MEHDİAĞALAR – Dmanisi rayonunda kənd adı. Qarabulaq düzünün qərbində, Qırdağın şərq ətəklərində yerləşir. Kök+Kök+şəkilçi modeli əsasında formalaşan bu etnotoponim nəsil adı bildirir. Vaxtilə kəndin bünövrəsini Mehdiağa nəslindən olanlar qoyduğuna görə etnooykonim belə adlanmışdır. Mənbələrdə qeyd edilir ki, keçən əsrin 60-cı illərinin əvvəllərində kənd əhalisi müxtəlif ərazilərə köçüb getmişlər.
MƏMİŞLİ – Dmanisi rayonunda kənd adı. Rayon mərkəzindən 10 km qərbdə yerləşir. Kök+şəkilçi modeli əsasında formalaşmış bu etnotoponimin əsasını “Məmiş” antroponimi təşkil edir. XIX əsrdə Hamamlı icmasına daxil olan bu kəndin bünövrəsini Məmiş adlı şəxs qoyduğuna görə belə adlandırılmışdır. Qeyd edək ki, hazırda Dmanisi rayonu ərazisində Məmişlilər adlı yaşayış məntəqəsi də mövcuddur.