3.5. Beşinci dövr
Beşinci dövrə daxil edilən ədiblər haqqında bilgimiz olduqca azdır. Onların əsərləri dağınıq halda qəzet və jurnallarda çap olunur. Bu da həmən gənclər haqqında geniş fikir söylənilməsi üçün yetərsizdir. Qaqauz ədəbiyyatşünasları gələcəyin yazıçı və şairləri sırasında Marina Kol, Ivanna Kol, Larisa Kulaksız, Ivan Karapire, Iqor Malaçlı, Sveta Kutsar, Ekaterina Qaneva və b.-nı görürlər. Çünki bu gənclərin çap olunan ədəbi məhsullarında yenilik, axtarış həvəsi güclüdür.
Sonuc
Qaqauz yazılı ədəbiyyatında xalq ədəbiyyatına dayanan şeir geniş inkişaf etmişdir. Sairlər Avropa, Rusiya və Türk dünyasının əsərlərindən bəhrələnərək, janr və mövzu baxımından ədəbiyyatlarını zənginləşdirmişlər. Qaqauz ədibləri hekayə və romanlar, pyes və dramlar yazsalar da, bölgədə bu janrlar poeziya qədər inkişaf etməmişdir.
Stepan Kelarin 1998-ci ildə ukrayna dilində çap etdirdiyi “Filosofiya jitta” (Həyat fəlsəfəsi) kitabına öz şeirləri ilə yanaşı, Nikolay Baboğlu, Tudora Arnaut, Sona Adıyeva, Vitaliy Boşkov, Petri Çebotar, Qeorgi Qenov, Todur Zanetdən etdiyi tərcümələri də daxil etmişdir (Bankova Emilya, 2005:149). Belə tərcümə toplularının qaqauz ədəbiyyatının təbliğində böyük rolu vardır. Türkiyədə 1999-cu ildə çap olunan “Başlanğıcdan Günümüze Kadar Türkiye Dışında Türk Ədəbiyyatı Antolojisi”nin rumın və qaqauz türk ədəbiyyatına həsr edilmiş 12-ci cildi qaqauz ədəbiyyatının yalnız Türk dünyasında deyil, dünyanın inkişaf etmiş ölkələrində də tanınmasında böyük rol oynamışdır.
Dostları ilə paylaş: |