Özət: Son illər bir çox noqay araşdırıcıları yazılı ədəbiyyatlarının tarixini Orxon-Yenisey abidələrindən başlayırlar. Bəzi noqay araşdırıcıları və rus müəllifləri isə hələ də ənənəvi şəkildə ədəbiyyat tarıxini Noqay dövləti ərazisində yaranmış yazılı və şifahi ədəbi nümunələrdən, müasir ədəbiyyatı isə XIX yüzildən başladığını yazırlar.
Dastan söyləyənləri jırav, baxşı, mif və əfsanə söyləyənləri ertegişi, atalar sözü və yanıltmac söyləyənləri şeşen adlandıran noqayların qıpçaqların yaratmış olduqları ədəbi nümunələrə yiyə çıxmaları, onları özlərininki sayırları təbiidir. “Ahmet Adil ulu”, “Yedigey”, “Koplanlı batır”, “Mamay”, “Şora batır”, “Edil Soltan”, “Kırk Noqay batırı” noqayların məşhur dastanlarından sayılır. “Yedigey” dastanını milliyyətcə polyak (leh) olan Aleksandr Xodzko 1830-cu ildə Həştərxan noqaylarından olan Ali Şarapovdan toplayaraq 1842-ci ildə Londonda nəşr etdirmişdir.