Müəllimin dərsdəki mövqeyi haqqında yazan alimlər onun “bələdçi” – yəni bilik öyrənmək yolunda şagirdlərin qarşısında şam yandıran, amma dərk etməni onun öz öhdəsinə buraxan şəxsdir. Avropa təhsil sistemində müəllimin bu fəaliyyəti fasilitator adlanır. Ingilis mənşəli bu sözün mənası əlverişli şərait yaradan deməkdir. Bu da əhəmiyyətli məqamdır. Deməli, müəllimin sinifdə yaratdığı situasiya elə olmalıdır ki, müzakirə mövzusuna çevrilən problem ətrafında hamı fikir söyləyə, öz düşüncələrini bölüşə bilsin. Fasilitator müəllim sadəcə bilik vermir, özü də tədqiqatçıya çevrilir, müzakirə prosesində onu şagirdlərdən seçmək çətin olur. O, sadəcə liderdir. Uşaq göyə buraxdığı çərpələngin ipini əlində möhkəm saxladığı kimi, müəllim də müzakirələrin ümumi ahəngini bir məcraya yönəldir. Sinifdə şagirdlər müxtəlif qruplara bölünəndə h ər bir qrupun lideri oranın fasilitatoruna çevrilir. Beləliklə əgər beş qrup varsa, deməli sinifdə altı fasilitator var. Bunlardan beşi qrupların liderləri, altıncısı isə müəllimdir. Gənc tədqiqatçı, müasir təlim texnologiyalarının bilicisi Zülfiyyə Veysova yazır: “Bu, müəllim liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdlərin təhsilin məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Bu zaman müəllim şəksiz nüfuz sahibi kimi sinif üzərində “ağalıq” etmir və özünü ondan yüksəkdə tutmur”. Şübhəsiz ki, sinifdə problemli vəziyyət yaratmaq müəllimin aldığı bilikdən, dünyagörüşündən, elmi-pedaqoji səviyyəsindən çox asılıdır. Çünki problemin həllinə qoşulan 7-8 yaşı t əzəcə tamam olan uşaqdır. Onun dünyagörüşü də, məsələlərə münasibəti də müəlliminki qədər deyil. Müəllimin pedaqoji ustalığı burada meydana çıxır. Problemin həllində bələdçi olan müəllim biliklərin əldə olunması yollarını göstərir.
1. Hərf və s əslərin ümumiləşdirici cədvəli. Hər bir hərfi keçərkən müəllim ümumiləşdirici cədvəli doldurur. Bu cədvəl sinifdə daima asılır və şagirdlərin əldə olunan bilikləri sistemli şəkildə qavrayıb yadda saxlamağa kömək edir. 2. Motivasiya zamanı istifadə olunan cədvəl. Bu cədvəldən dərslikdə verilən şəkil əsasında fərziyyələrin üzə çıxarılmasında vasitə kimi istifadə edilir.