3.1.Kiniklər. Kiniklər məktəbinin banisi Antisfen(m.ö. 455-360) sofist Gorginin, sonralar isə Sokratın tələbəsi olub. Bu məktəbin adı “it” (yun. kinos -it) sözündən götürülüb. Kiniklər təliminin əsas məqsədi dərin fəlsəfi nəzəriyyələr yaratmaq yox, xüsusi həyat tərzinin –yoxsulluq, tənhalıq, sərkərdanlıq –fəlsəfi əsaslandırılması və bu həyat tərzinin şəxsi nümunədə sınaqdan çıxarılmasıdır. Bu təlimin əsas müddəaları belədir:
-- asosial azadlığın (cəmiyyətdən kənar azadlıq) mütləqləşdirilməsi;
-- könüllü səfillik, sosial əlaqələrin yoxluğu, tənhalıq;
-- daimi yaşayış yerinin olmaması, sərkərdanlıq;
-- fiziki və mənəvi yoxsulluğun tərənnümü;
-- ifrat asketizm;
-- avtoritetlərin inkarı;
-- vətənpərvərlik hissinin yoxluğu və hər bir cəmiyyətdə, bu cəmiyyətin deyil, öz qanunları əsasında yaşamaq (kosmopolitizm);
-- diqqəti cəmiyyətin və insanın qüsurlarına yönəltmə.
Kiniklər məktəbinin görkəmli nümayəndələrindən biri də Sinoplu Diogen olmuşdur. Kinizmin prinsiplərinə uyğun həyat sürməsi, haqqında çoxsaylı rəvayətlər yaranmışdır.
3.2.Skeptiklər.Bu cərəyanın ən görkəmli nümayəndəsi Elidalı Pirron (m.ö. 360-270) Sekst Empirik (təq. m.s. II-III əsrlər) hesab olunurlar.
Antik dövr üçün iki növ skeptisizm xasdır:
a) hissi qavrayışlara şübhə: onlar ziddiyyətli olduğu üçün aldadıcıdır. Pirron qeyd edir ki, şeylərin axıcılığı və keyfiyyətcə dayanıqlı olmamaları onların qavramada qeyri-dəqiq fərqləndirilməsinə aparır. Ona görə də onlar haqqında həqiqət, yoxsa yalan kateqoriyaları ilə mühakimə yürütmək mümkün deyil. Zahiri əşyalar haqqında mühakimələrdən imtina zəruridir.
b) deduktiv nəzəriyyələrdə (çıxış aksiomlarda) şübhə. Pirron hesab edir ki, çıxış aksiomunu tapmaq mümkün deyil. Verilmiş mühakimənin səhih olmasını heç kim bilmir və bu mümkün deyil. Çünki, səhih çıxış aksiomlar yoxdur, bunsuz isə deduktiv əqlinəticə ola bilməz. O, deyirdi: “Sübutun həmişə meyara ehtiyacı var, düzgün meyar isə ona görə ola bilməz ki, onun öncədən sübut olunmasına inam yoxdur”.
Buradan isə əxlaqi və məntiqi skeptisizm alınır: başqasının fəaliyyəti üçün müəyyən nizama üstünlük verilməsi heç vaxt rasional ola bilməz. Ona görə də yaşadığın ölkə qanunlarına tabe ol. Pirrona görə xoşbəxtlik tam təmkinlik, ehtirassızlıq, sakitlik nəticəsinə əldə olun bilər.