Günah lüğət elmində


İXTİLAF VƏ TƏFRİQƏDƏN QORXMAQ



Yüklə 2,71 Mb.
səhifə72/163
tarix02.01.2022
ölçüsü2,71 Mb.
#9493
1   ...   68   69   70   71   72   73   74   75   ...   163

1. İXTİLAF VƏ TƏFRİQƏDƏN QORXMAQ


Əvvəldə qeyd etdiyimiz kimi, Əbu Bəkrin hökumətinin təsbit edilməsinin amillərindən biri də Mədinənin ətraf nahiyələrində onun hökumətin əleyhinə baş verən geniş miqyaslı müxalifətlər idi. Bu müxalifət və yürüşlər daxildəki qüvvələri fikir birliyinə məcbur edir və mərkəzi dövlətin qüdrətini gücləndirirdi.

Peyğəmbəri-Əkrəm (s)-in vəfatından sonra İslam cəmiyyəti və risalət xanədanı qəribə böhranlarla üzləşdi. Xilafət və hökmranlığı ələ almaq üçün müsəlmanlar arasında daxili müharibə odunun hər an şö`lələnməsi, İslam cəmiyyətinin dağılması, yenicə müsəlman olmuş ərəb qəbilələrinin cahiliyyət və bütpərəstlik dövrünə qayıtması ehtimalı verilirdi.

Peyğəmbəri-Əkrəm (s)-in vəfat xəbəri hər yerə yayıldıqda, yeni müsəlman olmuş ərəb qəbilələrinin bir dəstəsi keçmiş dinlərinə qayıdıb, mürtəd olur və küfr bayrağını qaldırdılar. Digər tərəfdən də mühacir və ənsar qrupları söz birliyini və vəhdətini itirdilər. Nəcd və Yəmamə şəhərlərində, eləcə də Mədinənin ətrafında Müseyləmə kimi bir neçə nəfər də peyğəmbərlik iddiası etdilər. Müseyləmə ətrafına qırx min döyüşçü topladı ki, Mədinəyə hücum etməklə oranı yerlə yeksan etsin. Əgər onun ordusu Mədinəyə çatsaydı, hamıdan qabaq Peyğəmbər (s)-in xanədanını qətlə yetirəcək və beləlilkə, peyğəmbərlik və nübuvvət əlamətlərini məhv edəcəkdi.

Bəni-Teym tayfasından da Səccac adlı bir qadın peyğəmbərlik iddiası etməklə bir neçə nəfəri ətrafına yığdı. Nö`man ibn Münzər kimi bir neçəsi dindən çıxaraq Bəhreyndə başına tac qoyub padşahlıq iddiası, Ləqit ibn Malik (Zut-Tac) isə Omanda qiyam etdi.

İslam əqidəsinin hələ qəlblərə nüfuz etmədiyi, kor-koranə təqlidlərin, avam adət-ən`ənələrin hələ beyinlərdən çıxmadığı bir vaxtda, hər bir daxili çaxnaşma, ixtilaf və təfriqə müsəlmanların dağılmasına, bir çoxlarının şirk və bütpərəstliyə dönməsinə səbəb ola bilərdi. Daxili müharibə, yaxud hər bir kiçik qanlı hərəkat Mədinənin daxili və xaricində partlayış yaradardı. Bu dövrlərdə nadan ərəb qəbilələri intiqam almaqda və kin-küdurətdə dillər əzbəri olmuşdular. Ərəblərin cahiliyyət tarixində kiçik hadisələrin ardınca həmişə böyük hadisələrin baş verildiyinin səbəbi onların heç vaxt qisas və intiqamçılıq fikrindən dönməmələri olmuşdur.1

Belə bir böhranlı vəziyyətdə, bir gün Osman ibn Əffan Peyğəmbər (s)-in əmisi oğlu Əli ibn Əbi Talib (ə)-ın yanına gedib dedi: “Görürsənmi vəziyyət necədir?! Əgər (xəlifəyə) bey`ət etməsən, İslam ciddi təhlükə ilə üzləşəcək!” Bundan sonra o həzrət İslamı qoruyub-saxlamaq üçün bey`ətə razılaşdı, bununla da Əbu Bəkr Mədinədən ətraf nahiyələrə ordu göndərdi.2

Əli ibn Əbi Talib (ə) bu məsələ ilə əlaqədar buyurmuşdur:

Allaha and olsun! Fikrimdən belə keçmirdi ki, ərəblər Allahın Rəsulundan sonra xilafəti onun Əhli-beytindən başqa birinə həvalə edərək, onu məndən əsirgəyəcəklər. Camaatın bey`ət etmək üçün filankəsə tərəf tələsmələrindən başqa bir şey məni, narahat etmədi. Buna görə də əl saxladım, nəticədə camaatın bir dəstəsinin dindən dönərək mürtəd olduqlarını və İslamdan qayıdaraq Mühəmməd (s)-in dinini məhv etmək istədiklərini gördüm. Qorxdum ki, İslam və müsəlmanların köməyinə tələsməsəm, onda nöqsan və dağıntı görərəm ki, onun müsibət və kədəri mənə nəticəsi ilğım kimi yoxa çıxan və ya bulud kimi səpələnən, bir neçə günlük müvəqqəti mal olan hakimlik və vilayəti əldən çıxarmaqdan daha ağır olar. Buna görə də həmin hadisə və dağıdıcı hərəkətlərin arasında ayağa qalxıb müsəlmanlara yardım etdim ki, batil, əyrilik və təxribatların qarşısı alınsın, sakitlik İslamın ağuşuna qayıtsın!”1

Beləliklə, Əli ibn Əbi Talib (ə) öz haqqını almaq, İslamın əsasını qoruyub-saxlamaqla bağlı iki yolayrıcında qərar tutaraq öz mövqeyini unutdu, Peyğəmbər (s)-in gətirdiyi dini qoruyub-saxlamaq üçün sükut etdi.2

Əbu Süfyan, həzrət Əli ibn Əbi Talib (ə)-ı qiyama çağırdıqda, Həzrət ona buyurdu: “Allaha and olsun ki, sən fitnə-fəsad törətməkdən başqa bir məqsəd güdmürsən! Təkcə bu gün fitnə-fəsad odu yandırmaq istəyində deyilsən, dəfələrlə müsəlmanların arasında şər qaldırmaq fikrində olmusan. Mənim sənin köməyinə ehtiyacım yoxdur!”

Beləliklə, imam Əli (ə) cihad və müharibə meydanlarında öz qanı, qılıncı və himməti ilə möhkəmləndirdiyi, öz övladından daha əziz bildiyi İslam dininin aradan getməməsi üçün öz haqqından keçdi. Az müddət öncə Peyğəmbəri-Əkrəm (s) ölüm yatağında olarkən, Əliyə (ə) itaət etməyi ümməti vəsiyyət etmək istədikdə, buna imkan verilmədi. O həzrət vəsi və canişinini müdafiə etmək və ümmətin azğınlığının qarşısını almaq məqsədilə ən ağır hörmətsizliklərə dözdü. Bu gün isə Əli ibn Əbi Talib (ə) ağrı-acılara dözməklə Peyğəmbər (s)-in 23 illik zəhmətinin məhsulunu qoruyub-saxlamalı idi.

Əli ibn Əbi Talib (ə) İslamın kökünə zərər və təhlükələrin dəyməməsi, ifratyönlü, şüur, düşüncəyə yad hərəkatların İslam cəmiyyətinin birliyini dağıtmaması üçün çalışırdı. Məhz bu səbəbdən də o həzrəti himayə etmək məqsədilə ifrat fikirlərlə çıxış edən bə`zi səhabələri bundan çəkindirir və İslam birliyinin dağılmamasını onlara xatırladırdı. Bu baxımdan imam Əli (ə)-ın vücudunu xəlifələr hökuməti üçün bir qənimət hesab etmək olar.

İmam hamıdan yaxşı bilirdi ki, fitnələr dəryasıında dözmək, bu fitnələrdə qurucu və yaradıcı amilləri ölçüb-biçməklə irəliləmək lazımdır, sonra isə müəyyən mövqedən çıxış etməyi ağıllı və məsləhət üzrə görür, bunu nəticəsiz və tələsik hərəkətə üstünlük verirdi. Məgər özünün haqq olduğunu bilən şəxs necə olursa olsun, haqqını almaq üçün mütləq qiyammı etməlidir? Əsla! Belə isə, şəkk-şübhə etmədən deməliyik ki, Əli ibn Əbi Talib (ə)-ın belə bir mövqedə durmasına səbəb olan yeganə amil camaatın onu himayə etməməsi olmuşdur.

Müsəlmanların zahiri bağlılıqları Peyğəmbəri-Əkrəm (s)-in qiymətli və ağır mirası idi və Əli ibn Əbi Talib (ə) müstəqil cinah yaratmaqla həmin bağlılığı süstləşdirib, daha mühüm məsləhəti unutmağı və nəticədə fitnə-fəsadın törənəcəyini rəva bilmirdi. O həzrəti hökumət müqabilində başqa cinahın yaranmasına də`vət və təşviq edənlər düşüncəli və uzaqgörən adamlar deyildilər. Hərçənd, İbn Abbas kimi bə`ziləri də xeyirxahlıq məqsədi güdürdülər. Şübhəsiz, o zaman Əlidən (ə) tərəfdarlıq səsi geniş ixtilaf yaradar təfriqəni şö`lələndirər, pusquda duran xarici düşmənlərin xeyrinə olaraq mərkəzi hökumətin qüdrətini süstləşdirərdi.

Bu incə məsələyə daha artıq diqqət yetirmək lazımdır ki, həqiqətdə, müsəlmanların birliyini dağıdan Əlinin (ə) haqqını tələb etməsi deyil, əksinə onun müxaliflərinin xilafəti ələ keçirməkdə ciddi cəhdləri, simiclikləri idi ki, bu da, haqqı tələb etmək üçün mümkün olan yolları bağlayır, ümmətin arasında işini ixtilaf yaradır. Bu incəlik isə bir çox yazıçı və tarixçilərin nəzərindən qaçmışdır, onlar hətta öz kitablarında yazmışlar ki, Əli ibn Əbi Talib (ə) həmişə xəlifələrin hökuməti ilə mübarizə aparmaq fikrində olmuşdur. Lakin xəlifələr ona xatırladırdılar ki, İslamı qoruyub-saxlamaq üçün belə qərardan dönsün.


Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin