MUQARETİ – Axalsıx rayonunda kənd adı. Mənbələr moxq, moqx, mukri və ya muqrin tayfalarının avarların tərkibində Qafqaza axını haqqında məlumatlar vermişlər. Cənubi Qafqazda bu tayfa adı ilə bağlı xeyli sayda etnotoponimlər formalaşmışdır: Muğan düzü, Muğ qalası, Muğanlı kəndi (Azərbaycanda), Muqqi və Muqin kəndləri (Ermənistanda), Muğanlı, Muğançı, Muqlian (Gürcüstan) və s.
NƏZƏRLİ – Qardabani rayonunda kənd adı. Kür çayının sol sahilində, rayon mərkəzindən 6 km qərbdə yerləşir. Kök+şəkilçi modeli əsasında formalaşan bu etnotoponimin tərkibini “Nəzər” antroponimi təşkil edir. Vaxtilə kənd Nəzərli nəsli tərəfindən salındığına görə etnooykonim belə adlandırılmışdır.
ORMEŞƏN – Dmanisi rayonunda kənd adı. Şindi dağının quzeyində, rayon mərkəzindən 22 km şimal-qərbdə yerləşir. Mürəkkəb quruluşa malik bu etnotoponim “urum, rum” və “şen” komponentlərindən ibarət olub, “rumların yaşayış yeri, məskəni” anlamındadır. Ormeşən sözündə u-o, e-ə sait əvəzlənmələri, u sait düşümü hadisəsi baş vermişdir ki, bu da Azərbaycan dilinin dialekt və şivələri üçün qanunauyğun dil hadisəsi hesab olunur.
ORUZMAN – Dmanisi rayonunda kənd adı. Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 4 km qərbdə yerləşir. Bölgədə “aşağı” və “yuxarı” sözləri ilə işlənən 2 Oruzman adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Bu etnotoponim qıpçaqların “orus/oruz” tayfa adını özündə əks etdirir. Etnotoponimin ikinci komponentində işlənən “man” sözü qədim türk dillərində “adam, insan” deməkdir. Etnotoponimin ümumi mənası “orus/oruz tayfasından olanların yurdu, məskəni” deməkdir.
PADAR – Tiflis əyalətinin Baydar nahiyəsində kənd adı olub. Bu etnotoponim padar türk tayfasının adı əsasında yaranıb. Mənbələrin verdiyi məlumatlara görə, padar tayfası XIII əsrdə Elxanilər (Hülakilər) dövründə Orta Asiyadan İrana və Azərbaycana köçürülmüşdür. Sonralar dağlıların basqınlarının qarşısını almaq məqsədilə döyüşkən padarların bir hissəsi Azərbaycanın quzey-şərq və quzey-qərb bölgələrində yerləşdirilmişdir. Həmin dövrlərdə padarların bir qolu da Borçalı ərazisində məskunlaşmışdır.
SAATLI – 1992-ci ilədək Dmanisi rayonunda kənd adı. Bu etnotoponim “sayat” adlı türk tayfa adı əsasında formalaşmışdır. M.N.Vəliyevə görə, saatlı tayfası qədimdə ayrumların bir qolu olmuşdur. XIX əsrin sonlarından saatlı tayfasının müəyyən bir hissəsi Gürcüstan ərazisinə köçmüşlər. Azərbaycanda Saatlı şəhər adı və Bərdə, Ağdaş, Şuşa rayonlarında eyniadlı etnooykonimlər mövcuddur.
CƏFƏRLİ – Dmanisi rayonunda kənd adı. Rayon mərkəzindən 6 km cənub-şərqdə yerləşən bu yaşayış məntəqəsinin adı “Cəfər” antroponimi əsasında formalaşmış və “Cəfər nəslindən olanların yurd yeri, yaşayış məskəni” deməkdir. Etnotoponim kök+şəkilçi modeli əsasında formalaşmışdır.
SALYER – Bolnisi rayonunda kənd adı. Etnotoponimin mənası “salların yeri” deməkdir. Dədə Qorqud dastanında Salur Qazanın adı çəkilir və bu onomastik vahiddən də məlum olur ki, Qazan salur tayfasındandır. Sal/salur tayfa adı azərbaycanda 5-ə qədər etnotoponimdə izlər buraxmışdır.
SARACLI – Bolnisi rayonunda kənd adı. Rayon mərkəzindən 22 km şərqdə yerləşir. Orta əsrlərdə Osmanlı türklərinə məxsus tayfalardan biri “saraclı” adlanıb. Saraclılar qazax tayfalarının tərkibində XVI əsrdə Gürcüstana gəlmişlər. Təəssüflər olsun ki, 1992-ci ildə Saraclı kəndinin adı dəyişdirilərək Mamxudi adlandırılmışdır.