Gəncə Dövlət Universiteti
GDU-nun “Musiqi fənləri” kafedrasının
baş müəllimi L.H.Rəfibəylinin “Musiqi
tarixi” fənnindən “F.Əmirovun həyat və
yaradıcılığı ” mövzusunda mühazirə mətni
Fakültə:Pedaqoji
İxtisas: Musiqi müəllimliyi
Kurs: II
Gəncə-2021 PLAN: Fikrət Əmirov yaradıcılıq xasiyyətnaməsi (1922-1984)..............s.3
F.Əmirovun həyat və yaradıcılığı...............................................s.5
Fikrət Əmirov (1922-1984) Fikrət Əmirov yaradıcılıq xasiyyətnaməsi.
Fikrət Əmirov görkəmli Azərbaycan bəstəkarı Azərbaycan musiqi sənətinin aparıcı simalarından biri müasir dünya musiqi mədəniyyəti xəzinəsinə qiymətli töhfə vermiş məşhur sənətkardır. F.Əmirovun yaradıcılığı ölkəmizdə və onun hüdudlarından uzaqlarda geniş tanınmışdır. Bəstəkarın əsərləri ABŞ-da, Almaniyada, İngiltərədə, Fransada, Meksikada, İranda, Türkiyədə, Misirdə və s. ölkələrdə tez-tez müvəffəqiyyətlə səslənir; simfonik muğamları və “Nizami” simfoniyası dünyanın bir çox estradalarında çalınır. Həmin əsərləri K.Abendrot, Ş.Münş, L.Stokovski kimi məşhur dirijorlar dəfələrlə ifa etmişlər. F.Əmirovun “Sevil” operası da respublikamızdan xaricdə məlumdur. Onun “Min bir gecə” baleti ümumxalq məhəbbəti və geniş şöhrət qazanmışdır.
F.Əmirovun yaradıcılığı genişdir, bədii maraq dairəsi çoxcəhətlidir. Elə bir janr yoxdur ki, bəstəkar ona müraciət etməsin. Əmirov operanın, baletlərinin, simfoniyaların, simfonik poemaların, simfonik muğamların, süitaların, kapriççionun, fortepiano üçün konsertlərin, pyeslərin, sonatanın, musiqili komediyaların, mahnıların, romansların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin və s. müəllifidir.
F.Əmirovun yaradıcılığında milli simfonizmin yeni qolları meydana gəlmişdir. Onun simfonik muğamları bunun parlaq nümunələrindəndir.
Eyni zamanda F.Əmirov Azərbaycanda müasir mövzuda yazılmış ilk lirik-psixoloji operanın, ilk instrumental konsertin müəllifidir. 70-ci illərdə bəstəkar milli baleti yeni, parlaq, əfsanəvi balet tipii ilə zənginləşdirmişdir.
F.Əmirov Ü.Hacıbəylinin ənənələrini davam etdirməklə ölkəmizin musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışdır.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan F.Əmirov dünya və rus musiqi klassiklərinin, habelə Ü.Hacıbəylinin yaradıcılığının bilavasitə təsiri altında yetişən və inkişaf edən musiqi xadimləri dəstəsinə mənsubdur.
F.Əmirov musiqisinin böyük şöhrət qazanması səbəblərindən biri onun dərin milli zəminə bağlılığıdır. Milli musiqi mədəniyyətinin ilk mənbələrinə yaxınlıq və folklor musiqisinin üzvi surətdə klassik formalarda tətbiqi F.Əmirovu Ü.Hacıbəyli ənənələrinin bilavasitə davamçısı kimi səciyyələndirməyə imkan verir.
Janrından asılı olmayaraq F.Əmirovun kompozisiyalarında melodiyanın böyük rolu da onun musiqisinin ən mühüm üslub xüsusiyyəti – lirikanın üstünlüyü ilə bağlıdır. Müasir dövrün dahi bəstəkarı D.Şostakoviç yazmışdır: “F.Əmirovun musiqisinin canı melodiyadır”.
Doğrudan da F.Əmirovun müxtəlif məzmunlu və xarakterli ahəngdar, parlaq melodiyaları həmişə təravətlidir, təkraredilməzdir, fərdidir, təbiəti etibarilə vokal xarakterlidir. Bu xüsusiyyət bəstəkarın instrumental melodiyalarında da özünü göstərir. Ahəngdarlıq Əmirovun melodiyalarının asanlıqla yadda qalmasına kömək edir.
Millilad təfəkkürü ilə harmoniyanın tənasübündə də əks olunmuşdur. Söhbət harmoniyanın mənşəyindən, başqa sözlə, melodik və harmonik başlanğıcın sıx qarşılıqlı təsirindən gedir: harmoniya melodiyadan törəyir və buna görə də horizontal melodiya xəttinin vertikala “çevrilməsi” kimi qavranılır.
Xalq musiqisinə xas birsəsliliyin spesifikasını saxlamaqla F.Əmirov bəzən melodiyanın hər bir səsini paralel ahənglərlə, bəzən də septakordlarla harmonizasiya edir. Məhz bu “lentşəkilli” faktura (kvarta, kvinta müvaziliyi) həm impressionizm, həm də xalq musiqi təfəkkürü üçün eyni dərəcədə səciyyəvi olan özünəməxsus polifoniya effekti (“çoxqatlı melodiya”) yaradır.
F.Əmirov orkestr yazısının görkəmli sənətkarlarından biri, tanınmış kolorit ustasıdır. Bəstəkarın musiqisi həmişə koloritli, tembr səslənməsi ilə, incə səs yazısı tapıntıları ilə diqqəti cəlb edir. Hətta onun palitrası yalnız bir qrup alətlərlə (məsələn, “Nizami” simfoniyasında simli alətlərlə) məhdudlaşdığı hallarda belə o, dörd eynicinsli alətin tembr birləşmələrindən çoxlu rəngarəng effekt yarada bilir.
Ü.Hacıbəylinin ənənələrini davam etdirən F.Əmirov bəzən simfonik orkestrə tar, dəf, nağara kimi xalq çalğı alətlərini də daxil edir.
Xalq artisti, Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, Azərbaycan EA müxbir üzvü olan F.Əmirovun ictimai-musiqi fəaliyyəti geniş və rəngarəngdir.
O, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətlərinin katibi, Ali Sovetinin deputatı olmuşdur. F.Əmirov bir neçə il Azərbaycan Opera və Balet Teatrının rəhbəri olmuşdur.