İqtisad elmi çalışır ki, iqtisadiyyatda baş verən proseslərin tam izahatını versin. Belə izahatların hədəfində bir çox hallarda proqnozlaşdırma da durur. Belə ki, iqtisadçılar prezidentə və ya millət vəkillərinə izah edə bilməlidir ki, «əgər, Siz 1 saylı siyasəti aparsanız, onda A, B, C hadisələri baş verəcək. Yox əgər, 2 saylı siyasəti aparsanız, onda bu siyasət Q, D, E hadisələrini şərtləndirəcək. Hansı siyasəti istəyirsinizsə, özünüz seçə bilərsiniz». İqtisadçılar özlərinin qiymətləndirmələri əsasında müəyyənləşən iqtisadi siyasəti düzgün hesab edir və onun nəticələrinin müsbət olacağına inanırlar. Məsələn, bəzi iqtisadçılar 1 saylı siyasəti ona görə üstün hesab edirlər ki, onun nəticəsində baş verən A, B, C hadisələri onların xoşuna gəlir. Digər iqtisadçılar da həmçinin 2 saylı siyasəti ona görə üstün hesab edirlər ki, Q, D, E hadisələri onların xoşuna gəlir. Əsaslı fərqlər və fikir ayrılıqları nəticələrə münasibətdə meydana çıxır.