Gözəl həyat - bütün din hökmlərinin məqsədi
İslamda hər şey insanın islahına müqəddimədir. Bütün vacib əməllər, hökmlər, günahlardan çəkinmək, müstəhəb işlər, ictimai və fərdi hökmlər hamılıqla gözəl həyata, insan ruhunun dirçəlməsinə, insanın heyvanlıq və vəhşilik aləmindən yüksəlməsinə müqəddimədir. Əgər bəşər öz iradəsi ilə ilahi tərbiyə alsa, daxilində bu gözəl həyat yaranacaq və mühiti gözəlləşdirib təmizləyəcək. Əgər bu ilahi tərbiyə olmasa, insan Allahın yolu ilə getmək üçün möhtac olduğu iradəni əldən versə və özünü bəşəri istəklərə tapşırsa, heyvaniyyət həddində qalacaq, digər heyvanlardan da təhlükəli bir məxluq olacaq. Necə ki, insaniyyət tarixi boyu heyvan xislətli insanların peyda olub bəşəri Allah yolundan çəkindirdiklərini bilirsiniz. Fironlarda, qarunlarda, nəmrudlarda və təcəssüm olunmuş digər şeytanlarda da kamillik və tərəqqi istedadı vardı. Onlar da özlərinə gəlib düşünsəydilər, öz insani gövhərlərini yada salsaydılar, islah ola bilərdilər. Allah-Taala Musaya (ə) buyurur ki, fironla yumşaq danışın, bəlkə ayılıb Allahdan qorxdu.1 Fironda da özünə gəlmək, Allahı xatırlamaq, daxilindəki insani gövhərini dirçəltmək imkanı vardı, amma azğınlıq qoymadı. Nəfsin azğınlığı, dünyagirlik azğınlığı, xudpəsəndlik azğınlığı, təkəbbür və insanda olan heyvaniyyət ruhunun azğınlığı mane oldu.
Mənim əzizlərim! Oruc insanda sözügedən heyvaniyyət ruhunu cilovlamaq üçündür. Namaz insanın Allah qarşısında kiçilməsi üçündür. İslamda olan bütün hərəkətlər, əməllər, görüləsi olan və olmayan işlər - hər bir şey bizim öz nəfsimizə hakim olmamızdan ötrüdür; vücudumuzda və daxilimizdə olan bu vəhşi fili nəsihət, moizə, Allahı yada salmaq və ilahi vəzifələr dəyənəyi ilə vurub ram etməmizdən ötrüdür. Bayram da bundan ötrüdür, oruc da bundan ötrüdür, namaz da bundan ötrüdür, cihad da bundan ötrüdür, İslam hakimiyyəti də buna şərait yaratmaqdan, qəlbləri Allaha yaxınlaşdırmaqdan, insanları Yer üzünü və dünyanı abadlaşdırmaqla yanaşı, onu özünə son məqsəd seçməkdən yüksəkdə saxlamaqdan ötrüdür.
İslam demir ki, dünyanı abadlaşdırmayın, elm öyrənməyin, təbiətdəki ilahi qanunları öyrənməyə çalışmayın. Xeyr, əksinə, İslam insanı elmə və ağla sarı yönəldir.
İslam düşüncə və elm baxımından cəmiyyətin səviyyəsini yüksəldir; insandan istəyir ki, Yeri qursun, abadlaşdırsın, Allah-Taalanın bu dünyada yaratdığı, havada, torpaqda, günəşdə, suda və kainatda əmanət qoyduğu digər qüvvə və istedadları kəşf etsin, özünün və digər insanların ixtiyarında qoysun. İslam insandan bunları istəyir. İslam istəyir ki, insanın məqsəd və arzusu yaxınında olan nağd imkanlardan ibarət olmasın, maddi həyatı, pulu, digərləri üzərində qələbəni, gücü, ehtiras və ləzzətləri özünə məqsəd seçməsin. İslam insanı bunlardan çəkindirir. Və varlıq aləmində İslamın təşəbbüsü həyata keçməyincə insan rahat olmayacaq.
Xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışından: 1999.
Dostları ilə paylaş: |