası şəraitində həqiqəti açıqlamaq mümkün deyildi. Bunun üstündə "pantürkist" damğası gözlənilirdi. XX əsrin 20-30-cu illərində bir sıra ziyalılarımız məhz  bu damğanın qurbanı olmuşdular.

1985-ci ildə ilk dəfə olaraq Azərbaycan Respublikası EA müxbir üzvü Mahmud İsmayılın təşəbbüsü ilə "Azərbaycan xalqının etnogenezinə dair" adlı cəmi 250 nüsxədə məcmuə çap olundu. Bununla da tarixi həqiqətin ortaya çıxması prosesi başlandı. Sonra da tarixçilərdən Mahmud İsmayılın, Y.Yusifovun, S.Əliyarovun, filoloqlardan - N.XUdiyevin, T.Hacıyevin, F.Cəlilovun, E.Əzizovun monoqrafiyaları və məqalaləri, Q.Ə.Qeybullayevin 1986-cı ildə "Azərbaycanın toponimiyası" (rusca), 1990-cı ildə "Qarabağ", 1991-ci ildə "Azərbaycanlıların etnogenezinə dair" (rusca), 1992-ci ildə "Qədim türklər və Ermənistan", 1994-cü ildə "Azərbaycan türklərinin təşəkkülü tarixindən" və "Azərbaycanlıların qədim etnik tarixinə dair" əsərləri çap olundu. Bununla da Azərbaycan ərazisində eradan əvvəlki minilliklərdən başlayaraq türk mənşəli etnosların yaşaması haqqında yeni konsepsiya yarandı və xalqımızın etnik tarixində arası kəsilməzlik və ənənəvilik yerinə qoyuldu, bir sözlə, xalqın tarixi özünə qaytarıldı. Bu baxış təkzibolunmaz tarixi faktlara əsaslanır (Bax: 13). Həmin faktların bəzisini qısaca oxucuların nəzərinə çatdırırıq.

Cənubi Azərbaycanın Urmiya ətrafı ərazilərində er.əvvəl IX əsrin sonlarında yaranmış dövlət er.əv.  843-cü ilə aid assur dilinə aid kitabədə "Manna", er.əv. 810-781-ci illər arasında Urartu dilinə aid kitabədə "Mana" adlanır. Burası şübhəsizdir ki, "Manna" adında "n" səsinin qoşalaşması sami mənşəli assur dilində baş vermişdir. Lakin tarixşünaslıqda er.əv. 615-613-cü illərə qədər yaşamış bu dövlətin adı nədənsə məhz assur dilindəki yazılış formasında "Manna" kimi yazılır. Görünür, bu,  "Manna" adının "Mana" adına nisbətən diləyatımlı olması ilə bağlıdır.

Manna (Mana) adının yerli tələffüz forması məlum deyil. Bu adı daşıyanların etnik mənsubiyyəti məsələsində də bitkin fikir yoxdur. Lakin doğru qeyd edilir ki, bu etnonim orada yaşayan bir etnosun etnik adıdır və mannalar er.əvvəl III minilliyə aid akkad mənbələrində Urmiya ətrafı ərazidə adları kUti, lüllubi, subi, turukku və s. kimi çəkilən tayfaların birbaşa varisləridir (89 a, 11). Deməli, mannalar köklü yerlilər idilər.

Bir fikrə görə mannalar elam mənşəli, digər fikrə görə hurri mənşəli idilər (bax: 13). İranın Xuzistan bölgəsində farslardan əvvəl yaşamış elamların Hindistanın Dravid dil ailəsinə, Suriya ərazisində er.əv. II minillikdə Mitani adlı dövlətə malik olmuş hurrilərin isə Urartulularla birlikdə Şərqi Qafqaz dillərinə mənsub dillərdə danışdıqları fikri vardır. Lakin yuxarıda deyildiyi kimi,  yazılır ki, Mannada yer və şəxs adları nədənsə nə elam, nə də Urartu və hurri dillərində deyil. Buna görə Manna ərazisində er.əv. I minilliyin I yarısına aid yer və şəxs adlarının çoxu "qədim yerli adlar" adı ilə kənara qoyulmuşdur.

Aydın görünür ki, bu fikirlər ağlabatan deyil. Əslində bu baxış belə  səthi düşüncələrdən irəli gəlir ki, əgər mannalar sami mənşəli (yəni, akkad, assur) deyildilərsə, onda mütləq ya elam mənşəli, ya da hurri mənşəli olmalı idilər.

Son illərdə Urmiya ətrafı ərazilərdə hələ er.əv. III minillikdə yaşayanların (deməli, həm də onların sonrakı nəsilləri olan mannaların) Altay-türk mənşəli olmaları baxışı ortaya qoyulmuşdur. Bu baxış Manna ərazisində er.əv. I minilliyin I yarısında, yəni Manna dövlətinin mövcud olduğu əsrlərdə yer və şəxs adlarının qədim türk dillərində olmasına dair onomastik faktlara əsaslanır (bax: 161; 162; 79; 13). Bununla da Manna (Mana) etnoniminin mənşəyi probleminin aydınlaşdırılması üçün meydan açılmışdır.

Problemin həllinə bundan başlamaq lazımdır ki, er.əv. I minilliyin I yarısına aid assur və Urartu mənbələrində müvafiq olaraq "Manna" və "Mana" adları çəkildiyi halda (axırıncı dəfə "Manna" adı er.əv. VI əsrin əvvəllərində çəkilir) "Maq" adına rast gəlinmir. Lakin həmin minilliyin ortalarına aid qədim fars dilli mənbədə (er.əv. 519-cu ilə aid Bisütun qaya yazısında) və Midiya barədə geniş məlumat vermiş er.əv. V əsrdə yaşamış  yunan müəllifi Herodotun "Tarix" əsərində "Manna" yaxud "Mana" adı çəkilmir, hər yerdə "Maq" etnonimi qeyd olunur. Tədqiqatçılar bunun səbəbini onda görürlər ki, guya er.əv. 673-cü ildə Cənubi Azərbaycan ərazisində və İranın şimal qərbində yaranmış Maday (Midiya) dövləti er.əv. 615-613-cü illər arasında Manna dövlətini özünə qatdıqdan sonra madaylar (yəni midiyalılar) mannaları assimilə etmiş (Фрай Р. Наследие Ирана. М.1972, с.97), iranlaşdırmış (172, 110) (çünki madaylar ari mənşəli əhali sayılır; əslində bu, qətiyyən belə deyil, madayların özləri qədim türk mənşəli idilər; bax aşağıda), İran mənşəli Maday dili mannalar üçün ünsiyyət vasitəsinə çevrilmiş (89, 70) və beləliklə mannalardan bir iz qalmamışdır. (Играр Алиев. Очерк истории Атропатены. Баку, 1989, с.25).Lakin bunu da yazırlar ki, Maday (Midiya) dövlətinin yaşadığı təxminən 125 il müddətində vahid maday xalqı formalaşmamışdı (89, 65). Belə olduqda başa düşmək olmur: mannaları madaylar necə assimilə edə bilərdilər? Aydın görünür ki, bu fikirlərin heç biri həqiqəti əks etdirmir və beləliklə, assur və Urartu mənbələrində Maq etnoniminin, qədim fars (Bisütun qaya yazısında) və qədim yunan (Herodotun əsərində) mənbələrində Manna (Mana) etnonimi adının çəkilməməsinin səbəbi aydınlaşdırılmamış vəziyyətdə qalmaqdadır.

Əvvəlcə onu qeyd edək ki, madayların ari mənşəli sayılması fikri tamamilə uydurmadır. Maday ərazisində yer və şəxs adlarının hamısı Altay-türk mənşəlidir (13, 129). Madayların ari mənşəli farslara qarşı düşmən münasibəti bunu aydın göstərir. Herodota görə madaylı maq axırıncı Maday hökmdarı Astiaqa demişdi: "Bizim dövrümüz üçün sənin hakimiyyətini möhkəmləndirmək vacibdir; çünki hakimiyyət farsa keçsə madaylar qula çevriləcək, farslar onlara (yəni madaylara) özgələr kimi nifrətlə baxacaqlar. Əksinə, nə qədər ki, sən, bizim həmtayfamız, hökmranlıq edirsən, biz sənin hakimiyyət payından bəhrələnirik və sənin vasitənlə bizə böyük hörmət göstərilir" (Herodot, I, 120). Fikrimizcə,  bu söhbətdən hər şey aydındır.

Deməli, türk mənşəli madaylar türk mənşəli mannaları assimilə edə bilməzdilər. Eyni dildə danışan iki etnosun qarşılıqlı münasibətləri assimilyasiya yox, konsolidasiya prosesini sürətləndirir.

Araşdırmalarımızdan Manna (Mana) etnoniminin mənşəyinə dair aşağıdakı nəticə alınmışdır: prof. Tofiq Hacıyevin doğru olaraq yazdığı kimi, assur və Urartu mənbələrində adı çəkilən "Manna" və "Mana" etnonimlərinin yerli tələffüz forması "Manqa" idi,  yəni bu etnonimdə qədim türk dilləri üçün səciyyəvi "nq" qovuşuq səsi vardı (35, 131). Lakin türk dillərində bu səsin danışıqda "n" səsinə çevrilməsi qanunauyğunluğuna görə Manqa adı mannalar içərisində Mana formasını kəsb etmiş və bu forma assurlara və Urartululara da keçmişdir. Lakin mannalılarla qonşuluqda yaşayan türk  dilli madaylarda isə "nq" səsinin "q" səsinə keçməsi ilə əlaqədar olaraq "Manqa" etnonimi "Maq" kimi tələffüz olunmuş, onlardan farslara, sonra isə antik müəlliflərin əsərlərinə keçmişdir.

Bu fikri təsdiqləyən faktlar vardır.

1. Elamlılar Maday dövlətinə və madayların ölkəsinə Matape, həm də Maqtape deyirdilər. "Matape" adı madayların Matay etnik adından (assur mənbələrində həm "maday", həm "matay" formaları vardır) və elam dilində cəm bildirən "-pe" şəkilçisindən ibarət olmaqla "mataylar" mənasını verir. Maqtape adında isə, göründüyü kimi,  "maq" etnonimi əksini tapmışdır. Bizcə, bu ad maq etnonimindən, qədim türk dillərində  müəyyən bir qayda kimi bir etnosun adına əlavə olunan və mənsubiyyət bildirən "tay" sözündən və elam dilindəki cəm bildirən "-pe" şəkilçisindən ibarətdir. Özlüyündə aydındır ki, "tay" sözü elam dilində olmadığına görə elamlar "Maqtay" adını hansısa bir türk mənşəli etnosdan götürüb və sonuna "-pe" şəkilçisini əlavə etmişlər. Deməli, "Maqtape" "maqtaylar" deməkdir. Elamlar Maqtay adını türk dilli madaylardan götürə bilərdilər; başqa sözlə, madaylar mannalıların ölkəsinə "Maqtay" demişlər. Sonra (er.əv. 615-ci ildə Maday dövləti Mannanı özünə qatdıqdan sonra) isə elamlar ondan əvvəl Mannaya verdikləri bu adı Madaya şamil etmişlər.

Deyilənlərdən aydın olur ki,  "Maq" adını mannalara türk mənşəli madaylar  vermişlər, yəni "Manqa" adındakı qovuşuq "nq" səsi madayların dilində "q" səsinə çevrilmiş və madaylardan da farslara keçmişdir.

2. Manq sözü bir sıra Altay-türk mənşəli tayfaların etnik adlarında da iştirak edir: Manqut (qədim türk dillərində "-ut" cəm bildirən şəkilçidir), Monqol, Mancur, Maqni, Manqbu, Mansi, Monquş, Munqet və b.  (bax: 13).

3. Maqlar (deməli, mannalar) həm Maday dövlətinin tərkibində (er.əv. 615-550-ci illər), həm fars Əhəmənlər dövlətinin (er.əv. 550-331-ci illər) vaxtında dini görüşlərin icraçıları - şamanları idilər. Antik müəlliflər maqları yozucu, gələcəyi xəbər verən dini ayinlərin qoruyucuları kimi səciyyələndirirlər. Baykalətrafı və Amurətrafı Altay-türk mənşəli tunqusların xalq rəvayətlərində isə uzaq keçmişdə "Manqa" adlı şaman xalqın mövcudluğu qeyd olunur və deyilir ki, tunqusların şamanlarında bu xalqın adamlarının ruhları yaşayır (bax: 13, 68). Biz hesab edirik ki, həmin rəvayətlərdəki "Manqa" etnik adı ilə Manna (əsli Manqa) etnonimi bəlkə də eyni mənşəyə malikdir.

3) Bir sıra Qərbi Avropa şərqşünasları (Qobino, O.Dorn, P.Sayks, Y.Pjilski. A. Olmstedt. L.Glvel - Saton) maqların turan  mənşəli olduqlarını yazmışlar. Gobineay. Historie des Perses. Vol. I. Paris. 1869, p.527; O.Dhorne. La religion des Achemenides. "Revue biblique", vol. X. 1913, p.22; P.Sukes. A historu of Persia, vol.I, London. 1921. р.99. J.Przuluski. Les Mages et les Medes. "Revue de ehistorie des religions", vol.122, №2-3, p.p.86-88; A.T. Olmstead. Histori of the persian. Empire. Chicaco. 1948. p.31; L.Elwel-Sutton. A guide to iranian area studu. Ann Arbor. 1952, p.73.)

4. Cənubi Azərbaycan ərazisində Ziviyə kəndində tapılmış və tədqiqatçılar tərəfindən er.əv. IX-VII əsrlərə aid edilən dəfinənin bəzi əşyalarında elmi ədəbiyyatda "skif heyvan  stili" adlanan rəsmlər vardır. Eynilə bu rəsmlər Altayda - kurqanlardan tapılan əşyalarda vardır. Mannaların etnik mənsubiyyətini müəyyən edə bilmədiklərinə görə tədqiqatçılar bunu Ön Asiya mədəniyyətinin Altaya təsiri kimi izah etmişlər(Артамонов, М.И. Происхождение скифкого искусства. "Советская археология". № 4, 1968, c.28-29.) Bu, fikrimizcə, elmi bayağılaşdırmaqdan başqa bir şey deyil.

Cənubi Azərbaycan ərazisində er.əvvəl IX-əsrdən məlum olan mannalar oranın köklü, avtoxton əhalisi kimi er. əvvəl III-II minilliklərdə Urmiyaətrafı ərazidə yaşamaları məlum olan kUti və lulubi tayfalarının varisləri sayılırlar (bax: 89). Yuxarıda dedik ki, mannaların etnik mənsubiyyəti barədə Azərbaycan tarixşünaslığında bitkin baxış yoxdur. Onların elam dilli ya da hürri dilli (Qafqaz dilli) olmaları fikri (bax: 13, 17-18) konkret tarixi faktlara söykənmir. Bu fikir sanki məntiqi səslənən belə bir mülahizəyə əsaslanır ki, əgər mannalar sami mənşəli və  İran mənşəli deyildilərsə (bu həqiqətdə də belədir), onda ya elam dilli, ya da hurri dilli olmalı idilər. Er.əv.  IV minillikdən İkiçay arasındakı (Mesopatamiyada) məlum şumerlər və er.əv. I minilliyin əvvəllərində İran yaylasına gəlmiş İran dillilər nəzərə alınmazsa, Ön Asiyada daha başqa bir qədim etnos məlum deyil ki, mannaları onunla qohum hesab etmək mümkün olsun.

Yuxarıda deyildiyi kimi, son illərdə mannalıların Altay-türk mənşəli olması baxışı ortaya çıxmışdır. Bu baxış er.əv. I minilliyin I yarısında (Manna dövlətinin vaxtında) Urmiya ətrafı ərazidə yer adlarının qədim türk dilləri əsasında aydınlaşdırılmasına əsaslanır (bax: 13, 72-84). Bu fikri Urmiya gölünün müxtəlif tarixi dövrlərdə adları da təsdiqləyir.

