Zəlimxan həm klassik ədəbiyyatımızı, həm də folklorumuzu bilir desem, çox az olar. Hər ikisi ilə nəfəs alır, yaşayır. Buna görə də onun şeirlərində həm yazılı ədəbiyyatımızın, həm də şifahi ədəbiyyatımızın ruhu qol-qoladır. Zəlimxanın şeiri xalq yaradıcılığına, sazın tellərindən süzülüb durulan aşıq poeziyasına söykəndiyi üçün onun dili kələ -kötür lükdən xali, axıcı və şəffafdır.
Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan odu-alovu, simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda, mənə elə gəlib ki, iki şeir-sənət vurğunu bir-biri ilə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir.