Hidayət çırağı
Ötən bəhslərimizdə İmam Hüseynin (ə) mübarək şəxsiyyətinin 3 cəhətinə toxunduq. Birincisi qeyd etdik ki, İmam Hüseyn (ə) – hidayət çırağıdır. O Həzrət (ə) gedilən yola işıq, nur saçan bir hidayət vasitəsidir. Qaranlıqda, zülmətdə, lənətlik iblis tör-töküntülərinin cürbəcür rənglərdə, cürbəcür hoqqalarla dünyanı qaranlığa bürüdüyü bir zamanda Əba Əbdillahın (ə) mübarək şəxsiyyəti bir hidayət çırağıdır.
Burada günümüzlə bağlı bir haşiyə çıxaq. Əgər alimlərimiz, müctəhidərimiz ki, İmam Hüseyn (ə) məktəbinin şagirdləridir – bu günün qaranlıq və zülmətləri içində bu böyüklükdə işıq saçırlar, indi gör həmin mübarək məktəbin banisinin yayımladığı nur nə dərəcədə şiddətlidir! Bu gün alimlərimiz nə etməlilərlə, necə etməlilərlə, hansı yolun uğurlu, hansının uğursuz olması ilə bağlı ümmətə dəqiq və dürüst yol göstərirlər. Əgər İmam Hüseyn (ə) məktəbinin şagirdlərinin bərəkəti bu qədərdirsə, Əba Əbdillahın (ə) özünün hidayət üçün nə böyüklükdə nur mənbəyi olması aydınlaşmağa başlayır. Və hər Hüseynçi bu işıqdan bəhrələnə bilər, bu hudayət nurundan faydalana bilər. Faydalandıqca da yaşadığı mühitə, yaşadığı topluma bu işıqdan ötürməlidir.
Kərbəla, Kərbəla... Məhərrəm-səfər əyyamı bir əyyamdır ki, bu günlərdə bu işıq xüsusi şiddətlə nur saçar. Allah Təala cəmimizə bu işıqdan bəhrələnməyi qismət etsin.
Nicat vasitəsi
İmam Hüseyn (ə) – nicat gəmisidir. Artan xətt üzrə gedən fitnələrin burulğanında insanı xilas edən gəmidir bu. Fitnələrin rəngi də artıb, çeşidi də artıb. Fitnələr üçün imkanlar da artıb. Fitnələr üçün vasitələr də artıb, üsullar da artıb. Fitnə üçün sürətlər, kommunikasiya imkanları artıb. Bu vəziyyətdə, bu durumda saysız-hesabsız, milyonlarla fitnəyaradıcı vasitələr hər bir şey edirlər ki, insan haqq yoldan sapsın. Fitnə burulğanında boğulsun. Bu təlatümlərdə başı gicəllənərək, məhv olsun. Və bu fitnələr içində nicat gəmisi olan İmam Hüseyn (ə) məktəbi var. İmam Hüseyn (ə) məktəbinin şagirdləri olan alimlərimiz insanların yaxşını pisdən ayırması üçün – mənəvi görmə qabiliyyətinin, eşitmə qabiliyyətinin güclənməsi üçün düzgün yola yönəldirlər. Bəsirət tutumu verirlər insanlara. Maddi bağlantılardan, müvəqqəti bağlantılardan qırılmağı, həqiqi rabitələri tanımağı öyrədirlər insanlara. Hüseynçı olmağı öyrədirlər insana. Çünki, Hüseynçi olana bu fırtınalar təsir edə bimir. Hüseynçi olana bu burulğanlar yan ala bilmir. Çünki, Əba Əbdillah (ə) nuru topluma saçanda, lənətlik iblisin və tör-töküntülərinin işi çətinləşir.
Bu nur hamının üzərinə saçır – istəyənin də, istəməyənin də, axtaranın da, axtarmayanın da. Bir mənəvi süfrə açılır məhərrəm ayı gələndə və hamıya çağırış edilir: “gəl, Hüseyni ol!”, “Gəl Hüseynləş! Gəl, dəxi dilin Hüseynləşsin, gözün Hüseynləşsin, qəlbin Hüseynləşsin!”. Dilin qeybət etməsin, zalıma məddahliq etməsin, yalan danışmasın, haqqı desin. Gözün harama baxmasın; gözün kiçik xəta törədən bacı-qardaşına kinli qəzəblə baxmasın; gözün böyük zülm törədənlərə yaltaqlıqla baxmasın; gözün yetimə baxanda, ahıla baxanda yaşla dolsun. Qulaq haram qəbuledicisinə çevrilməsin. Qulaq haramları qəlbə ötürən zillətlik vasitəsi olmasın. Qəlbin məhəbbətlə dolu olsun – İlahi məhəbbətlə; şəfqət, riqqət, saflıq qəlbdən əskik olmasın. Qəlbdə zalıma hiddət, məzluma dəstəklə yanaşı olsun. Qəlbi elə qidalarla qidalandırmaq lazımdır ki, Hüseyni olsun. Budur məhərrəmliyin hədəfləri.
Dostları ilə paylaş: |