ŞORGÖZÜ ÇUVALA SALDILAR
Nəql olunur ki, Mö`təsim Abbasinin xilafəti dövründə yaşayan mö`min bir dərzi varmış. O, hər gün öz dükanının yaxınlığındakı məsciddə azan deyərdi. (Digər Abbasi xəlifələrindən fərqli olaraq, Mö`təsim Abbasinin xəlifəlik etdiyi dövrdə dövlət və idarəetmə işləri nisbətən yaxşı idi.)
Haqqında söz açdığımız bu dərzi kişi günlərin birində namazdan sonra məsciddən çıxarkən Mö`təsim Abbasinin məmurlarından biri ilə rastlaşır. Bu iri cüssəli və qorxulu heybəti olan əmir beş min döyüşçüyə rəhbərlik edirdi.
Şərabın tə`sirindən ağlı başında olmayan əmir küçədə bir qadının çadrasından tutub, çəkə-çəkə öz evinə aparırdı. Zavallı qadın nə qədər qışqırıb: “Ay camaat! Mən namussuz qadın deyiləm. Filankəsin qızı və filankəsin arvadıyam. Evim də filan məhəllədədir. Əgər bu gecə evə getməsəm ərim məni boşayacaq.” desə də bədheybət əmirin qorxusundan kimsə yazıq qadının sözlərinə əhəmiyyət vermirdi.
Dərzi kişi deyir: İrəli keçib haray-həşir salmağa başladım. Amma o biqeyrətə heç bir söz tə`sir etmirdi. Vicdanım bu haqsızlığa göz yummağa imkan vermirdi. Ona görə də şəhərin ağsaqqal və böyükləri ilə yığışıb həmin əmirin qapısına getdik. Onun evinin qabağında hay-küy salıb dedik:
“Məgər bu şəhərdə bir müsəlman qalmayıb ki, günün-günorta vaxtı xəlifənin sarayının önündə namuslu bir qadının abır-həyasını ayaq altına ataraq öz evinə aparırsan? Səninçün çox yaxşı olar ki, o qadını elə bu dəqiqə evinə buraxasan. Yoxsa elə bu dəqiqə xəlifə Mö`təsim Abbasinin yanına gedib səndən şikayət edəcəyik.”
Bu sözləri eşidəndə əmir əsəbiləşib əlindəki böyük bir çomaqla bizim üstümüzə cumdu. Birinin başı, birinin qolu və digərinin ayağı sındı.
Vəziyyəti belə görəndə hamımız oradan qaçdıq. Məscidə gedib xiftən namazını qılandan sonra evə qayıtdım. Yatağa uzandım. Amma nigarançılıqdan gözümə yuxu getmədi. Düşünürdüm ki, bu gecə həmin qadın evinə getməsə, sabah əri onu mütləq boşayacaq. Eşitdiyimə görə içki içən adam məst halda tez yuxuya gedir. Yuxudan ayılanda gecədən nə qədər keçdiyini bilmir. Məscidə gedib əzan verməyi düşündüm. Çünki əmir əzan səsini eşidəndə sübh olduğunu güman edib, qadını buraxacaq. Qadın əmirin evindən çıxanda mən məscidin önündə onu gözləyərəm. Onu tez evinə çatdıraram ki, əri onu boşamasın. Təsadüfən həmin gecə xəlifə oyaq olur. Azan səsini eşidəndə çox əsəbiləşir və deyir: Vaxtsız azan deyən kəs fasid adamdır. Çünki azan səsini eşidən hər bir şəxs sübh namazının vaxtı olduğunu güman edəcəkdir. Namaz qılmaq üçün evdən çıxanda gecə qaravulları onu saxlayıb sorğu-sual edəcəklər. Xəlifə qulluqçularından birini çağırıb deyir: “Get qapıçıya de ki, azan verən şəxsi mənim hüzuruma gətirsin. Gərək ona elə bir dərs verəm ki, bir də yersiz əzan verməsin.”
Dərzi kişi deyir: “Azanı deyib qurtarandan sonra məscidin qapısında dayanıb həmin qadının o alçaq əmirin evindən çıxmasını gözləyirdim. Elə bu vaxt xəlifənin qapıçısının əlində məş`əl mənə tərəf gəldiyini gördüm.
Qapıçı məni görüb soruşdu: “Azan verən sən idin? Heç bilirsən ki, bu işinlə xəlifənin narahatçılığına səbəb olmusan? Xəlifə məni sənin dalınca göndərib.
–“Bəli, vaxtsız azan deyən mən idim. Xəlifə narahat olmağa çox haqlıdır. Amma məni bu işə əxlaqsız və heysiyyətsiz bir şəxs vadar etmişdir”–deyə cavab verdim.
Qapıçı dedi: Söylədiyin əxlaqsız və heysiyyətsiz adam kimdir?
Dedim: “O, çox alçağın birisidir, nə Allahdan qorxur və nə də xəlifədən.”
“O kimdir ki, nə Allahdan qorxmur və nə də xəlifədən”–deyə qapıçı təəccüblə soruşdu.
Dedim: Bunu ancaq xəlifənin hüzurunda deyəcəyəm. O zaman mə`lum olacaq ki, mən yersiz azan vermişəm, yoxsa yerində. Saray xidmətçisi ilə birlikdə xəlifənin hüzuruna getdik. Öncə xidmətçi içəri girib xəlifəyə nə isə dedi. Xəlifənin əmri ilə məni içəri çağırdılar.
Xəlifə üzünü mənə tutub dedi: De görüm vaxtsız azan verməyinin səbəbi nədir?
Mən sərxoş əmirin namuslu qadının başına gətirdiklərini, onun bu iyrənc əməlinə e`tiraz edənləri döyməsini və mənim vaxtsız azan verməyimin əsas səbəbini bütünlüklə nəql etdim.”
Xəlifə məni dinləyəndən sonra saray xidmətçisinə dedi: Get qapıçıya de ki, bir neçə mə`murla birlikdə filan əmirin evinə gedib, onu mənim hüzuruma gətirsinlər. Desinlər ki, xəlifənin səninlə tə`cili işi var. Həmçinin dünən axşamçağı evinə apardığı qadını da özü ilə gətirsin. Qadını evdən çıxaranda şəhər mö`təmidlərindən bir neçəsi onu evinə aparıb, ərinə desinlər: Xəlifənin sənə xüsusi salamı var və bu qadına zamin durub deyir: O, günahsızdır və bundan sonra onunla daha da mehriban davran.”
Əmiri isə mənim yanıma gətirin. Xəlifə üzünü dərziyə tutub deyir: “Hələlik sən də burada qalsan yaxşı olar.”
Xəlifənin tapşırığına əsasən mə`murlar əmiri saraya gətirdilər. Xəlifə əmiri görəndə dedi:
“Müsəlmanlardan bir qrupu rumlulara əsir düşəndə, onlara kömək etmək üçün Bağdaddan Ruma gedib düşmən qoşununu məğlub etdim. Çıxılmaz vəziyyətdə qalan Rum padşahı qaçmağa məcbur oldu. Altı il həmin diyarda qaldım. Müsəlman ordusu hətta Konstantinopola qədər irəliləmişdi. Mən Rumda böyük bir məscid də tikdirdim. Hal-hazırda orada qurdla-quzu birlikdə su içirlər. Yə`ni sülh və əminamanlıq içində yaşayırlar.
Sonra əlavə etdi: Ey xain əmir! Yə`ni sən o qədər qudurmusan ki, Bağdadda, mənim qulağımın diibndə, zorla bir qadını evinə aparıb haram iş görmək istəyirsən? Camaat bu pis işinə görə sənə xəbərdarlıq edəndə də vurub onların əl-ayağını qırırsan?
Xəlifənin əmri ilə xain əmiri bir kisəyə salıb, ağzını möhkəm bağladılar. İki mə`mur əllərindəki böyük çomaqlarla kisənin içindəki əmiri o qədər vurdular ki, əti ilə sümüyü əzilib bir-birinə qarışdı. Sonra əmirin əzilmiş bədənini elə kisənin içində Dəclə çayına atdılar.
Xəlifə üzünü dərzi kişiyə tutub dedi:
“Ey ağsaqqal! Hər vaxt Allahdan qorxub çəkinməyən, camaata zülm edən və İslam dininə xəyanət edən birini görsən, məscidin minarəsinə çıxıb, vaxtsız azan ver ki, mən də eşidim. Bu vasitə ilə səni çağırtdırıb baş verənlərdən xəbərdar olum.
Dostları ilə paylaş: |