Oruc - gözəllik, güc və kamillik üçün ruhi idman
Mənə və sizə əmr olunan bütün ibadətlər və şəriət vəzifələri əslində sözügedən mənəvi paklıq, yaxud tərbiyə vasitələri və bizim kamilləşməmizdən ötrü idmanlardır. İdman etməyəndə bədəniniz gücsüz və zəif olur. Onu gücləndirmək, gözəlləşdirmək və müxtəlif istedadlarını aşkara çıxarmaq üçün idman etməlisiniz. Namaz qılmaq idmandır; oruc tutmaq idmandır; maddi yardım etmək idmandır; günahlardan çəkinmək idmandır; yalan danışmamaq idmandır; insanlara xeyirxahlıq etmək idmandır. Bu idmanlarla ruh gözəlləşir, güclənir və kamilləşir. Əgər bu idmanlar edilməsə, zahirdə çox ürəkaçan görünməmiz mümkündür, amma daxilimiz nöqsanlı, arıq, kiçik və zəif olacaq. Bu idmanlardan biri də orucdur.
Oruc insanın yalnız yemək və içməkdən çəkinməsi deyil. Bu işlər niyyətli olmalıdır. Əgər bir gün hansısa problem səbəbindən, yaxud başınız qarışdığından on iki saat, on beş saat bir şey yeməsəniz, sizə heç bir savab verilməz. Lakin eyni işi niyyətlə gördüyünüzdə sizə dəyər bağışlayan və ruhunuzu qiymətli edən parlaq bir gövhər olur.
Orucun şərti niyyətdir. Niyyət nə deməkdir? Niyyət odur ki, bu əməli, bu hərəkəti, bu imsakı və bu məşqi Allah üçün, Allah yolunda və ilahi əmri yerinə yetirmək üçün edəsiniz. Hər bir işə dəyər bəxş edən budur. Buna görə, mübarək ayın birinci gecəsinin duasında belə oxuyursunuz: "Ey mənim Allahım! Bizi niyyət və əməl edənlərdən et, bədbəxt olub səhlənkarlıq edənlərdən yox!"1 İstər mənəvi, istər maddi bir iş üçün tənbəllik, könülsüzlük və passivlik bədbəxtlikdir.
Oruc tutmaq ən yaxşı işlərdəndir. Zahirən iş görməmək olsa da, əslində hərəkətdir, əməldir, müsbət işdir. Çünki siz bunu niyyətlə edirsiniz. Odur ki, oruc tutmağa başlayarkən - yəni şəfəqin söküldüyü andan günün sonuna qədər daim bu niyyətlə ibadət halındasınız. Əgər yatsanız da ibadət edirsiniz, yol yerisəniz də.
Əziz Peyğəmbərdən (s) nəql olunmuşdur ki, ramazan ayında nəfəsləriniz "subhanəllah" zikri və yuxunuz ibadətdir.2 Yuxu necə ibadət ola bilər? Nəfəs almaq necə "subhanəllah" demək ola bilər? Bu ondan ötrüdür ki, siz bekar olsanız da, heç bir iş görməsəniz də, bu niyyətdə olduğunuzdan daim ibadət halındasınız.
Başqa bir hədisdə buyurur ki, oruc tutanın yuxusu ibadət, sükutu "subhanəllah" zikri, əməli və duası qəbuldur.3 Sizin sükutunuz ibadətdir, nəfəs almanız ibadətdir, yatmanız ibadətdir. Nə üçün? Çünki siz otuzgünlük ramazan ayı boyu Allah üçün imsak edir və bəzi fiziki ləzzətlərə göz yumursunuz.
Bu və digər ibadətlərdə olan əsas məsələ budur ki, insan onu rəzalətə çəkən və əsir edən ləzzətlərlə və nəfsinin istəkləri ilə mübarizə aparır. Nəfsi başlı-başına buraxmaq hünər deyil; bacardığı qədər ləzzət alması insan üçün kamillik deyil. Bu, heyvani işlərdəndir və insanda olan heyvani cəhəti gücləndirir. Əlbəttə, heyvani cəhət də bizdəndir və bizdə olmasını istəyiblər. Yemək, içmək, istirahət etmək, halal ləzzətlərdən bəhrələnmək bizim varlığımızdandır. Bunların eybi yoxdur və heç kəs bunları qadağan etməmişdir. Qadağan olan insanın bu cəhətdə qərq olmasıdır. Maddəçilik insanı bu cəhətdə qərq olmağa çəkir. Dinlər və ilahi üsulun da daxil olduğu əqli üsullar bu ləzzətlərin uçurumunda ixtiyarını əldən verib yuvarlanmaması üçün insanın önünü kəsirlər. Ləzzətlərdə heç bir sərhəd tanımamağa çağıran hər bir dəvət oda, bədbəxtliyə və həlakətə dəvətdir. Ümumi olaraq peyğəmbərlərin, həkimlərin və ilahi çağırışçıların dəvəti nəfsi bu ləzzətlərdən saxlamaq istiqamətindədir. Oruc da bu qəbildəndir. Məhz buna görə ramazan ayı hədislərdə münasib bir zaman sayılmışdır ki, insan bu ayda məşq edib bütün günahları tərk etsin.
Dostları ilə paylaş: |