Xanımların boyluluq dövrləri
və uşaqların dünyaya gəlməsi
Xanımların yerikləri 40 gün sürür. Gərək boylu xanımları 4 ay bərk qoruyasan. Boylu xanımları qoymazdılar ki, bir əxlaqı fasid adamdan tikə alsın, deyirdilər əgər pis adamdan tikə alsa, uşaq o cəhətdən həmin şəxsə oxşayar. Həm əxlaqi cəhətdən, həm də zahiri cəhətdən. Əks sürətdə, əgər tikə verən şəxs yaxşı adam olsa, uşaq ona oxşayar.
O zaman oxumuş yox idi. Mamaçalar təcrübəli olurdular. Deyirlər əgər yerikləyən zaman narı dənələyib aynanın üstünə töksən və üzüqoylu düşüb əlin köməyi olmadan onu dodaqlarla yesən, uşaq gözəl olar. Nar qırmzı alma qabığı ilə yeyilsə, uşaq imanlı olar. Boylunu heyvanlara baxmaqdan çəkindirərdilər, deyirdilər baxan surətdə uşaq onlara bənzəyər. Əgər uşaq sağlam olsa, üçüncü aydan boylu xanımın ürəyinin çırpıntısı artar.
Niyar kəndində bir imanlı şəxsin məqbərəsi var. Oranın İmamzadə olduğuna inanırlar. O zaman boylu xanımı oraya aparardılar. Oranın xadimi bir tikə sapa dua oxuyardı ki, bu işin adına ovsunlamaq deyərdilər. Ovsunlanmış sapı boylu xanımın boynuna salardılar. Bir dənə də qoyun ürəyi alıb verərdilər, xadim onu da ovsunlar və qəbrin üstünə sürtərdi. Bir zərrə də torpaq götürüb ürəyin üstünə səpərdi və sonra deyirdi: “Ovsunladım, apar bu ürəyi kabab elə, yaxçı olarsan”. Xanım da ürəyi kabab eləyib yeyər, sapı da boynundan asardı. Bir azdan sonra deyərdi ürəyim aram oldu.
9 aydan sonra doğum zamanı çatanda, əlli-altmış nəfər yaxın adamları nahara, ya da şama çağırardılar. Mamanı da çağırardılar. O gələndə özü ilə bir qalın sap gətirib, ülgücü o sapa salıb boynundan asardı. Bir şam kəllə qənd də əlində olduğu halda içəri girərdi. Mama bu işi xanımların ilk uşaqları olduğu zaman edirdi. O şalı işıq üçün və şirinini şirinlik, təbrik üçün gətirərdi. Sonra zahının dalına bir yumruq vurub, deyərdi: “Oba köçdü, sən də köç”. Beləliklə, xanımın qarnındakı uşağa sifariş edərdi ki, oba köçdü, sən də bu işıqlı dünyaya köç.
Qonaqlar bir böyük evə yığışardılar. Bir cecim gətirib, evin ortasına salardılar. Bir məcməyini də onun üstünə qoyardılar. Bir miqdar da kül onun içinə tökərdilər. Bir kərmə zahının sağ ayağının altına, birini də sol ayağının altına qoyardılar. Kərmələrin üstünə parça çəkərdilər. Zahının ən yaxşı paltarlarını geydirərdilər. Bir qırmızı çadra da başına örtərdilər. Çadranın cinsi atlaz, ya madamnandan olardı. Gəlinlik gecəsinin kələsini də üzünə salardılar. Zahı gərək özünü möhkəm tutaydı. İki qız uşağı əllərində şam onun sağ-solunda dayanardılar. Qonaqlarla zahının arasına bir çadra çəkərdilər.
Uşaq dünyaya qədəm qoyan kimi mama bir dənə böyük soğan gətirərdi. Zahı gərək dişini qabıqlı soğana basaydı, amma qopartmamalıydı. Soğanı bir kabab şişinə çəkirdilər. Zahı onu əlində tutub yavaş-yavaş qabaqca saldıqları yorğan-döşəyə sarı gedirdi. Sonra şişə çəkilmiş soğanı onun başının altına qoyurdular. Bu vaxt hamı zahının adını Məryəm çağırardı. Zahını yerinə sarı aparan zaman biri ona deyirdi: “Məryəm”, o da deyirdi “bəli”. Dön daluva bax. Zahı dönüb dalına baxar və üç dəfə bu sözləri təkrar edərdi. Bu sözlərin mənası budur ki, yenə də gələcəkdə zahı uşaq sahibi olsun. Zahını yerinə salandan sonra şamları söndürərdilər. Əlbəttə, şam yandırmaq, qırmızı paltar geydirmək ilk uşaq dünyaya gələn zaman edilərdi, sonrakı uşaqlarda bunu etməzdilər.
