Əvəzliyin quruluşca üç növü vardır



Yüklə 52,31 Kb.
tarix27.12.2018
ölçüsü52,31 Kb.
#86520

ƏVƏZLİK

Əvəzliklər nitqdə ən çox işlənən sözlər olub, əsas nitq hissələrini əvəz edir, onların yerində işlənərək əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini özündə daşıyır. Əvəzliyin öz sualı yoxdur, o, əvəz etdiyi nitq hissəsinin suallarına cavab verir.


Əvəzliyin quruluşca üç növü vardır:

  1. Sadə əvəzliklər: mən, sən, o, biz, siz, bu, elə, belə, kim, nə, hara, necə, hansı, neçə,hər, niyə, hamı, bütün, filan, haçan.

  2. Düzəltmə əvəzliklər: neçənci, kimsə, nəsə, biri, hərə və s.

  3. Mürəkkəb – tərkibi əvəzliklər: filankəs, kim isə, nə isə, hər kəs, hər kim və s.


Əvəzliyin mənaca növləri

Əvəzliyin aşağıdakı qrammatik məna növləri vardır:



- Şəxs əvəzliklər

- Qeyri-müəyyən əvəzliklər

- İşarə əvəzlikləri

- Sual əvəzlikləri

- Təyini əvəzliklər

- İnkar əvəzlikləri


Şəxs əvəzlikləri
Şəxs əvəzlikləri isimlərin yerində işlənir, kim?, nə? suallarından birinə cavab verir. Mən, sən, o, biz, siz, onlar şəxs əvəzlikləridir. Birinci və ikinci şəxsi bildirən əvəzliklər yalnız insana, üçüncü şəxsi bildirən əvəzliklər isə həm insana, həm digər canlılara, həm də cansız əşyalara aid olur.

I şəxs

Mən

Biz

II şəxs

Sən

Siz

III şəxs

O

Onlar

Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur. Şəxs əvəzlikləri isimlər kimi hallanır: mən, mənim, mənə, məni, məndə, məndən. Mən və biz əvəzlikləri hallandıqda isimlər fərqli olaraq, yiyəlik halda -im şəkilçisini qəbul edir: mən+im, biz+im.

Şəxs əvəzlikləri qeyri-müəyyən təsirlik halda olmur.

Mən və sən əvəzliklərindən başqa, digər şəxs əvəzlikləri cəmlənə bilir: bizlər, sizlər, onlar.

Şəxs əvəzlikləri cümlədə mübtəda, tamamlıq və xəbər olur: Biz görüşdük. Onları xəbərdar etməliyik. Gələn odur.

Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir və ad bildirmir.
Qeyri - müəyyən əvəzliklər

Qeyri-müəyyən əvəzliklər də ismi əvəz edir, kim?, nə? suallarına cavab olur. Lakin onların mənasında qeyri-müəyyənlik var, belə ki, bu əvəzliklər konkret olmayan şəxsin və ya əşyaların adlarını bildirən sözlərin əvəzində işlənir. Qeyri-müəyyən əvəzliklər bunlardır: biri, kimi, kim isə, nə isə, hamı, hər kəs, filankəs, hər nə, heç nə, hər şey, bəzi, hərə.

Qeyri-müəyyən əvəzliklər quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur: hamı (sadə), kimsə (düzəltmə), nə isə (mürəkkəb)və s.

Qeyri-müəyyən əvəzliklər (hər bir əvəzliyindən başqa) isimlər kimi hallanır: filankəs, filankəsin, filankəsə, filankəsi, filankəsdə, filankəsdən və s.

Qeyri – müəyyən əvəzliklər mənsubiyyətə görə dəyişir: Qızların hərəsi bir işin qulpundan yapışdı.

Kim isə, nə isə əvəzlikləri hallanmır və mənsubiyyətə görə dəyişmir. Bəzi əvəzliyi yalnız mənsubiyyət şəkilçisindən sonra hallana bilir.

Qeyri – müəyyən əvəzliklər cəm şəkilçisi ilə də işlənə bilir: nələr isə, kimlər isə, filankəslər və s.

Qeyri – müəyyən əvəzliklər cümlədə mübtəda, tamamlıq və xəbər olur. Bəzi əvəzliyi sifəti əvəz edib cümlənin təyini olur: Bəzi işbazlar ölkədəki ərzaq qıtlığından istifadə edirdilər.

Qeyri – müəyyən əvəzliklərdən hamı, hərə, bəzi yalnız cəm və mənsubiyyət şəkilçisini qəbul edir: hamımız, hamınız, hamısı, hərəmiz, hərəniz, hərəsi, bəzimiz, bəziniz, bəzisi, bəziləri.


İşarə əvəzlikləri

İşarə əvəzlikləri kimə və ya nəyə isə işarə məqsədilə işlədilən əvəzliklərdir. İşarə əvəzlikləri bunlardır: o, bu, elə, belə, həmin.

O, bu, elə, belə, həmin işarə əvəzlikləri sifəti; elə, belə işarə əvəzlikləri isə zərfi əvəz edir, necə? nə cür? hansı? suallarına cavab olur.

İşarə əvəzlikləri isimlərin əvvəlində işlənməklə həmin ismi müəyyən edir, hansı sualına cavab verir və cümlədə təyin olur. Bu əvəzliklər isimlə işləndiyi zaman hal və cəm şəkilçisi qəbul etmir, yalnız isimləşdikdə hal, cəm və xəbər şəkilçiləri qəbul edir: Bizim istədiyimiz də budur.

O, bu işarə əvəzlikləri hallanır (o, onun, ona, onu, onda, ondan) , amma mənsubiyyətə görə dəyişə bilmir.

Elə, belə işarə əvəzlikləri sifəti əvəz etdikdə isimlə bağlı olur. Məsələn: Belə (işgüzar) tələbələrimiz çoxdur.



Elə, belə işarə əvəzlikləri cümlədə mübtəda ola bilmir. Bu əvəzliklər sifəti əvəz edərkən yalnız III şəxs mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallanır, cəmlənir (eləsini, beləsini, elələri, belələri) və müxtəlif cümlə üzvləri vəzifəsində işlənə bilir. Məsələn: Belələrinə hər zaman dəstək olmaq bizim borcumuzdur.

Elə, belə işarə əvəzlikləri zərfi əvəz etdikdə feillə, hərəkətlə bağlı olur: Elə danış ki, hamının xoşuna gəlsin.

Elə, belə işarə əvəzlikləri zərfi əvəz etdikdə cümlənin zərfliyi olur: Belə gülmə.

Həmin əvəzliyi yalnız sifəti əvəz edir, ismin heç bir xüsusiyyətini qəbul etmir. Həmin əvəzliyindən başqa digər işarə əvəzlikləri sifət kimi isimləşə bilir, cümlənin mübtədası və tamamlığı olur. O, bu, elə, belə, həmin işarə əvəzlikləri sifəti əvəz edib cümlənin təyini; o, bu əvəzlikləri ismi əvəz edib (belə olduqda cəmlənir, hallanır, ismin suallarına cavab verir) cümlənin mübtədası və tamamlığı; elə, belə işarə əvəzlikləri zərfi əvəz edib cümlənin zərfliyi olur. Bu əvəzliklərin hər biri xəbər şəkilçisi qəbul edib cümlənin xəbəri ola bilir.

Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra vergül qoyulur. Həmin əvəzliklər feildən və köməkçi nitq hissələrindən əvvəl gəldikdə (modal sözlər istisna olmaqla) vergül işlənməz.

Bəzən həmin işarə əvəzliyi o, bu işarə əvəzlikləri ilə birlikdə işlənir ki, bu da müəyyənliyi daha da qüvvətləndirir: Həmin bu məsələ, həmin o arxitektor və s.

İşarə əvəzlikləri tabesiz mürəkkəb cümlənin komponentlərinin qurulmasında, onların tərkib hissələrinin bir-birinə bağlanmasında mühüm rol oynayır.
Sual əvəzlikləri

Sual əvəzlikləri cümlə daxilində hər hansı şəxsi, əşyanı, əlaməti, kəmiyyəti, hərəkəti sual tərzində bildirir. Sual əvəzlikləri bunlardır: kim? nə? hara? necə? nə cür? hansı? nə edir? və s. Bütün əsas nitq hissələrinin sualları sual əvəzlikləridir.

Sual əvəzlikləri sual məqsədilə işlənir və cavab tələb edir.

Sual əvəzlikləri bütün əsas nitq hissələrini əvəz edir və əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır. Məsələn, ismi əvəz etdikdə isim kimi hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, digər nitq hissələrini əvəz etdikdə isə onların əlamətlərini daşıyır.

Sual əvəzlikləri əvəzlikləri də əvəz edir: Biz oxuyuruq. Kim oxuyur?

Quruluşuna görə sual əvəzlikləri sadə ( kim? nə? hara?), düzəltmə (neçənci? ), tərkibi (nə etdi? nə qədər? ) olur.

Sual əvəzlikləri suala cavab vermədən cümlə üzvü olur: Kim danışacaq?

Sual əvəzlikləri bir qismi bir neçə nitq hissəsini əvəz edə bilir. Məsələn, kim (isim və əvəzlik), nə (isim və əvəzlik), necə (sifət və zərf).


Təyini əvəzliklər

Təyini əvəzliklər cümlədə isimlərdən əvvəl gələrək onları müəyyən etmək üçün işlədilir. Öz, bütün, hər, hər bir, eyni, filan və s. təyini əvəzliklərdir. Təyini əvəzliklər quruluşca sadədir.

Təyini əvəzliklər isimlərin qarşısında işlənənrək sifəti əvəz edir, necə? hansı? suallarına cavab verir. Bu əvəzliklər cümlədə tək işlənmir, isimdən əvvəl gələrək cümlənin təyini olur.

Öz, bütün, hər, filan təyini əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul etmir və hallanmır. Bu əvəzliklərdən sonra gələn isimlər mənsubiyyət şəkilçiləri ilə işləndikdə obyekti şəxsə görə təyin edir. Məsələn: Sən öz uşaqlarının qayğısına qal! Mehriban yalnız öz uşaqlarının yox, bütün uşaqların qayğısına qalırdı. Bütün qələmlərimi ona bağışladım.

Öz təyini əvəzliyi birici, ikinci və üçüncü şəxsin təkində olan isimlə işləndikdə müəyyən üslubi fərqlər yaradır. Belə ki, öz təyini əvəzliyi I şəxsin təkində olan isimlə işlənsə də, işlənməsə də şəxs şəkilçisi əşyanın I şəxsə aidliyini göstərir. Məsələn: Mən (öz) donumu ütüləyəcəyəm. II və III şəxsin təkində isə öz təyini əvəzliyinin işlənib - işlənməməsi məna fərqi yaradır. Sən (öz / onun) donunu ütüləyirsən. Kamilə (öz / sənin) donunu ütüləyir.

Hər təyini əvəzliyi təklikdə işlənmir, yalnız cümlədə isimdən əvvəl işlənir. Hər dolab bir şagird üçün nəzərdə tutulub. Bu əvəzlik kəs, biri sözləri ilə işləndikdə qeyri-müəyyən əvəzlik kimi işlənir. Məsələn: Hər kəs bacardığı qədər kömək etsin.



Bütün, filan, eyni sözləri də cümlədə isimdən əvvəl işlənərək onu təyin edir. Məsələn: Eyni məqsəd uğrunda döyüşürük.

Təyini əvəzliklər işarə əvəzliklərinə bənzəsə də onlarda işarə etmək xüsusiyyəti yoxdur.

Öz təyini əvəzliyi bütün şəxslər üzrə mənsubiyyət şəkilçisi qəbul etdikdə qayıdış əvəzliyi vəzifəsini daşıyır: özüm, özün, özü, özümüz, özünüz, özləri. Qayıdış əvəzlikləri təyini əvəzliklərdən fərqli olaraq, isimləşir, mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra (özüm, özün, özü, özümüz, özünüz, özləri və s.), cümlənin mübtədası, tamamlığı və xəbəri ola bilir. Qayıdış əvəzlikləri həm ayrılıqda, həm də aid olduqları sözlə birlikdə işlənə bilir. Aid olduğu sözlə birlikdə işləndikdə cümlənin mürəkkəb üzvü olur.
İnkar əvəzlikləri

İnkar əvəzlikləri inkar mənası verən “heç” sözünün kim, kəs, nə, bir, şey sözlərinə qoşulması ilə əmələ gəlir: heç kim, kimsə, heç kəs, heç nə, heç bir, heç şey, heç biri və s.

İnkar əvəzlikləri ismin yerində işlənir, ismin suallarına cavab verir,cümlədə mübtəda, tamamlıq, zərflik və xəbər ola bilir: Heç kim unudulmur, heç nə yaddan çıxmır (mübtəda). Heç kimə aman vermədilər (tamamlıq). Bu gedişlə sən heç yerə çata bilməzsən (zərflik). O, heç kimdir (xəbər).

İnkar əvəzlikləri isimlər kimi bütün hallarda işlənir. Heç



biri inkar əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hal şəkilçisi qəbul edir: heç biri, heç birinin, heç birinə, heç birini, heç birində, heç birindən.

Kimsə” həm qeyri-müəyyən əvəzlik, həm də inkar əvəzliyi kimi işlənə bilir: Kimsə qapını döydü (qeyri-müəyyən əvəzlik). Kimsə ( heç kim) onu yola gətirə bilmədi (inkar əvəzliyi).

Əvəzliklər cümlədə mübtəda, xəbər, tamamlıq, təyin və zərflik rolunda çıxış edir.

Əvəzliyin morfoloji təhlili

Sayın morfoloji təhlili zamanı aşağıdakılar müəyyən olunmalıdır:



  1. Sualı

  1. Hansı nitq hissəsini əvəz etməsi

  1. Quruluşca növü

  1. Mənaca növü

  1. Hal və mənsubiyyət şəkilçiləri

  1. Cümlədə sintaktik vəzifəsi.

Məsələn: Hər şagirdə bir kompüter bağışladılar.

Hər – hansı?, təyini əvəzlikdir, sifəti əvəz edib, quruluşuna görə sadədir, cümlədə sintaktik vəzifəsi təyindir.



Elə danış ki, başa düşsünlər.

Elə - necə?, işarə əvəzliyidir, zərfi əvəz edib, quruluşuna görə sadədir, cümlədə sintaktik vəzifəsi zərflikdir.



Bəziləri bu işdən xəbərsizdir.

Bəziləri – kim?, qeyri – müəyyən əvəzlik, ismi əvəz edib, quruluşuna görə sadədir, cəm və mənsubiyyət şəkilçisi qəbul edib, cümlədə sintaktik vəzifəsi mübtədadır.
Yüklə 52,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin