Hər bir halda və hər bir yerdə Allahı yada salmaq
Mənim əsas məqsədim olan sonrakı hədisin əvvəlində təxminən oxuduğum hədisə oxşar ibarələrlə həmin üç məsələ qeyd olunur. O hədisdə “hər bir halda Allahı yad etmək” vardı, burada İmam Sadiqin (ə) hədisində isə “hər bir yerdə Allahı yad etmək” kimi göstərilmişdir. Lakin mənim nəzərdə tutduğum budur: Deyir hər bir halda Allahı zikr etmək dedikdə məqsədim bu deyil ki, “subhanəllah vəl-həmdu lillah və la ilahə illəllah vallahu əkbər” deyəsiniz. Bu, söz zikridir: “Baxmayaraq ki, bu da ondandır”. Yəni bu da zikrdir, bu da yaxşıdır, bu da dəyərlidir, lakin mənim məqsədim təkcə bu deyil. Məqsəd budur ki, Allahın itaətinə, yaxud günaha sarı getdikdə Allahı yad et. Belə yad etmək, Allahın belə zikri nəzərdə tutulur. Düzdür, bizim rəvayətlərimizdə, bu dualarda, bu müxtəlif zikrlərdə, həzrət Zəhra (ə) təsbehində və digər zikrlərdə göstərilənlərin hamısı zikrin vasitələri, kapsullarıdır. İnsan mənalarına və həqiqətlərinə diqqət yetirməklə bunları dilinə gətirməli, diqqət halı əldə etməlidir. Əlbəttə, bunlar çox dəyərlidir.
Bu məsələlər haqda söz bitmir. Bizim üçün çox faydalı olan bu mənəvi məsələlər haqda saatlarla danışsaq da, həqiqətən çox deyil. Doğrusu budur ki, biz geridəyik. Biz İslam tərbiyəsi sahəsində İslam quruluşunun tələb etdiyi həddə inkişaf etməmişik. Bəziləri deyirlər ki, biz məsələn, quruculuq, texnologiya və digər hansısa sahədə bundan çox inkişaf edə bilərdik, amma etməmişik. Lakin bizim bütün sahələrdən çox inkişaf etməli olduğumuz, amma etmədiyimiz sahə mənəviyyat, özünüislah və əxlaq sahəsidir. Biz bu sahələrdə həqiqətən geridəyik.
Bizə layiq bir nümunə üçün müqəddəs müdafiə dövrünə baxmanız lazımdır. Görün cəbhəyə yollanan gənclərin, övladlarını bu şəkildə döyüşə yola salan ata-anaların, cəbhəyə elə həvəslə dayaq olan ailələrin hansı halı və hansı hissi vardı. Onlar yaxşı nümunələrdir. Ən üstün nümunələr olduqlarını demirik, amma çox yaxşı nümunələrdir. Biz həmin formada, həmin templə irəliləməli idik, amma irəliləmədik. Bəzən onları da unuduruq. Bəzilərimiz unudur, bəzilərimiz də təəssüf ki, inkar edir. Daha pisi budur ki, bəzilərimiz o halları pisləyirik. Bəzi fikirlərdə buna rast gəlmək mümkündür. Bəzən ətrafda biçimsiz və yaramaz sözlər danışılır, müqəddəs müdafiə zamanı bizim döyüşçülərimizin və gənclərimizin gözəl və müqəddəs halları pislənir.
Bizim əksərən o xırdalıqlardan xəbərimiz yoxdur. Mənim də, müharibədə iştirak edən komandirlərin də orada baş verənlərin hamısından xəbərimiz yoxdur. Orada daxili inqilab, dəyişiklik, uca xüsusiyyətlərə və insani fəzilətlərə sarı inkişaf o qədər çox olub ki, onları saymaq həqiqətən imkansızdır.
Mən bu yaxınlarda bizim hücumlarımızdan biri haqda yazılmış və həmin bir neçə günü şərh edən bir kitab oxudum. Bir diviziyanın, bir briqadanın, bir batalyonun, yaxud hətta bir bölüyün də yox, bir tağımın sağ qalanlarının dili ilə deyilənlərdir. Bu tağımın bəzi üzvləri sağ qalmış və məlumat vermişlər. Kitabı çox gözəl üslubda qələmə almış bu yazıçı və tədqiqatçı - belə işlər həqiqətən çox dəyərlidir - gedib məlumatların hər birini o şəxslərdən almış, 600-700 səhifəlik bir kitab yazmışdır. Biz yalnız eşidirik ki, Fav əməliyyatı olmuşdur, amma bu əməliyyatın mühüm işlərindən çoxunu bilmirik: Ərvənddən keçdilər, Favı aldılar, duz zavodunu tutdular, filan işi gördülər. Biz ümumi məlumatları bilirik, bu əməliyyatın hər bir addımında baş verənləri isə bilmirik.
Bizim önümüzdə çox ustalıqla və gözəlliklə böyük bir miniatür əsər qoymuşlar. Biz uzaqdan baxır və bəh-bəh deyirik, amma yaxına gedib bu miniatürün hər bir tərəfində nə qədər incəsənət üslubunun işləndiyinə baxmırıq. Bu işi bəzi adamlar görürlər, görmüşlər. Mənim gördüyüm bu nümunə həmin işlərdən biridir. Ümidvarıq ki, bu işlər davam etsin.
O, əxlaqi inkişaf idi. İnsan İslamın, Allahın, qeybə etiqadın və imanın insana bəxş etdiyi əxlaqi dəyərlərin onun həyatına necə təsir göstərdiyini orada anlayır, görür. Bunu inkişaf etdirmək lazımdır. Heyf ki, lazımınca inkişaf etməmişdir. Biz özümüzlə bunlardan olduqca çox məşğul olmalıyıq.
Quruluşun məsul şəxsləri ilə görüşdə çıxışından: 2007.
Dostları ilə paylaş: |