SEYİDXOCALI – Marneuli rayonunda kənd adı. Debet çayının sol sahilində, rayon mərkəzindən 19 km cənub-qərbdə yerləşir. Mürəkkəb struktura malik bu etnotoponim kök+kök+şəkilçi modeli əsasında formalaşmışdır. “Seyid” dini titul bildirən leksik vahiddir. “Xoca” sözü isə qədim türk dilində “müəllim, öyrətmən” deməkdir. Vaxtilə kəndi Seyidxocalı nəsli saldığına görə belə ad almışdır.
SALARDAĞ – Axalsıx rayonunda dağ adı. Etnotoponim oğuz tayfalarından olan “salar” və “dağ” oronimik termininin əsasında formalaşmışdır. Mənbələrdə qeyd edilir ki, VI əsrin ortalarında Şimali Qafqazda türkdilli qədim avarlara mənsub olmuş salların bir hissəsi onların tərkibində 686-cı ildə Albaniyaya (Qafqaza) gəlib məskunlaşmışdır. “Sal” etnonimi Gürcüstanda salieti (gürcü dilində eti “ölkə, yer” deməkdir), Ermənistanda keçmiş Sallı kəndlərinin adlarından da əksini tapmışdır.
SARIQIZE – Adıgün rayonunda həm kənd, həm yayla adı. Fikrimizcə, bu etnotoponim “sar” və “quz” komponentləri əsasında formalaşmışdır. Sar/sarı vaxtilə Gürcüstan ərazisinə kütləvi şəkildə axın etmiş qıpçaqların digər bir adıdır. Sarı və qara qıpçaqların XII əsrdə Borçalı və Qazax ərazilərində yaşamaları da bəzi mənbələrdə əksini tapmışdır. Qədim türklərdə “sar/sarı” adlı tayfalar olmuşdur. “Sarı” tayfa adı oda, günəşə sitayişlə əlaqədar olaraq yaranmışdır.
SARKİNE – Adıgün rayonunda kənd adı. Bəzi tarixi mənbələrdə göstərilir ki, “Sarkinite” adını verən türk boyunun Orta Asiyada qalan qolunun nəvə-nəticələri bu gün “Sarık” və “Sarıq” adı ilə qırğızlar və təkə türkmənləri arasında yaşamaqdadırlar. “Sarıkın” qıpçaqlarda “Sarıklar” deməkdir. Bəzi mənbələrdə bu etnotoponim “dəmir tapılan yer” anlamında da izah olunur.
ŞIXLI – Tetrisxaro rayonunda kənd adı. Xram çayının sağ sahilində, rayon mərkəzindən 13 km cənub-şərqdə yerləşən bu kəndin adı qazax tayfasının şıxlı tirəsinin adı ilə bağlı olaraq yaranmışdır. XIX əsrin ortalarında qazaxlar 17 tayfadan ibarət idilər ki, onlardan da biri şıxlı adlanırdı. Bu etnotoponimin əsasında “şıx” sözü dayanır ki. Bu da “şeyxlər” sözündən təfrifdir. Azərbaycanda “şıx” sözü əsasında formalaşan 30-dan çox etnotoponim qeydə alınmışdır.
ŞAHMARLI – Dmanisi rayonunda kənd adı. Maşaver çayının sahilində, rayon mərkəzindən 8 km qərbdə yerləşir. Antroponimlə ifadə olunan etnotoponimdir. Vaxtilə yaşayış məntəqəsinin Şahmarlı nəslindən olanlar saldıqlarına görə oykonim belə adlandırılmışdır.
ŞİNDİLƏR– Dmanisi rayonunda kənd adı. Rayon mərkəzindən 6 km şimal-qərbdə yerləşir. Etnotoponim “şindi” və “lər” tərkiblərdən ibarətdir. Bölgədə Şindi dağı etnotoponimi də qeydə alınmışdır. Azərbaycanın astara rayonunda Şindan adlı dağ və Şəki rayonunda Şin adlı yaşayış məntəqəsi var. H.Məmmədov müxtəlif mənbələrə əsaslanaraq bu yer-yurd adlarının “şind” tayfasının adı ilə bağlı olduğu qənaətinə gəlir. III əsrdə məşhur Şindan qalasının sasanilər tərəfindən bünövrəsinin qoyulduğu da məlumdur.