Zamua. Urmiya gölünün Zamua kimi ilk adı er.əvvəl IX əsrə aid assur dilində mənbədə çəkilir (89, 101). Həmin mənbədə Zamua həm gölün, həm də gölün cənub tərəfindəki ərazinin və orada yaşayan əhalinin adı kimi mənalandırılır. Q.A.Melikişvili mənbədəki Zamua adını tayfa adı sayır və er.əvvəl III minillikdən başlayaraq akkad mənbələrində dəfələrlə adı çəkilən lullubi (yaxud lülubi) tayfalarından biri hesab edir (121, 124). Bu fikir Zamua adının məlum Qədim Şərq dilləri əsasında izah olunmaması ilə əlaqədardır. Əslində Zamua Urmiya gölünün adıdır və deməli, assurlar gölün cənub tərəfində yaşayanları onun  adı ilə adlandırmışlar. Bunu mənbədə "Zamua dənizi" ifadəsi də təsdiqləyir.

"Zamua" adının mənası indiyədək açılmamışdır. Bu adın aydınlaşdırılması üçün əvvəlcə onun yerli tələffüz formasını bərpa etmək lazımdır, çünki mənbədə "Zamua" kimi yazılmış ad sami mənşəli assur dilindəki tələffüz və yazılış formasıdır. Araşdırma göstərmişdir ki, assur dilində "ç" səsi olmadığına görə "Zamua" yerli "Çamua" adını əks etdirir, yəni katib "ç" səsini "z" səsilə vermişdir. Lakin adın bu formasını da tam saymaq olmaz. Biz hesab edirik ki, mixi əlifbada "y" səsini verəcək işarə olmadığına görə katib əsli Çaymua (bəlkə də Çaymuya) kimi səslənmiş adı "Zamua" kimi yazmalı olmuşdur. Beləliklə, fikrimizcə, gölün yerli adı Çaymua idi ki, bu da qədim türk dillərində say, türk dilləri üçün səciyyəvi s-> ç əvəzlənməsinə görə "çay" ("Çaymua" adında "çay" sözünün türk dillərində s- ç əvəzlənməsinə görə "say" sözündən ibarət olması şübhə doğurmamalıdır; diqqəti bu cəlb edir ki, Urmiya gölünə tökülən Çaqatu çayının adındakı "çaq " sözü də türk dillərindəki saq sözündən ibarətdir. Deməli, türk dillərində bəzi sözlərdə "s" səsinin "ç" səsi kimi tələffüzü Cənubi Azərbaycan ərazisində hələ er.əv. I minilliyə aiddir.)  "vulkan mənşəli daşlıq yer" (93) və Ural-Altay dillərindəki mua - "su" ("göl") sözlərindən ibarətdir. Ural-Altay dil ailəsinə mənsub dillərdə  mu və mue "su" mənasındadır. Bu söz evenk dilində mu - "su," negidal dilində mu - "su", oroç dilində mu - "su" sözü ilə (151, tom II, s.548) mənşəcə eynidir. Monqol dilindəki muren - "su" sözünün kökünü də "mu" sözü təşkil edir. Bütünlükdə, Çaymua "(vulkan mənşəli) qayalı su (göl)" mənasını verir. Həqiqətdə də Urmiya gölünün içərisində lava mənşəli 200-ə qədər ada vardır. Hələ X əsr ərəb coğrafiyaşünası İbn Havqəl yazmışdır ki, Urmiya gölünün içərisində çoxlu adalar vardır (12, 111).

Aşağıda deyəcəyimiz kimi, gölün "Urmiya" adında da "miya" formasındakı "mua" (su) sözü vardır. Maraqlıdır ki, er.əv. VIII əsrə aid Urartu mənbəyində Araz çayının adı Muna kimi qeyd olunmuşdur. Həm də müəyyən edilmişdir ki, Urartu dilində də mu "su" sözü vardır. Urartu dilində mu "su" sözünün olması təəccüblü deyil. Urartu dilində başqa türk mənşəli sözlər də vardır: Urartuca atə, tiau, terai, sue, şani, şure (maraqlıdır ki, Urartu dilində  şure  -  "silah" sözündən olan "silahlı" mənasında şureli sözü də vardır və deməli, bu söz "-li" şəkilçisinin vasitəsilə düzəlmişdir), ərşə, (Мешшанинов И.И. Аннотированный словарь урартского (биайнского) языка S. 15, 52, 210, 264, 267, 290, 302, 304) sözləri türk dillərindəki,  o sıradan Azərbaycan dilindəki ata, ti (demək, əsli dimək), törə (tövr), su, çən, sur (cida), ərsə (cavan, həddi-büluğa çatmış oğlan), ev sözləri ilə mənşəcə eynidir.



