Allahın Rəsulu (s) hicrətin on birinci ilində rəbiul-əvvəl ayının 12-si, yaxud səfər ayının 28-ci günü bazar ertəsi günorta namazından əvvəl dünyadan getdi.2 Elə həmin gün Səqifə toplantısı təşkil etməklə Əbubəkirlə beyət olundu və çərşənbə axşamı günü yenidən məsciddə ümumi beyət keçirildi. Bundan sonra camaat dəstə-dəstə pak cəsədə namaz qıldılar və çərşənbə axşamı qürub vaxtı pak bədəni torpağa tapşırdılar.3
Peyğəmbərin (s) söhbət edib danışdığı axırıncı adam Əli ibn Əbi Talib (ə) olmuş və Allahın Rəsulu (s) ona bədəninə qüsul verib kəfənə tutmasını vəsiyyət etmişdi: “Ya Əli! Sən mənim qardaşım və vəzirimsən. Borclarımı qaytarıb, verdiyim və`dələrə əməl edərsən. Sən mənim boynumda olan hər bir işin öhdəsindən gələ bilərsən.”
Əli ibn Əbi Talib, Fəzl* və Abbasın** köməyi ilə Peyğəmbərə qüsul verdi.4 O iki nəfər və Şəqranın köməyi ilə onu kəfənə tutdu.5 Dəfndə də qohumlardan savayı bir kəs iştirak etmədi. 6 Şübhəsiz, Əbu Bəkr, Ömər (Salman, Əbuzər və Əhli beytə vəfalı olan bir neçə nəfəri istisna etməklə) və başqa səhabələrdən heç biri Həzrətin qüsul-kəfən işində iştirak etməmiş, hətta dəfnində belə olmamışdılar.7 Ayişənin dediyi kimi: “Biz bel və külüng səslərini eşitdiyimiz zaman Allahın Rəsulunun (s) dəfn olunmasından xəbərdar olduq.”8
Yazılanlara görə, Peyğəmbərin əmisi Abbas o həzrətin mübarək bədəninin kənarında qəm-qüssə içində olduğu zaman Peyğəmbərin (s) əmisi oğlu olan Əli ibn Əbi Talibdən (ə) onunla beyət etməsinə icazə verməsini istəyib dedi:
اُمدد يَدَكَ اُبايعُكَ فَيَقُولُ النَّاسُ:عَمُّ رَسُول اللهِ(ص)تَابَعَ ابنَ عَمِّ الرَّسُول(ص)فَلا يَخْتَلِفُ عَلَيْكَ اثنان
“Əlini ver, səninlə beyət edim. Qoy camaat desin ki, Peyğəmbərin əmisi Peyğəmbərin əmisi oğlu ilə beyət etmişdir. (Belə olduqda) iki nəfər belə ixtilaf edib səninlə müxalif olmayacaqdır.”1
İmam onun cavabında buyurdu: اَوَ يَطْمَعُ فِيهَا طَامِعٌ غَيْرِى “Məgər məndən savayı kimsə xilafətə yetişmək haqqında düşünür?” Abbas dedi:سَتَعلَمُ “Tezliklə görəcəksən!”2
Allahın Rəsulunun (s) əmisinin xeyirxah məqsəd güdməsinə baxmayaraq, məsələnin dərinliyindən Əli (ə) qədər agah deyildi. O, müxaliflərin qüdrətə yetişmək qərarında nə qədər ciddi olmalarını və hətta Əli (ə) Peyğəmbərin (s) dəfnini boşlayıb ora getdikdə belə bundan savayı heç bir nəticə ala bilməyəcəyini təsəvvür belə edə bilmirdi. Əlinin (ə) Peyğəmbərin (s) mübarək bədəninə hörmətsizlik qiymətinə Səqifəyə tələsməsi nə üçün ola bilərdi?! Camaata “Qədir” hadisəsini xatırladaraq öz haqqını müdafiə edəcəkdimi?! Camaata deyəcəkdi ki, Peyğəmbər (s) onu canişin qoymuşdur?! Məgər camaat bunu unutmuşdu ki, Əli (ə) onların yadına salaydı?! Allahın Rəsulunun (s) canişin müəyyən etdikdən sonra, canişinin camaatın yanına gedib onlardan, ona itaət edərək onunla beyət etmələrini istəməməli deyildi, əksinə camaatın vəzifəsi bu idi ki onun yanına tələsərək onunla beyət etsinlər. Əli ilbn Əbi Talibin (ə) fikrinə görə camaat bu haqda kifayət qədər məlumatlı idi və Allahın Rəsulunun (s) mübarək bədənini yerdə qoyub onlara bu barədə yol göstərməyə heç bir ehtiyac görmürdü. Canişinin təyin edilməsi məlum olmayan bir iş deyildi ki, ümmət Peyğəmbərin dəfnini boşlayaraq onu təyin etməklə məşğul olsun.
O gün Əli ibn Əbi Talibin nəzərində (ə) Allahın Rəsulunun (s) dəfnindən vacib bir iş yoxdu. Əgər o da digərləri kimi elə bir gündə islamın taleyinin həll olunmasını bəhanə gətirərək nəzərləri özünə cəlb etmək üçün fəaliyyət etsəydi, başqalarından baş verdiyi Allahın Rəsuluna (s) qarşı hörmətsizlik daha da şiddətlənər, o vaxtdakı və gələcək zamanlardakı digər insanlar üçün Peyğəmbərlik və ismət məqamını cilvələndirmiş olardı.
Bir təhqiqatçının dediyi kimi, əgər o gün Allahın Rəsulunun (s) haqqında dünyadan getməzdən əvvəl hörmətsizlik olunaraq “danışığını bilmir” sözünün ardınca mübarək bədəni də dəfn olunmayaraq yerdə qalsaydı, yeni bir hörmətsizlik də əlavə olunar və nəticədə Allahın ağır qəzəbinə tuş gələrdilər. O gün Əli ibn Əbi Talibin(ə) tutduğu iş “Xəndək” müharibəsində Əmr ibn Əbdəvudə vurduğu zərbə qədər əhəmiyyətli idi.
Allahın Rəsulunun (s) dəfn mərasimini keçirməyin qiyməti “Xəndək” günündə vurulan zərbə ilə bərabər olmasa da heç də ondan az deyildi.3
O HADISƏNIN ARDINCA
Səqifənin özünəməxsus xüsusiyyət və xəbərdarlıqları olduğudan hər biri haqqında ətraflı danışmaq üçün ayrıca kitab yazılmalıdır. Bununla belə, xülasə şəkildə qeyd etmək istəsək onun xüsusiyyətlərini aşağıdakı kimi sadalamaq olar:
1. Səqifə idarə edicilərinin rəftarı öz daxilində belə bir iddia gizlətmişdi ki, Allahın Rəsulunun (s) vəfatından sonra görülməli ən mühüm iş Həzrətin (s) diqqətindən kənara qalmış bir iş – çanişin təyin etmək məsələsidir.
2. Orada iştirak edənlərin Əlinin (ə) digər səhabələrdən üstün olmasında heç bir şəkkləri yoxdu.
3.Bütün işlər görüldükdən sonra o hadisənin özbaşına baş verməsi (qabaqcadan heç bir tədarük olmadan) iddia olundu.
4. Peyğəmbərin (s) ailəsi və seçilmiş səhabələri, o cümlədən Salman orada iştirak etməmiş, olunan söhbətlərdə Həzrətin ailəsi, məxsusən Əli (ə) ilə heç bir məşvərət olunmamışdı.1
5. Səqifənin ümmətin arasında ixtilafın qarşısını almaq üçün yaradılmasının iddia etmələrinin əksinə olaraq heç bir hadisə islam ümməti arasında bu qədər ayrılıq salmamışdır.
6. Bu iş isə tam “İmamətin xilafətdən ayrı olması” əsasında qurulmuşdu.
Ömər ibn Xəttab aşkar halda ibn Abbasa deyir: “O qərarı qəbul etməkdən məqsəd nübuvvəti xilafətdən (ümmətə rəhbərlik məqamını) ayırmaq idi.”2
7. “Müsəlmanların Peyğəmbərdən (s) sonra rəhbərliyi Allah və Peyğəmbərin təyin etməsiylə deyil, xalqın seçimiylə olmalıdır” –məsələsinə təkid etmələri.
8.Şuranın nüfuz dairəsi imamət və Peyğəmbərin (s) canişinini təyin etməni də öz ehtivasına alırdı. Bu fikir əsas götürüldükdə müsəlmanlar qoymaq və ya götürmək istədikləri hər bir hökmə görə şura çağıra və orada alınan hər bir nəticəni icra edə bilərdi.
İslamda şura mövzusu iki ayə əsasında 3 وامرهم شورى بينهم 4وشاورهم فى الامر açıqlanmışdır. Səqifə iştirakçılarının təsəvvürünün əksinə olaraq,وما كان لمؤمن ولا مؤمنة اذا قضى الله و رسوله امراً ان يكون لهم الخيرة من امرهم 5 (Heç bir mömin kişiyə və mömin qadına yaraşmaz və şər`ən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (s) onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar). ayəsinə istinad edərək, şuradan dinin üsul və əhkamında deyil, dini işlərin icrasında istifadə olunur. Şəxsi rəydə olmaq bir növ itaətsizlik və cəza gətirəndir.
Bütün bunlardan əlavə məşvərətdə olan şəxslərdə əqli baxımdan bəzi xüsusiyyətlərin olması zəruridir. Lakin Səqifədə heç birinə diqqət olunmamışdı.
9. Hətta Məkkənin fəthi və müşriklərə qalib gəldikdən sonra Allahın Rəsulu (s) ilə olan beyətlərin heş biri zor gücünə olmamışdı. Səqifə ilk yığıncaq idi ki dava və hay-küylə başlayır, güc və qan tökmə yolu ilə camaatdan beyət alınırdı.6 Sonralar İmam Əli (ə) və ardıcıllarından Əbu Bəkr üçün təzyiq altında və ixtiyarsız olaraq beyət aldılar.7
Dostları ilə paylaş: |