2. Uyğur ədəbiyyat tarixindən
Qədim dövr türk dili və ədəbiyyatı tarixindən yazan elə bir araşdırıcı yoxdur ki, bu və ya başqa şəkildə Orxon-Yenisey abidələrindən, Yusif Balasaqunlunun (Yusuf Xas Hacib) “Qutadğu bilig”, Kaşqarlı Mahmudun “Divanü lüğat-it-Türk”, Əhməd Yuqnakinin “Hibət əl-həqaiq” (Həqiqətlət töhfəsi) əsərlərindən bəhs etməsin. Özbək də, qazax da, qırğız da, tatar da, qaqauz da, başqaları da türk kökənli olduqları ilə qürur duysalar da, bu gün hər biri özünü ayrı bir millət sayır. Amma hamısı ədəbiyyat tarixlərini yazanda ümumtürk qaynaqlarına söykənir.
Uyğur ədəbiyyatının araşdırıcıları miladi 8-ci yüzillikdən başlayaraq yaranan dini mətnləri də ədəbi nümunələr kimi öyrənirlər. Bu dua mətnləri ilk poetik nümunələrdir. Sonralar uyğurlar islam dinini qəbul etsələr də, ondan əvvəlki inanclar zamanı istifadə etdikləri dua mətnlərini də qoruyub saxlaya bildilər.
Kaşqarlı Mahmud zamanında türklər yaşayan bölgənin günçixanından günbatanına atla doqquz aylıq bir yol idi. Insanların əksəriyyəti ölənədək doğulduqları kənddə və ya şəhərdə yaşayırdı. Çox az insan ticarət və döyüşlərlə əlaqədar başqa ölkələrə gedərdi. Yəni indiki kimi əlaqələr qurmağa və davam etdirməyə şərait yox idi. Ancaq bununla belə türklər öz dahi şəxsiyyətlərinin yaratdıqları əsərlərə yiyə durur və onu yayırdılar.
Bu gün isə bilgisayar arxasında əyləşməklə dünyanın hər hansı bir guşəsi ilə bağlantı qura bildiyimiz bir zamanda Mahmud Kaşqarlının yerliləri ilə normal əlaqələr yarada bilmirik. Yalnız Mahmud Kaşqarlının nəvələri uyğurlarlamı? Xeyr! Colan türkləri ilə də, Mosul - Kərkük - Ərbil türkləri ilə də, Balkan türkləri ilə də... Az qala Əlcəzairdə yaşayan oğuzları tamam unutmuşuq. Onlar haqqında tarix kimi danışırıq. Bu gün onların varlığından, yoxluğundan xəbərsizik.
Əslində, Orxon-Yenisey abidələrini, Mahmud Kaşqarlının “Divanü lüğat-it-Türk” əsərini ədəbiyyat tariximizə daxil ediriksə, həmin bölgədə bu gün də yaşayan soydaşlarımızın ədəbiyyatını öyrənib təbliğ etməliyik. Bununla uyğur ədəbiyyatının araşdırıcısı kimi görünmək iddiasında deyiləm. Sadəcə olaraq nüfuzlu araşdırıcılarımızın diqqətini Çindən Balkanadək uzanan məkandakı türk ədəbiyyatına yönəltmək istəyindəyəm.
Uyğurların 19-cu yüzilədək olan ədəbiyyatları ümumtürk ədəbiyyatının cığatay qrupunda danışan toplumun yaratdığı bədii nümunələr olduğundan bu gün də bəzi şairləri uyğurlar da, özbəklər də öz klassikləri sayır, ədəbiyyat tarixlərinə daxil edir, öyrənirlər.
Qəribə burasıdır ki, son illər Azərbaycan, özbək, qazax, qırğız, türkmən tarixçiləri ah-vayla Rusiya işğalından danışırlar. Balkan türklərinin, uyğur tarixçilərinin həmin dövrə dair əsərlərində də eyni sözlərlə rastlaşırıq. Sadəcə Rusiya sözü Çin, serb, bolqar, yunan, ərəb, fars və s. sözləri ilə əvəzlənir. Əslində isə miladi 18-ci yüzillikdən türklərin bir millət kimi sürətlə qocaldığının, çökdüyünün, tarix səhnəsindən geri çəkildiyinin şahidi oluruq.
Təfəkkür tərzimiz eyni olduğundan, eyni taleyi yaşamış, eyni cür düşünmüş, oxşar ədəbiyyat yaratmışıq. Türk dünyasının ayrı-ayrı bölgələrində baş verənləri bütövlükdə qarşılaşdırmaq geniş araşdırma istəyir. Burada yalnız Azərbaycanla ondan az qala 4 min kilometr uzaqda olan Doğu Türküstanı müqayisə edəcəyik. 19-cu yüzillikdə Azərbaycanda A.Bakıxanov, M.F.Axundov, H.B.Zərdabi və başqaları Azərbaycan ədəbiyyatını, mədəniyyətini avropasayaq tərzdə inkişaf etdirməyə çalışırdılar. “Gülüstani-Irəm”, “Dərbəndnamə”, “Qarabağnamə»lər, Şəki xanlığının, Quba xanlığının tarixləri kimi əsərlər yaranırdı.
Kaşqarda isə Abdurehim Nizari, Turduş Axun Qəribi, Noruz Axun Ziyai, Bilal Nazım, Sadır Pəlvan, Molla Şakir və b. ədəbiyyata yenilik gətirməyə çalışırdılar. Onlardan biri, şair Muhəmmət Sadıq Kaşqarlı “Zübdətül-məsail”, “Təzkireyi-əshabi-Kəhf” adlı tarixi əsərləri yazır və ərəb tarixçisi Təbərinin əsərini uyğur türkcəsinə çevirir. 1830-cu ildə Molla Xocamniyaz Muhəmmətniyaz Kaşqarlı isə Fəxrəddin Əttar Nişapurlunun “Təzkireyi-övliya” əsərinin üzünü köçürüb çoxaldır. Muhəmmət Abduləli Kaşqarlı “Təzkireyi-Mevlana Fakie imam Zeynalabidin Kağiraki”, Ismail bəy Binişan “Pəndnamə” adlı təsəvvüfə aid on min misralıq didaktik fəlsəfi əsərini və “Təzkere-i Buğraxan” dastanını yazırlar. Qafur Kaşqarlı Mirzə Heydərin “Tarixi-raşidin” əsərini tərcümə edir.
Uyğur ədəbiyyatşünasları ədəbiyyat tarixlərini üç mərhələyə bölürlər: birinci mərhələni “Klassik dövr ədəbiyyatı” adlandirırlar. Buraya 1500 ilə yaxın bir dövrün ədəbi-bədii əsərlərini daxil edirlər. Burada türk xalqlarının abidələri, xüsusən də bizlərin özbək ədəbiyyatı klassikləri kimi tanıdığımız ədiblərin əksəriyyətinin irsi öyrənilir. Ikinci mərhələ “Müasir dövr ədəbiyyatı” adlandırılır və buraya 20-ci yüzilliyin başlanğıcından 1949-cu ilədək, yəni Doğu Türküstanın Çin tərəfindən son işğalınadək olan dövrdə yaradılmış ədəbi-bədii əsərlər daxil edilir. Üçüncü mərhələ “Bugünkü zamanın ədəbiyyatı” adlandırılır. Buraya son Çin işğalından sonra yaradılmış ideoloji yonlü, təbliğat xarakterli, sosializmi və müstəmləkəçiliyi tərənnüm edən ədəbi nümunələr daxil edilir (Uyğur bugünkü zaman ədəbiyyat tarixi, 2002:1).
Dostları ilə paylaş: |