İlahi vədlər
Duanın qəbul olunması;
Bu gün birinci xütbədə Allahın duanın qəbul olunmasına dair vədi haqda bir qədər söhbət etmək istəyirəm. Ramazan ayında bizim vəzifələrimizdən biri dua etməkdir. Dua insanı Allaha yaxınlaşdırır, dini inancları insanın qəlbində həmişəyaşar və təsirli edir, imanı gücləndirir. Bundan əlavə, Allahdan istək dilənən duanın məzmunu qəbul və insanın istəyi təmin olunur. Yəni dua bir neçə cəhətdən böyük faydalara malikdir. Odur ki, Qurani-kərimdə dəfələrlə duadan və Allahın saleh bəndələrinin etdiyi dualardan söz açılmışdır. Onların hamısı bizə dərs verməkdən ötrüdür. Allahın peyğəmbərləri çətin anlarda Allaha dua edib kömək istəyirdilər: “Rəbbinə dua edib: “Mən məğlub olmuşam, məni qalib et!” – dedi”.1 Bu, həzrət Nuhun (ə) dilindən nəql olunmuşdur. Yaxud həzrət Musanın (ə) dilindən belə nəql olunmuşdur: “Sonra Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”1 Musa Allaha şikayət etdi və Ona sığındı.
Allah-Taala Quranın bir neçə ayəsində duanı qəbul edəcəyinə söz vermişdir. Biri bu mübarək ayədir: “Rəbbiniz buyurdu: “Məni çağırın, sizə cavab verim!”2 Yəni sizin Rəbbiniz buyurub ki, Məni çağırın və Mən sizə cavab verim. Cavab vermək istəyi tam təmin etmək mənasında olmaya da bilər. Bəzən yaranış qanunları Allahın o istəyi tam təmin etməməsini tələb edə bilər. Bəzi qanunlar səbəbindən o istəyin təmin edilməsi, yaxud tezliklə təmin edilməsi mümkün olmaya bilər. Digər yerlərdə ümumi qayda kimi Allah-Taalanın cavabı sizin istəyinizi təmin etməkdir. Necə ki, ramazan ayının gecələrində oxunan şərafətli Əbu Həmzə Sumali duasında buna işarə vurulmuşdur. Quranda buyurmuşdur: “Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir“.3 Allah alim olsa və sizin ehtiyaclarınızı bilsə də, siz Allahdan istəyin və Ona deyin. Bu ayəni duada qeyd edir. Düzdür, şərafətli duada bir qədər fərqli göstərilmişdir. Sonra buyurur ki, ilahi, xalqı istəməyə dəvət etmək, ancaq istəklərini verməmək sənin xislətinə yaddır.4 Yəni Allahın səxavətinin, rəhmətinin və əhatəli qüdrətinin mənası budur ki, əgər istəmənizi deyirsə, istəyinizi verməyə də iradə etmişdir. Bu, Allahın sözügedən vədəsidir. Xütbənin əvvəlində oxuduğum həmin ayədə açıq-aşkar deyilir: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm“.5 Yəni Mənim bəndələrim nə zaman səndən harada olduğumu soruşsalar, ey Peyğəmbər, de ki, yaxınam, cavab verirəm, Məndən istəyən və Məni çağıran şəxsin duasını və istəyini qəbul edirəm. Kim Allahı çağırsa, qarşısında cavabı var. İmam Rzadan (ə) nəql olunmuş hədisdə də göstərilir ki, Allahdan istənilən hər bir istəyin qarşısında qəti bir cavab vardır.6 Bu çox mühüm məsələdir və Allahın mömin bəndələri onun qədrini bilməlidirlər. İmanı olmayan şəxs təbii ki, digər çoxlu imkanlar kimi bu imkandan da istifadə etməyəcək. Bu, Allahın qəti vədəsidir. Yəni Allah-Taala hər istəyə cavab verəcək. Bu bir vədədir və əlbəttə, hər bir vədənin də şərtləri var. Mən burada ilahi vədlər haqda olan ayələri toplamışam. İndi geniş danışmaq istəmirəm, amma ixtisarla bəzi məqamlara toxunacağam.
Dostları ilə paylaş: |