Bu yöndə araşdırmalarınızı davam etdirirsinizmi? Yeni araşdırmanız olacaqmı? Səfəvilər kitabım çap olduqdan sonra ortaya çıxan təpkiləri oxudum və Səfəvilər kitabımın davamını yazmağa qərar verdim. Bu kitab Səfəvilərdən günümüzə qədər kültürümüzdə, kimliyimizdə, dünyagörüşümüzdəki dəyişiklikləri ehtiva etməkdədir. Ancaq bundan öncə Bayındırlı mədəniyəti üzərinə çalışacam. Hansı mədəniyəti Səfəvilərdən sonra itirdiyimiz gözlər önünə çıxmalıdır. Bu üzdən də Ruzbehan Xoncinin Bayındırlı dövləti və Bayındırlı mədəniyətinin tarixi üzərinə 15-ci əsrdə yazdığı ”Tarixi aləm arayi-Əmini” kitabını tərcüməyə başlamışam. Kimliyimiz və kültürümüz üzərinə ağlın və aydınlığın ışığı ilə zərrəbin tutmaq gərəkməkdədir. Rus mədəniyət tarixində Qoqolu zərrəbinə və Puşkini teleskopa bənzədərlər. Çünkü Qoqol Rus tarixindəki toplumu öz içindən çürüdən gələnəklərin üzərinə zərrəbin tutaraq onları böyüdüb ifşa edirdi. Puşkin isə, aydın bir gələcək təsvir edirdi. Mən düşünürəm ki, bu kitabımda həm zərrəbin, həm də teleskop yerləşdirmişəm. Kim hansını istərsə onu qullansın. Kitabım daha mükəmməl şəkli ilə yenidən çap olacaq. Gələcək nəsillər bunun üzərində çox dartışacaq və sırf bu kitab üzərinə yüzlərcə kitab yazılacaq. Kimiləri tənqid edəcək, kimləri də təqdir. Əminəm ki, yüzillər sonra təqdir edənlər daha çox olacaq və onlara mən indidən sayqılarımı çatdırıram, o aydınlanmaq istəyənlərə salam olsun! 2-3 aya kitaba bu qədər təpki gəlmişsə, görün yüzillərin axışı içində nə qədər təpkilərə yol açacaq. Mən bu kitabı sadəcə yaşayan nəsillər üçün yazmamışam. Çox uzaq gələcək üçün də yazmışam. Önəmli olan da bu düşüncə dartışmasını tariximizdə yaratmaqdır. Bizim tariximiz haqqında tənqidi düşüncələri özgələr yazmaz, özümüz yazmalıyıq. Gerçək anlamda bir millət olmaq istəyiriksə, bu yolda irəliləmliyik.