Sonra mama əlinə bir kabab şişi götürüb, otağın divarlarına cızıq çəkərdi. O, bu işi görən zaman bir nəfər ondan soruşardı: “Niyə cızıq çəkirsən?” O deyərdi: “Məryəm hasarı çəkirəm”. Onlar 3 dəfə bu işi təkrar edərdilər. Sonra bir miqdar kəklikotu həm zahının üstünə, həm də yerinə və otağa səpərdilər. Uşaq sahibi olan kişi uşağı üçgünlük olan kimi bir qurban kəsərdi. Qurbanı kəsmədən əvvəl onun gözünə sürmə çəkərdilər. Elə haman mili ilə də uşağın gözünə sürmə çəkərdilər. Qurbanın qanından da uşağın qaşlarının arasına sürtərdilər. Qurbanın ətini isə yoxsullara pay yollayardılar.
Uşaq doğulan zaman qadına bir miqdar düyü verərdilər. O, gərək düyünü yeyəydi. Onlar bu işi çox zəhmətlə görərdilər. Sonra da iki xurma, bir piyalə də yağda qovurulmuş kişmiş verərdilər.
Uşağın göbəyini kəsib, bir tay başmağa bağlar, döşəyinin altına qoyardılar. Keçi qılından düzəlmiş qalın sap da paltarının altından uşağın qoluna bağlanardı.
Doğuşdan sonra zahı iki saat oyaq qalmalı idi. Guya o yatan vaxt albastı gəlib onun ürəyini aparar. Bir qızıl da otağın qapısının rizəsinə vurardılar ki, qulyabanunun gəlməsindən otağı qorusun. Deyirdilər ki, qulyabanu dəmirdən qorxar, qızılı görcək qaçar. Əgər o içəri girə bilsə, uşağa, anasına zərər yetirər.
Bu işləri gördükdən sonra mama gəlib zahının qarnı üstündə işlərdi, sonra ondan soruşardı ki, ağırsan, yüngül? O da deyərdi “yüngül”.
Sonra biri muştuluqçu kimi gedib qadının yaxın qohum-qardaşına xəbər verərdi. Əgər uşaq oğlan olsaydı, ona yaxşı ənam verərdilər, əgər qız olsaydı, hamının ovqatı acı olardı. Zahı isə bu zaman yatmaq bəhanəsilə yorğanı başına çəkib ağlardı. Yanında olan əqrəbası da tutqun, narahat olardılar. İlk gün zahıya yemək üçün quymaq verərdilər. İçmək üçün su verməzdilər, deyirdilər su başına çıxar, amma istədiyi qədər ona çay verərdilər, hərdən o gizlicə su götürüb içərdi. Zahı gərək on gün üzünə su vurmuyaydı. Otağın pəncərəsini də açmazdılar. Zahının yanına gələn qonaq gərək qapı qabağında dayanaydı. Mama uşağı qucağında götürüb, qapı ağzına aparardı və uşağı yuxarıda tutardı ki, qonaq onun altından içəri girsin. Deyirdilər əgər qonağın yanında duası olsa, uşaq dönər, yəni ölər, ya da ki, yuxusu olmaz. Yeddi gecəsində uşaq gərək mama nənənin, ya da başqasının qucağında saxlanaydı. Çünki gecəquşu o gecə gəlib, uşağın başı üstündən sovuşub ona zəfər yetirərdi. O quşa bəziləri şəbnərə deyirlər. Həmin gecə dama bir daraq sancar, bir qədər də darı yerə səpərdilər. Bir az da qabda su qoyardılar ki, quş gəlsə o darıdan yesin, uşağa zəfər yetirməsin. Uşağın qundağında bir gözmuncuğu, bir dənə al muncuğu, bir qanlı babaqurlu, bir kəhraba, bir kəvaz muncuğu, bir göy muncuq, bir şəvə, bir balaca saat açarı, bir şəbəkərə quşunun əli və bir dənə də vanikad qoyardılar.
