HƏQİQƏTİ baki – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu naiLƏ SƏMƏdova insan, zaman və HƏyat



Yüklə 1,11 Mb.
səhifə3/11
tarix20.01.2017
ölçüsü1,11 Mb.
#670
1   2   3   4   5   6   7   8   9   10   11

TƏRCÜMEYİ-HAL ÖRNƏKLƏRİNDƏ

ŞƏXSİYYƏTİN İFADƏSİ
Qeyd edildiyi kimi, müəlliflərin bədii əsərlərdə özləri, dövr və müasirləri haqqında müxtəlif məlumatların verilməsinin qə­dim tarixi vardır. Orta əsr müəlliflərinin yaradıcılığında tərcü­me­yi-hal örnəkləri zaman keçdikcə mükəmməlləşmiş və bir ənənə şəklini almışdır. Artıq XIX əsr müəllifləri avtobioqrafik məlumatlara diqqəti daha çox cəlb etməyə başlamışlar. Bu dövr Azərbaycan ədəbiyyatının bir çox görkəmli nümayən­də­lə­rinin əsərlərində avtobioqrafik məlumatlara geniş yer veril­miş­dir. Realist şeirin inkişafında böyük xidmətləri olan Qasım bəy Zakirin (1784-1857) müxəmməsləri şəxsi həyatı, əhval-ru­hiyyəsi ilə əlaqədar olan lirik nümunələrdir. Akad. Feyzulla Qa­sımzadə çox haqlı olaraq qeyd edir ki, qocalıqdan şikayət edən müxəmməsində o, cavanlıq illərini həsrətlə xatırlayır, hə­ya­tının nəşə dolu səfalı gənclik illərinə qayıtmağın artıq müm­kün olmamasından mütəəssirlənir, lakin bədbinləşmir:

Zakirəm, türfə xiyaban ilə bağım vardır,

Yatmağa, durmağa zəngin otağım vardır,

Nə qədər aşü plov yesə qonağım vardır,

Yaxşı həvvədələrim, oğlum, uşağım vardır.

Yoxdu bir özgə qəmim, fikrü xəyalım, qocalıq.

Şairin «Ağarıbdır» rədifli müxəmməsində də eyni əhval-ruhiy­yəni görmək olar. Bu müxəmməsdən aydın olur ki, Zaki­rin saç­ları 33 yaşında ağarmağa başlamışdır. Hər iki müxəm­məs şairin həyatını öyrənmək baxımından əhəmiyyətlidir [134, s.92].

Dost və tanışlarına yazdığı mənzum məktublarında da Za­kir öz həyatına toxunmuş, çətinlik və məhrumiyyətlərindən bəhs etmişdir. «Məktublarla yaxından tanışlıq göstərir ki, şair bə­zən ruhdan düşsə, ümidsizliyə qapılsa da ona üz verən çə­tin­lik və məhrumiyyətlərə axıradək mətanətlə sinə gərmiş, mən­fur qanun-qaydalar, özbaşınalıq və eybəcərliklər əleyhinə öz na­ra­zılığını, qəzəb və kinini məktublarda cəsarətlə əks etdir­mişdir» [134, s.194].

Nəzərə çatdırmaq lazımdır ki, M.M.Nəvvabın təzkirəsində Q.Zakir haqqında dəyərli məlumatlar vardır. Şairin xarici gör­kə­mini təsvir edən Nəvvab onunla əlaqədar müşahidələrini qələ­mə almışdır: «...mən onu görəndə təqribən 55 yaşı var idi. 1271-ci ildə vəfat etmişdir. Xoşsifət, ağ, ucaboy, incə qamətli və göygöz bir adam idi. Həmişə mənim Qurandan dərs dedi­yim məktəbin qarşısında oturacaq yerində əyləşərdi. Hər dəfə də əlində qələm və kağız olardı və şeir yazardı. Çox vaxt incə həcv­lər deyərdi, türk (Azərbaycan) və fars dillərində qəsidə, qə­zəl, müxəmməs, dördlüklər yazıb hamıya verərdi» [191, s.49].

Ədəbiyyatşünas Ə.Müznib isə Q.Zakirin tərcümeyi-halını tərtib edərək onun zahiri görkəmi ilə yanaşı yaşadığı mühitin səciyyəsini vermişdir. O qeyd etmişdir ki, türk, fars və ərəb dil­lərini mükəmməl bilən Zakir yaraşıqlı, qüvvətli və bacarıqlı ol­duğundan onun Şuşadan uzaqlaşdırılıb Xındırıstan kəndində yaşaması məsləhət görülmüşdür. Çünki xanlıq idarəsini ələ al­maq istəməklə Mehdiqulu xanın başını qarışdıranlar həddən zi­yadə idi [179]. Bununla belə, Zakir nəzərdən uzaq tutulma­mışdı və daima diqqət mərkəzində idi. Zakirin həyatının bəzi mə­qamlarına aydınlıq gətirən Müznib şairin bir sıra şeir­lərin­dən nümunələr də vermişdir.

XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış siması, ensik­lo­pe­dik biliyə malik olan Abbasqulu ağa Bakıxanovun (1794-1847) yaradıcılığı avtobioqrafik örnəklərin zənginliyi ilə seçi­lir. Əsərlərini Azərbaycan, fars və ərəb dillərində yazan ədibin «Xəyalın uçuşu» [38, s.185] poemasını xüsusilə qeyd etmək olar. Bakıxanov burada Rusiyadan Lehistana (Polşaya) səyahət edib gəzdiyini və bir neçə ay Varşavada qaldığını qələmə al­mış­dır. O, gözəl Varşavanın təsvirində aciz olduğunu və şəhəri söz ilə təsvir etməyin mümkün olmadığını bildirir, buranı əya­ni olaraq görməyi tövsiyə edir. Poema şairin həyatının müəy­yən dövrünü işıqlandırır. Əsərdə müəllifin Varşavada keçirdiyi günlər, iştirak etdiyi ziyafət məclisləri, oranın adət və ənənə­ləri təsvr olunmuşdur. Əsər vətənpərvərlik ruhunda qələmə alın­mışdır. Belə ki, müəllifin nəzərində öz kəndi Əmsar böyük şəhərlərdən çox-çox üstündür və şeirin sonunda bu xüsusilə vurğulanır. Varşavada olarkən A.Bakıxanov bir çox mötəbər məc­lislərdə olmuş, tanınmış şəxslərlə görüşmüşdür. Bunlar ara­sında müəllif İvan Fyodoroviç Paskeviçin adını xüsusilə qeyd edir. Məlumdur ki, geniral-feldmarşal Paskeviç Polşada çar canişini olmuşdur. O, hər gecə təmtəraqlı məclislər təşkil edər və Bakıxanov da bir çox nüfuzlu adamlarla yanaşı bu məclislərin qonağı olardı. Şairin həyatının bu dövrü «Xəyalın uçuşu»nda öz əksini tapmışdır. Bakıxanovun «Firəng məclisi» [38, s.194], «Ərzi-əhval» [38, s.182] şeirləri də «Xəyalın uçu­şu» əsəri kimi avtobioqrafik səciyyə daşıyır.

Abbasqulu ağa Bakıxanov bir çox əsərlərinin yazılma sə­bə­bi­ni həmin əsərin özündə vermişdir. Məsələn, «Qanuni-Qudsi» əsərinin yazılma səbəbini belə izah edir: «Səyahətim zamanı müx­təlif xalqlarla görüşdüm, məlumatım artdı və fars dilinin sərf-nəhvini yazmağa özümdə istedad gördüm. İstədim ki, vətənə və gənclərə bir xidmət olaraq bir nüsxə tərtib edəm. Rus və ərəb sərf-nəhvlərinə uyğun olaraq fars dilinin sərf-nəhvi­ni yazdım» [137, s.83].

Özünə tənqidi yanaşan, təvazökar bir şəxs olan Bakıxa­no­vun «Təhzibi-əxlaq» («Əxlaqın təmizlənməsi») əsərinin mü­qəd­diməsində bu keyfiyyətləri daha aydın nəzərə çarpır. Müəl­lif yazır: «Gənclik çağlarında öz ağlıma tamamilə inanırdım, nöq­sanlı olduğumu heç zaman ürəyimə gətirmirdim. Rəyimə mü­vafiq olmayan bir işi və ya istəyimin əksinə nəticələnən bir mə­sələni özgəsindən bilərək, zəmanə adamlarını təqsirlən­dirir­dim. Hərçənd ki, onlar da günahsız deyildilər. Lakin onların gü­nahı mənim düşündüyüm qədər deyildi. Getdikcə təhqiqa­tım və təcrübəm artdı, öz ağlımın dərəcəsinə şübhə etməyə baş­ladım. Dərk etmədiyim nöqsanlarım yavaş-yavaş meydana çıx­dı» [38, s.23]. Müəllif etiraf edir ki, vaxtilə zehni və zəkası xudbinlliyinə qalib gəlsəydi, bu gün peşmançılığını çəkdiyi işləri etməzdi. O, təcrübəyə deyil, təsadüflərə qapıldığını, özü­nə həqiqəti deyil, xəyalı rəhbər tutduğunu, bir çox lüzumsuz şey­ləri əldə edərək lazımlılarından xəbərsiz olduğunu, bununla belə, dünyanın qabaqcıl adamlarının, alimlərinin əsərlərini oxu­­maqla çox faydalar əldə etdiyini bildirir.

A.Bakıxanov öz tərcümeyi-halını tam halda farsca yazdığı «Gülüstani-İrəm» əsərinin sonunda vermişdir. Müəllif 1794-cü il iyun ayının 10-da anadan olmasını, 7 yaşında oxumağa qo­yul­masını, Qubada 10 il ərəb dili və digər fənləri öyrənməsini, general Yermolovun dəvəti ilə dövlət vəzifələrində işə təyin edilməsini, Tiflisdə rus dilini öyrənməklə müxtəlif elmlərlə tanış olmasını nəzərə çatdırmışdır. Bakıxanov yazır ki, «vəzifə işləri ilə əlaqədar olaraq və bu il dövlət böyüklərinin hüzurun­da olmaq münasibətilə Şirvan, Ermənistan, Dağıstan, Çərkə­zis­tan və Gürcüstan vilayətlərinin bir çox yerlərini dolandım. Anadolu və Azərbaycan şəhərlərinə də gedib böyük şəxslər və əhalinin müxtəlif təbəqələrinə mənsub adamlarla görüşdüm. İran və Rum (Osmanlı) dövlətlərilə olan müharibə və barışıq işlərində rus əsgərlərinin fərmanfərması (baş komandanı) bö­yük əmir Paskeviçin yaxın adamlarından biri oldum. 1248-ci (=1833) ildə səyahət qəsdi ilə səfərə çıxıb iki il Don ölkəsini, Malorossiyanı, Velikorusiyanı, Liflyandiyanı, Litvanı və Le­his­tanı gəzdim. Avropa ölkələrinin təcrübəli dövlət adamları, məşhur alimləri və bilici sənətkarları ilə görüşdüm. Bir çox qəribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə hər bir işdən bilik və təcrübəmi artırdım» [37, s.221]. Həyat və fəaliyyətindəki əsas məqamları göstərdikdən sonra Bakıxanov öz əsərləri haqqında qısa məlumat vermişdir. Əsərin nəticə hissəsində «Şirvan və ona qonşu olan vilayətlərdən yetişmiş şəxs­lərin tərcümeyi-halları haqqında» yazılar verilmişdir. Bu şəxs­lər arasında Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əbül Əla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beylə­qani, İzzəddin Şirvani və başqaları vardır. Müəllif ədəbiy­yatımızın görkəmli söz ustadlarının yaradıcılığından bəhs edir, diqqəti ömür yollarının maraqlı anlarına yönəldir, onlar haq­qın­da qısa məlumat, əsərlərindən nümunələr verir.

«Gülüstani-İrəm»i yazarkən Bakıxanov müxtəlif mənbə­lər­dən, eləcə də tarix kitablarından, təzkirələrdən, xalq arasın­da yayılmış rəvayət və əfsanələrdən istifadə etmişdir. Hadisə­lər 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan «Gülüstan mü­­qaviləsi» ilə başa çatdırılır. Müəllifin bu dövr haqqında ver­diyi məlumat daha mükəmməl və zəngindir. Çünki Bakıxanov bu dövrdə baş verən bir çox olayların şahidi olmuşdur. Təd­qi­qatçı Ə.Əhmədov Bakıxanovun dövrü, həyatı və fəaliyyə­tin­dən bəhs edən monoqrafiyasında [277] yazıçının «Gülüstani-İrəm» əsərindəki qısa tərcümeyi-halına əsaslanmışdır. Şair İb­rahim Göyçaylı isə A.Bakıxanov haqqında yazdığı «Ömrün pa­yız göynəyi» adlı poemasında Bakıxanovun uşaqlıq və gənc­lik il­lə­rini, Qafqaz canişinliyində işə dəvət olunmasını, orada tərcü­məçilik fəaliyyətini, digər elmi əsərlərlə yanaşı «Gülüstani-İrəm» tarixi traktatının yazılması dövrünü, Quba üs­yanı zama­nı görüşlərini, Kəbəyə ziyarətini və orada dünya­sını dəyiş­mə­si­ni ətraflı qələmə almışdır.

Yazdığı əsərləri ilə Azərbaycan ədəbi və ictimai fikir tari­xin­də dönüş yaratmış Mirzə Fətəli Axundovun (1812-1878) əsər­­ləri həyat və fəaliyyətini, dövrünü işıqlandıran məlumat­lar­la zəngindir. Ədibin yaradıcılığını tədqiq edən araşdırıcılar əsa­­sən onun 1874-cü ildə farsca yazdığı «Bioqrafiyayi, yəni sərgüzəşti-kolonel Mirzə Fətəli Axundzadə» adlı tərcümeyi-halından yararlanmışlar. Axundovun bir şəxsiyyət, bir insan, bir ailə başçısı, bir ədib kimi keçdiyi ömür və yaradıcılıq yo­lunu izləmək baxımından əhatəli, dolğun sənəd olan bu tər­cü­me­yi-halın əhəmiyyəti əvəzsizdir. Həyatının yaddaqalan anla­rına toxunan Axundov yeni əlifba haqqındakı fikirlərini şərh edir, bəzi əsərlərinin yazılma səbəbini izah edir. Müəllif dost­ları haqqında məlumat verməyi də lazım bilmişdir: «Kəma­lüd­dövlə» əsəri vasitəsilə özünə coxlu dostlar və həmfikirlər tap­mışam. Onlardan biri Mirzə Yusif xandır ki, o vaxt İran döv­ləti tərəfindən Tiflisdə konsul idi. Sonra Parisdə İran dövlə­ti­nin səlahiyyətli naziri vəzifəsinə təyin olundu. Biri də Fətəli şah Qacarın oğlu, cavan ölmüş şahzadə Cəlaləddin Mirzə idi. O, mənimlə dost olmuşdu, məktublaşardı və məni sonsuz də­rəcədə əziz tutardı… Dostlarımdan biri də təbrizli Ağa Ələk­bərdir ki, Babayev famili ilə şöhrət qazanmışdır. Oğlum Bel­çika Universitetinə getdikdən sonra daima mənimlə həmsöhbət olub, oğlumdan ayrılıq günlərində mənə təsəlli olmuşdur» [12, s.271].

Axundov dost və həmfikirlərinin şəxsi keyfiyyətlərini, gö­zəl xüsusiyyətlərini sadalayır və bu cəhətlərə malik bir çox ya­xınlarının olduğunu vurğulayır. Bütün bunlar Axundovun tər­cümeyi-halının xatirə örnəkləri ilə zəngin olduğunu təsdiq et­məklə ədibin çevrəsində olan insanları daha yaxından və ət­raf­lı tanımağa imkan yaradır. M.F.Axundov məqalə və mək­tub­la­rının əksəriyyətində həyat və yaradıcılığının ayrı-ayrı mər­­hə­lələrinə toxunur və ictimai-fəlsəfi fikirlərini yaşadığı ömür yo­lu ilə əsaslandırır. «Ərəbcə, farsca və türkcədən ibarət olan is­lam dillərinin yazısı üçün yeni əlifba» məqaləsində, Za­qaf­qa­ziya baş komandanlığı diplomatik dəftərxanasının müdiri Xvos­tova, Qafqaz canişini dəftərxanasının direktoru M.P.Şer­binə, Əsgərxan bəyə, Hüseyn Nizamüddövləyə və bir cox baş­qa şəxslərə yazdığı məktublarında bu xüsusiyyətlər açıq-aşkar görünür. Qafqaz canişini baş idarəsi rəisi A.F.Kruzen-Şternə yazdığı məlumat vərəqəsində isə Axundov maddi vəziyyətinin çətinliyini, ona çatacaq təminatın təxminən üçdə birindən məh­­rum olduğunu bildirərək yazır: «… Tiflisin bu bahalığında mənim boynumda 16 başdan ibarət bir ailənin yükü vardır. Xə­zinədən verilən maaşdan başqa mənim heç bir gəlir mənbə­yim yoxdur. Hərçənd mənim bir evim var, lakin o da şəhərin əlverişli olmayan hissəsində yerləşdiyi üçün gəliri güc-bəla ilə ancaq onun təmir xərcini, bir də tikinti komissiyasından aldı­ğım borcun illik qismini ödəməyə çatır. Halbuki bütün Zaqaf­qaziya müsəlmanları arasında yaxşı keyfiyyətlərlə tanınıb on­la­rın hörmətini qazandığım üçün mən ölkənin adəti üzrə onla­rın möhtərəm adamlarını Tiflisə gələrkən duz-çörəyə qonaq et­məkdən boyun qaçıra bilmərəm» [12, s.85].

Mirzə Fətəli Axundovun Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutunda fars [291] və rus [278] dillərində qə­ləmə alınmış tərcümeyi-halı saxlanılır. Axundov «İstanbul xa­ti­rələri»ndə [14] İstanbula yeni əlifba məsələsi üçün gedərkən orada dövlət adamları ilə apardığı müsahibədən bəhs edərək «Təmsilat»dan və yeni əlifbaya aid kitabçalarından kimlərə hə­diyyə etdiyini göstərir. Müəllif xatirələrində İstanbula səfəri zamanı orada bir sıra dövlət adamları ilə görüşdüyünü və on­larla yeni əlifba haqqında danışarkən iştirak edənlərdən yu­nan­lı Aleksandr adlı bir şəxslə apardığı müsahibəni təsvir etmişdi. Axundov həmin məclisdə Aleksandrdan narazı qaldığı üçün sabahı günü bu barədə orada olan ən yaxın adamı və dostu Mü­nif əfəndiyə yazdığı məktubunda bildirmişdi.

H.Həsənov yazır ki, görkəmli Azərbaycan maarifpərvəri Fi­ridun bəy Köçərli M.F.Axundovun tərcümeyi-halını tərtib edər­kən Rəşid bəylə sıx əlaqə saxlamış və onun verdiyi mə­lu­mat­ların dəyərini və əhəmiyyətini qeyd etmişdi. By barədə o özünün «Azərbaycan tatarlarının ədəbiyyatı» kitabında və M.F.Axundovun 100 illik yubileyi münasibətilə 1911-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan xüsusi broşurada yaz­mışdı [286, s.152].

Memuar janrına tərcümeyi-hal, gündəlik, səyahətnamələrlə yanaşı məktubları da daxil etmək olar. Belə ki, gündəlik kimi şəxsi məktublar da asanlıqla memuar hekayəsi şəklini ala bilər. Şəxsi yazışmalarda ikitərəfli əlaqələr dairəsi bu günlə əla­qə­lən­­dirilir. Bu, külli miqdarda maraqlarla və gündəlik həyatda çə­tin anlaşılan mübahisələrin reallaşması ilə zəngindir. Çünki məktub müəllifi ünvan sahibini, mövzusu hər iki yazışan üçün ak­tual olan çağdaş varlığın olayları ilə xəbərdar edir. M.F.Axun­­dovun dövlət xadimlərinə, İranın maarifpərvər yazı­çı­larına, din xadimlərinə yazdığı məktubları yaradıcılığının öy­rənilməsi ilə yanaşı dövrün kaloritini, ümumi mənzərəsini can­landırmaq baxımından əhəmiyyətlidir. Məktubların əsas his­sə­si yeni əlifba haqqındadır. Məktublarda bəhs olunan ikinci möv­zu «Kəmalüddövlə məktubları»nın nəşri və təbliği işləri­dir. Belə ki, ədib bu əsərini nəşr etdirmək üçün dünyanın müx­təlif şəhərlərində yaşayan dostlarına və tanışlarına müraciət edə­rək onlarla məktublaşmışdır. Məktubların bəzisi «ünvanın­dan başqa əsla məktuba oxşamır. Bu haqda müəyyən təsəvvür əldə etmək üçün yalnız bu faktı qeyd etmək kifayət edər ki, M.F.Axundovun Cəlaləddin Ruminin «Məsnəvi»si haqqında yaz­dığı məşhur əsəri həqiqətdə dostu Şeyxülislam Axund Mol­la Əhməd Hüseynzadəyə göndərdiyi məktubdur... Mirzə Yusif xanın «Yek kəlmə» əsəri, Mirzə Ağanın pyesləri, «Risaleyi-irad» və «Kritika» da ədibin öz qələm yoldaşlarına və müasir­lərinə yazdığı məktublardan ibarətdir» [13, s.5]. Bu məktublar M.F.Axundo­vun müasirlərinin tanınmasında, qələm yoldaşla­rı­nın əsərləri haqqında məlumatın əldə edilməsində mühüm rol oynayır. Məktubların üzünü səliqə ilə köçürüb saxlayan ədib dostlarına da bu məktubları xüsusi bir dəftərə yazıb saxlamağı məsləhət görürdü. Ədəbiyyatşünas İslam Ağayev qeyd edir ki, M.F.Axundov publisistikasının əsas qismi məktub formasın­dadır. Onun «məktubları rəngarəng publisist ifadə vasitələri ilə zəngindir. Bu məktublarda yazıçı əsasən təşviqedici müraciət üsulundan istifadə edir. Öz ideyalarını müasirlərinə elmi və məntiqi mühakimələrlə çatdırır» [9, s.155].

M.F.Axundovun Brüsseldə təhsil alan oğlu Rəşidlə olan ya­zışmaları şəxsi həyatındakı bir çox məqamlara aydınlıq gə­ti­rir. Yazıçının Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxi­vin­də Rəşid bəyin atasına ünvanladığı 53 məktubu və ədibin oğ­luna 2 məktubu vardır. F.e.d. Məmməd Adilov haqlı olaraq ya­zır ki, «Rəşid bəyin epistolyar irsinin tədqiqi, bir tərəfdən, onun atası Mirzə Fətəli ilə şəxsi münasibətlərinin, ikinci tə­rəf­dən, ata və oğulun şəxsiyyətlərinin, nəhayət, üçüncü tərəfdən, XIX əsrin ikinci yarısında Azərbaycan ziyalılarının cərəyan edən hadisələrə münasibətinin öyrənilməsi üçün maraqlı fakt­lar verir» [207, s.32]. Ata ilə oğul arasında təxminən 5 il da­vam edən yazışmalar M.F.Axundovun müstəqil və məqsəd­yön­­lü tərbiyə üsulunu izləməyə imkan verir ki, bu da görkəmli yazıçının görünməyən, az məlum olan tərəfini nəzərə çatdırır. Ümumiyyətlə, «məktublardan biz Axundovun hərtərəfli inki­şaf etmiş ziyalı, yüksək zəkalı alim və mütəfəkkir, feodal qa­lıqları ilə amansız mübarizə aparan maarifçi, alovlu vətən­pər­vər, gözəl və nəcib sifətlərə malik olan böyük insan, səmimi dost, qayğıkeş ata olduğunu öyrənirik» [135, s.29].

XIX yüzilliyin bir çox şairlərinin əsərlərində avtobioqrafik məzmun özünü açıq-aydın ğöstərir. Bu dövr Azərbaycan şei­rinin tanınmış nümayəndələrindən olan Mirzə İsmayıl Qasir (1805-1900) «Şərhi-hal»ında əslinə və haralı olmasına işarələr etmişdir:

Səlim oğlu İsmayılam, Dövlətxanın nəsliyəm,

Mənşəyimdir Gilanzəmin, ana yurdum da Şirvan [139].

Qasir müxtəlif şəxslərə yazdığı mənzum məktublarında isə qarşı tərəfə olan münasibətini, özünün əhvalını, arzusunu, mad­di və mənəvi ehtiyaclarını bildirmişdir.

Lirik şeirin tanınmış nümayəndələrindən olan Bahar Şir­va­ninin (1835-1883) «Nərgiz və Gül» məsnəvisi də avtobioq­ra­fik səciyyə daşıyır. Cənubi Azərbaycanın Qaradağ mahalının Əhər qəsəbəsindən olan Əndəlib Qaracadağinin «Qisseyi-Ley­li və Məcnun» poemasında isə qismən tərcümeyi-hal ünsürləri vardır. Poemada müəllifin məhəbbət macərası təsvir olunmuş­dur.

Yaradıcılığında klassik poeziya ilə şifahi xalq ədəbiyyatı vəhdət təşkil edən Seyid Əbülqasım Nəbati (1812-1873) əsər­lərində də tərcümeyi-hal əlamətləri duyulur. Onun uşaqlıq il­ləri Üştibində və Qaracadağda keçmişdir. Yeniyetmə dövründə isə atası ilə birlikdə Azərbaycanın bir çox yerlərini gəzmişdir. Məhz «şeirlərindəki bioqrafik işarələrdən bilinir ki, o, Qara­ca­dağdan başqa Qarabağda  Əsgəranda, Qırçında, Ağdamda, Hin­darxda və Muğanda, Salyanda, Lənkəranda, habelə Təb­rizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır» [81, s.5].

Cənubi Azərbaycan şairi Mirzə Mehdi Şükuhi Əndəlib Qa­ra­cadaği və Əbülqasım Nəbatidən sonra xalq şeiri tərzində ya­zan ən qüdrətli şairdir. Klassik şeir ənənələrini XIX əsrdə da­vam etdirən Şükuhi yoxsul həyatını özü haqqında yazdığı bir məsnəvidə belə bildirmişdir:

Xalq içində mənim adım yox idi,

Hamı görmüşdü bir zalım yox idi.

…Köhnə paltar alıb satardım mən,

Gecələr ac-susuz yatardım mən [119, s.33].

XIX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişa­fın­da müstəsna xidmətləri olan şair, xəttat, rəssam, musiqi nə­zəriyyəçisi Mir Möhsün Nəvvabın (1833-1919) müasirlərinə şeir şəklində yazdığı məktublarında tərcümeyi-hal əlamətləri se­zilir. Xurşudbanu Natəvana, Mirzə Əbdül Şahinə, Kəmi­nəyə, xəstə olduqları zaman Xan Qaradağiyə, Mirzə Ələsgər Növ­rəsə, «Məclisi-üns»ün iştirakçılarına, «Məclisi-fəramu­şan»ın üzvlərinə ünvanlanan şeirlər Nəvvabın «Divan»ına da­xil edilmişdir. Bunlar arasında Xan Qaradaği ilə bağlı olan şeir­lər üstünlük təşkil edir. Belə ki, burada Xan Qaradaği xəstə olduğu zaman yazılmış şeirlərdən əlavə Nəvvabın ona bir neçə cavab şeiri, məktub, qəzəl, təsəlli başlıqlı, eləcə də ölümü mü­nasibətilə yazdığı əsərləri vardır. Şeirlərin birində şair Xan Qa­radağiyə nəsihət verir:

Otuz dəfə dad etmişəm sənə mən,

Zahidlərə uymagilən, ağa, sən.
Gecə-gündüz bunlar ilə düşmüşəm,

Görməmüşəm heç birində vəfa mən.


Xidmətində oturasan yüz illər,

Görəcəksən, aya, dərdə dəva sən.


Dəva bilsə keçəl başına eylər,

Cənabına bilmə zəhmət rəva sən.


Yüz il sənə vədə versə inanma,

Bittəqadir, saf bilgilən hava sən.


Nəvvabdan qəbul qıl nəsihət,

Ta görəsən dərdlərinə şəfa sən [190, s.65].

Azərbaycan ədəbiyyatı tarixində mühüm xidmətləri olan Se­yid Əzim Şirvaninin (1835-1888) tərcümeyi-halına dair ilk mənbə yetərincə yeyil. Bu səbəbdən araşdırıcılar onun həyatını əsasən əsərlərindəki avtobioqrafik məlumatlar əsasında öyrən­mişlər. Şairin avtobioqrafik məzmunlu «Nazimin ifadəsi» şeiri bu baxımdan maraq doğurur. Əsərdə Seyid Əzimin həyatında baş vermiş bəzi olaylar əks olunmuşdur. Şair elmləri öyrən­mə­yini bildirərək yazmışdır:

Oldum ol gün ki,çardəh salə,

Düşmədim fikri-dövlətü malə.

Eylədim arifanə kəsbi-ülum,

...Oxudum nəhvü sərfü fiqhü üsul,

Hikmətü heyət eylədim məhsul [115, s.13].

Avtobioqrafik məzmunlu «Şikayət» şeirində isə Seyid Əzim Şirvani ailə həyatını təsvir edir, ailəsinin ehtiyac içində ya­­şadığını göstərir, evini qəbrə bənzədir, ailəsini isə diri ikən ölü zənn edir. Ailəsinin maddi sıxıntısını şair Şamaxının varlı bəy­lərindən olan, mütərəqqi fikirli Həsən bəy Həbibbəyova mək­tub vasitəsilə bildirmiş və ondan yardım istəmişdir. Mək­tubun bir yerində Şirvani uşaqlarının vəziyyətini bu cür təsvir etmişdir:

Evimiz bir,iki,üç həftə çörəksiz qaldı,

Gah bişirdik noxudu, gah yedik lobyanı,

Qanını şişəyə tutdu fələk ol tifillərin,

Ac qalıb, qaçdı uşaqlar dodağından qanı.

Gecələr nəql dedim körpə uşaqlarım üçün,

Nisyə sözdən nə yetir,çeynədilər yorğanı [115, s.19].

Araşdırıcı Sadıq Hüseynov Seyid Əzim Şirvaniyə həsr etdiyi tədqiqat əsərində [114] şairin avtobioqrafik məzmunlu şeirlərindən, eləcə də məktublarından yararlanaraq onun tər­cü­meyi-halının ayrı-ayrı məqamlarına toxunmuş, həyat və ya­ra­dıcılığını hərtərəfli işıqlandırmışdır.

S.Ə.Şirvaninin müasiri Mirzə Rəhim Fənanın (1841-1929) təşəbbüsü ilə Şuşada 1864-cü ildə «Məclisi-üns» açılmışdı. Fəna xatirələrində «Məclisi-üns»ün şöhrəti haqqında bunları yaz­mışdır: «Məclisi-üns»ün sədası Qafqaziyyə şəhərlərində in­tişar tapdığından, ən əvvəl şüərayi-Şirvan  cənab Hacı Se­yid Əzim, Bixud, Ziya, Zühuri qəzəllər yazıb «Məclisi-üns» şairlərilə cəvabi – dustanə əda etdilər. Şəkidən İsmayıl bəy Səd­rəddinbəyov Kərim adına şeir yazdı, cavab aldı. Naxçı­van­dan mərhum Sidqi izharı – məhəbbət etdilər» [87]. Xur­şud­ba­nu Natəvan (1830-1897) 1872-ci ildə bu məclisə daxil olduq­dan sonra «Məclisi-üns» daha da şöhrətlənir. Mir Həsən Ağa­mi­rovun xatirələrində bunlar daha ətraflı şərh edilir. «Məclisi-üns»ün üzvlərindən Ağahəsən Yüzbaşov, Mirzə Rəhim Mirzə­liyev, İskəndər bəy Əsəd bəy oğlu, Fatma xanım Kəminə, Novrəs, Mirzə Sadıq, Molla Vəli Xəlifə, Mirzə Əli kimi şair­lər­dən bəhs edən xatirə müəllifi Xurşudbanu Natəvanın şəxsi keyfiyyətlərindən də məlumat verməyi lazım bilmişdir. «Natə­van heç kəsdən gizlənməyən bir qadın idi. O, bütün məclis­lərin xərclərinin hamısını özü verərdi» [8, s.3]. Məclis musiqi məclisi hesab olunduğundan burada Hacı Hüsü, Məşədi İsi, Məhəmməd Qaryağdı oğlu, tarzən Sadıq və digər ifaçılar işti­rak edirdi. Ədəbiyyatşünas Nəsrəddin Qarayevə görə, «Məc­lisi-üns» şairlərinin əsərlərindən belə qənaətə gəlmək olur ki, onlar Natəvanın rəsmlərinə şeirlər yazdıqları kimi aşiqanə qə­zəllərinin bir hissəsini üstüörtülü olsa da bu gözəl qadına həsr etmişlər. Natəvan müasiri olduğu Şuşa şairləri üçün bir ilham mənbəyi idi» [133, s.157].

Xurşudbanu Natəvan haqqında Tahirə Bünyadovanın xati­rə­lərində də maraqlı məlumatlarla qarşılaşırıq. Memuaristin anası Əzət xanım (Y.V.Çəmənzəminlinin bacısı) qızına Natə­va­nın səxavətindən, kasıb, imkansız ailələrə etdiyi maddi yar­dımlardan söhbət açmışdır. Belə ailələrdə olarkən Natəvanın hiss olunmadan qoyduğu pulları ev yiyəsi onun gedişindən son­ra görərdi. Əzət xanımın yaddaşında Natəvan tənhalığı se­vən, qəddi-qamətli, gözəl qadın kimi qalmışdı. O, səhər tezdən çaya enər və suyun axını ilə üzən qayıqda oturardı. Bəlkə də o, bu vaxt şeir qoşar, bəlkə də öz oğlu barədə düşünərdi [289, s.45]. Bu məqama ədəbiyyatşünas Mehdi Hüseyn də toxunaraq yazmışdı: «Dünya ədəbiyyatında övlad dərdini, oğul hicranını Natəvan qədər dərindən hiss və tərənnüm edən ikinci bir şairəyə rast gəlmək çətindir. Natəvanın şəxsi analıq duyğuları bütün analığın ağır dərdi kimi səslənir» [112, c.9, s.363].

XIX yüzillikdə Şuşada yaşayıb-yaratmış şair və yazıçıların həyat və fəaliyyəti haqqında Qarabağ ziyalılarından Mirzə Xosrov Axundovun (1889-1960) xatirələrində ətraflı məlumat verilmişdir. Xatirələrin əksəriyyəti Nazim Axundov və Pərviz Axundbəylinin sözlərinə görə, «müəllifin canlı müşahidələri və yaşlılardan eşitdikləri əsasında yazılmışdır. Müəllif Xur­şud­banu Natəvan, Mir Möhsün Nəvvab, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov kimi ədəbiyyat və mədəniyyət tariximizin böyük nümayəndələrinin həyat və fəaliyyətindən müəyyən nöq­­tələrə diqqət cəlb edir. Müəllif həmin sənətkarları Qarabağ, Şuşa ictimai-mədəni mühiti ilə əlaqəli şəkildə oxucuya təqdim edir» [15, s.4].

Atası Mirzə Əli Aşiqin tövsiyəsi ilə Qarabağ tarixini öy­rə­nən, bununla əlaqədar bir çox mənbələri nəzərdən keçirən Xos­rov Şaiq «Qarabağ tarixinə dair» əsərində Pənah xanın nəsli və hökmranlığı haqqında, oğlu İbrahim xan Cavanşirin ha­kimiyyətinə və o dövrün hadisələrinə, eləcə də Qarabağ ta­rixinə və xanlıqlarına aid bilgilər verir. Müəllifin «Şuşada ya­şamış maraqlı şəxslərlə bağlı tarixi yerlər» yazısı da bir çox cə­hətdən diqqət çəkir. Belə ki, burada tarixi şəxsiyyətlərlə ya­naşı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri  Qa­sım bəy Zakir, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haq­ver­diyev, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Süleyman Sani Axundov, Cəlil Məmmədquluzadə, Mir Möhsün Nəvvab, Üze­yir Hacıbəyov, Zülfüqar Hacıbəyov və başqalarının yaşadıqları binalar haqqında ətraflı məlumat verilir.

Xosrov Şaiqin «Xurşudbanu Natəvan haqqında müşahi­də­lərim» yazısında şairənin həyat və fəaliyyəti ilə əlaqədar bir çox məqamlar nəzərə çatdırılmışdır. Lakin bu olayların bəzilə­ri­nin həqiqətə nə dərəcədə uyğun olması bir qədər müəm­ma­lıdır. Çünki azyaşlı bir uşağın bu qədər hadisələri müşahidə et­məsi mümkünsüzdür. Olsa-olsa Xosrov Şaiq bu hadisələri ya başqalarından eşitmiş və ya başqa mənbələrdən oxumuşdu. Za­tən hadisələrin təsvirində də bu məqam özünü göstərir. Bu nümunələrdə Natəvanın səxavətindən, xeyirxahlığından, mər­hə­mətindən, cəsarətindən, mütərəqqi fəaliyyətindən ətraflı

bə­hs edilir.

Fikrimizi Mirzə Xosrov Axundovun əsərlərinə yönəldərək qeyd etməliyik ki, onun «Mir Möhsün Nəvvab Qarabaği haq­qında xatirələrim» əsəri də yaşlı nəsildən, eləcə də Nəvvabın oğlu Mir İbrahimdən eşitdiyi söhbətlər əsasında qələmə alın­mışdır. Lakin Natəvan haqqında yazılan xatirələrdən fərqli ola­raq burada müəllifin haqqında danışdığı şəxslə görüşləri də təsvir edilmişdir. Elm və təhsilə aid şeirlər yazan Xosrov Şai­qin yaradıcılığa həvəslənməsində Mir Möhsün Nəvvabın bö­yük xidməti olmuşdu. Bu xüsusda müəllif yazır: «O, (Mir Möh­sün Nəvvab - N.S.) şeirlərimi məclisdə oxuyub bəyəndi və yaradıcılığı davam etdirməyi tapşırdı. Mərhum Nəvvabın mənə bu münasibəti şeir ilə maraqlanmağıma, onun «Məclisi-fəramuşan»ında iştirak etməyimə və bu yolda ciddi çalış­ma­ğı­ma səbəb oldu» [15, s.45].

Nəvvab haqqında yazılarda eyni fikirlərin təkrarına təsadüf edilir. Yəqin ki, müəllif bunları müxtəlif vaxtlarda yazıya kö­çürmüşdür.

«Cəlil Məmmədquluzadə və Həmidə xanım barədə təəssü­ra­tım» xatirə qeydlərində isə müəllif bir qədər irəli gedərək iş­tirakçısı olduğu olayları qələmə almışdır. Mirzə Cəlilin uşaq­larına bir neçə il öz evlərində dərs verən Xosrov Şaiq böyük yazıçı ilə görüşlərini təfsilatı ilə təsvir etməyə çalışmışdır. «Şu­şada eşitdiklərim, gördüklərim» başlığı altında toplanan qeyd­lər də məzmununa görə diqqət çəkir. Bunların əksəriy­yə­tinin sonunda yazılma tarixi göstərilmişdir. Xatirələr müəllifin eşitdiyi, şahidi və iştirakçısı olduğu hadisələr əsasında yazıl­mışdır.

Memuar ədəbiyyatına aid olan tərcümeyi-hallar, demək olar ki, həmişə müəllifin özü tərəfindən qələmə alınır. Bununla belə, bir şəxsin başqa şəxs haqqında tərcümeyi-hal nümunələri də vardır. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nüma­yəndəsi Həsən bəy Zərdabinin (1842-1907) Əlyazmalar İnsti­tu­tunda saxlanılan şəxsi arxivində belə nümunələr mühafizə olunur. Bunlar Zərdabinin həyat yoldaşı Hənifə xanımın (1856-1929) və jurnalist Fərhad Ağazadənin (1880-1931) onun haqqında yazdığı tərcümeyi-hallardır. Hənifə xanımın qə­lə­mə aldığı «Həsən bəy Məlik Zərdabinin tərcümeyi-halı» [281] rus dilində əlyazmasıdır. Sənədin üzərində düzəlişlər apa­rılmışdır və bir qədər çətin oxunur. Tərcümeyi-halda Hə­nifə xanımın Həsən bəylə bağlı xatirələri də verilmişdir. F.Ağa­zadənin yazdığı «Həsən bəy Məlik Zərdabinin bioqra­fiyası» [11] yaşıl cildli dəftərin bir üzünə, Azərbaycan dilində, ərəb əlifbası ilə səliqəli xətlə qələmə alınmışdır. Görünür, üzü köçürülmüş son nüsxədir. «Əkinçi» qəzetinin əlli illiyi müna­si­bətilə, 1925-ci ildə yazılmış bu bioqrafiyada Hənifə xanımın xatirələrindən də istifadə edilmişdir.

1872-ci ildə «Qafqaz» qəzetində Tiflisdə Müqəddəs Nina məktəbini bitirən qızların siyahısı dərc olunmuşdu. Bunların arasında Hənifə xanım Abayevanın da adı var idi. Həsən bəy bu xanımla tanış olmaq məqsədilə Tiflisə gəlir. Həyata baxışı və dünyagörüşünə görə Hənifə xanımın ona çox yaxın oldu­ğu­nu görüb bu ziyalı qadınla görüşür. Onlar birlikdə Bakıya gə­lib evlənirlər. Həsən bəyin qızı Qəribsoltan Məlikova atası haq­­qında xatirələrdə qeyd edir ki, mənim yaddaşımda vali­deyn­lərim arasında münasibət hörmət, bir-birinə dərin sədaqət və məhəbbət, qarşılıqlı inam kimi qalmışdır. Onlar birlikdə möh­kəm ailə qurmuşlar. Həsən bəy Hənifə xanımın simasında özünün sadiq köməkçisini, həmfikirini görürdü. [285, s.56].

Həsən bəy Zərdabini kiçik bir çərçivədə işləmək təmin elə­mir­di. O istəyirdi ki, səsini bütün xalq eşitsin. Hələ tələbəlik il­lərində ana dilində qəzetin olmasını arzulayan Zərdabi qəzet nəşr etməyi qərara alır. Qəzetin çıxması üçün verilən icazə bir neçə il çəkir. Nəhayət, «Əkinçi» adlanan qəzetin birinci nöm­rəsi 1875-ci il iyul ayının 22-də nəşr olunur. Bununla da milli mət­buatın əsası qoyulur. Qəzet Rysiyanın bütün müsəlman dün­yasını lərzəyə gətirdi. «Əkinçi»nin dili son dərəcə anlaşıqlı idi. Qəzetin birinci sayında Həsən bəy qanacaqlı və bilikli şəxs­lərdən xahiş edir ki, xalqın köhnə qaydalarla yaşamasına mane olub onun gələcək tərəqqisinə səy etsinlər. Zərdabi «Əkin­çi»yə çox vaxt və əmək sərf etdiyini qəzetin üçüncü sa­yında qeyd etmişdir: «Bizim zəhmətimiz həddən çıxıb. Biz mət­ləbi özümüz yazıb ağardıb çapxanaya verməklə zəhmətdən xilas olsaydıq çox xoşbəxt olardıq. Amma iş böylə düşübdür ki, biz gərək çapxanada da işləyək. Dünyada hər qəzeti beş ya on adam inşa edir. Onu çap eləmədən hürufunu düzən, qələt­lə­rini düzəldən başqa kəslər olur, amma bu işlərin hamısını gə­rək tək mən özüm görüm. Hətta bizim müsəlman şəhərində bir savadlı olan müsəlman yoxdur ki, baxıb qəzetəyə onun qələtini düzəltsin ya hürufunu düzsün. Hərgah bu zəhmətlərdən artıq zəhmət olmasaydı yenə bir tövr yola gedərdik. Amma dərd bu­dur: bizim elə zəhmətimiz vardır ki, qeyri qəzetçilərin ondan heç xəbərləri yoxdur» [11, s.24].

Hənifə xanım xatırlayır ki, Rusiyada, əsasən Bakıda qəzet işinin tədqiqi ilə əlaqədar bir fransız müxbiri Bakıya gəlir. O, ye­ganə türk qəzeti ilə maraqlanıb Həsən bəy Zərdabi ilə gö­rüşür. İki il ərzində qəzetin 300 abunəçisi olduğunu (o cüm­lə­dən, qəzeti yoxlayan idarələr də daxil olmaqla) bilən müxbir heyrətə gəlmiş, Həsən bəyə təəccüblə baxıb səmimiyyətlə öz fikrini bildirmişdir: «Siz qəhrəmansınız. Bizdə Fransada elə bir adam tapılmaz ki, belə kasıb qəzet üçün işləmək istəsin. Sizin enerjinizə təəccüb edirəm. Görünür, öz xalqınızı çox se­vir­siniz» [281, s.15]. Həqiqətən də xalq üçün, millət üçün mət­buatın əhəmiyyəti əvəzsizdir. Sonralar Ömər Faiq Nemanzadə «İrşad» qəzetinin 1908-ci il, 3, 4 iyun sayında millət üçün mət­buatın əhəmiyyətini yüksək qiymətləndirərək yazmışdı: «Mil­lət­lərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da an­caq mətbuatladır. Hansı məmləkətdə çoxlu nəfli, davamlı və nü­fuzlu mətbuat varsa, ən mütərəqqi və mədəni məmləkət də ora­sıdır. Mətbuatı olmayan millətin mövcudiyyəti  istiqbalı qə­tiyyən yoxdur» [182, s.157].

İsmayıl bəy Qaspirinski isə «Əkinçi» qəzetinin nəşr olun­ma­sının 30 illiyi münasibətilə yazdığı «Yaşa, Həsən bəy, ya­şa!» adlı məqalədə Həsən bəy Zərdabini bütün ümumrusiya mü­səlmanları mətbuatının atası kimi dəyərləndirirdi.

Həsən bəy Zərdabinin şəxsi arxivində dövrün sayılıb-se­çilən nümayəndələrinin  Əsgər Adıgözəlovun, Mirzə Fətəli Axun­dovun, Nəcəf bəy Vəzirovun, Həsən Əlqədarinin və baş­qa­larının ona ünvanlandıqları məktubları [109] da əsasən «Əkin­çi» qəzetinin nəşri və yayılması ilə bağlı təəssüratları, təb­rikləri, fikir və mülahizələri ehtiva edir. Əsasən rus dilində yazılmış məktublar Moskvadan, Sankt-Peterqburqdan, Stav­ro­pol­dan, Tiflisdən, Qubadan, Şamaxıdan, Yelizavetpoldan (in­diki Gəncə) və digər bölgələrdən göndərilmişdir. Məktublar Hə­sən bəyin çevrəsində olan şəxslərin həyata, dünyaya, insan­lara olan baxışını aydınlaşdırmaqla yanaşı dövrün ümumi mən­­zərəsinin canlandırılmasında böyük önəmə malikdir.

Tarixi-ədəbi inkişafda memuar mənbələrinin yazıçının ya­ra­dıcılq yolunun açılmasında, onun tərcümeyi-halının öyrənil­məsində əhəmiyyəti böyükdür. Sözügedən mənbələr çox vaxt di­gər tanınmış şəxsiyyətin həyat və fəaliyyətinin ayrı-ayrı cə­hətlərini açıqlayır, onun ömür yoluna işıq salır. XIX yüzil Azər­­baycan ədəbiyyatı və maarifi tarixində görkəmli yer tutan Mə­həmməd Tağı Sidqinin (1854-1903) bir müəllim kimi fəa­liy­yəti, maraqlı həyat yolu haqqında yazılan xatirələrdə geniş şəhr edilmişdir. «M.T.Sidqi Azərbaycan demokratik ədəbiy­ya­tı­nın zamanın hökmündən, yeni həyat şəraiti, ictimai təfək­kü­rün inkişafı və demokratik cərəyanlardan irəli gələn ədəbiy­yatın əhəmiyyət və məsələlərini anlamaqda yeni təfəkkür və an­layışa malik nümayəndələrindən biridir» [290, s.128]. Onun bədii irsi ilk dəfə olaraq nisbətən geniş şəkildə Y.Eyvazov tə­rəfindən araşdırılmışdır. Ədəbiyyatşünas Ə.Qədimovun «Mə­həmməd Tağı Sidqinin həyatı və yaradıcılığı»nı əks etdirən mo­noqrafiyasında [140] isə görkəmli maarifçinin ömür yolu və fəaliyyəti arxiv materialları və XIX əsrin sonu  XX əsrin əvvəllərində nəşr olunan dövri mətbuatdakı nümunələr əsasın­da əhatəli və dolğun işıqlandırılmışdır. Şərqşünas alim Nəs­rəd­din Qarayev də özünün «XIX əsr Azərbaycan ədəbi məclis­ləri» monoqrafiyasında M.T.Sidqinin pedoqoji və ədəbi fəa­liy­yətindən geniş bəhs etməklə onu «bir müəllim-alim kimi Azər­baycanda pedaqogika tarixində özünəməxsus simalardan biri» [133, s.72] kimi dəyərləndirmişdir.

M.T.Sidqinin atası Kərbəlayi Səfər Ordubad bazarında pi­nə­çilik edib ailəsini dolandırardı. Anası Tutu xanım İranın Qa­ra­dağ mahalının Üştibin kəndindən olub, məşhur şair Nəba­tinin bacısı qızı idi. İlk təhsilini Ordubadda, şah Sultan Hüseyn mədrəsəsində alan Sidqi gənc yaşlarında İrana getmiş, Xora­san­da olmuş, Səbzivarda və Nişapurda yaşamışdır. İranın bir çox yerlərini səyahət edən Sidqi bu müddət ərzində fars dilinə mükəmməl yiyələnmiş, klassik İran ədəbiyyatını dərindən öy­rən­mişdir. Onun Azərbaycan MEA M.Füzuli adına Əlyazma­lar İnstitutunda saxlanılan şəxsi arxiv fondundakı müxtəlif sə­nədləri, əlyazmaları, məktubları bunu bir daha təsdiqləyir. Diq­qətəlayiq haldır ki, M.T.Sidqi haqqında yazılan xatirələrdə onun Ordubadda və Naxçıvanda maarifçilik fəaliyyəti daha mü­fəs­səl və ətraflı şərh olunmuşdur. Belə ki, xatirə müəllifləri onunla yaxın münasibətdə və daima ünsiyyətdə olan insanlar idi. Buna görə də bu nümunələrdə təsvir olunanlar və nəzərə çat­dırılanlar mübaliğədən uzaq və reallığa söykənən fakt və olaylardır. Bunlar arasında M.T.Sidqinin oğlu Məmmədəli Sid­­qinin xatirələri öz məzmun və mündəricəsi etibarilə di­gər­lə­rindən fərqlənir. Xatirələrdə M.T.Sidqinin pedoqoji və ma­arif­­çilik fəaliyyətindən, «Əxtər» məktəbini, «Məktəbi-tərbi-yə»­ni açmasından, bununla əlaqədar qarşıya çıxan çətin­liklər­dən bəhs edilir. M.Ə.Sidqi yazır ki, «o zaman atamın çayçı dü­kanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi ol­du­ğuna görə, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna görə haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur və təhlil olunarmış. Eyni za­man­da atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetələr də alıb oxuyarmış. Məsələn, İrandan «Nasiri», Bağçasaraydan İs­mayıl bəy Qaspirinskinin nəşr etdiyi «Tərcüman», İstanbulda çıxan «Əxtər» qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt ata­mın həmməsləkləri arasında gizlincə oxunarmış. «Tərcüman» qəzetəsinin atama böyük təsiri olmuşdur. Çünki o zaman «Tər­cü­man» qəzetəsinin müdiri Qaspirinski Rusiyada yaşayan mü­səl­manlar üçün yeni üsulla məktəblər açılması yolunda uzun müddət mübarizə aparırmış... «Tərcüman» qəzetəsinin təsiri al­tında atam və ona bu yolda ən birinci və yaxından kömək edən Hüseyn Sultan Kəngərlinski nəhayət Ordubadda yeni üsulla bir məktəb təşkil etmək fikrinə düşürlər» [224].

İsmayıl bəy Qaspirinskinin (1851-1914) maarifçilik fəaliy­yəti və Baxçasaray məktəbləri haqqında sonralar Nəriman Nə­rimanov Odessadan Hacı Zeynalabdin Tağıyevə məktubunda bun­ları yazmışdır: «Baxçasaray məktəbləri və burada olan mü­əl­limlər bir qeyr aləmdir. Bu məktəblərdən Qafqazda hər şə­hər­də bir məktəb olsaydı, yəqin ki, bir az tez zamanda Qafqaz mü­səlmanları dəyişərdilər. Əlbəttə, hər şəhərdə İsmayıl Qas­pirinski kimi zat olmağı lazım gəlirdi. Amma çifayidə, bu zati-möhtərəm bizim aramızda təkdir. Yalnız «Tərcüman» qəzeti ilə İsmayıl bəy Qaspirinskinin millətə olan hörmətlərini bil­mək olmaz. Gərəkdir Baxçasaraya gedib düşünəsiz ki, bu qey­rətli müsəlman kiçik və çirkin Baxçasarayda əyləşib nə işlər edir və millətə nə xidmət göstərir. Gördüyümüz qayidə və qa­nunu, məktəblərin vəsfi-halını dil ilə və qələm ilə təqrirə gətir­mək mümkün deyildir. Bakı məktəbdarlarından bir nəfəri Bax­ça­saraya göndərib üsuli-cədid ilə aşina olmağı və məktəblərin proqrammasını bilməyi bu zəmanədə vacib olan işlərdən biri­dir» [105, s.116].

Hüseyn Sultan Kəngərlinski də Ordubadın maarifçi­lərin­dən biri sayılırdı. Buna görə də heç kəs onun fikrinə qarşı çıxa bilmirdi. Məktəb üçün lazım olan şeylər: skamya, stul və s. sifariş edilib hazırlanır. Dərs kitabları Qafqazda az olduğuna görə Sidqi İstanbuldan bir çox kitab gətirtdirir, həmçinin özü də şagirdlər üçün dərslər hazırlayır. «Əxtər» adlandırılan mək­təbi İbrahim xan mədrəsəsi deyilən binada məsçidin üst mərtə­bəsində yerləşdirirlər. Günün çox vaxtını məktəbdə keçirən Sidqi bir müddət uşaqlara tək özü dərs verirdi. Uşaqlar altı-yeddi ay ərzində ana dilində savadlandıqlarından camaat mək­təbə daha artıq rəğbət göstərir və məktəbə gələn uşaqların sayı artırdı. Məktəbdə təhsil alan uşaqlara başqa dərslər ilə bərabər hər gün Quran öyrədilir və onlar mədrəsə hovuzunda dəstəmaz alıb mədrəsə məsçidində namaz qılırdılar. Onu da qeyd edək ki, M.T.Sidqi Azərbaycanın məşhur şair və yazıçılarından Hü­seyn Cavidin, Məmməd Səid Ordubadinin, Əliqulu Qəmkü­sarın, Əli Səbrinin, məşhur inqilabçı İbraim Əbilovun və baş­qa­larının müəllimi olmuşdur. «Əxtər» məktəbində təhsil alan M.S.Ordubadi xatirələrində yazır ki, «bu məktəbə daxil olan əvvəlcə o uşaqlar idi ki, onların ayda əlli qəpik müəllim haqqı verib dərs oxumağa iqtidarı yox idi. Zira bu məktəbdə nə mü­əl­lim haqqı, nə də uşaqlara təhmil olunacaq ağır məsarif yox idi» [201, s.331].

1896-ci ildə M.T.Sidqi Naxçıvana gələrək «Məktəbi-tər­bi­yə» adlı yeni üsullu məktəb açır və pedaqoji fəaliyyətini da­vam etdirir. Naxçıvan camaatı məktəb üçün öz xərcinə yeni bina tikdirir. Məktəbin açılışı münasibətilə təşkil olunan cəşn məc­lisində söylədiyi nitqində Sidqi bu cür məktəblərin əhə­miy­yətindən bəhs edərək deyir: «Qafqazda sakin olan mü­səl­man­lara təğazayi-əsrə görə lazımdır ki, hər şəhərdə və bəlkə hər qəryədə «Məktəbi-ədəb» namında, yəni təhsili-ədəbiyyat üçün, təlimi-qəvaid üçün müntəzəm surətdə üsuli-cədid üzrə məktəblər bina olunsun. O məktəblər türk və fars, ərəb və rus dil­lərinin təhsil və təliminə davam olunur. Hər yüz evin, qəryənin yenə bu cür məktəblərin təsisi lüzum görüləcəkdir» [223].

Məktəbə Sidqidən başqa üç nəfər də müəllim dəvət olunur. Bu­rada başlıca olaraq ana dili, fars dili, hesab, coğrafiya, tarix, ərəb dilinin sərf-nəhfi və gündə bir saat rus dili öyrədilirdi. Dərs­lər Azərbaycan və fars dillərində keçirilirdi. Bu məktəbdə də yoxsul şagirdlər dərs haqqından azad idilər. Sidqi özünün «Nümuneyi-əxlaq» adlı dərsliyində məktəbin əhəmiyyətini qiy­mətləndirərək yazır: «Elm və ədəb bir xəzinəyə bənzər ki, onun kilidi məktəbdir. Bizləri nadanlıq zülmətindən qurtarıb nuri-mərifətə yetirən məktəbdir. Çünki insanın qədrü qiyməti elm ilə bilinir, yəni elmi və mərifəti nə dərəcədə olsa, habelə dəyəri və qiyməti o qədərdir. Bəs insanın əsl qiyməti bildiyi və öyrəndiyi şeylərdən ibarət imiş ki, o da məktəb ilə hasil olur» [225, s.16].

M.T.Sidqinin Qurbanəli Şərifova ünvanlanan məktubun­dan aydın olur ki, Hacı Zeynalabdin Tağıyev 1896-cı ildə «Mək­təbi-tərbiyə»yə 1000 manat məbləğində maddi yardım et­­mişdir [140, s.90].

M.T.Sidqi Qafqazın qabaqcıl və gözüaçıq şəxsiyyətlərin­dən biri olmuşdur. Çar üsuli-idarəsinin nəticəsi olaraq, bütün Qaf­qazda, o cümlədən Ordubadda gerilik hökmfərma olan za­man İrandan, Türkiyədən, Baxçasaraydan və s. yerlərdən fars­ca, türkcə aldığı qəzet və məcmuələri diqqət ilə oxuyardı. O, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Əlisgəndər Cəfərov və Nəriman Nərimanovla əlaqə saxlayırdı. Qafqazın görkəmli və ziyalı adamları  Məşədi Qurbanəli Şərifov, Mirzə Nəsrulla Əmirov, Baxşəli ağa Şahtaxtinski, Kərbəlayi Nəsrulla Şeyxov, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şah­taxtinski, Şahbaz ağa Kəngərlinski və başqaları Sidqinin ən yaxın dostları idi. Məhz bu dostlarla təşkil edilən məc­lis­lər­də dünyanın müxtəlif yerlərindən gələn qəzetlər oxunar, ədəbi və siyasi olaylar təhlil edilərdi.

Görkəmli maarifpərvər M.T. Sidqi «Şərqi-Rus», «Həblül­mətin» qəzetlərində məqalələrlə çıxış edirdi. Kəlküttədə çıxan «Həblülmətin» qəzeti din xadimləri arasında geniş yayılmışdı. Bu qəzetdə dərc olunan məqalələri din nümayəndələri məscid­lərdə oxuyurdular. Sidqinin «Həblülmətin»də çıxan məqalə­lə­rindən biri «İran vətənpərvərlərindən və İranın şahlar üsul-ida­rəsindən azad olması yolunda çalışan, İrandan sürgün edilən və Misirdə «Pərvəriş» adında fars dilində bir məcmuə buraxan və məcmuəsi İran hökümətinin əli ilə qapadıldıqdan sonra Fran­saya gedib Parisdə vəfat edən Mirzə Əliməhəmməd xanın vəfatı münasibətilə fars dilində yazılmış məqalədir» [224]. M.T.Sidqi Misirdə Zeydan qardaşlarının nəşriyyatı olan və ərəb dilində nəşr edilən «Əlhilal» məcmuəsinə abunəçi idi. Hət­ta həmin məcmuənin redaksiyası Sidqiyə məktub göndərib Naxçıvandan müxbir olmağı ondan xahiş etmişdi. M.Ə.Sidqi xatiratında yazır ki, «atam Sidqi Hindistan, İran, Türkiyə, Ru­siya və qeyri yerlərdə olan tərəqqipərvər ziiyalılar ilə daim mək­tub ilə əlaqə saxlayıb və onlardan dəxi bir çox məktub al­mışdır. 1902-ci və ya 1903-cü ildə qış fəsli bir cümə günü atam buxarıda bir çox məktub yandırıb külünü damda qar al­tına tökdüyü mənim yaxşı yadımdadır. Mən o zaman 14-15 ya­şında idim. Bu məktubları nə üçün yandırdığını başa düş­mür­düm. Sonralar mənə aydın oldu ki, atamın hər gün uzaq öl­kə­lərdən bir çox məktub alması yerli çar hökuməti məmurları arasında şübhəyə səbəb olub və evimiz axtarılarsa, bu mək­tub­lardan bir nişanə və iz qalmasın deyə onları tələf etmişdir. (Hayıf o məktublardan)» [224].

Ə.Qədimov məktub janrının əhəmiyyətini vurğulayaraq çox haqlı olaraq yazır: «Yaşadıqları ictimai mühitin zid­diy­yət­lə­ri, hakim dairələrin özbaşınalığı, nadan, cahil və yaltaq adam­ların dövlət orqanlarına soxulub xalqı ağır işgəncələrə məruz qoymaları, iqtisadi güzəranın ağırlığı, elm və sənət adam­larına qədir-qiymət qoyulmaması, sənətkar taleyinin acı­na­caqlı duru­mu və s. bu kimi problemlər epistolyar məktub jan­rının vasitə­silə müxtəlif ədəbi mühitlərin ab-havasında şair­lə­rin mübadilə obyektinə çevrilmişdi. Ordubad ədəbi mühi­ti­nin Fəqir, Qüdsi, Sidqi kimi nümayəndələri öz müasirlərinə yaz­dıqları mənzum məktublarında şeir və sənət adamlarının acı taleyindən, iqtisa­di güzəranın ağırlığından, zəmanə qəmin­dən və ictimai vətən­daş­lıq kədərindən söz açırdılar» [140, s.42].

Nəzərə çatdırılmalıdır ki, M.T.Sidqinin şəxsi arxivində müxtəlif şəxslərə göndərdiyi və ona ünvanlanan məktubları görkəmli maarifçinin həyat və fəaliyyətinin müəyyən məqam­la­rını işıqlandırmaqla yanaşı dövrün ümumi mənzərəsini can­landırmaq baxımından dəyərli mənbələrdir. Tanınmış şəxsiy­yətlərdən H.Cavid, N.Nərimanov, S.M.Qənizadə, Q.Şərifzadə, M.T.Müctəhidzadə, Ş.Kəngərli, B.Vəzirov və digərlərindən gə­lən məktublar M.T.Sidqi ilə əlaqədar bir çox mətləblərin açıl­masına yardım edir.

«Əncüməni-şüəra» ədəbi məclisinin fəal iştirakçılarından olan M.T.Sidqi Azərbaycan və fars dillərində yazdığı poetik əsərləri ilə məclisdə çıxış etmişdir. Sidqinin şeirə, ədəbiyyata olan məhəbbətini ən yaxın dostu Əsəd ağa Kəngərlinski xa­ti­rələrində belə ifadə etmişdir: Sidqi «bir neçə müddət Or­du­bad­da, bəladi-Qafqazda və İranda qüvveyi-bazusilə, yəni fəhlə­lik­lə məişəti-təhsil etməkdə idi. Fəqət Allah tərəfindən əta olun­muş parlaq tapıntını nisyan torpağında dəfn etməyib gündüzlər qabardığı əlləri ilə gecələr şeirlər və qəsidələr yazmağa məşğul olardı» [123]. «Heykəli-insana bir nəzər», «Nəsihətnamə», «Tən­viri-əfkar», «Hikmətli sözlər», «Nəhveyi-nəbat» kimi fəl­səfi və ictimai-siyasi əsərlərin müəllifi olan Sidqi bu əsər­lə­rində maarifçilik ideyalarını davam və inkişaf etdirmişdir.

Daha öncə deyildiyi kimi, M.T.Sidqi «Əxtər» məktəbini İsmayıl bəy Qaspirinski və onun «Tərcüman» qəzetinin təsiri altında açmışdı. Qaspirinski yaradıcılığını hərtərəfli araşdıran A.Kəngərli haqlı olaraq yazır ki, «İsmayıl bəy Qaspirinskinin naşiri olduğu «Tərcüman» qəzeti, öndəri olduğu üsuli-cədid hə­rəkatı, geniş, çoxşaxəli maarifçilik çalışmaları digər Rusiya müsəlmanları kimi Azərbaycan türkləri ilə də sıx bağlı olmuş, onların oyanmasına, özünüdərkinə xidmət etmişdir» [122, s.49].

İsmayıl bəy Qaspirinskinin xidmətlərini Hacı Zeynalabdin Tağıyev də yüksək qiymətləndirmişdir. O, 1908-ci ildə İ.Qas­pirinskiyə ünvanladığı məktubunda qeyd etmişdir ki, «sizin xid­mətləriniz saymaqla qurtarmaz. Sizin xidmətləriniz sayılsa, gərək Rusiya müsəlmanlarının dörddə bir əsrlik mədəniyyət tarixi yazılsın» [122, s.52]. Yəqin ki, bu sözlərin yazılmasında Nəriman Nərimanovun İsmayıl bəy Qaspirinski və Baxçasaray məktəbləri haqqında Odessadan H.Z.Tağıyevə göndərdiyi mək­tubunun da təsiri olmuşdur ki, bu barədə daha öncə mə­lumat verilmişdir.

Türk dünyasının görkəmli nümayəndəsi İsmayıl bəy Qas­pirinski haqqında Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçuba­şov, Firidun bəy Köçərli, Hacı İbrahim Qasımov, Haşım bəy Vəzirov, Şəfiqə xanım Əfəndizadə və digərlərinin yazdıqları nekroloqlarda bu böyük maarifpərvərlə bağlı xatirələr çözə­lə­nir, həyat və fəaliyyətinin önəmli məqamları canlandırılır. «Kas­pi» qəzetinin 1914-cü il, 13 sentyabr, 204-cü sayında dərc etdiyi nekroloqda İ.Qaspirinskini zəngin təbii istedada ma­lik olan, sevgi dolu həssas ürəkli bir şəxsiyyət kimi dəyər­ləndirən Əlimərdan bəy Topçubaşov yazır ki, «yarım əsr müd­dətində əlində müsəlmanları biliyə, tərəqqiyə, ictimai özünü­dər­kə yol göstərən çırağı möhkəm və səbrlə saxlayan bu ada­mın adı təkcə Rusiyada deyil, xaricdə də müsəlmanlar arasında hamıdan artıq məşhur idi» [122, s.192].

Doğmuşam ben Avçıköydə, 1851-də,

Məkanımdır Baxçasaray, məzarım kim bilir nerdə?-

misraları ilə Qaspirinski «mütəxəssislər arasında bu gün də möv­cud olan fikir müxtəlifliyinə, tərəddüdlərə» [122, s.7] son qo­yur və tərcümeyi-halına aydınlıq gətirir. Onun müxtəsər tər­cümeyi-halı isə «İqbal» qəzetinin 1914-cü il, 1 oktyabr tarixli 752-ci sayında dərc edilmişdir. Burada İ.Qaspirinskinin həyat və fəaliyyətinin önəmli məqamları, bir millətpərvər kimi gös­tərdiyi xidmətlər canlandırılmışdır.

XIX əsrdə şair və yazıçılar əsərlərində nəinki avtobioq­rafik məlumatlar verir, həmçinin özləri də tərcümeyi-hallar ya­zır, həyat və fəaliyyətlərinin əsas məqamlarını nəzərə çat­dı­rır­lar. Belə müəlliflərdən biri də Azərbaycan dramaturgiyasının in­ki­şafında xüsusi xidmətləri olan Nəcəf bəy Vəzirovdur (1854-1926). Onun tərcümeyi-halı [253] ilk dəfə 1913-cü ildə nəşr olunmuşdur. Kamran Məmmədov yazıçının yazdığı tərcü­meyi-halından yararlanaraq onun elmi tərcümeyi-halını [156] tərtib etmişdir. Araşdırıcı digər memuar mənbələrindən də  M.Əliyev, M.Mərdanov, H.Sarabski, A.Şaiq və başqalarının xa­tirələrindən istifadə etmişdir. Feyzulla Qasımzadə N.Vəzi­rov­dan bəhs edən eyniadlı tədqiqatında [136] onun həyat və fəaliyyəti haqqında məlumatı dramaturqun 1913-cü ildə nəşr olunmuş «Tərcümeyi-hal» kitabçasına əsaslanaraq vermişdir. Za­man Əsgərli də N.Vəzirovun həyatından, uşaqlıq dövründən bəhs edərkən [80] sözügedən mənbəyə əsaslanmışdır.

Tədqiqatçı Alxan Bayramoğlu elmi tərcümeyi-halı xati­rə­lər və «Görkəmli adamların həyatı» seriyasından olan əsərlərlə müqayisə edərək belə qənaətə gəlir ki, «elmi tərcümeyi-hala ya­radıcılıq tərcümeyi-halı da demək olar. Yaradıcılıq tərcü­me­yi-halı monoqrafik xarakter daşımaqla, ənənəvi şəkildə olduğu kimi, sənətkarın həyat və yaradıcılıq yolunu ayrı-ayrılıqda öy­rən­məyi qarşısına məqsəd qoymur. Bu, eyni zamanda xatirə  me­muar və ya «Görkəmli adamların həyatı» seriyasında ol­du­ğu kimi deyil. Xatirə  memuar əsas etibarilə yazıçının gün­dəlikləri və xatirələri əsasında yazılmaqla, sənətkarın həyat yo­lunu əks etdirir. «Görkəmli adamların həyatı» seriyasından olan tərcümeyi-halın əsasında sənədlilik və müəllif fantaziyası da aparıcı olur. Odur ki, bu cür tərcümeyi-hallar əsasən «ro­man­laşdırılmış» şəkildə üzə çıxır. Bunlardan fərqli olaraq, el­mi tərcümeyi-halın əsasını sənədlilik təşkil edir. Burada hər bir fakt və ya hadisə başqaları ilə ciddi müqayisə yolu ilə təs­diq­ləndikdə özünü doğrulda bilər... Burada bioqrafik sənəd və ma­teriallarla səsləşən, onu tamamlayan, təsdiqləyən, hadisənin nəticəsi kimi üzə çıxan əsərlər tədqiqata cəlb edilir» [39, s.13]. Elmi tərcümeyi-halın qarşısında duran əsas məsələ sənətkar və şəxsiyyətdir. Bu baxımdan N.Vəzirovun elmi tərcümeyi-halı bioqrafik sənədlərin zənginliyi ilə diqqət çəkən, həyat həqi­qə­tinin dolğunluğu ilə seçilən nümunələrdən sayıla bilər.

Zəngin tərcümeyi-hal örnəklərinə malik orta əsrlər ədəbiy­yatı və kamil xatirə nümunələrinin meydana gəldiyi XX yüzil ədəbiyyatının qovşağında olan XIX əsr ədəbiyyatında hər iki dövrə xas cəhətlər özünü göstərir. Məsələ burasındadır ki, XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarının əsərlərində şəxsiyyət daha əhatəli ifadə olunmuş, avtobioqrafik məlumat­ların verilməsi genişlənmiş və eyni zamanda mükəm­məlləş­miş­dir. Artıq bu dönəmdə xatirələr yazılmasına da cəhdlər edil­mişdir. Bu cəhdlərin əksəriyyəti uğurla nəticələnmişdir. Belə ki, bu dövrün xatirə nümunələri XX əsr memuar ədəbiy­ya­tımızın təşəkkülündə müstəsna əhəmiyyətə malik olmuşdur.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin