QEYDLƏR
VƏTƏN (s.12)
İlk dəfə A.Şaiqin əsərlərinin dördüncü nəşrində avtoqraf əsasında çap olunmuşdur (bax: 2-ci cild, Bakı,1959, s.7). Şairin arxivində saxlanan avtoqrafda: «Qardaşım Sabir və Səhhətə yazdığım «Vətən» sərlövhəli mənzumə» qeydi də vardır. Bu şeri A.Şaiq 1905-ci ildə Şamaxıda yaşayan iki şair dostuna göndərmiş və həmin ildə onlardan şer ilə cavab məktubları almışdı. A.Səhhətin
Şaiqa, neyləsin axır, söylə, biçarə vətən?
Tapmayır Səhhət üçün dərdinə bir çarə vətən, –
beyti ilə başlanan mənzum məktubu Azərbaycan MEA Əlyazmalar İnstitutunda saxlanılır (inv. № 4500).
Sabirin göndərdiyi mənzum məktubu isə A.Şaiq 1920-ci illərin əvvəllərində ədəbiyyatşünas S.Mümtaza vermiş və o, həmin məktubu geri qaytarmamışdır.
İlk avtoqraflardan birinin axırına aşağıdakı beyt əlavə olunmuşdur:
Vətən, Vətən dedim hər qədr ki, canım var,
Mətanətim, təpərim, taqətim, təvanım var.
BİR QUŞ (s.13)
«Füyuzat» jurnalı, 3 mart 1907, № 11, s.170. «Müəllim Mirzə Abdulla Talıbzadə» imzası ilə dərc edilmişdir. 3-cü nəşrdən başqa, bütün nəşrlərə salınmışdır. Burada müxtəlif avtoqrafları olan şerin son nəşri əsas götürülmüşdür. Türk şairi Əkrəmbəy Rəcaizadəyə nəzirədir.
BÖYÜK XADİM (s.14)
«İrşad» qəzeti, 2 dekabr 1907, № 122. «Mərhum ədibimiz Həsən bəy Məlikov cənablarının vəfatı münasibətilə deyilmiş ədəbiyyatdır» sərlövhəsi ilə çap olunmuş bu şerin yenidən işlənmiş müxtəlif nüsxələri vardır. İlk əlyazmalarında və ilk nəşrlərində şer belə başlanırdı:
Bu sənmisən, ey dahiya, ey nəcmi-müzəffər!
Almış səni ağuşuna tabuti-mükəddər!
Üçüncü nəşri çapa hazırlarkən müəllif şeri yenidən işləmişdir. Biz axırıncı nüsxəni əsas götürdük. Yalnız ilk beyt yeni əlifba ilə yazılmış bir avtoqrafa əsasən olduğu kimi bərpa edilmişdir.
NİYƏ UÇDU? (s.14-15)
«İrşad» qəzeti, 15 dekabr 1907, № 128. Şerin sonunda «Stavropol, 5 iyun 1907-ci il» yazılmışdır. Bütün nəşrlərə daxil edilmişdir. Şerin bir neçə variantda avtoqrafı vardır. Tərtibçi son nəşrlərdə şerin dilini sadələşdirmişdir.
ƏKİNÇİ (s.15)
«İkinci il», Bakı, 1908, s. 40. Son iki nəşrə daxil edilmişdir. Tərtibçi şerin dili üzərində işləmiş, çüzi düzəlişlər aparmışdır.
Dostları ilə paylaş: |