MÜHAZİRƏ 5
5.1. Zədələnmə, bədbəxt hadisə və peşə xəstəliyi anlayışları
Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası təlimatlarının, qayda və normalarının pozulması iş zamanı zədələnməyə, zəhərlənməyə və peşə xəstəliklərinə səbəb olur.
Qəflətən xarici təsir nəticəsində baş vermiş zədələnməyə travma deyilir. Zədələnmələrə əzilmə, yaralanma, sümüklərin sınması, kimyəvi və yaxud termiki yanma, donma, istivurma, kəskin zəhərlənmə, elektrik cərəyanı ilə zədələnmə və s. misal ola bilər.
Travma hadisəsi çox zaman bədbəxt hadisələrlə eyniləşdirilir. Bədbəxt hadisələr istehsalatla əlaqəli və əlaqəsiz olur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qərarına (27 №-li Qərar, Bakı şəhəri, 28 fevral 2000-ci il) əsasən istehsalatda baş verən bədbəxt hadisələr aşağıda göstərilən hallarda təhqiq edilməli və uçota alınmalıdır:
- əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;
- müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən;
- müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində;
- keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməcilik tədbirləri keçirildiyi müddətdə;
- işçi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə;
- istehsal avadanlıqları və obyektlərində qəza zamanı;
- növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt;
- işçilər xidmət obyektlərinin arasında iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin və onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən fəaliyyət göstərdikləri müddətdə;
- işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt;
- əmək vəzifələrini yerinə yetirərkən, işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə;
- əmək vəzifələrini yerinə yetirərkən, itkin düşmələr, zədələnmələr, istivurmalar, yanmalar, donmalar, suda boğulmalar, ildırımvurmalar, heyvan və həşəratlarla təmas nəticəsində dəymiş zədələnmələr, həmçinin təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar və s.) zamanı alınan zədələr.
İşəgötürən istehsalatla əlaqədar olan bədbəxt hadisələr üçün məsuliyyət daşıyır.
Əgər hadisə, müəssisədə təhlükəsiz əmək şəraitinin təmin edilməsindən əlavə, fəhlə, yaxud qulluqçunun ehtiyatsızlığı, müəssisədaxili intizamı pozması ilə əlaqədardırsa, onda qarışıq məsuliyyət vəziyyəti yaranır. Bu zaman, maddi təminat hər iki tərəfin təqsir dərəcəsindən asılıdır. İstehsalatla əlaqədar bədbəxt hadisələrin maddi kompensasiyası qanunvericiliyə əsasən müəssisə hesabına ödənilir.
İstehsalatda sanitariya normalarının pozulması nəticəsində istehsalat zərəri peşə xəstəliklərinə səbəb ola bilər.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, peşə xəstəlikləri dedikdə, zərərli əmək şəraitinin insan orqanizminə mənfi təsiri nəticəsində əmələ gələn xəstəliklər nəzərdə tutulur. Peşə xəstəlikləri bir neçə qrupa bölünür:
- Kəskin peşə xəstəlikləri – zərərli istehsalat amillərinin insana bir iş növbəsindən artıq olmayan müddətdə təsiri nəticəsində əmələ gələn xəstəlik, məsələn, fərdi mühafizə vasitələrindən istifadə etmədən zəhərli kimyəvi maddələrlə işlərin aparılması zərərli peşə amili hesab olunur;
Xroniki peşə xəstəlikləri – zərərli istehsalat amillərinin insana uzunmüddətli təsiri nəticəsində yaranan xəstəliklədir (işçi zonanın havasında zərərli maddələrin yüksək qatılıq həddi, səsin, titrəyişin yüksək səviyyədə olması və s.).
Zərərli və təhlükəli istehsalat amilləri mənşəyinə görə dörd qrupa bölünür: fiziki, kimyəvi, bioloji və psixofizioloji.
Təhlükəli fiziki amillərə aiddir: hərəkət edən maşın və mexanizmlər, müxtəlif qaldırıcı – nəqliyyat qurğuları və daşınan yüklər, istehsalat avadanlıqlarının hərəkət edən və mühafizə olunmayan hissələri (ötürücü mexanizmlər, kəsici alətlər, fırlanan və yerini dəyişən tərtibatlar və s.), emal olunan materiallardan sıçrayan və alətlərdən qopan hissəciklər, elektrik cərəyanı, avadanlıqların və emal edilən materialların səthinin yüksək temperaturadək qızması və s.
Zərərli fiziki amillərə aiddir:
- İş zonasında havanın temperaturunun yüksək və ya aşağı olması;
- Yüksək rütubət və hava axını;
- Səs, titrəyiş, ultrasəs və müxtəlif şüalanma növlərinin (istilik, ionlaşdırma, elektromaqnit və s.) normadan artıq səviyyədə olması.
İş zonasında havanın yol verilə bilən həddən artıq qazlanması və tozlanması, iş yerlərinin kifayət qədər işıqlandırılmaması və ya həddindən artıq işıqlandırılması, işıq axını pulsasiyası insan orqanizminə mənfi təsir göstərən zərərli fiziki amillərdir.
Kimyəvi təhlükəli və zərərli təsir xarakterinə görə aşağıdakı qruplara bölünür:
- ümum toksik;
- qıcıqlandırıcı;
- sensibel;
- mutagen;
- konsorogen.
Bioloji təhlükəli və zərərli amillərə – bakteriyalar, viruslar, bitki və heyvan mikroorqanizmləri aid edilir.
Psixofizioloji təhlükəli və zərərli istehsalat amillərinə aiddir:
- Fiziki cəhətdən həddindən artıq işləmək (statik və dinamik);
- Psixi-əsəbi gərginlik (əqli gərginlik, göz və qulağa həddindən artıq gücün düşməsi və s.).
Göstərilən dörd qrup təhlükəli və zərərli istehsalat amilləri arasında müəyyən qarşılıqlı əlaqə müşahidə olunur. Belə ki, bəzi hallarda zərərli amillərin mövcudluğu xəsarət alınmasına səbəb olur. Məsələn, istehsalat otaqlarında həddindən artıq rütubət və cərəyan keçirən tozun (zərərli amil) olması elektrik cərəyanından (təhlükəli amil) xəsarət alma təhlükəsini artırır.
Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd etmək olar ki, istehsalat zədələnmələri və peşə xəstəlikləri dözülməz hadisədir və onlar, əsasən, təşkilati və texniki səbəblərdən törəyir. Ona görə də, hər bir bədbəxt hadisə, peşə zəhərlənməsi və xəstəlikləri respublikamızda mövcud qanunlar əsasında ciddi təhqiq olunur. Bədbəxt hadisələrin və peşə xəstəliklərinin araşdırılması və uçota alınması bütün müəssisələr üçün vahid sistemlə aparılır və həmin hadisələrin səbəbləri vaxtında aradan qaldırılır.
Dostları ilə paylaş: |