Tel: 441 28 17
Fax: 441 28 17
www.mediarights.az
Rəylərinizi
bu ünvana
göndərin:
xaled_yes@hotmail.com
Press-reliz 22 iyul 2011
Media Hüququ İnstitutu (MHİ) bu gün “Azərbaycanda İfadə Azadlığı” hesabatının təqdimatını keçirib. 2011-ci ilin 6 ayında baş verən olayların ifadə olunduğu hesabatın hazırlanmasına ABŞ-ın (USAİD) İREX təşkilatı, Norveç Xarici İşlər Nazirliyi, Britaniya FCO dəstək verib.
7 bölümdən ibarət hesabatın “Önəmli olaylardan seçmələr” bölümündə qeyd olunur ki, Azərbaycan həbsxanalarında daha jurnalist qalmayıb. May ayında həbsxanada olan son jurnalist, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin qurucusu Eynulla Fətullayev azadlığa çıxıb. Hesabatda eyni zamanda vurğulanır ki, “cəsur jurnalistin qondarma ittihamlarla 4 il 1 aydan artıq həbsdə qalması Azərbaycanda ifadə azadlığına, azad mətbuatın mövcudluğuna çox ciddi ziyanlar vurmuş oldu”. Hesabata görə, “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlinin araşdırılması ilə bağlı heç bir irəliləyiş nəzərə çarpmayıb. Yarım ildə ən nəzərəçarpan tendensiya fəal gənclərə yönəlik basqıların xeyli artması olub. Öncə sosial şəbəkələrdə fəallığı ilə seçilən Bəxtiyar Hacıyev, ardınca isə Cabbar Savalan, Dəyanət Babayev, Rəşadət Axundov, Səxavət Soltanlı və digərləri müxtəlif müddətlərə həbs cəzasına məhkum ediliblər. İlin ilk yarısı Milli Azadlıq Hərəkatının son bir ildə xeyli fəal olan, hakimiyyəti sərt tənqid edən üzvlərindən Nemət Pənahlı üçün də çox ağır olub. Onu xuliqanlıqda ittiham edərək 6 il müddətinə azadlıqdan məhrum ediblər.
Hesabatın “Məhkəmə işləri” bölümünə görə, 2011-ci ilin birinci yarısında ifadə azadlığı ilə əlaqəli 27 məhkəmə davası davam edib, həmin məhkəmə işlərinin 11-i son yarımildə açılıb. Iddia və şikayətlərin əksəriyyətini “ictimai fiqur” statuslu şəxslər qaldırıblar. Onların arasında Bakı şəhər Baş Polis İdarəsinin rəisi, nəqliyyat nazirinin biznesmen övladı, millət vəkilləri, idarə rəisləri, habelə müğənnilər olub. Yazılara görə məhkəməyə çəkilən jurnalistlərdən 630 min AZN-dən artıq təzminat istənilib. Məhkəmələr həmin iddia və şikayətlər üzrə jurnalistlərin üzərinə 25 min AZN-dən çox təzminat yükü qoyublar. İlin ilk yarısında ən çox məhkəməyə çəkilən tənqdiçi “Xural” qəzeti olub. Yarım ildə bu qəzetin tərəf olduğu 8-dən çox məhkəmə prosesi davam edib. Medianın üzərinə qoyulan təzminatıb böyük hissəsi də məhz bu qəzetin payına düşür. Yerli məhkəmələrin “Xural”la bağlı çıxardığı 20-dən çox qərarın hamısı qəzetin əleyhinə olub. Hətta Nərimanov Məhkəməsi 100 AZN təzminatı ödəməyə çətinlik çəkən qəzetin baş redaktorunu 3000 AZN cərimələməkdən də çəkinməyib.
Hesabatın “Fiziki, psixoloji basqılar, hədələmə halları” bölümündə qeyd olunur ki, 2011-ci ilin ilk yarısında media və jurnalistlər 50 dəfədən artıq basqıya məruz qalıblar. Əsasən tənqidi yazıları, mövqeyi ilə seçilən media quruluşlarında - “Azadlıq” radiosu, “Turan” İnformasiya Agentliyi, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, “Bizim Yol” qəzeti, “Azadlıq” qəzetində çalışan jurnalistlər, eləcə də Naxçıvan Muxtar Respublikasında çaliıanlar basqıların əsas hədəfi olublar. Jurnalistlər əsasən kütləvi tədbirlərdən, aksiyalardan bilgi yığarkən basqı ilə üzləşiblər, ya onların peşə alətləri əllərindən alınıb, ya zorla saxlanıblar, ya da zorla şəhər ucqarlarına aparılıblar. Yerli jurnalistlərə qarşı baş verən basqı faktlarının araşdırması heç bir halda günahkarların cəzalandırılması ilə yekunlaşmayıb. Xəbər dalınca Azərbaycana gələn 6 əcnəbi jurnalist də təzyiqlə üzləşib. Sənədli film çəkilişi üçün Azərbaycana səfər edən 3 isveçli jurnalisti özünü təqdim etməyən mülki geyimli şəxslər saxlayıblar. Daxili İşlər Nazirliyinə götürülən jurnalistlər sonra ölkədən deportasiya ediliblər. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin Moskva bürosunun müxbiri Mixail Ludviq iyulda Naxçıvan Muxtar Respublikasında təzyiqlə üzləşib. “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə əməkdaşlıq edən amerikalı jurnalist Amanda Erikson və Böyük Britaniyadan olan hüquq müdafiəçisi Silya Devis daha ağır basqıya məruz qalıblar. Onlar Bakıdakı Dram Teatrının yaxınlığında tanımadıqları şəxslər tərəfindən amansızcasına döyülüblər, hər iki əcnəbi ağır xəsarətlər alıblar. Hüquq mühafizə orqanları onları döyənlərin tapılaraq istintaqa cəlb olunduğunu açıqlayıblar.
Hesabatın “Bilgi azadlığı” bölümündə “İnformasiya əldə etmək haqqında” Qanunun necə işlədiyi araşdırılıb. Hesabat müəllifləri 2011-ci ilin birinci yarısında qanunla bilgi sahibi sayılan 51 quruma göndərilmiş 147 bilgi sorğusunu monitorinq ediblər. Sorğuları bilgi sahiblərinə jurnalistlər və vətəndaş cəmiyyəti qurumları və fəalları göndəriblər. Bilgi sahibləri 147 sorğunun ümumilikdə 56-na cavab veriblər. 31-i natamam olan həmin cavabların 7-si məhkəməyə şikayət etdikdən sonra verilib. Cavabların heç biri “İnformasiya əldə etmək haqqında” Qanunda nəzərdə tutulan 7 iş günü ərzində verilməyib. 56 bilgi sorğusu cavablandırılmadığından məhkəməyə müraciət olunub. Məhkəmə həmin iddialara baxarkən cəmi 7 halda cavabdehlərin üzərinə istənilən bilgini vermək vəzifəsi qoyub.
2011-ci ilin birinci yarısında bilgi sahiblərinin mövcud qanunvericiliyin tələblərinə hansı ölçüdə əməl etdiyini öyrənmək məqsədilə 48 bilgi sahibinin saytı xüsusi metodologiya əsasında monitorinq edilib. Monitorinq göstərir ki, dövlət qurumlarının əksəriyyəti artıq özlərinin internet saytlarını yaradıblar, internet resurslarının yaradılması sahəsində ciddi irəliləyişlər əldə ediblər. Bununla belə, əksər qurumların yaratdıqları saytlar qanunvericiliyin tələblərinə uyğun deyil. Monitorinqin nəticələrinə görə, dövlət qurumlarının saytlarında bilgi açıqlığı orta hesabla 31% təşkil edib.
Sənədin “İnternet və ifadə azadlığı” bölümünə görə, son illərdə internet xeyli inkişaf edib. Dövlət Statistika Komitəsinin bilgilərinə görə, 2008-ci ildə hər 100 Azərbaycan vətəndaşının payına 4,4 ədəd, 2009-cu ildə isə 5,7 ədəd kompüter düşürdü. 2010-cu ildə isə hər 100 nəfərə düşən kompüterlərin sayı 7.5 ədədə qədər artıb. İnternet istifadəçilərinin sayına gəlincə, 2008-ci ildə hər 100 nəfərdən 17-si, 2009-cu ildə 27-si internet istifadəçisi idisə, 2010-cı ildə onların sayı xeyli artıb – 38 nəfər. Dövlət Statistika Komitəsinin rəsmi informasiyaları ilə ziddiyətli olsa da, Rabitə və informasiya texnologiyaları Nazirliyinin son məlumatına görə, artıq Azərbaycan əhalisinin 45%-i internet istifadəçisidir. Azərbaycanda internetdən istifadəni məhdudlaşdıran xüsusi hüquqi mexanizmlər, qanunlar mövcud deyil. “YouTube”, “Facebook” və s. kimi populyar resurslara giriş azaddır, bu resurslar girişə blok tətbiq edilmir. Azərbaycanda internet provayderlərinə lisenziya tələbi də qoyulmur. Bölgələrdə internetin sürəti və servis səviyyəsi çox aşağıdır. Hətta Bakının mərkəzindən kənarlarda da internetin sürəti ilə bağlı ciddi problemlər var. “Kütləvi informasiya vasitələri haqqında” Qanun interneti kütləvi informasiya vasitəsi kimi müəyyən edib. Həmin qanuna görə, internet mətbu nəşrlərlə eyni statusda olan kütləvi informasiya vasitəsi hesab edilir. Mətbu nəşrlər üçün keçərli olan hüquq və azadlıqlar, məhdudiyyətlər internetə də eyni qaydada tətbiq edilir. İlin ilk yarısında internetdə yayılan düşüncələrinə görə, jurnalist Elnur Məcidlinin cinayət təqibinə məruz qaldığı, siyasi və ictimai prosesləri satirik üslubda ifadə edən eqreb.com saytının, Azadlıq Radiosunun, “Azadlıq” qəzetinin saytlarının dəfələrlə texniki vasitələrlə əngəlləndiyi də əksini tapıb.
“Teleradio düzənlənməsi” bölümündə ölkə əhalisinin önəmli bilgilərə əsas çatım vasitəsinin televiziya və radiolar olduğu, amma milli teleradioların bu tələbatı ödəmək gücündə olmadığı vurğulanır. Teleradio mediası hökumətin təsiri altındadır, media azadlığı, plüralizm təmin olunmur. Dövlət və ictimai televiziya kanalları ilə yanaşı özəl teleradio yayımçıları da müstəqil hesab edilmirlər, çünki bu yayımçılar da ölkədəki hadisələrin, xüsusilə də ictimai-siyasi xəbərlərin işıqlandırılması zamanı obyektivlik, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik kimi prinsiplərə əməl etmirlər. Sivil toplum quruluşlarının araşdırmalarına görə, bunun sonucudur ki, ölkə əhalisinin 80 faizindən çoxu yerli tele-kanalları deyil, peyk antennalar vasitəsilə Türkiyə, Rusiya, eləcə də Avropa telekanallarını izləməyə üstünlük verirlər.
Hesabatın son bölümündə Media Hüququ İnstitutunun hökumətə tövsiyələri yer alıb.
Media Hüququ İnstitutu Azərbaycanda ifadə və bilgi azadlığı ilə bağlı qanunvericiliyi və hüquq təcrübəsini qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianın və jurnalistlərin qorunması yönündə çalışan civil toplum qurumudur
Dostları ilə paylaş: |