Çayeçasta. Tədqiqatçılar tərəfindən er.əv. VII əsrə aid edilən "Avesta" kitabında Urmiya gölü Çayeçasta kimidir.   (Bax: Kasumova S.Ö. Öjnıy Azerbaydjan v III-VII vv. Baku, 1983, s.19). Bu adın iran dilləri vasitəsilə izah olunması, mənasının aydınlaşdırılması təşəbbüsləri boşa çıxmışdır. Alman şərqşünası İ.Markvart doğru olaraq bu adı mannalıların dilinə aid etsə də, mənasını aça bilməmişdir (172, 108-109). Çünki Qədim Şərq dillərinin heç biri əsasında "Çayeçasta" adının etimologiyasını vermək mümkün deyildir. Araşdırmamız göstərmişdir ki, Çayeçasta adının "çay" hissəsi yuxarıda haqqında danışdığımız Zamua (əsli Çaymua) adının birinci komponenti olan "çay" sözü olmaq etibarilə elə say (çay) "vulkan mənşəli qaya (daş)" mənasındadır. Adın "ças" hissəsi isə türk dilləri üçün səciyyəvi yas (ças) "yaşıl" (Azərbaycan dilində "yaşıl" sözünün kökü də y-ş əvəzlənməsinə görə "ças" sözündəndir) sözündən ibarətdir. Həqiqətdə də Urmiya gölü çox duzlu olduğuna görə açıq havada yaşıl (göy) rəngə çalır. Adın sonundakı "ta" hissəsi, fikrimizcə, Altay dillərindəki tu "göl" sözündəndir, lakin ya "Avesta" dilində bu söz "ta" kimi səslənmiş, ya da kitabın üzünü köçürmüş katiblər "tu" sözünü "ta" kimi yazmışlar. Deməli, əsli "Çayeçastu"dur. Qeyd edilməlidir ki, "göl", "su" mənasında tu sözü Ural-Altay dillərində geniş yer tutur. Sibirdə türk dilli xakasların bir qolu olan kamasinlərin, koybalların və karakasların dillərində tu  "göl" mənasındadır (126, 553-554). Altay-dil ailəsinə mənsub selkup dilində də tu "göl" deməkdir. Sibirdə fin-uqor dillərində danışan xantların, komilərin, neneslərin dillərində to, tuv  -"göl" sözləri vardır (126, 553-554). Ob çayının sahil ərazilərində və Çulım çayının aşağı axarında Varqato, Yarrato, Moçilto, Toquldo adlı göllər vardır (151 a, 70-71). Altayda Sayan dağlarında bir göl Tu (Беккер Е.Т. Южно-самодийские гидронимы Томской области,s.183) adlanır. Tədqiqatçılara görə qədim türklərin və macarların ulu əcdadlarının Sibirdən Şərqi Avropaya hərəkəti ilə to(tu) -"göl" sözü Macarıstan ərazisinə də gətirilmişdir: orada Fexerto və Nadto adlı göllərin adlarında macar dilində to - "göl" sözü vardır. Maraqlıdır ki, Urmiya gölünə tökülən Çaqatu və onun qolu Taqatu çaylarının adlarında da tu sözü əksini tapmışdır. Lakin bu çayların adlarındakı "tu" komponenti türk dillərində s->t əvəzlənməsinin nəticəsidir. (Altay dillərində s=t əvəzlənməsi barədə bax: Б.А. Серебренников. Советское филио-угроведение,, 1965,4). Məsələn, Tatarıstanda bir çay Aktay (yəni Akçay) adlanır. Sverdlovsk vilayətində də Aktay adlı iki çay məlumdur (А.К. Матвеев. Географический словарь Урала. Свердловск. 1980, s. 13). Çaqatu çayının adı qədim türk dillərindəki saq (çaq)  "təmiz", "içmək üçün yararlı" (93, 480) və tu "su" sözlərindən ibarətdir. Həqiqətdə də Urmiya gölünə tökülən Acıçaya (farsca Təlhərud - təlh (acı) və rud (çay) sözlərindəndir) nisbətən Çaqatu çayının suyu şirindir, içməlidir. "Çay" mənasında "su" sözünün "tu" forması başqa ölkələrdə də yaşayan türk dilli xalqların çay adlarında əksini tapmışdır. Altayda Şirqaytu çayının adı "şırıltı səsli çay" mənasındadır. (Бах: "Словарь русской транскрипции терминов" и слов, встречающиеся в географических названиях Казахской ССР, M.1960, s.29).  Qırğızıstanda Marçatu, Turuşkantu və İrbistu çayları vardır (128, 47). Qeyd edilməlidir ki, indi Fərat adlanan çay er.əv. III minillikdə Dəclə və Fərat çayları arasında yaşamış sami mənşəli akkadların dilində Purattu adının təhrifidir. Məlumdur ki, akkadlar bu adı şumerlərdən kötürmüşlər. Şumer abidələrində bu ad "Buratu" kimidir. Bu hidronimin mənası indiyədək açılmamışdır. Lakin ehtimal etmək olar ki, şumerlərin çaya verdikləri "Buratu" adının sonunu təşkil edən "tu"  hissəsi Cənubi Azərbaycandakı Çaqatu və Taqatu və Orta Asiyadakı bəzi çayların adlarındakı "tu" "su"sözü ilə eynidir. Fikrimizcə, Buratu türk dillərindəki abra - "xeyir verən", "xilas edən", "firavan yaşamağa səbəb olan" (147, I, 59-60) və tu - "su" ("çay") sözlərindən ibarətdir.

Deyilənlər Çayeçasta adının "Çayeçastu" kimi bərpa olunmasının düzgünlüyünə və bu adın "tu" hissəsinin Altay-türk dillərində "göl", "su" mənasında olmasına şübhə yeri qoymur.

Beləliklə, Çayeçasta (Çayeçastu) "(Vulkan, yaxud lava mənşəli) qayalı yaşıl göl (su)" mənasını verir. Gölün adındakı "yaşıl" ("göy") sözü farsların Urmiya gölünə verdikləri Kabudan (ərəb qrafikasındakı "dal" və "zal" işarələrinin oxşarlığına görə katiblərin səhvi ucbatından IX-X əsr ərəb coğrafiyaşünaslarının əsərlərində Kəbuzan kimi yazılmışdır) "Yaşıl (göy)" adının mənasına uyğundur. Qeyd etmək lazımdır ki, Strabon Midiyada (onun vaxtında Atropatenada) gölün Kapavta adlandığını yazmışdır (Strabon, XI,13, 2). Bu ad, şübhəsiz,  qədim farsca olmaq etibarilə sonrakı Kəbudan "Yaşıl" ("göy") adının qədim formasıdır. Lakin diqqəti burası cəlb edir ki,  Çayeçasta adında olduğu kimi, Kapavta adının sonunda "ta" (əsli "tu") komponenti durur. Belə nəticəyə gəlmək olar ki, qədim farslar mannalılardan, ya da midiyalılardan qədim türk mənşəli tu -"su" ("göl") sözünü mənimsəmiş və Urmiya gölünə verdikləri adın sonuna əlavə etmişlər. Belə olduqda,  Kapavta "Göy su (göl)" mənasını verir.

