ON İKİNCİ DƏRS DÜZ YOLDAN ÇIXMAĞIN SƏBƏBİ
Müqəddimə;
Yoldan azmağın səbəbləri;
Psixoloji səbəblər;
İctimai səbəblər;
İdeoloji səbəblər;
İnhiraf amilləri ilə mübarizə.
MÜQƏDDİMƏ
Birinci dərsdə qeyd olundu ki, dünyagörüşünü iki ümumi qismə – ilahi və maddi dünyagörüşə bölmək olar. Onların arasında ən mühüm ixtilaf elmli və qüdrətli yaradanın ololub-olmamasındadır: ilahi dünyagörüşü onu əsaslı bir prinsip kimi qəbul edir, maddi dünyagörüş isə onu inkar edir.
Əvvəlki dərslərdə Allahın varlığının isbat olunması, ən mühüm səlbi, sübuti, zati və feli sifətləri bu kitabın həcminə uyğun olan bir səviyyədə araşdırdıq. İndi bu əsas prinsipə etiqadın möhkəmlənməsi üçün maddi dünyagörüşü qısa şəkildə araşdırıb tənqid edirik ki, ilahi dünyagörüşün mövqeyini möhkəmlətməkdən əlavə maddi dünyagörüşün süst və əsassız olması da birbaşa aydın olsun.
Bu məqsədlə əvvəlcə ilahi dünyagörüşdən azıb inhirafa yuvarlanmanın, dinsizliyə yönəlmənin amil və səbəblərinə qısa işarələr edib daha sonra maddi dünyagörüşün zəif nöqtələrinin ən mühümünü izah edəcəyik.
DÜZ YOLDAN AZMANIN SƏBƏBLƏRİ
Bəşər tarixində dinsizlik və materializmin uzun keçmişi vardır. Bəşər tarixlərində həmişə – arxeoloji qazıntılar və tarixi şahidlərin göstərdiyi qədər – yaradana olan etiqad həmişə mövcud olmuşdur. Qədim zamanlardan etibarən dinsiz və Allahı inkar edən (mülhid) şəxslər olmuşlar. Lakin dinsizlik 18-ci miladi əsrindən etibarən əvvəlcə Avropa ölkələrində gücləndi, daha sonra isə yavaş-yavaş dünyanın sair məntəqələrinə yayılmağa başladı.
Bu hadisənin kilsə üsul-idarəsinin diktatorçuluq prinsipləri qarşısında və məsihiyyətin ziddinə olan bir əksül-əməl kimi yaranmasına baxmayaraq onun dalğaları sair dinləri və məzhəbləri də bürüdü, qərb ölkələrində dinsizliyə olan meyl onların sənətkarlıq və texnologiyası ilə yanaşı dünyanın başqa ölkələrinə də nəql olunmuşdur. Son əsrdə marksizmin ictimai-iqtisadi təfəkkürü ölkələrin çoxunda yayılmış və insaniyyət üçün böyük bir bəlaya çevrilmişdir.
Bu inhirafçı nəzəriyyənin yaranıb inkişaf etmə və yayılma səbəbləri çoxdur və onların hamısının araşdırılması üçün ayrıca bir kitab yazılmalıdır.1 Lakin ümumi halda onu üç əsas amildə xülasələndirmək olar:
1-Psixoloji amillər: Yəni dinsizliyə meyl etmək üçün şəxslərdə yarana biləcək məqsədlər; hətta şəxsin özü bunun təsirindən agah olmaya da bilər. Onların ən mühümü tənpərvərlik, rahatlığa, açıq-saçıqlığa meyl etmək və məsuliyyət hissi keçirməməkdir. Belə ki, bir tərəfdən xüsusilə maddi və hiss olunan ləzzətlərlə uyğun gəlməyən tədqiqatın zəhmətləri tənbəl, rahatlıq axtaran və himməti olmayan şəxslərin tədqiqat aparmasına mane olur, digər tərəfdən heyvanlara məxsus olan qeydsiz-şərtsiz azadlıq, açıq-saçıqlılıq, məsuliyyət hissi keçirməmək və məhdudiyyətə razı olmamaq onların ilahi dünyagörüşə meyl etməsinin qarşısını alır. Çünki ilahi dünyagörüşü qəbul edib hikmətli yaradana etiqad bəsləmək bir sıra digər etiqadların da əsasını təşkil edir ki, onlar insanın bütün ixtiyari davranış və rəftarlarında məsuliyyət hissi keçirməsini tələb edir. Bu da çox hallarda öz istəklərindən keçməsini və müəyyən məhdudiyyətləri qəbul etməsini tələb edir. Bu məhdudiyyətlərin qəbul edilməsi şəxsin açıq-saçıqlılıq meylləri ilə uyğun gəlmədiyindən bu heyvani meyl, hətta özünün agahlığı olmayan bir şəkildə olsa belə, insanın bu məsuliyyətlərdən boyun qaçırmasına və nəticə etibarı ilə Allahın varlığını inkar etməsinə səbəb olur.
Digər psixoloji amillər də dinsizliyə meyl etməkdə təsirlidir və sair amillərin ardınca yaranır.
2-İctimai səbəblər: Yəni bəzi cəmiyyətlərdə yaranan xoşagəlməz mühitlər və ictimai şəraitlər, eləcə də dini işləri öhdəsinə alan şəxslər dinsizliyin yaranmasında, yaxud yayılmasında müəyyən rol oynayır. Belə bir şəraitdə əqli təfəkkür və idrak baxımından zəif olan, mövcud məsələləri düzgün şəkildə təhlil edib araşdıra bilməyən, hadisələrin həqiqi səbəblərini dərk edə bilməyən insanlardan çoxu bu kimi uyğunsuzluq və xoşagəlməz halların baş verməsində dindarların rol oynadığını bəhanə edərək bu məsələləri ideologiya və dinin hesabına yazır və belə təsəvvür edirlər ki, bu kimi xoşagəlməz şəraitin yaranmasına məhz dini etiqad səbəb olmuşdur. Buna görə də dindən uzaqlaşırlar.
Bu kimi amillərin nümunəsini Avropanın renesans dövründəki ictimai şəraitində mülahizə etmək olar: kilsə məmurlarının siyasi, hüquqi və dini sahələrdəki yaramaz işləri camaatın məsihiyyətdən və ümumiyyətlə din və dindarlıqdan uzaqlaşmasının mühüm amili olmuşdur.
Bu kimi amillərin təsirinə diqqət yetirməklə bütün din işçilərinə öz məsuliyyətlərinin əhəmiyyətini və həssas mövqeyini dərk etmələri zəruridir. Onlar bilməlidirlər ki, onlardan baş verən yaramaz hərəkətlər cəmiyyətin yoldan azıb bədbəxtliyə düçar olmasına səbəb ola bilər.
3-İdeoloji səbəblər: Yəni şəxslərin zehninə gələn, yaxud başqalarından eşitdikləri şübhələr. Belə ki, çoxları onları dəf etməyə qadir deyil və onlardan müəyyən qədər təsirlənirlər, heç olmazsa onların fikirlərinin təşvişə düşüb iztirablı olmasına səbəb olur, nəticədə bu şübhələr yəqin və xatircəmliyin hasil olmasına mane olur.
Bu amillər də öz növbəsinə kiçik dəstələrə bölünə bilər, o cümlədən hissə (təcrübəyə) meyldən yaranan şübhələr, yanlış əqidələrdən törənən şübhələr, düzgün olmayan bəyanlardan və zəif istidlallardan ərilə gələn şübhələr, ilahi ədalət və hikmətin əksinə olduğu təsəvvür olunan xoşagəlməz hadisələrlə əlaqədar yaranan şübhələr, dini əqidələrin ziddinə qələmə verilən elmi fərziyyələrdən törənən şübhələr, bir sıra dini qanunlar və hökmlər, o cümlədən hüquqi və siyasi məsələlər barəsindəki hökmlərlə əlaqədar yaranan şübhələr.
Bəzən iki, yaxud daha artıq amil şəkk və tərəddüdə, inkar və dinsizliyə səbəb olur, Bəzən də müxtəlif psixoloji çatışmamazlıqlar şübhələrə şərait yaradır və öz ardınca fikirdə vəsvəsə kimi ruhi xəstəlik gətirir və bu xəstəliyə tutulan şəxs heç bir dəlillə, bürhanla qane olmur. Necə ki, əməldə vəsvaslığa düçar olan şəxs yerinə yetirdiyi işin düzgün olmasına heç vaxt xatircəm olmur. Misal üçün əlini on dəfələrlə suya batırır, yenə də onun paklanmasına əmin olmur, halbuki elə əvvəldən pak imiş və paklamağa da ehtiyacı yoxmuş!
İNHİRAF AMİLLƏRİ İLƏ MÜBARİZƏ
İnhiraf amillərinin müxtəlif olduğuna diqqət yetirməklə aydın olur ki, onlardan hər biri ilə mübarizə aparmaq üçün xüsusi üslub, yer və şərait lazımdır. Məsələn, əxlaqi və psixoloji amilləri düzgün tərbiyə etmək və onların ardınca gələn zərərləri başa salmaqla aradan qaldırmaq olar. İkinci və üçüncü dərsdə din barəsində tədqiqat aparmağın zərurəti və ona qarşı laqeyd yanaşmağın zərərlərini bəyan etdik.
Eləcə də ictimai amillərin mənfi təsirlərinin qarşısını almaq üçün, bu cür amillərin büruz etməsinin qarşısını almaqdan əlavə gərək “dindarların əməlinin düzgün olmaması” ilə “dinin düzgün olmaması” arasında olan fərq aydınlaşdırsın. Lakin ümumiyyətlə ictimai və psixoloji amillərin təsirinə diqqət yetirməyin ən az faydası budur ki, şəxs özü bilmədən onların təsirinə çox az hallarda düşə bilər.
İdeoloji amillərin mənfi təsirlərinin qarşısını almaq üçün də münasib üslublar seçmək lazımdır; o cümlədən azdırıcı, inhirafçı əqidələri düzgün əqidələrdən ayrımaq, dini əqidəni isbat etmək üçün zəif və məntiqsiz dəlillərdən uzaq olmaq lazımdır, həmçinin bunu aşkar etmək lazımdır ki, dəlilin zəif olması müddəanın düzgün olmamasına bir əsas deyildir.
Bütün inhirafçı və azdırıcı amillərin araşdırılması, onların hər biri ilə mübarizədə münasib yol seçilməsi kimi məsələlərin hamısının bəyan edilməsi bu kitaba sığmadığından, dinsizliyə meyl etmənin amillərindən bir neçəsini və onlarla əlaqədar şübhələrin cavabını verməklə kifayətlənəcəyik.
SUALLAR
1-Materialist dünyagörüşünün tənqid və təhlil edilməsinin hansı faydaları vardır?
2-Son əsrlərdə dinsizliyə olan meyl necə yaranmışdır?
3-Dindən inhirafa düşməyin psixolji səbəblərini bəyan edin.
4-Bu hadisənin ictimai səbəblərini araşdırın.
5-İdeoloji səbəblər və onun növlərini bəyan edin.
6-Fikri cəhətdən vəsvəsələr necə yaranır?
7-İnhiraf səbəbləri ilə mübarizənin səbəbləri hansıdır?
Dostları ilə paylaş: |