4.5. Əməyin mühafizəsi üzrə təlimlərin keçirilməsi İstehsalatın xüsusiyyətindən, mürəkkəbliyindən və təhlükəsizlik dərəcəsindən, həmçinin işçinin iş stajından, təhsilindən və ixtisasından asılı olmayaraq, bütün müəssisələrdə və istehsalat birliklərində fəhlələrə, qulluqçulara və mühəndis-texniki işçilərə təhlükəsiz iş üsulları öyrədilməlidir.
İşə qəbul olunan fəhlə və qulluqçularla, onları ümumi təhlükəsizlik qaydaları və normaları, əmək qanunvericiliyinin əsas müddəaları, daxili əmək intizamı qaydaları ilə, müəssisə ərazisində, sexlərdə, sahələrdə, gəmilərdə, dəniz özüllərində, estakadalarda, qazıma qurğularında, vertolyotda davranış qaydaları ilə, təhlükəli və zərərli istehsalat amillərinin xüsusiyyətləri ilə və digər məsələlərlə tanış etmək məqsədi ilə işlərin təhlükəsiz aparılması üzrə təlimat keçirilir.
Fəhlə və qulluqçularla keçirilən təlimat xüsusiyyətinə və vaxtına görə giriş və iş yerində təlimata ayrılır. İş yerində təlimat, öz növbəsində, ilkin, vaxtaşırı (təkrar), növbədənkənar (plandan kənar) və birdəfəlik (cari) təlimata bölünür.
Giriş təlimatı. Müəssisəyə işə qəbul olunan bütün fəhlə və qulluqçularla, onların təhsilindən, ixtisasından, peşə və vəzifəsi üzrə iş stajından asılı olmayaraq giriş təlimatı keçirilməlidir.
Müəssisəyə ezam edilmiş işçilərlə, müvəqqəti işləyən fəhlələrlə, istehsalat təlimi və təcrübəsi keçmək üçün, tələbə tikinti dəstəsinin tərkibində işləməyə gələn şagirdlərlə və tələbələrlə, müəssisə ərazisinə, istehsalat sexlərinə işlərin aparılmasına buraxılmış digər şəxslərlə giriş təlimatı keçirilməlidir.
Fəhlə və qulluqçularla giriş təlimatını əməyin təhlükəsizliyi xidməti işçilərindən biri və ya müəssisənin bu vəzifə tapşırılmış digər mühəndis-texniki işçisi, həmçinin yuxarı təşkilatın bu məqsədlə xüsusi təyin etdiyi şəxs (bir neçə müəssisə fəhlələri üçün bir yerdə təlimat keçmək lazım gəldikdə) keçirir. Fəhlə, bilavasitə sexə işə götürüldükdə onunla giriş təlimatını sex rəhbərlərindən biri (rəis və ya onun müavini) keçirir.
Ayrı-ayrı məsələlər üzrə (daxili əmək intizamı, yanğın təhlükəsizliyi, istehsalat sanitariyası, bədbəxt hadisə zamanı zərərçəkənlərə ilkin yardım göstərilməsi qaydaları) təlimatların dolğun və aydın izah edilməsi üçün müəssisənin müvafiq şöbələrinin və xidmətlərinin işçiləri, həmçinin digər təşkilatlardan mütəxəssislər cəlb olunmalıdır.
Fəhlə və qulluqçularla giriş təlimatı əməyin təhlükəsizliyi, kadrlar, əməyin təşkili, əmək haqqı şöbələrinin işçiləri və hüquqşünas tərəfindən işlənib hazırlanmış proqram üzrə keçirilir və Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırılmaqla, müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilir.
Təlimatlandırmanın daha səmərəli olması üçün, giriş təlimatının proqrama əsasən, nümunəvi mətnin tərtib olunması məsləhət görülür.
Giriş təlimatının proqramı istehsalatın xüsusiyyətini, təhlükəsizlik qayda və normalarını, standartların tələblərini nəzərə almaqla işlənib hazırlanır.
Giriş təlimatı əmək mühafizəsi kabinetində və ya xüsusi təşkil olunmuş otaqda, müasir texniki vasitələrdən istifadə edilməklə və müəssisənin konkret şəraitini nəzərə almaqla keçirilir.
Bu təlimat eyni peşəli fəhlə qrupu üçün, eləcə də müxtəlif ixtisaslı və peşəli ayrı-ayrı qulluqçular üçün tam həcmdə keçirilir.
Təhlükəli və zərərli əmək şəraiti olan işlərə, mürəkkəb avadanlıq və mexanizmlərə (elektrik qurğularına, nəqliyyat vasitələrinə və s.) xidmətlə bağlı işlərə götürülən fəhlə və qulluqçularla, onlar tibbi müayinədən keçdikdən (nəzərdə tutulan hallarda) və səhhətlərinə görə işə yararlı olduqları barədə həkim rəyi olduqdan soma giriş təlimatı keçirilir.
İş yerində təlimatın keçirilməsi. Fəhlə və qulluqçularla, onların təhsilindən, ixtisas dərəcəsindən, peşəsi və ya tutduğu vəzifə üzrə iş stajından asılı olmayaraq giriş təlimatından başqa, iş yerində də təlimat keçirilməlidir.
Fəaliyyət növünə görə sexlərdə, dəniz özüllərində, dəniz qazıma qurğularında və digər obyektlərdə işə götürülən və ya bir bölmədən (sexdən) digərinə keçirilən (keçirilmə müddətindən asılı olmayaraq), bir işdən digər işə və ya digər xassəli iş sahəsinə göndərilən (istehsalat şəraiti dəyişən hallarda) bütün fəhlə və qulluqçularla, yeni iş tapşırılan müəssisəyə ezam olunan, istehsalat təlimi və ya təcrübəsi keçməyə gəlmiş işçilərlə, həmçinin müxtəlif işləri yerinə yetirmək üçün müəssisə ərazisinə və ya sexlərə buraxılmış digər işçilərlə iş yerlərində təlimat keçirilir.
İş yerində təlimatın keçirilməsində məqsəd, hər bir fəhləni, qulluqçunu təhlükəsiz iş üsullarının əsas qaydaları ilə tanış etmək, fəhlələrin təhlükəsizlik tələbləri üzrə biliklərini artırmaq, təzələmək və möhkəmləndirməkdir.
Fəhlə və qulluqçulara iş yerində təlimatlandırma prosesində aşağıdakılar izah olunmalıdır:
- iş yerində, müəssisə ərazisində, sexdə, dəniz özüllərində, gəmidə və digər obyektlərdə onların əsas vəzifələri və davranış qaydaları, peşələri üçün əməyin təhlükəsizliyi üzrə təlimatların məzmunu;
- istehsalat prosesində və iş vaxtı qurtardıqdan sonra iş yerinin təhlükəsiz vəziyyətdə saxlanılması, lazım olmayan əşyalardan təmizlənməsi qaydaları;
- istehsalat prosesi və tətbiq olunan avadanlıqlar, mexanizmlər və qurğular haqqında ümumi məlumat;
- avadanlıqlara, mexanizmlərə və maşınlara xidmət etdikləri zaman təhlükəsizlik tələbləri (təhlükəli zonalar, qoruyucu, çəpərləyici və kipləyici qurğular, avtomatik nəzarət və siqnalizasiya qurğuları, digər mühafizə vasitələri):
- iş yerlərinin hazırlanması, təşkili və saxlanılması, avadanlıqların, qurğuların, cihazların, alət və tərtibatların, blokirovkaların, torpaqlanmanın və digər mühafizə vasitələrinin sazlığının yoxlanılması qaydaları;
- təhlükəsiz iş üsulları, qəzaların baş verməsi mümkünlüyünün olması və aradan qaldırılması üzrə tədbirlər;
- fərdi mühafizə vasitələri, onların tətbiqi və istifadə etmə qaydaları;
- iş yerində, sexdə, dəniz özüllərində, dəniz qazıma qurğularında və digər istehsalat obyektlərində yanğınsöndürmə vasitələrindən istifadə etmə və saz vəziyyətdə saxlanılma qaydaları və ümumiyyətlə yanğın təhlükəsizliyi qaydaları;
- bədbəxt hadisə baş verdikdə ilk tibbi yardımın (həkimdən qabaq) göstərilməsinin qayda və üsulları.
Fəhlələrlə iş yerində təlimatın keçirilməsi bilavasitə ustaya (iş rəhbərinə) tapşırılır, qulluqçularla keçirilməsi isə sex, bölmə, qurğu rəhbərlərinə həvalə edilir. Təlimatı keçirən şəxs fəhlə və qulluqçulara iş yerində olan bütün təhlükəli sahələri, qurğu və avadanlıqları göstərməli, onları iş yerlərinin təhlükəsiz və düzgün təşkili, işlərin təhlükəsiz yerinə yetirilməsi üsulları ilə tanış etməli, işçilərin diqqətini təhlükəli iş üsullarının və ya ətrafdakı insanların xəsarət almasına səbəb ola biləcək vasitələrin tətbiqinə yol verilməməsinə yönəltməlidir.