Mantiana. Strabon Ərməniyədə gölün Mantiana adlandığını yazır (Strabon, XI, 14, 8). Müəllifin bu gölü Ərməniyədə göstərməsinin səbəbi məlumdur: həqiqətdə də er. əvvəl 80-ci illərdə Ərməniyə hökmdarı II Tiqran zəifləmiş Parfiyadan Atropatenanın bəzi əyalətlərini qoparmış və bu ölkə üzərində hakimiyyətini qanuniləşdirmək məqsədilə Atropatena hökmdarının qızına evlənmişdi. Lakin er. əvvəl 66-cı ildə Roma ordusu II Tiqranı məğlubiyyətə uğradandan sonra Böyük Ərməniyə dağılmış, Atropatena öz müstəqilliyini bərpa etmişdi. Deməli, Strabonun bu məlumatı er. əvvəl 80-60-cı illərə aiddir. Lakin onun gölün Kapavta adlanması məlumatı, hər halda er.əv. I əsrdən əvvəlki mənbədəndir.

Qeyd etmək lazımdır ki, Urmiya gölünün Mantiana adlanması haqqında Strabonun məlumatı Azərbaycan xalqının mənşəyinin araşdırılması yolunda əsl əngələ çevrilmişdir. Belə ki, ilk dəfə erməni tarixçisi N.Q.Adons 1908-ci ildə yazmışdır ki, Mantiana adı "nə vaxtsa orada yaşamış xalqın adındandır" (48, 419). Vəssəlam, daş quyuya atıldı! Bu fikri Adonsun adını çəkmədən İ.M.Dyakonov mənimsəmiş (89a, 117), ondan İqrar Əliyev (49), ondan da S.Y.Qasımova (Касумова С.Ю. Азербайджан в III-VII веках. Баку, 1992, s.25-26.) götürüb əsərlərinə salmış və yazmışlar ki, "Mantiana" hidronimi tarixşünaslıqda Qafqaz dilli sayılan qədim hurrilərin indiki İraqın şimalında er.əv. II minillikdə mövcud olmuş Mitanni dövlətinin adı ilə eynidir, deməli, mannalılar hurri dilli idilər (49a, 136). Bu tamamilə yanlış mülahizədir. Ona görə ki, Strabonun qeyd etdiyi Mantiana yerli "Manti" adından və müəllifin özünün ona əlavə etdiyi məkan bildirən qədim yunan mənşəli "ana" şəkilçisindən ibarətdir. (Qədim yunan müəlliflərinin əsərlərindəki Atropat-ena, Araks-ena, Kaspi-ana, Marqi-ana və s. adlarını xatırlayın). Belə olduqda,  "Manti" adı ilə "Mitanni" adı arasında linqvistik yaxınlıq necə tapıla bilər?

Araşdırmamız göstərmişdir ki, Manti adı təmiz qədim türk mənşəli hidronimdir. Bu adın yerli tələffüz forması, bizim fikrimizcə, Manqtu, yaxud Menqtu (qədim türk mənşəli "nq" qovuşuq səsinin "n" səsinə keçməsilə Mantu, yaxud Mentu) olmuşdur. Lakin ya Strabonun məlumatçısı (Strabonun özü Midiyada olmamışdır) gölün adını "Manti" kimi tələffüz etmiş, ya da sonralar müəllifin əsərinin üzünü köçürmüş katiblər özlərinə tanış olmayan Mantu (Mentu) adını Manti kimi yazmışlar. Ola bilər, bu səhv Strabonun istifadə etdiyi mənbənin özündədir. Manqtu (Menqtu) kimi bərpa etdiyimiz ad qədim türk dillərindəki menqu  - "daimi", "həmişəlik", "əbədi" (93, 341) (burada gölün suyunun dəyişməzliyi, bir yerdə, eyni vəziyyətdə dayanması nəzərdə tutulur, həqiqətdə də Urmiya gölünə çoxlu miqdarda çay tökülür, lakin ondan heç bir çay axmır) və Çayeçastu və Çaqatu adlarında olduğu kimi Ural-Altay mənşəli tu  -"göl", "su" sözlərindən ibarətdir. Deməli, Strabonun Mantiana kimi yazdığı ad təxminən "heç vaxt səviyyəsi dəyişilməyən göl", "həmişə bir yerdə dayanan su", "axmayan su" mənalarındadır. Müqayisə üçün qeyd edək ki, Altayda (Tuva ərazisində) çoxlu xırda çayları qəbul edən, lakin ondan çay axmayan bir göl Menqi-Xol (yəni Menqi-göl) adlanır.


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin