Beynəlxalq təşkilatlar müəyyən hədəflərə yetişmək üçün müxtəlif dünya dövlətlərinin bərabər hüquqlar əsasında yaratdığı qurumlardırlar. Bunlar rəsmi surətdə, üzv dövlətlərin birgə yardımı ilə müştərək məqsədlərə nail olmaq üçün fəaliyyət göstərirlər. Beynəlxalq qurumlar öz mahiyyət, miqyas, forma və fəaliyyətlərinin coğrafi əhatə dairələrinə görə müxtəlif növlərdə olurlar. Onlar hal-hazırkı dövrdə dövlətlərin qarşılıqlı ehtiyac, mənfəət və müştərək hədəfləri hesabına yüksək inkişaf mərhələsinə qədəm qoymuşlar. Həmin təşkilatlar öz məqsədlərinin gerçəkləşməsi üçün münasib üsul və vasitələrdən istifadə edirlər. Bu cür qurumların sayı istər regional, istərsə də, ümumdünya səviyyəsində ildən-ilə artmaqdadır. Bəzi mütəxəssislərin fikrincə, gələcəkdə beynəlxalq qurumların qüdrəti çox yüksələcək və bu səbəbdən, milli dövlətlərin beynəlmiləl aləmdəki təsiri azalacaq. Nəticədə, beynəlxalq təşkilatlar milli dövlətlərin fəaliyyətlərini formalaşdırmaq qüdrətini əldə edəcəklər. Bununla da gələcək əsr, beynəlxalq təşkilatlar əsri olacaq.