3.9. Ədəbiyyatda yeni yüksəliş və milli mövzuların önə çıxması
1970-80-ci illərdə məşhur qaraçay şairləri lirikanın inkişafına daha çox diqqət yetirmişlər. Gənc nəslin istedadlı nümayəndələri sərbəst vəzndə daha çox yazır, yenilik axtarışı ilə şeirin inkişaf yollarını müəyyənləşdirməyə çalışırdılar. A.Akbayev, B.Lauranov, Turkliyev, J.Sozarukov, K.Salpaqarova, D.Mamçuyeva və b. poeziyanın müxtəlif janrlarında-mahnı mətnləri, sonet, ballada, poema və s. yazdıqları üçün bu janrlar getdikcə təkmilləşirdi, yazıçıların sənətkarlığı yüksəlir, poeziya yeni üslublarla zənginləşirdi.
Sovet ədəbiyyatına 1960-cı illər nəsli kimi daxil olmuş ədəbi mühitin təsiri ilə qaraçay-malkarlarda da Tanzila Zumakulova, Ibraqim Babayev, Bayçora Soslanbekov, Salix Qurtuyev, Svetlana Mottaiyeva, Ali Bayzullayev, Muxamat Moqayev, Muradin Ölmezov, Abdullah Beqiyayev, Bilal Laupanov, Sakinat Musukayeva, Rakay Semenov və b. istedadlı ədiblər meydana çıxmışdı. Indi onların əsərlərinin mövzusu da, yazı manerası da dəyişmişdir. Onlar vətənin, millətin tarixindən, başlarına gətirilən müsibətlərdən yazır, xalq yaradıcılığının zəngin poetik formalarından bacarıqla istifadə edirlər.
Aşkarlıq və yenidənqurma hərəkatından bəhrələnən qaraçaylar “Camağat”,“Alan”, malkarlar “Birlik” ictimai təşkilatlarını qurmuşlar. Yazıçı və şairlərin əsərləri “Nur”, “Şohluk”, “Töre“ jurnallarında, “Zaman”, “Mingi tav”, “Üyge igilik” və b. qəzetlərdə çap olunur. Çox təəssüf ki, iqtisadi çətinlikdən qəzet və jurnallar müntəzəm çap olunmadığı kimi, yazıçı və şairlər də əsərlərini vaxtında nəşr etdirib oxucuların mühakiməsinə verə bilmirlər.
Sonuc
Müstəmləkəçilər xalqları nə qədər bir-birindən ayırmağa çalışsalar da, insanların dünyagörüşləri genişləndikcə, oxuyub yeni bilgilərə yiyələndikcə yetərincə milli kimliyini ortaya qoymağa, zor şərtlər altında olsa belə həqiqəti yazmağa, doğru olanı xalqa çatdırmağa çalışacaqlar. Bunu qaraçay-malkar ədiblərinin timsalında da görmək olar. Belə ki, Qaraçay-Çərkəz Muxtar Vilayətində şagirdlər üçün 1976-cı ildə hazırlanmış “Ana literatura” dərsliyinə qaraçay yazıçı və şairləri ilə yanaşı, Kabarda-Balkar Muxtar Respublikasında yaşamış, yəni bu günün bölgüsünə görə malkar ədibləri hesab edilən Qaysın Quliyevin, Canakayıt Zalixanovun, Issa Botaşovun, Xabi Xatsıyevin də əsərləri daxil edilmişdir. Həmin dərsliyin 1988-ci ildə hazırlanmış yeni nəşrində Kazim Meçiyevə də geniş yer ayrılmışdır (Türkiyə dışında..., 2002:224, 22-ci cild).
Son illərin elmi araşdırmalarında bu yöndə xeyli iş görüldüyünün şahidi oluruq.
Dostları ilə paylaş: |