Mən söhbətimin sonunda sizə bir Quran əhvalatı danışmaq istəyirəm. Qoy həm deyilənlərə misal olsun, həm də ramazan ayının cümə günündə qəlbləriniz işıqlansın! Musa (ə) zalım və müstəbid fironun hökumətində dünyaya gəldi. Bu oğlan uşağının öldürülməsi qəti idi, ana isə çıxış yolu axtarırdı. Əgər qız olsaydı, nigaran olmazdı. Ana ürəyi uşağının eşqi ilə yanır, amma nə edəcəyini bilmir. Bu zaman ilahi vəhy, ilham anaya deyir: "Musanın anasına vəhy etdik ki, ona süd ver". Ona süd ver, qorxma, təhlükə çoxaldıqda, uşağın düşmən əlinə keçməsindən qorxduqda onu səndən almalarına izin vermə, suya at. Allah-Taala bu əhavalatı Quranın bir neçə yerində söyləmişdir; hər bir yerdə də bir gözəllik və incəliklə. Bu ana təhlükənin onu təhdid etdiyi bir şəraitə düşdü. Uşağı almaq üçün bu möhtərəm Bəni-İsrail ailsənin evinə tökülüşdülər. Musanın (ə) anası uşağın əldən çıxacağını anlayıb onu Nil çayına atdı. Çox mühüm məsələdir. Ana öz uşağını bir sandığa qoyub axar çaya necə ata bilər? Allah-Taala burada bu anaya iki vəd verdi: biri budur ki, uşağı sənə qaytaracağıq; ikincisi budur ki, onu şəriət sahibi olan mürsəl peyğəmbərlərdən edəcəyik: "Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də şəriət sahibi olan peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik". Bu uşağı təlatümlü çaya atdıqan sonra Musanın bacısına dedi ki, onun ardınca get, gör nə baş verəcək və bu uşağın taleyi necə olacaq. Nəhayət, bu uşaq Nil çayı ilə fironun evinin yaxınlığına çatdı. Fironun ailəsi onu götürdü. Allah ürəklərinə saldı ki, onu saxlasınlar. Fironun xanımı dedi ki, bu uşağı özümüz üçün saxlayaq. Uşaq heç kimdən süd əmmədi; nə qədər dayə gətirdilərsə, heç birinin döşünü əmmədi. Acdır, süd istəyir. Bu arada Musanın bacısı gəlib dedi ki, istəyirsinizsə mən bir süd verən tapım? Baxın, Allah-Taala duanı qəbul etmək və vədini həyata keçirmək istədikdə şəraiti belə hazırlayır. Bu qızın ürəyinə salır və ona cəsarət verir ki, gəlib fironun məmurlarına belə bir təklif irəli sürsün. Onlar dedilər ki, eybi yoxdur. O gedib Musanın (ə) anasını gətirdi və dedi ki, bu qadın südverən qadındır. Musanı (ə) ona verdilər. Anasının ətrini duyub süd içməyə başladı. Burada fironun adamları şübhələnib onun bu uşağın anası olduğunu bilmədilər. Allah-Taala öz vədinə əməl etmək istəyir: "Beləliklə, gözü aydın olsun, (oğlunun ayrılığına) kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, onu anasına qaytardıq". Bu vədin düzgün olduğunu özü gördü, amma sonrakı vəd budur: "Onu şəriət sahibi olan peyğəmbərlərdən edəcəyik". Musanın (ə) illər sonrakı peyğəmbərliyinin xəbəri həmin yerdə verildi. Bütün Bəni-İsrail bilsin ki, bu uşaq peyğəmbər olacaq, Allah tərəfindən seçiləcək və sizi xilas edəcək. Elə də oldu. Əlbəttə, Allah-Taalanın bunu Musanın (ə) anasının qəlbinə ilham etməsindən onun Tur dağında peyğəmbərlik məqamına çatıb Bəni-İsraili xilas etməyə əmr olunmasına qədər otuz-qırx il zaman ötdü. Hədislərdə bəzi sözlər var, amma adam bu hədislərin sənədlərinə çox da etimad etmir, lakin ayələrdən belə nəticə çıxır ki, ən azı otuz il ötdü.