HƏQİQƏTİ baki – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu naiLƏ SƏMƏdova insan, zaman və HƏyat



Yüklə 1,11 Mb.
səhifə6/11
tarix20.01.2017
ölçüsü1,11 Mb.
#670
1   2   3   4   5   6   7   8   9   10   11

ÇAĞDAŞ XATİRƏLƏR: İNSAN VƏ ZAMAN

Gündəlik, tərcümeyi-hal, xatirələr və səyahətnamələr real ha­disə və insanlar haqqında məlumat verməklə yanaşı, özləri­nin ideya məzmunu  müəllif və onun qəhrəmanlarının vicdan və mənəviyyata, mənəvi sərvətə, ictimai və estetik ideala mü­na­sibətdə müəyyənləşir. Bunun üçün təkcə faktları tapıb təsvir et­mək, keçmişin real görüntülərini əks etdirmək kifayət deyil, həm­çinin geniş dünyagörüşə malik olmaq, həyatı dərindən başa düşmək lazımdır. Sənədli əsərlər bədii əsərlərdən bu məq­sədyönlüyü, real həyati faktları dövrün tələbləri ilə uz­laş­dır­mağı öyrənir ki, bu da onun ədəbiyyatda mövqeyini möh­kəm­lədir. «Həyatı düzgün əks etdirmək üçün onu dərindən öy­rənmək, daha doğrusu, həyat hadisələrinin mahiyyətindən düz­gün baş çıxarmaq lazımdır. Hər bir əsərin qiyməti həyat hadi­sələrinin, ictimai varlığın ayrı-ayrı faktlarının bədii idrakı də­rə­cəsindən asılıdır. Yazıçı öz əsəri üçün material olaraq seç­di­yi həyat faktlarının əsas mahiyyətini düzgün qavrayıbsa və onu real, yüksək sənətkarlıqla əks etdirə bilibsə, onun yara­dı­cı­lıq məhsulu da dəyərli, əhəmiyyətli olacaqdır» [118, s.52].

Hər bir bədii yaradıcılığın əsasını həyat həqiqəti təşkil edir. Həyat həqiqəti yazıçı təxəyyülü ilə sintezdə maraqlı sənət nü­mu­nələrinin yaranmasına zəmin yaradır. Memuar nümunə­lə­rin­də isə həyat həqiqəti uydurmasız, bəzəksiz əks olunur. La­kin burada da memuaristin dünyagörüşü, hadisələrə münasi­bə­ti əsasdır. Xatirə müəllifi olanları, keçənləri bədiiliklə təsvir edər­sə, hadisələrə obyektiv münasibət bildirərsə, əsər daha ma­raqla oxunar, oxucu yazıçı səmimiyyətinə, olayların həqi­qi­li­yinə şübhə etməz. Bütün bu deyilənləri memuar janrına daxil olan səyahətnamələrə, yol qeydlərinə də aid etmək olar.

Hələ XVIII əsrin sonları  XIX əsrin birinci yarısında ya­şa­mış böyük Azərbaycan səyyahı və alimi Hacı Zeynalabdin Şir­vani Azərbaycan, İran, Hindistan, Ərəbistan, Türkiyə və bir çox ölkələri səyahət etmiş və əsərlərində gəzdiyi ölkələrdə ya­şayan xalqların tarixi, mədəniyyəti, adət-ənənələri haqqında ət­raflı məlumat vermişdir. 1780-ci ildə Azərbaycanın Şamaxı şə­hərində doğulan, «Təmkin» təxəllüsü ilə şeirlər yazan səy­yah 1838-ci ildə vəfat etmiş, Səudiyyə Ərəbistanının Ciddə şə­hə­rində dəfn edilmişdir. Şirvani o vaxt Türkiyənin mərkəzi olan İstanbul şəhərində xeyli yaşamış, bir çox dövlət xadim­lərinin məclisində olmuşdur. Bir müddət İstanbulda qaldıqdan sonra Bursa, Konya, Diyarbəkir və digər şəhərlərə getmişdir. Şirvani Konyada olarkən XVIII əsrin məşhur şairi Cəlaləddin Ruminin məqbərəsini ziyarət etmişdir. Səyyah bu şəhərdə Rəh­mətəli təxəllüsü ilə məşhur olan istedadlı şair ilə gö­rüş­müş­dür. Həmin şair Bəhaəddin Vələdin yazdığı «Məqalat» əsə­rini Hacı Zeynalabdin Şirvaniyə verərək ondan xahiş et­miş­dir ki, Cəlaləddin Rumi haqqında xalqa geniş məlumat versin. «Səyyahın öz yazdığına görə «Məqalat»da Ruminin 8 böyük müridinin tərcümeyi-halı verilmişdir» [35, s.62]. Şirvani dos­tunun xahişini yerinə yetirərək Cəlaləddin Ruminin həyatı haq­qında təxminən bir çap vərəqi həcmində əsər yazmışdı. Bu əsər səyyah dünyasını dəyişdikdən xeyli sonra 1895-ci ildə, Cə­laləddin Ruminin Bombeydə «Nasiri» mətbəəsində dərc olun­muş «Məsnəvi» kitabında müqəddimə kimi verilmişdir.

Bir məqamı nəzərə çatdırmaq lazımdır ki, Azərbaycan şair və yazıçılarının Türkiyəyə səfərləri ilə bağlı xatirələri özəlliklə üstünlük təşkil edir. Azərbaycan ədəbiyyatının tanınmış nüma­yəndələrindən olan Mehdi Hüseynin (1909-1965) yol qeydləri bu baxımdan xüsusilə dəyərləndirilməlidir. Qeydlər gündəlik şəklindədir. Yazıçı hər bir hadisə, görüşdüyü insanlar, gördüyü yerlər haqqında fikirlərini hər gün qələmə almışdır. Çünki belə olduqda məlumatlar dəqiqliyi ilə verilir, faktlar yaddaşdan si­linmir.

1963-cü ilin aprel və may aylarında baş tutan səfərin tə­əs­süratları Azərbaycan oxucusunun Türkiyə haqqında ilk və geniş ta­nış­lığı idi. Müəllif Türkiyədə şahidi olduğu hər bir olaya, tanı­ma­ğa və anlamağa çalışdığı hər bir insana xeyirxahlıqla yanaş­mış­dır. Səfər prosesində türk gəncliyinin elmə və təhsilə bö­yük həvəsi, ziyalılar içərisində fədakar insanlar, ən əsası türk xalqı Mehdi Hüseyndə məhəbbət hissini artırmışdır. Onun bu ölkəyə səfəri Türkiyə kəndi və kəndlisi haqqında təsəvvürlərin aydınlaşmasına müəyyən dərəcədə kömək oldu. Kəndlər, qəsə­bə­lər, şəhərlər elə təsvir edilmişdir ki, oxucu sanki bu yerləri özü gəzir, səyahətçinin görüşdüyü insanlarla özü görüşür. Sə­fə­rin ilk günü Mustafa Kamal Atatürkün mavzoleyinin ziyarəti ilə başlayır. Müəllif buranı böyük hörmət və məhəbbət hissi ilə qələmə alır, bu görkəmli tarixi şəxsiyyətin aşiyanını təfərrüatı ilə yazıya köçürür. Ankaranın mərkəzində, hərbi libasda, ayaq üstündə durmuş Atatürkün tunc heykəli ona ən çox döyüşçü və mübariz bir insanı tanıtdığı kimi, mavzoley də əsgər kimi sərt bir şəraitdə çalışmış dövlət adamının surətini canlandırır. Sə­ya­hətçi məqbərəyə tamaşa etməyə gələnlərin də simasının sərt və kədərli olduğunu müşahidə edir. O, Ankaranı gəzəndə, şə­hərdəki abidələri görəndə xalqın onu necə dərin məhəbbətlə sevdiyini anlayır. Hər bir idarədə, məktəbdə, muzeydə, ma­ğa­zada Atatürkün ya büstü, ya da portretini görən Mehdi Hüseyn bildirir ki, «ona bəslənən xalq məhəbbətini görmək üçün təkcə mavzoleyə yox, prezident binasına və Atatürkün yaşadığı evə dəstə-dəstə gələnləri görmək də kifayətdir» [111, s.11]. Öz xal­qının müqəddəs bir bütünə çevrilmiş Mustafa Kamal Ata­türk haqqında əsl faktlarla bərabər xalq tərəfindən uydurulmuş qəribə hekayələr də danışılır. Artıq həqiqətlə əfsanəni bir-bi­rin­dən ayırmaq çətindir. Türk Dil Qurumunun 1963-cü ildə nəşr etdiyi bir kitabçada bu hekayələrdən bir neçəsi top­lan­mış­dır. Müəllif bu hekayələrdən birini («Ayişə arvad») oxucuların nəzərinə çatdırır.

Mehdi Hüseynin Ankara Universitetinin rektoru Suat Ka­mal Yetgin ilə görüşü xırda müşahidələrini belə yadda saxla­yıb qeydə almaq həvəsini artırmışdır. Onun Türkiyənin elm və sə­nət adamları ilə görüşlərində türk ədəbiyyatının, teatrının, mu­siqisinin dünəni və bu günü, qarşılıqlı ədəbi əlaqələr mü­za­ki­rə obyekti olur. Müəllif səfərdə olduğu müddətdə dövri mət­bua­tı da mütəmadi olaraq izləyir və o dönəmin iqtisadi, ədəbi du­rumu haqqında oxucunu məlumatlandırır. Ankara milli ki­tab­xanası, 1927-ci ildə bilavasitə Atatürkün təşəbbüsü ilə açıl­mış Müəllimlər İnstitutu, Ankara konservatoriyası, Atatürkün yaratdığı Türk Tarix Qurumu Mehdi Hüseyndə xoş hisslər oya­dır. Bir yaradıcı insan kimi Tofiq Fikrət yaradıcılığından bəhs edən müəllifin fikrincə, türk xalqı öz milli azadlığını xa­rici istilaçılardan qorumaqda Atatürk kimi siyasi bir xadimə necə borcludursa, yeni türk ədəbiyyatı əsl proqressiv və de­mok­ratik ideallarla zənginləşməsində Tofiq Fikrət kimi şairə və mütəfəkkirə elə borcludur. Təsadüfi deyil ki, Mustafa Ka­mal Atatürk türk ədəbiyyatının istedadlı simalarından olan To­fiq Fikrəti «bütün həyatı boyu öz vicdanının sözünə baxan bir şair» adlandırmışdır. Yazıçı Elçin öz səfər xatirələrində bu xa­siyyətnamənin bir çox türk yazıçı və şairlərini səciy­yələndir­di­yi­ni göstərmişdir.

Türkiyəyə növbəti belə səfər Azərbaycan şairi Qasım Qa­sım­zadənin (1923-1993) bir qrup Azərbaycan və gürcü yazarları ilə birlikdə 1968-ci ilin aprel-may aylarında olmuşdu. Türkiyənin İstanbul, Bursa, İzmir, Ankara şəhərlərinə səfərin təəssüratı nə­ticəsində qələmə alınmış yol qeydləri ötən əsrin 60-cı illə­ri­nin mənzərəsini canlandırır. Müəllif İstanbulun möhtəşəm sə­nət və memarlıq abidələri  Kəbədən sonra müsəlmanların ikin­ci ziyarətgahı hesab edilən Əyyub camesi (1458), vaxtilə Şərq mədəniyyəti mərkəzlərindən biri kimi, universitet kimi dəyərləndirilən Süleymaniyyə (1557), Mavi came adlandırılan Sultan Əhməd (1616) məscidləri, III və IV əsrlərdə Bizans mə­dəniyyəti və tarixinin müəyyən özəlliklərini bu günə qədər yaşadıb saxlayan əzəmətli Aya Sofiya məbədi, XV əsrdə Sultan Əhməd tərəfindən əsası qoyulan, sonralar Sultan Sü­ley­man və Məhəmməd Saninin genişləndirdiyi, XIX əsrin orta­la­rınadək 25 sultanın iqamətgahı olmuş Topqapı sarayı haqqında müfəssəl məlumat verir, İstiqlal caddəsini, Qapalı Çarşı ba­za­rı­nı, Dolmabağça sarayını təsvir edir; Türkiyə Respublikasının ilk prezidenti Mustafa Kamal Atatürkün 1938-ci ildə Dol­ma­bağ­ça sarayında vəfat etdiyini bildirir.

İstanbulda olarkən Tofiq Fikrətin aşiyanına daxil olan za­man Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin  Sü­leyman Rüstəm, Rəsul Rza, Nigar Rəfibəyli və başqalarının bu böyük sənətkarın şeirlərini əzbərdən demələri, onun xati­rə­sini yad etmələri insanda xoş və səmimi duyğular oyadır. Xa­tirə müəllifinin İstanbul haqqında fikirləri belədir: İstanbulu bir dəfə görən heç vaxt unutmaz. Daha öncə xatirələrindən bəhs etdiyimiz Mehdi Hüseyn isə İstanbul haqqında bunları söy­ləmişdir: İstanbul Türkiyənin həm çarpan ürəyi, həm də dü­şünən beynidir.

Coğrafi quruluşuna və uzaqdan görünüşünə görə Bursanı Azərbaycanın Şəki şəhərinə bənzədən Qasım Qasımzadə bura­da da ipəkçiliyin geniş yayıldığını və XV-XVI əsrlərdə Türki­yə­nin ilk paytaxtı olan bu şəhərin «Osmanlı cənnəti» kimi məş­hur olduğunu bildirir, Yaşıl came (1419) haqqında mə­lu­mat verir, əvvəllər saray olmuş bu imarətin mərkəzində Ulu­dağdan gətirilmiş bulaq suyundan fəvvarə olduğunu nəzərə çat­dırır. Səyahətçi dəniz sahilində yerləşən böyük liman şəhəri olan İzmirin isə təbii görünüşü cəhətdən Bakını yada salmasını bildirir.

Səyahət xatirələrində Ankara şəhəri daha müfəssəl şərh olu­nur. Əsası eradan əvvəl qoyulan Ankara 1923-cü ildən eti­barən Türkiyə Respublikasının paytaxtıdır. Mustafa Kamal Atatürkün təşəbbüsü ilə paytaxt İstanbuldan buraya köçürül­müş­dür. Türkiyə Respublikasının ilk prezidenti olmuş Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edən müəllif buranı belə təsvir edir: «Rassattəpəsində yerləşən bu tikinti geniş sahəni əha­tə edir. Üz-üzə dayanıb ağlayan üç qadın və üç kişi hey­kəl­ləri... Sonra daş döşəməli və şir abidələri düzülmüş çiçəkli uzun meydan gəlir. Mərmər pilləkənlərlə mavzoleyə qalxırıq. Bu uca dördkünc bina sütunlar üzərində dayanmışdır. İçərisi iyir­midən artıq yerli mərmər növü ilə və milli naxışlarla bə­zən­mişdir... Atatürkün ölkənin bütün şəhərlərində qoyulmuş at üstündəki əzəmətli heykəlləri, büstləri, hər yerdə satılan şəkil­lə­ri, kitabları ona ümumxalq məhəbbətinin ifadəsidir» [138, s.68]. «Atatürk Türkiyəni necə görmək istəyirdi» sualının ca­vabını müəllif mavzoleyin girəcəyində mərmər divarlara həkk olunan, onun vaxtilə dediyi sözlərdə aydın ifadə edildiyini bildirir: «Milli mənliyini bilməyən millətlər başqa millətlərin şikarıdır»; «Milli hüdudlarımız daxilində hürr və müstəqil ya­şa­maq istəyirik».

Qasım Qasımzadə ölkənin ictimai-siyasi və iqtisadi duru­mu­nu, mədəni həyatını daha dəqiq canlandırmaq məqsədilə dövri mətbuata da müraciət edir və onların bəzilərindən nü­mu­nələr gətirir. Çünki bütün qəzetlər Türkiyənin daxili və xarici si­yasətinə, yeri düşdükcə münasibətini bildirir, mədəni həya­tı­nı işıqlandırır.

Türkiyənin keçən əsrin 70-ci illərinin sonlarındakı durumu yazıçı Elçinin səfər xatirələrində öz əksini tapmışdır. Müəllif öz təəssüratlarını yaddaşın köməkliyi ilə, yəni səfərdən geri dö­nəndən sonra qələmə alsa da, bunların əsasını onun səfər pro­sesində tərtib etdiyi qeyd dəftərçəsi təşkil edir. Türkiyə Ya­zar­lar Sindikatının dəvəti ilə bu ölkəyə olan səfərin məqsədi yazıçılar arasında qarşılıqlı əlaqəni daha da möhkəmlən­dir­mək, qarşılıqlı surətdə iş təcrübəsi ilə tanışlıq, çağdaş türk ya­zarları, mədəniyyət xadimləri ilə ədəbi, siyasi, ictimai prob­lem­lər ətrafında fikir mübadiləsi, görüşlər və yazıçıların bir-bi­rinə bir yazıçı kimi fərdi marağı idi. Elçin səfər xatirələrində yazıçı Orxan Kamal, məşhur memar, şair və sənətşünas Çingiz Bekdaş, istedadlı nasir Bəkir Yıldız, əsası M.K.Atatürk tərə­fin­dən qoyulmuş nüfuzlu Türk Dil Qurumunun ən yaxşı roman mükafatını almış Dəmirdaş Ceyhun Adanalı («Yağış istisi» ro­manının müəllifi) və digərləri haqqında, eləcə də onların yara­dı­cılığı, dünyagörüşü, ədəbi zövqləri prosesini bütün incə­lik­ləri ilə təhlil edir, yeri gəldikdə bəzi əsərlərin qısa məzmununu nəzərə çatdırır. O, Nazim Hikmət poeziyasını, şəxsiyyətini bö­yük məhəbbət hissi ilə təsvir edir, onu gördüyünü, şəxsən özü­nə suallar verdiyini, şəxsən özündən cavablar aldığını böyük qü­rur hissi ilə bildirir. Azərbaycan Nazim Hikmət üçün ikinci vətən idi. Onun «Günəşi içənlərin türküsü» adlı ilk kitabı 1928-ci ildə Bakıda nəşr olunmuşdur. Şairin «Azərbaycanla və azərbaycanlılarla bağlı şeirləri onun böyük yaradıcılığının ən gözəl səhifələrindəndir» [64, s.269].

Elçin özündən əvvəl yazıya alınan səyahətnamələrdən bir qədər irəli gedərək Türkiyə tarixi haqqında məlumat verir: 1923-cü il oktyabr ayının 29-da Türkiyə respublika elan olun­du, 1924-cü il martın 3-də Atatürkün təklifi ilə məclis xəlifatı ləğv etdi və elə həmin ilin aprel ayının 20-də gənc respub­lika­nın konstitusiyası qəbul olundu. Bundan sonra «dini cəhaləti, sa­vadsızlığı, qadın hüquqsuzluğunu aradan qaldırmaq məqsə­dilə bir-birinin ardınca proqressiv mahiyyətli reformalar dövrü başladı» [64, s.283], ərəb əlifbası latın əlifbası ilə əvəz edildi. «Mütərəqqi türk ədəbiyyatı bu reformaların qızğın müdafiəçisi kimi çıxış etdi, çünki əslində Atatürk reformaları Tənzimatdan sonrakı dövr türk ədəbiyyatının irəli sürdüyü ideyaların həyata keçirilməsi demək idi» [64, s.265].

Xatirələrdə ilk milli filmin (xronikanın) 1914-cü ildə, ilk bədii filmin (komediyanın) 1917-ci ildə çəkildiyi haqqında, məş­hur türk aktyorları, rejissorları, müğənniləri haqqında, bir sıra qəzet və məcmuələrin ideya və məqsədi haqqında, eləcə də Türkiyə-Azərbaycan ədəbi, mədəni əlaqələri haqqında ət­raf­lı məlumatlar vardır. Elçin Aya Sofiya muzeyini gəzərək diqqətə çatdırır ki, M.K.Atatürk 1935-ci il dekreti ilə dünya memarlığının, sənətinin şah abidələrindən olan Aya Sofiya məs­cidini muzeyə çevirmişdir. Atatürkdən böyük məhəbbətlə danışan müəllif gənc Türkiyə Respublikasında Sovet İttifaqı­nın səfiri olmuş S.İ.Aralovun «Sovet diplomatının xatirələri» adlı maraqlı kitabında Atatürkün həyatı ilə əlaqədar verilmiş ha­disəni də xatirələrinə daxil etmişdir. Nəzərə çatdırmaq la­zım­dır ki, Mehdi Hüseyn də öz səyahət xatirələrində Aralovun xatirələr kitabını yada salır və bildirir ki, müəllif kitabının de­mək olar ki, hər səhifəsində Atatürkdən böyük rəğbət hissi ilə bəhs edir.

Elçinin «Dunayda «Amur» üzürdü», «Qabrova görüşləri», Ma­carıstan silsiləsindən «Dyula Çak ilə söhbət», Tunis səfə­rin­dən «Palma ülfəti», Qana səfərindən «Yanan ağacın şəfəq­ləri» adlı yazıları səyahət notları silsiləsində toplanmışdır. Sö­zügedən yazılarda hər bir xalqın adət-ənənələri ilə yanaşı səya­hətçinin  Elçinin dünyagörüşü, fikir və mülahizələri canlan­dırı­lır, gördüyü olaylara, ünsiyyətdə olduğu insanlara mü­nasi­bəti əks olunur. Elçin xalqın keçmişi ilə gələcəyi arasında dia­lek­tik bağlılığın olduğunu bildirərək yazır: «Keçmişini dərk et­məyən, sevməyən, özünü tanımayan xalqın gələcəyi də sual işa­rəsi altında olacaqdır. Əlbəttə, söhbət arabadan, yaxud öküz­­dən getmir, söhbət milli-mənəvi keyfiyyətlərdən, əsrlərin süzgəcindən keçib gəlmiş milli-mənəvi sərvətdən gedir, dildən və mütərəqqi adət-ənənələrdən gedir, söhbət xalqın dühasın­dan gedir» [62, s.131]. Keçmişin təsviri, adət-ənənələrin təb­liği, şəxsiyyətlərin ifadəsi əsasən xatirələrdə canlandırılır.

Fikrimizi bir daha Azərbaycan şair və yazıçılarının səyahət xatirələrinə yönəldərək qeyd etməliyik ki, şair-folklorçu Məm­məd Aslan da Türkiyənin qərbindən şərqinədək olan səfərdən aldığı təəssüratlarını özünün yol qeydlərində qələmə almışdır. Həmin səyahət bir çox şəhərlər və kəndlər, qədim tarixi abi­də­lər, məşhur mədəniyyət və ədəbiyyat xadimləri haqqında mə­lu­matlarla, həvəslə toplanmış ibrətamiz folklor nümunələri ilə zən­gindir. Səyahətçinin yazdıqları istər təmasda olduğu möv­zu­lar baxımından, istərsə də dil cəhətdən bir folklorçu şairin gün­dəliyidir. Bu gündəlik qeydlərini o, gündüzlər minik maşı­nın­da dizinin üstündə, axşamlar isə gecələdiyi yerdə qələmə al­mışdır. Sonralar da bu qeydlərə heç nə əlavə etməmişdir. Çün­ki «zaman axarında doğmuş təmiz düşüncələri üzüsulu sax­lamaq üçün gərək ona toxunmayasan» [150, s.7]. 1983-cü ilin 19 avqust – 30 sentyabrında baş tutan səfərində müəllif fol­klorçu olduğu üçün əsasən xalq ədəbiyyatı ilə maraqlanmış, dost ölkənin qonağı olduğu hər bir evində folklor və ədəbiy­yatdan söhbət açmışdır. Təkrarsız maddi-mədəniyyət abidələri, türk sənətkarları, ayrı-ayrı insanlar bu səyahət çizgilərinin dol­ğun­laşmasına yardımçı olmuşdur.

Səyahətçi İstanbulu təsvir edərkən Atatürkün «İstanbul ta­ri­ximizin və mədəniyyətimizin xülasəsidir» fikrini əsas götür­müş­dür. Müəllif qeyd edir ki, «türklərin İstanbuldakından baş­qa heç bir memarlıq abidəsi olmasaydı belə, yenə bu, onun me­marlığının bütün dünya şöhrəti kimi əvəzsiz qisməti idi» [150, s.115]. O, İstanbulun tarixindən, memarlıq abidələrindən  Sultan Əhməd camesi («Yerində donmuş gözəl» adlandırır), Topqapı sarayı, eləcə də Gülxanə parkından böyük məhəbbət his­si ilə söhbət açır. Səyahət xatirələrində Ərzurum Atatürk Uni­versiteti haqqında da sətirlər özünə yer almışdır. Müəllif bu universitetdən xüsusi şövqlə yazır. Çünki burada Azər­bay­can ədəbiyyatı və dili ilə bağlı dərslərə xüsusi əhəmiyyət ve­rilir. Universitet kitabxanası nəzdində ayrıca bir otaq var ki, qa­pısına «Abbas Zamanovun bağış kitabları» yazılmışdır. Bu­rada Azərbaycan ədəbiyyatı ilə bağlı, Azərbaycanda nəşr olun­muş müxtəlif məzmunlu kitablar saxlanılır.

Məmməd Aslan Ankarada olarkən bütün səyahətçilər kimi ilk əvvəl Mustafa Kamal Atatürkün qəbrini ziyarət edir. O, mav­zoleyi şairanə təsvir edərək burada yerləşən muzeylər haq­qında məlumat verir: «Ankaranın ən görkəmli yeri millətin ata­sı sayılan Atatürkün qəbridir  Anıtqəbridir. Rassattəpə (Mintəpələr) elə bil təbii təpəlik deyil. Milləti çiynində qal­dı­ran bir atanın xatirinə millət sonradan bu düzən torpağı dar­tıb göyə doğru qaldırıb... Atatürk bu təpəni çox sevərmiş. Sevdiyi tə­pə­yə də gömülüb. Anıtqəbir deyilən Atatürkün bu son mən­zili Anıttəpənin üstündə bir əbədiyyət heykəlidir. Təpənin ətə­yin­də bir-birinə sıx yerləşən fəxri qaravul məntəqələri düzü­lüb. Atatürkün mavzoleyi ölkənin az qala hər rayonundan gəti­rilən mərmər və digər tikinti materialları hesabına yaradılıb. Bunu bilərəkdən belə ediblər. Hər el kiçik bir daşı ilə, ağacı ilə ona minnətdarlıq hissini bildirmək istəyib. Atatürkün yaxın si­lah­daşları da Anıttəpədə torpağa tapşırılıb. Buradakı iki muzey Atatürk yadigarlarını mühafizə etməkdədir. «Atatürk muze­yi»ndə türkün atasının əsas əşyaları, «İnqilab muzeyi»ndə onun kitabları, həyatına dair müxtəlif fotolar nümayiş etdirilir. Türklər buraya hər dəfə böyük şükranla gəlirlər. Ölkəni 16 iş­ğalçı ölkənin cəngindən qurtaran tədbirli bir Ataya bu böyük minnətdarlıq zəhmətinin halal haqqı kimi layiqdir» [150, s.18].

Məmməd Aslanın xatirələri bir növ tədqiqat əsərini xa­tır­la­dır. O, ayrı-ayrı şəxsiyyətlərdən danışarkən onların həyat və ya­radıcılığı haqqında da fikirlər söyləyir. Konyada olarkən Möv­lana muzeyini ziyarət edən müəllif Mövlananın hə­yatın­dan bir çox məqamları bütün incəliklərinə qədər təsvir edir və onun «Məsnəvi»sindən ibrətamiz ifadələri oxucuların nəzərinə çatdırır: «Sözü, özü doğru, təmiz insanların torpağına, daşına qul olmaq yalançı, riyakar adamlarla dostluq etməkdən daha şərəflidir. Könlü aydın bir uluya qul olmaq sultanların başına tac olmaqdan çox-çox üstündür».

Müəllif türklərin 700 ildən artıq bir zaman ərzində sevə-sevə və bol-bol işlətdikləri «əfəndi» kəlməsindən söhbət açmış və onun yaranma tarixi haqqında oxucunu məlumat­landır­mış­dır. «Hörmət, əzizlənmək ifadə edən bu sözü ilk dəfə Möv­la­na­nın sevimli qızı Məlikə xatun üçün işlədiblər. Sonra sultan­la­ra, dövlət adamlarına, daha sonra qadın olsun, kişi olsun, hör­mət sahiblərinə belə müraciət ediblər. Əfəndi kəlməsi İs­tan­­bul ağzında zaman-zaman bir az daha zərifləşmiş, gözəl­ləş­miş, «canım əfəndim», «gözüm əfəndim» şəklinə kimi uzun bir yol keçmişdir» [150, s.39].

Məmməd Aslan xatirələrində Türkiyə tarixindəki bəzi olay­ları diqqətə çatdırır. Məsələn, əfələr haqqında məlumat ve­rərək bildirir ki, əfələr 1840-1880-ci illərdə dövlətə asi olan qa­çaq dəstələri idi. Bütün qaçaqlar kimi əfələr də dövlət tərə­findən təqib olunurdu. Buna baxmayaraq Türkiyədə istiqlal hərbi başlayanda əfələr dövlətin çağırışını, rəsmi dairələrin işarəsini gözləmədən əlverişli dağ keçidlərində düşmənlərin yolunu kəsdi. Onların istiqlal savaşındakı şücaəti bu gün də dil­lər əzbəridir. M.K.Atatürk əfələrin tarixi xidmətlərini layi­qin­cə qiymətləndirmişdir.

Beləliklə, Azərbaycan ədəbiyyatının görkəmli nümayən­də­ləri Mehdi Hüseyn və Qasım Qasımzadənin səyahət xatirələri ke­çən əsrin 60-cı illərində, Elçinin və Məmməd Aslanın xati­rə­ləri 70 və 80-ci illərində Türkiyənin ədəbi, mədəni, elmi və si­yasi durumunu canlandıraraq oxucunu bu ölkə haqqında mə­lu­matlarla bilgiləndirmişdir. Türkiyəni, onun maddi və mənəvi sərvətlərini təsvir edən səyahətçilər bunları öz dünyagörüşləri, həyata baxışları ilə əlaqədar təsvir etmişlər. Hansı yöndən olur­sa-olsun, bu təsvirlərin hamısında Türkiyəyə, onun insan­la­rına, bu ölkə ilə bağlı hər bir şeyə böyük sevgi və ehtiram hissləri çox-çoxdur.

Nəzərə çatdırılmalıdır ki, XX yüzilliyin ortalarında türk ədəbiyyatında maraqlı xatirə nümunələri meydana gəlmişdir. Türkiyənin böyük ustad şairi Yəhya Kamal Bayatlı (1884-1958) «Çocuqluğum, gəncliyim, siyasi və ədəbi xatirələrim» memuarı zəngin mündəricəsi ilə seçilən nümunələrdəndir. Əsə­rin adından da göründüyü kimi müəllif burada həyatının bü­tün mərhələlərindən  uşaqlığından, gəncliyindən, siyasi və ədəbi fəaliyyətindən bəhs etmişdir. Xatirələrdə müəllif şəxsiy­yəti, çevrəsindəki insanlar, zamanın mühüm olayları və bun­la­ra baxış tərzi haqqında geniş bilgilər verilmişdir. «Xatirə ədə­biy­yatında laübalilikdən xoşlanmayan Y.Kamal xatirə yazarı­nın oxucuya sayqı göstərməsini, bu sayqını da hər şeyi doğru yaz­maq, ədəbli yazmaq surətiylə ortaya qoymaq istəyir» [271, s.1198]. Əsərdə Yəhya Kamalın vətən sevgisi, ölkəni fəlakət­lərə sürükləyən yanlış hərəkətlərin şairin ruhunda yaratdığı fır­tı­nalar maraqlı bir xatirə üslubu ilə canlandırılmışdır.

Yenidən səyahət xatirələrinə qayıdaraq bir daha qeyd et­mə­liyik ki, səyahətnamələr, əsasən, gündəliklər əsasında yazı­lır. Şərqşünas-alim, şair Şahin Fazilin İrana etdiyi səfərləri za­ma­nı yazdığı doqquz səfərnaməsinin də əksəriyyəti gündə­lik­lər əsasında qələmə alınmışdır. Beşinci səfərinin qeydləri itdi­yindən müəllif bunu yaddaşın köməkliyi ilə yazıya almışdır. Səfərnamələrdə İrana, onun xalqına, mədəniyyətinə məhəbbət və sevgi hissləri əks olunmuşdur. Bu hissləri müəllif səfərna­mə­lərə daxil etdiyi qəzəl və qitələrində də qələmə almışdır.

Yenə tale məni göndərdi murad bağçasına,

Baxıram vəcdə gəlib mən yenə bağbanə sarı.
Astara torpağına Astaradan gəldim mən,

Tutmuşam üz təzədən Qəzvinə, Tehranə sarı.


Ulu Tanrı, qoca Məşhəddə gözüm qalmışdır,

Baxıram şövq ilə Urmiyyəyə, Zəncanə sarı.


«Nə səbəb var ki, Xorasanə məni qoymurlar» -

Dedi Xaqani tutub üz neçə xaqana sarı.


Eləmişdi Xorasan elləri cəlb şairimi,

Mümkün olsa gedərəm mən də Xorasana sarı.


Yerləri, göyləri ey xəlq eləyən Allahım,

Məni, rica edirəm, qov neçə imkanə sarı.


Mənlə İran arasında yaranıbdır ülfət,

Ülfətin səmtini sövq eyləmə hicranə sarı.


İstəsə kimsə ayırsın bizi, İran boyda

Bir yumaq ip götürüb sən məni İranə sarı [86, s.29].

Şahin Fazil səfər xatirələrində gəzdiyi şəhərlərin tarixi haq­­qında da ara-sıra məlumat vermişdir. «Gilan. Qədim məm­ləkətin qədim bir vilayəti. İki yüz ildən artıq bir müddətdə (XV-XVI əsrlərdə) müstəqil dövlət olmuş dağlar və meşələr diyarı. Gilan vaxtilə iki hissədən ibarət idi: Biyəpəs və Biyə­piş. Birində ishaqilər (yaxud ishaqvəndlər), digərində isə kiya­lar sülaləsi hakimiyyətdə olmuşlar. Yadıma Biyapiş Gilanının məşhur hökmdarı Xan Əhməd xan Gilani düşdü. O, Biyəpişi uzun müddət idarə etmiş, nəhayət, I Şah Təhmasib tərəfindən həbs olunub, əvvəlcə Qəhqəhə, sonra isə Estəxr qalasına salın­mış, 1578-ci ildə II Şah İsmayıl tərəfindən yenidən Gilan haki­miyyətinə qaytarılmış, ömrünün son illərində isə I Şah Abba­sın təqibindən qaçıb Türkiyədə vəfat etmişdir» [86, s.48].

Səfərnamələrdə Şahin Fazil yeri gəldikcə öz tərcümeyi-ha­lına da toxunmuşdur. Beləliklə, gündəlik, tərcümeyi-hal və xa­ti­rələrlə yanaşı səyahətnamələrdə də müəllif obrazı önəmli mövqeyə malikdir.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin