FƏSİL I. TURİZM MALİYYƏSİNİN MƏNBƏLƏRİ Maliyyə sistemi və turizm
İqtisad elminin əsas şaxələrindən sayılan maliyyə elmi fondların idarə edilməsi prosesidir. Maliyyə prosesi ictimai maliyyə, fərdi maliyyə və biznes maliyyəsi olmaqla üş əsas sahəyə bölünür. Maliyyənin başqa bir formasını isə pul yığımı və ya borc verilməsi də təşkil etməkdədir. Maliyyə, həmçinin də büdcənin hazırlanması və pulun xərclənməsi kimi prosesləri əhatə edən kifayət qədər mürəkkəb bir ifadədir. Maliyyə prosesinin əsasında hüquqi və fiziki şəxslərin banka vəsait yerləşdirməsi, daha sonra isə həmin vəsaitin banklar tərəfindən digər hüquqi və fiziki şəxslərə müəyyən faiz tələb etməklə verilməsini əhatələyən bir vastəçi proses dayanır.
Müasir bazar iqtisadiyyatı şəraitində dünya dövlətlərinin sürətli inkişafının, inflyasiyanın mövcud səviyyəsinin qorunub saxlanılmasının və ya inflyasiya səviyyəsinin azaldılmasının, eləcə də iqtisadiyyatın sabitliyinin təmin olunmasının əsasında maliyyə vəsaitlərindən səmərəli istifadə dayanır. Keçid iqtisadiyyatı inzibati amirlik sistemindən bazar iqtisadiyyatına keçid əsasında yaranmış bir iqtisadi kateqoriya olmaqla özündən sonra güclü iqtisadi şəraitin və ya iqtisadiyyatın yaradılmasını zəruri edir.
Keçid iqtisadiyyatı dövründə maliyyə anlayışı daha çox qabardılır. Bunun da əsas səbəbi kimi maliyyə proseslərinin zəncirvari əlaqədə olması, bir proses nəticəsində yaranmış neqativ halların digər proseslərə də avtomatik olaraq sirayət etməsi ilə nəticələnməsidir. Keçid iqtisadiyyatı dövründə isə güclü iqtisadi şəraitin var olması zərurəti yarandığından maliyyə sisteminə bir o qədər həssas yanaşılır.
Bir iqtisadi kateqoriya kimi maliyyənin mahiyyətinin təhlili göstərir ki, maliyyə imperativ və dəyər xarakteri daşıyır. Eyni zamanda da maliyyə milli gəlirin və milli məhsulun bölgüsü və təkrar bölgüsü, pul axınlarının yaradılması, tənzimlənməsi və istifadəsini əhatə edən bir iqtisadi kateqoriyadır. Hər bir iqtisadi kateqoriyanın mahiyyəti onun funksiyalarında təzahür edir. Buradan belə bir nəticəyə gəlmək olar ki, maliyyənin funksiyası da qeyd olunan xarakterik əlamətlərlə bağlıdır. Maliyyəni təhlil edən və onun nəzəriyyəsini araşdıran iqtisadçılar heç də bu fikirdə deyildirlər və onlar maliyyənin funksiyalarından danışarkən müxtəlif xarakterik xüsusiyyətləri ön plana çəkərək məsələyə fərqli aspektdən yanaşırlar. Bunun da məntiqi nəticəsi olaraq maliyyənin funksiyalarını təhlil edən iqtisadçılarda və ya maliyyəçilərdə yekdil fikir formalaşmır və bu fikirlərin əksəriyyəti bir-biri ilə ziddiyyət təşkil edir.
Maliyyənin yalnız bölgü kateqoriyasına mənsub olduğunu bildirən nəzəriyyəçilərin fikrincə, maliyyə yalnız və yalnız ümumi milli məhsulun bölgüsündən ibarət olan bir iqtisadi kateqoriyadır. Lakin bu kateqoriyaya aid olan nəzəriyyəçilərin özlərində belə, müxtəlif fikir ayrılıqları mövcuddur. Belə ki, onların bir qismi maliyyənin bölgü və nəzarət funksiyalarını, digər qismi isə pul fondlarının yığılması, yaradılması, pul fondlarına nəzarət və onlardan səmərəli istifadə olunması funksiyalarını maliyyəyə aid edirlər.
İstehsal konsepsiyasının nəzəriyyəçiləri başda olmaqla bir qrup iqtisadçı alimlər isə belə hesab edirlər ki, maliyyə bütün istehsalat prosesini əhatə edən bir iqtisadi kateqoriyadır və təkrar istehsalın bütün mərhələlərinin fəal iştirakçısıdır.
Maliyyənin ən xarakterik xüsusiyyətlərini əks etdirən funksiyaları aşağıdakı sxemdə öz əksini tapmışdır.
Dostları ilə paylaş: |