Güntay Gəncalp (Cavanşir)


Çaldıran savaşı sonrasında



Yüklə 1,37 Mb.
səhifə16/32
tarix04.01.2022
ölçüsü1,37 Mb.
#57021
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
Çaldıran savaşı sonrasında
Sultan Səlimin dönüşündən sonra ölkə artıq sahibsiz qalmışdı. Bayındırlı kökənli önəmli bir dövlət adamı olsaydı, Səfəvilərin həyatına son verilə bilərdi. Qızılbaşlar Azərbaycan türklərindən öyləsinə qorxurdular ki, hər yerdə özlərini təqib altında hiss edirdilər. Səlimin dönüşündən sonra səltənət iddiasında bulunan olmadı. Şah İsmayıl Həmədanın Dərgəzin mağarasında gizlənmişdi. Müridlərindən birini xəbər gətirmək üçün Təbrizə göndərdi. Sultan Səlimin geri döndüyü xəbərini alar-almaz ölmədiyi, yaşadığı ilə bağlı xəbər yaydırdı. Dağlara-dərələrə səpələnmiş qızılbaşlardan geri dönmələrini istədi. Qızılbaşlar öncə bu xəbərə inanmadılar, onlar Şahın öldüyünə inanmışdılar. Şah İsmayıl Sultan Səlimin Azərbaycana geri dönməyəcəyindən əmin olduqdan sonra gizləndiyi mağaradan çıxıb ətrafındakı müridləri ilə gizlincə Təbrizə gəldi. Yolda minlərcə qızılbaş onlara qatıldı. Təbriz əhalisi ümidsizliyə uğramışdı. Onlar İsmayılın öldüyünü sanıb sevinmişdilər. Qızılbaşların şəhəri tərk etdiyi müddətdə Təbriz əhli əski məzhəblərinə geri dönmüşdülər. Bu da İsmayıla görə “mürtədlik” idi. İsmayıl sünniləşmiş olan Təbriz əhalisindən yenidən intiqam almaq fikrinə düşmüşdü. Şah İsmayılın diri olduğu xəbəri doğrulandıqdan sonra qızılbaşlar təkrar Təbrizə axın etdilər. Çaldıran savaşı sonrasında Şah İsmayıl fələkzədə, çarəsiz və ümidsiz duruma düşmüşdü. O, içində imamların ruhunu daşıdığına və yenilməz olduğuna inanırdı. Bu yenilgə İsmayılın inancının batil və yanlış olduğunu ifşa etdi. Bu üzdən də İsmayılın özünə güvəni qırılıdığından həyatını əyyaşlığa, oğlanbazlığa və içkiyə adayacaqdı. Bu dönəmdən sonra İsmayıl tam olaraq dövləti farslaşdırma politikasını izləmişdi. Şahın bütün görəvlərini üstlənmiş olan “vəkili-nəfsi hümayun” (əskidən lalalıq qurulu idi) İsfahan farsından olan Mirzəşah Hüseyn adlı birinə verildi. Mirzəşah çaldıran savaşında şahın qadınlarından birini qaçırıb bir yerdə saxlamış, Şah İsmayıl ortaya çıxdıqdan sonra qadını İsmayıla gətirmişdi. Bu üzdən də Şahın mütləq güvənini qazanmışdı. Lalalıq qurulunun ortadan qaldırılıb yerinə “vəkili-nəfsi hümayun” qurulu yerləşdirildiyi gündən etibarən Azərbaycanda dövləti farslara buraxma əməliyatı başlamışdı. Dövlətin qurucusu olan qızılbaşlar bilə, bu qurumun başında duran farslar tərəfindən aşağılanırdı. Fars soylu Mirzəşah Hüseyn İsfahani dövlətin bütün yetkilərini əlində mərkəzləşdirməkdə idi. İstədiyi fars kökənliləri dövlətin önəmli qurumlarında yerləşdirirdi. “O, qərarvermədə yetkili olan tək şəxs idi. Hər kəs ona tabe olmaq zorunda idi. Mirzəşah Hüseyn İsfahaninin xəbəri olmadan kimsə dövlət işlərində sərbəst davrana bilməzdi.”357