Yeddinci gecə zahının anası qonaqlıq üçün hazırlıq görüb, əlli-altmış nəfər qonaq çağırardı. Yaxın qonaqlar hərəsi bir hədiyyə gətirərdilər. Məsələn, paltar, vanikad, guşvarə, şirni və s. Uşağı bir tirmə çarqata bükər, aparıb ağaların məclisində bir alim şəxsin qucağına verərdilər. O şəxs uşağın qulağına əzan deyib, adını əgər qız olsaydı Fatma, oğlan olsaydı Məhəmməd çağırardı. Ondan sonra uşağı xanımların məclisinə gətirərdilər. Böyük ananın, ya bir yaşlı xanımın qucağına verərdilər. Sonra deyirdilər: “Al bu uşağı, ver bu uşağı, Allah saxlasın bu uşağı”.
Bu işdən sonra uşağı öpər, bir-bir qonaqların qucağına verərdilər. Bu gecə mama nənə gərək uşağı sübhə kimi yerə qoymayaydı. Deyirdilər qoyan suratdə uşağa zəfər toxunar, zahının görüşünə gələn uzaq qohumlar da hərəsi şaxə nabat gətirərdilər. Bir qran pul da mama nənəyə verərdilər. Mama nənəyə verilən pulun adına göbək pulu deyirdilər.
Uşağın onuncu günü mama onu bazarlığa aparardı. O, əvvəl uşağı hamama aparardı. Hamamın xəzinəsinin suyundan bir az götürüb, uşağın damağına sürtərdi. O sudan bir az da zahı üçün gətirərdi. Sonra uşağı boyaqçı yanına aparardı. Boyaçı ipləri boyayan rəngdən götürüb barmağı ilə uşağın iki yanağına möhür kimi nişan vurardı. Bu işin müqabilində bir miqdar pul da alardı. Oradan uşağı karvansaraya və xarrat bazarına aparardılar. Bazardan bir dənə taxta qaşıq alardılar. Sonra kuzə bazarına gedib, bir miqdar noxud və kişmiş alar, axırda da şirniçiyə gedib, bir az noğul alardılar. Oradan birbaş evə qayıdardılar.
O uşaqla evə çatan kimi qapıda dayanardı. Zahıya xəbər verərdilər ki, onların pişvazına çıxsın. Zahı dayanardı, əvvəl uşağı içəri keçirərdilər, sonra o içəri girərdi.
Onuncu gün gərək oğlanın anası qonaqlıq versin. Mərasimə “Su tökdü” deyirlər. Onlar nahar verib, hamamı qoruq edirdilər. Hamama getmək mərasimi nahardan sonra olardı. Hamı xəzinəli hamama gedirdi. Hamama gedən qonaqlar zahı ilə birlikdə gedərdilər. Bir nəfər 7 dənə girdəkan götürürdü. Yolda yeridikcən hərdən birini zahının ayağı altına qoyardılar. O da girdəkanları sındırardı. Hamamın damına atardı. Doğduğu gün şişə çəkilən soğanı da hamamın damına atıb deyirdi: “Ağırlığı atdım dama”.
Sonra zahı hamamın içinə girərdi. Onun qulaqlarının hərəsinə bir yumurta sarısı tökərdilər. Bir dənə yumurta sarısın da içərdi. Onun bütün bədəninə zirə, girdəkan içi və bal qarışdırıb sürtərdilər. İki saatdan sonra mama nənənin icazəsi ilə zahının bədənin yuyurdular. Sonra qonaqlardan nəziran eləmək üçün hamamın içinə bir neçə məcməyi qax və əncir islanmışı, alma paludəsi, kasaların içində nar, gülab, çay və şirni gətirərdilər. Qonaqlar ilə zahı onlardan yeyərdi. Hamamdan çıxanda qonaqlar ev sahibi ilə görüşüb gedərdilər. Amma yaxın adamlar bacı, xala zahını evə aparardılar. O günü də zahı yorğan-döşəkdə yatardı. Sabahı gün ayağa qalxıb, məmul işlərinə başlardı.
Dostları ilə paylaş: |