Issa Zavurbek ulu Qarakötov (Qarakötlanı) (1900, Kuban quberniyasının Cöqetey kəndi-1942, Ikinci Dünya Savaşı). Molla yanında təhsilini başa vurduqdan sonra kənddəki rusdilli olan ümumtəhsil məktəbində oxumuşdur. Sovetlər Quzey Qafqazı işğal etdikdən sonra Issanı Moskvadakı Şərq Zəhmətkeşləri Universitetində oxumağa göndərmişlər. 1924-cü ildə universiteti bitirir və orada ana dilində “Yeni mahnılar” kitabını çap etdirmişdir. Kitaba daxil etdiyi şeirlər əsasən Sovet təbliğatının təsirilə yazılmış, bədii cəhətdən o qədər də güclü olmayan nəzm parçalarıdır. 1931-ci ildə çap etdirdiyi şeirlər toplusunu “Inqilab nəğmələri” adlandırmışdır. Sosializmi tərənnüm edəndə belə dağlı qürurunu, dağlı cəsarətini, dağlı igidinin hünərini ön plana çəkmişdir. Bu baxımdan 1928-ci ildə yazdığı “Qafqaz” şeiri olduqca önəmlidir.
Issa Qarakötovun Sovet dönəmində ən çox təbliğ olunan əsərləri sırasına “Inqilab nəğmələri“, “Qafqaz” şeirlərini, “Bay və batrak” poeması daxil edilmişdir (Literatura narodov..., 1999:161-163).
Azərbaycanı sevən və elmi, ədəbi, iqtisadi əlaqələrin getdikcə güclənməsinə can atan gənc şair 1929-cu ildə Bakı-Qroznı-Tuapse neft kəməri çəkiləndə “Bakı şəhəri-neftin anası” şeirini çap etdirmişdir. Onun “Selmaş”, “Çobanın dedikləri”, “Azadlığın töhfəsi”, “Komsomolçunun molla ilə mübahisəsi” və b. əsərləri də əsasən Sovet quruculuğunun tərənnümünə həsr edilmişdir.
Şair 1942-ci ildə tank döyüşündə şəhid olmuşdur.
Dostları ilə paylaş: |