Şah İsmayıl Çaldıran savaşından sonra şəxsiyət dəyişikliyinə uğramışdı. Çaldıran öncəsi şəxsiyəti ilə ziddiyətdə olan bir şəxsiyətə dönüşmüşdü. Özünün yenilməzliyinə olan inancının tam olaraq sarsılması şəxsiyətini tamam dəyişdirmişdi. Çaldıran savaşında Sultan Səlim ona göstərdi ki, o, nə Allahdır, nə peyqəmbər, nə imam, nə də vəliullah. Canının qorxusundan bir çuxurda gizlənib özünü ölmüşlüyə vuraraq ordusunu başsız buraxan, can qorxusunda olan və başkəndini buraxıb ortalıqlarda görünməz olan zavallının biridir. Sultan Səlimin zərbəsi onu öyləsinə sarsıtmışdı ki, təkrar onun geri dönməsindən qorxurdu. Çaldıran məğlubiyəti onun gerçək üzünü ortaya çıxardı. İnsanların cövhəri zəfər zamanları deyil, məğlubiyət zamanları ortaya çıxar. Qələbənin doğurduğu sərxoşluqlar var. Könüllü qızılbaşların Şah İsmayılın yoluna baş qoymaları və ard-arda zəfər qazanması onun ağlını başından çıxarmışdı. Çaldıran zərbəsi ağlını başına gətirdi. Özəlliklə qızılbaşların da ona olan güvəni sarsılmışdı. Çünkü qızılbaşlar Şah İsmayılın yenilməz olduğuna iman gətirmişdilər. Bu yenilgəyə onlar öz inanclarında cavab verə bilmirdilər. “Şah İsmayıl nədən yenildi?” sorusu dolaşırdı ortalıqda. Çaldıranda Sultan Səlimin zəfəri onu yürüyən bir meyidə dönüşdürdü. Artıq o, gerçək bir ölü idi. Öz kölgəsindən qorxar duruma gəlmişdi. Bu üzdən də Sultan Səlimə acizanə bir məktub yazdı.

Əski düşmənliklərin unudulmasını və dostca ilişkilərin qurulmasını rica etdi.358 Səlim bu məktuba cavab yazmadı. Sadəcə məktubu gətirən qızılbaş əski Osmanlı uyruğu olduğundan ölkəyə ihanət adı ilə tutuqladıb həbs etdirdi.

İsmayıl, Ərzincanda Nurəli Xəlifənin ölüm xəbərini duyduğunda Səhəndin ətəklərində əyləncə ilə məşğul idi. Bu xəbəri çox da önəmsəmədi.359 Daha öncəki savaşlarda Şah İsmayıl zəfərdən zəfər qoşduğunda özünün yenilməzliyinə və imamların qutsal ruhunu daşıdığına inanmışdı. Bu inancına görə Sultan Səlimi də yenəcəyini düşünürdü. Çaldıran yenilgəsi onun inancının tamamən batil olduğunu isbatladı. İnancının batil olduğu ifşa edildikdən sonra yenik və səfil bir duruma düşdü. Əski fatehlik duyqularından əsər qalmamışdı. Xəlifələrinin Anadoluda qiyam etmələri artıq onun üçün məsxərə görünürdü. Onların ölüm xəbərini də önəmsəmirdi. O duyğular Çaldıran məğlubiyəti ilə tamamən sönüb küllənmişdi. Artıq qızılbaşlara zəfər nəğməsi söyləyən Tanrı ruhu olduğunu dilə gətirməz olmuşdu. Bu məğlubiyət onun ruhunu güvənsizliyə gömmüşdü. Sultan Səlim Təbrizə girdikdən sonra namaz qıldığı və dəyər verdiyi hər yer qorunma altına alındı. Sultan Səlimin təkrar geri dönməsindən çəkinən Şah İsmayıl artıq Göyməscidin yenidən tövləyə dönməsinə izn vermədi. Sultan Səlimdən çəkinməsi bunu önlədi. Osmanlının yenidən Təbrizə girməsindən qorxduğu üçün Sultan Səlimin ayaqlarının toxunub qutsadığı yerə önəm vermək zorunda qaldı. Savaş çıxaracaq bütün bəhanələri ortadan qaldırmağa çalışdı. Yeni bir savaş çıxacağı təqdirdə qaçacağı yer qalmamışdı. Bütün Orta Doğu və Türküstan ona düşmən idi, onun törətdiyi soyqırımlardan bizmişdilər. Təbrizdə Göyməscidin ayaqda qalmasının səbəbi bu oldu. Çünkü Sultan Səlim orada namaz qılmışdı.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin