Boylu arvadın qorunması
Bir arvad boylu olarsa, xüsusən əgər ilk uşağıdırsa, həm özü, həm də yaxın adamları onu bir para şeylərdən qorumalıdır. Boylu arvada əl vurmaq, ya onun üstündən atlamaq olmaz. Boylu arvadı ağır işlərə girişməkdən, ağır hərəkətlərə qatılmaqdan, atılıb-düşməkdən, ağac altında yatmaqdan, qaynar suyu yerə tökməkdən, dəvəyə minməkdən, gün, ya ay tutulanda, bədənini qaşımaqdan çəkindirərdilər.
Yerikləmə
Boylu arvadların bir çoxu boyluluğun ilk aylarından başlayaraq “yerikləmə” haləti tapırdı. Yerikləmə bir çox hallarda ürək bulanması ilə başlayır. Yeriki olan qadın bir para gündəlik xörəklərdən, gündəlik qoxulardan iyrənir. Adi yeməklərdən iyrənən boylular olduğu kimi, təzə gördüyü yeməkdən, ya duyduğu qoxudan xoşlanan, ondan yeməyə həvəs göstərən, hətta o yemək ələ çatmasa, umanlardan olur. Bunlardan bəziləri hətta xam düyü, kömür, torpaq, təbaşir yeyirlər. Bir çox cavan gəlinlər yerikləmə halında konülləri istəyən xörəyi onların üstünə qarınqulu adı qoyulmasın deyə dilə gətirməz, gizli saxlardılar. Bəzi dünya görmüş qadınlar bunu sezincə bişirdikləri xörəkdən bir az götürüb, ona çatdırar, ya qəfildən onun kürəyinə vurub, “umduğun bu olsun” deyərdilər.
Ailə buna görə də boyluluq aylarında, məxsusən, əgər gəlinin ilk doğuşu olsaydı, ona yerikləmə göndərərdilər. Bu yemək üstü örtülü qabda, göyərti, turşu ilə birlikdə aparılardı. Onu aparan yerikləməni verib, dayanmadan qayıdardı. Bunun ardınca kürəkənin ailəsi (oğlan evi) qabı şirə, ya gül ilə doldurub qaytarardılar. Onun yanında bir neçə dənə sikkə də qoyardılar. Bu sikkələr yerikləməni aparan adama çatardı.
Baharda yerikləyənə yarpaq dolması bişirib, ona bəzən sirkə, şirə, hətta göy alça tökərdilər. Yarpaq dolması yerinə kələm dolması, badımcan dolması, bibər dolması da göndə- rirdilər.
Dostları ilə paylaş: |