ŞİRƏLƏRİN HAZIRLANMASI MƏRHƏLƏLƏRİ
Şirələri tam yetişmiş, şirəli, təzə meyvə-giləmeyvələrdən və bəzi tərəvəzlərdən (yerkökü, aşxana çuğunduru, qabaq, pomidor və s.) hazırlayırlar. Şirələr əsasən presləmə üsulu ilə əldə edilir. Presləmə və ya sıxma zamanı meyvə-giləmeyvədən şirə ilə birlikdə orqanizm üçün xeyirli olan bir çox qiymətli maddələr – şəkərlər, üzvi turşular, vitaminlər, mineral maddələr və digər bioloji fəal maddələr ayrılır. Meyvə-giləmeyvənin və tərəvəzin tərkibindəki şirədə həll olan maddələrin əsas hissəsi şirəyə keçir, yerdə qalan tullantıda (jmıxda) isə qidaya az yararlı olan maddələr (sellüloza, hemisellüloza və s.) qalır. Ona görə də meyvə-tərəvəz şirələri, qidalı yeyinti məhsulu kimi uşaqların, xəstələrin, qocaların və sağalmaqda olan adamların gündəlik qidası üçün böyük əhəmiyyətə malikdir.
Ev şəraitində müxtəlif meyvə-giləmeyvədən şirə hazırlayıb, onları təbii halda şəkərsiz və ya şəkər əlavə etməklə pasterizə edib konservləşdirmək olar. Şirələrin hazırlanması aşağıdakı ardıcıllıqla başa çatdırılmalıdır.
1. Meyvə-giləmeyvənin və tərəvəzin keyfiyyətinin yoxlanılması.
2. Meyvə-giləmeyvənin və tərəvəzin yuyulması, yeyilməyən hissələrdən təmizlənməsi.
3. Xammalın doğranması və ya əzilməsi.
4. Əzintinin qızdırılması və ya bir müddət saxlanılması.
5. Şirənin sıxılıb çıxarılması.
6. Şirənin çökdürülməsi və süzülməsi.
7. Təbii şirələrin konservləşdirilməsi.
8. Qarışıq və şəkər əlavə edilmiş şirələrin konservləşdirilməsi.
9. Konservləşdirilmiş şirələrin soyudulması, 10 gün ərzində saxlanıb düzgün konservləşdirilməsinin yoxlanılması, sərin və qaranlıq yerdə uzun müddət (bir ilə qədər) saxlanılması.
Qeyd. Əgər konservləşdirilmiş şirələr 10 gün ərzində otaq temperaturunda saxlandıqdan sonra qapaqlar atmırsa (və ya şişmirsə) deməli bütün texnoloji əməliyyata düzgün əməl edilmişdir və belə şirələri uzun müddət saxlamaq olar.
Dostları ilə paylaş: |