İdraki (qnoseoloji) funksiya öz təzahürünü elmdə, elmi axtarışlarda tapır. Bu özünü müasir elmi-texniki tərəqqidə daha qabarıq təzahür etdirir. Bu funksiya ikili istiqamətə malikdir: o, bir tərəfdən, biliklərin sistemləşdirilməsi, təbiət və cəmiyyətin inkişaf qanunlarının açılmasına istiqamətlənirsə, digər tərəfdən, o, insanın özü-özünü dərketməsinə yönəldilir.
Göründüyü kimi, birinci istiqamət ikincisini daha da üstələyib. İnsan öz qəlbi və ruhunun kəşfindən çox, dünya və cəmiyyətin qanunlarını, onu əhatə edən aləmin sirlərini kəşf edə bilmişdir. İdraki funksiya xalq, ölkə haqqında bütöv bir təsəvvür verir. Onun sayəsində insanlar elm, incəsənət, fəlsəfə, təlim, tərbiyə və b. sahələrdə öz mənafelərini dərk edir, sosial təcrübənin ötürülməsi və digər xalqların mədəniyyətlərinin mənimsənilməsinə güclü təsir göstərir.
Özümüz haqqında bir çox şeyləri bilmirik: məsələn, ekstrasenslərin müəmmalı xüsusiyyətləri; cadugərlik və magiyanın sirləri, telepatiya hadisəsinin izah edilə bilməməsi, telekinez (məsafə çərçivəsində fikirlərin ötürülməsi), gələcəyi görə bilməyi və insan potensialının digər açılmamış sirləri hələ bizlər üçün maraq doğurur. Bütün bunlar illərdir, məkanımızda dilə gətirilməyən problem olaraq qalmışdır. İnsanın özündə möcüzə gizlətmədiyi həmişə təlqin olmuşdur. Lakin, əslində insan öz sirli daxili aləmi ilə maraq dairəsindədir. Əgər belə olmasaydı, insan əsərləri ilə dünya sivilizasiyasına möhtəşəm sənət nümunələri bəxş edə bilməzdi.
Lakin mədəniyyət yalnız ətraf aləmin insan tərəfindən dərk edilməsi dərəcəsini xarakterizə etmir. Bununla yanaşı, mədəniyyət yalnız ictimai şüurun formalarının vəhdətdə inkişaf səviyyəsini deyil, həm də insanların öz praktiki fəaliyyətində aydınlaşan bilik və bacarıqlarının səviyyəsini aşkarlayır.
Həyat müstəsna dərəcədə mürəkkəbdir və daima insanların qarşısına yeni-yeni problemlər qoyur. Bu, cəmiyyətdə baş verən proseslərin dərk olunmasını, onların həm elmi, həm də bədii-estetik mövqedən anlaşılmasını tələb edir. Mədəniyyətin idraki funksiyası ictimai təcrübənin qorunub saxlanılmasına cavabdehdir.
Mədəniyyət həm də insanın evristik məqsədlərinin həyata keçirilməsinə, onun yenilikləri dərk etməsinə, sosial həyatın yeni yolları və metodlarının açılmasına, insanın təbii fəlakətlər üzərində nəzarətinin güclənməsinə şərait yaradır.
Mədəniyyət vəhdətdə götürülmüş bütün ictimai şüur formalarını əhatə edərək dünyanın dərk olunması və mənimsənilməsinin tam mənzərəsini yaradır. Cəmiyyət, sinif, millət özünü bütövlükdə mədəniyyətdə, mədəniyyət vasitəsilə dərk edir.
Dostları ilə paylaş: |