Şeyx Cüneyd Anadoluda Cüneyd Ərdəbil xanigahında iqtidara gəlmə mücadiləsində yenildikdən sonra yanındakı böyük dəstə müridləri ilə Anadoluya getdi. Yanındakı müridlər Əmir Teymurun Şeyx Əliyə bağışladığı əsirlərdən oluşmaqda idi. Cüneyd Osmanlı sultanına bir məktub yazaraq ondan öz müridləri ilə yerləşmək üçün torpaq sahələri ricasında bulundu.112 Şeyx Səfi xanigahının xəbərləri Osmanlı sarayında da dolaşmaqda idi. Bu üzdən Osmanlı Sultanı ona mərhəmətdə bulunaraq istəyinə olumlu cavab verdi. Cüneyd müridləri ilə bir yerdə bir sürə Sultanın bağışladığı tarlalarda yaşadı. Bu zaman Şeyx Bədrəddinin müridləri arasında Təbrizdən gəlmiş və müridləri türkmənlər olan bir şeyx haqda xəbərlər dolaşmağa başlamışdı. Azərbaycan və Təbriz sözünün Anadoluda mənəvi təsiri var idi. Təqribən 200 il öncə də Təbrizdən Şəmsi-Təbriz adında bir arif Anadoluya, Konyaya varmış və böyük mənəvi təsir göstərmişdi. Öylə ki, şəmsçilərin təsəvvüfi fəaliyətləri o zaman da Anadoluda sürməkdə idi. Şeyx Bədrəddinin varis xəlifələri Cüneydlə tanış olub düşüncələrini öyrənmək üçün ziyarətinə getdilər. Cüneyd bu görüşlərdə Şeyx Bədrəddin varislərinin imkanlarını denədi və Anadoluda böyük, ancaq lidersiz bir kütlənin var olduğunu sezdi. Cüneyd bu sezgisindən sonra bu kütləyə öndərlik etmək fikrinə düşdü və məzhəb dəyişməsi də bu üzdən gerçəkləşdi. Atalarının Şafei məzhəbli olmasına baxmayaraq, o, Anadoludakı sosial psikolojiyə uyum sağlayaraq onların inancının öndəri olmağı hədəflədi. Cüneydin sünni məzhəbindən şiə məzhəbinə keçişinin macərası bu şəkildə olmuşdur. Şeyx Bədrəddinin ölümündən 27 il keçirdi. Bu sürə içində bəktaşilərin üzərində anlaşa biləcəkləri etkili bir lider ortaya çıxmadığından örgütlənə bilməmişdilər. Anadolu türkmənlərincə Cüneyd Bədrəddinin yerini ala biləcək rəhbər durumunda görünürdü. Cüneyd Bədrəddinin müridlərinin imkanlarını bildikdən sonra xəyallarını gerçəkləşdirə biləcəyini düşündü. Bu üzdən onun üçün məzhəb dəyişdirmək çətin olmadı. Zaman itirmədən Bədrəddinin müridlərini özünə cəlb etməyə başladı. Bədrəddinin də müridləri Cüneydin təbliğatını Anadoluda yaymağa başladılar. Şeyx Bədrəddinin müridləri Osmanlının təqibində olduqlarından Cüneyd Osmanlı ilə qarşı-qarşıya gəldi. Bu üzdən də Konyaya getmək qərarına gəlir. Konyada sünni fəqihlərin etirazı ilə qarşılaşdı. Oranı tərk edib Anadolunun güneyinə getdi. Orada Varsaq türkmənləri yaşamaqda idi.113 Burada yerləşən Cüneydə bir çox Şeyx Bədrəddin müridləri qatıldı. Anadoluya yerləşmiş olan Cüneyd ondan olunan istiqbal üzərinə kəndi məqsədi üçün ümid etdiyindən daha çox əlverişli zəmin bulmuşdu.114 Ancaq bəlli olmayan səbəblər üzündən buranı da tərk edib İskəndəruna yerləşir. İskəndərun və Antakiya əhli-həq (Əlinin Tanrı olduğuna inanan) şiəsinin yaşadığı bölgə idi. Xristianlıqdan İslama girən bu şəhərlərin əhalisi müsəlman olduqdan sonra İsanın yerinə Əlini qoymuşdular. İsa Allahın oğluydusa, Əli Allahın özü idi. Bu inancın əsasını ilk qoyan İbni-Səba olmuşdur. İbni- Səba Əbutaliboğlu Əli zamanında bir çox olaylara qarışmış. Əliyə aşırı dərəcədə özəlliklər tanımış. Əlinin Allah olduğunu ilk söyləyən İbni-Səbanın olduğunu yazırlar. “Əli insan deyil Allahdır” söyləmiş. Bunun üzərinə Əli onun bir çox yandaşlarını atəşdə yaxmış. Ancaq İbni-Səbanın ordunun içində yandaşları çox olduğundan Əli İbni-Səbanı yaxmaq yerinə Sasanilərin əski başkəndi Mədainə sürgün etmişdi.115 Bu zaman İbni-Səba “Gördünüzmü Əli Allahdır, Allah da suçluların yaxılacağını söyləmiş. Allah olmasaydı Allah kimi cəza düşünməzdi” söyləmləri ilə Mədaində təbliğatına davam etmiş. Əliullahilik bu şəkildə ortaya çıxmışdır. Misirdə qurulub Mədaində gəlişən bu inanış şiəliyin altyapısını oluşdurar.116 Daha sonra dəyişik firqələrə ayrılan bu inanışa görə “İmamlar məsum (xətasız) peyqəmbər xətasız deyildir.”117 22 firqəyə ayrılan bu inanışın ən bilinən firqəsi İsmailiyə olmuşdur. Əsasən Həsən Səbbah adı ilə tarixə ün salmış İsmailiyəlik də öz fikri həyatını qismən Anadoluya daşımışdı. Hülaku Xanın Ələmut qalasını devirməsindən sonra İsmaililiyin təşkilat olaraq həyatı ortadan qaldırılmışdı. Fikri olaraq qismən Anadoluya daşınan İsmaililik bir də Gîlânın ormanlıqlarında etiqadi həyatını sürdürməkdə idi. İsmaililik İxvan-üs Səfa öyrətilərinin dərin təsiri altında idi. İxvan-üs Səfada fars milliyətçiliyi açıqca ortaya qoyulmuşdu. “Fars soylu” olmaq İxvan-üs Səfa öyrətilərinin ilkələrindən biri idi.118 Ümumiyətlə türklər İslamı ərəblərdən daha çox farslardan öyrənmişdir. Bu üzdən də “namaz”, “dəstəmaz”, “abdəst”, “oruç” kimi islami sözlər fars dilindən türk dilinə keçmişdir. İslamiyəti farslardan öyrənmənin etkisi bütün məzhəblərdə və təriqətlərdə az-çox olmuşdur. Bədrəddinin inanc sistemində bu tarixi gəlişmələr sistemləşib Cüneydə devr edilmişdi. Bu bilgilərlə və bu tarixi mirasla Cüneyd Anadoluda öz düşlərinin arxasınca qoşmaq istəmişdi. İskəndərunda bir xanigah düzəldib müridlərini artırmağa başladı. Müridlərini köçəri türkmənlərin arasına göndərib yandaş bulmağa çalışdı. Ayrıca, türkmənlərdən gələn nəzrlər xanigahın iqtisadı imkanlarını gücləndirirdi. Ancaq Şam şəriətçiləri ondan Hələb əmirinə şikayət etdilər. Bunun üzərinə və Hələb Əmirinin basqısını hiss etdiyindən İskəndərunu tərk etmək zorunda qaldı. Anadoluda yaşadığı səkkiz il müddətincə bəktaşiliyin onun üçün bir fürsət olduğunu anlamışdı. Əski sünni məzhəbini tam olaraq buraxmış və şiə ibadət tərzinə keçmişdi. O, bəktaşilərin bir tək öndərinə dönüşmüşdü. Özünə “sultan-ul məşayix”, yəni şeyxlərin sultanı ləqəbini taxdı. Bu, o demək idi ki, o, Anadolu türkmənlərinin dini-siyasi öndərliyini tam olaraq öz üzərinə almaq istəmişdir. Bədrəddinin bütün xəlifələri onu rəhbər kimi qəbul etmişdilər. Cüneyd kəndi soyunun yeddinci imama bağlı olduğunu israrla Anadolu bəktaşi türkmənlərinə söyləyirdi. Bu, onun tərəfdar toplamasına çox yardımcı olmaqda idi. İmam soyundan olduğu üçün ona özəl sayqı göstərilirdi.119 Onun imam soyundan olması hürufilikdə, Əliullahilikdə yayqın olan hilul inanışı ilə uyqun gəlirdi. Yəni qutsal ruhun bədəndən bədənə keçişi. Bu inanc türkmənlər arasında öyləsinə güclü olmuşdur ki, yaraşıqlı görkəmi və karziması ilə zühur iddiasında bulunan Şah İsmayıla bütün mallarını və canlarını fəda edəcəklərdi.
1453-cü ildə İstanbulu fəth edən Sultan Məhəmməd Fateh Doğu Avropada irəliləməkdə idi. Trabzonu Osmanlı ərazisinə qatmaq üçün savaş hazırlıqları gedirdi. Zəifləmiş durumda olan Trabzon dövlətinə Cüneyd də saldırılar düzənləyərək çevrə kənd və qəsəbələrini talayıb bolca qənimət əldə etdi. Bu zaman Osmanlı sultanı Uzun Həsənin aracılığı ilə Trabzon dövləti ilə barış yapdı. Cüneyd və müridləri də Canıqdan uzaqlaşdırıldı.120 Cüneydin Trabzona saldırması Uzun Həsənin diqqətini çəkər.121Uzun Həsən, bayındırlı boyunun başçısı idi. Moğolların qalxınması ilə onlar Anadoluya gəlmişdilər. Əmir Teymur Anadoluya saldırdığında onunla işbirliyi etmişdilər. Bu üzdən də Teymur onları ödülləndirmiş və Şərqi Anadolunun bir bölümünü onlara vermişdi. Əmir Teymura tabe olan Diyarbəkir mərkəzli bir dövlət qurmuşdular.122 Osmanlı tərəfindən təhdid edilən Trabzon padşahı Uzun Həsənlə ittifaqa girib Qızı Despninanı uzun Həsənə vermişdi. Bu ittifaq bir sürəliyinə Osmanlı qarşısında Trabzonun güvənliyini sağlaya bildi. Sultan Fateh Uzun Həsənin araya girməsi ilə barışı keçici olaraq qəbul edib Trabzonun fəthini ertələdi. Ancaq bu barış uzun sürmədi və 1461-ci ildə Sultan Məhəmməd Fateh Trabzonu fəth etdi.
Şeyx Cüneyd Canıqdan dışlandıqdan sonra müridləri ilə bir yerdə Diyarbəkirə yola düşdü. Çoxsaylı mürid tərəfdarlarından dolayı uzun Həsən Cüneydi önəmsəməyə başlamışdı. “1456-cı ildən 1459-cu ilədək Cüneyd, o vaxt hələ az tanınan Diyarbəkir hakimi Baayındırlı Uzun Həsənin yanında olmuşdu. Uzun Həsən öz düşməni Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısını Şeyx Cüneydlə evləndirdi.”123 Cüneyd, Bayındırlı dövlətinin başçısı Uzun Həsənin bacısı Xədicə Bəyimlə 1458-ci ildə evləndikdən sonra daha da güclənmiş oldu.124 Arxasında Bayındırlı dövlətinin dəstəyini də hiss edən Cüneyd müridlərini Anadolunun dəyişik yerlərinə göndərir və türkmən ellərini ona qatılmağa çağırırdı.125 Uzun Həsən bu yolda Cüneydə mane olmur, hətta müridlər toplaması üçün yardım da edirdi. Çünkü Osmanlı və Qaraqoyunlu ilə savaşlarında Cüneydin topladığı müridləri əsgər kimi qullanacağını düşünürdü. Uzun Həsənin Osmanlıya qarşı olan nifrəti Cüneydin işinə yaramaqda idi. Cüneyd çərkəzlərlə savaşmaq və cihada getmək üçün Uzun Həsəndən izn istədi. Çərkəzlər Qaradənizin doğusunda Gürcülərlə qonuşu olan xristian xalq idi. Çərkəzlər yaraşıqlı, ağdərili olduqlarından çərkəz kölələrin dəyəri çox yüksək idi. Qızlarının müştəriləri çox idi. Bu üzdən də İslam tarixində çərkəz kölələr və kənizlər haqqında bol bilgi və ədəbiyat var. Müsəlmanlar çərkəz kölələr və kənizlər sataraq bol para qazanırdılar. Cüneyd Ərdəbildə dədələrinin məzarını ziyarət etmək bəhanəsi ilə müridləri ilə bir yerdə yola düşüb Azərbaycana və ordan da Şirvana girdi. Şirvandan Dağıstana keçib çərkəzlərə saldırmaq istəyirdi. Şirvan, Şirvanşahlar tərəfindən yönətilən kiçik bir ölkə idi. Şirvanşah bu dönəm Qaraqoyunlu Cahan Şahın müttəfiqidir. Cahan Şah və Uzun Həsən Ermənistana sahib olmaq üçün anlaşa bilmirdilər. Aralarında böyük küdurət var idi. Uzun Həsən, Cüneydi Qaraqoyuluya qarşı qullanmaq istəyirdi. Cüneyd Şirvana vardığında Şirvanşah, Cüneydi durdurmaq üçün Cahan Şahdan yardım istədi. Qaraqoyunlu ordusu Şirvanşahın yardımına getdi. 1460-cı ilin payızında Cüneyd Təbərsəranda Qaraqoyunlu və Şirvanşahın ortaq ordusu ilə savaşa girdi. Cüneyd bu savaşda öldü və müridləri fərari oldu.