Əxlaqın və cəmiyyətdə bədgümanlığın qarşısını almağın əhəmiyyəti
Öz əxlaqımızla məşğul olaq. Əxlaq əməldən də əhəmiyyətlidir. Biz cəmiyyətdə qardaşlıq, mehribanlıq və etimad ab-havası yaratmalıyıq. Mən cəmiyyətdə bədgümanlığın yayılması ilə əsla müvafiq deyiləm. Biz bu adətləri özümüzdən uzaqlaşdırmalıyıq. Təəssüf ki, bu gün günbəgün daha artmaqda, genişlənməkdə və mürəkkəbləşməkdə olan müxtəlif informasiya vasitələrinin, qəzetlərin və media qurumlarının bir-birini ittiham etməsi geniş yayılmışdır. Bu yaxşı hal deyil; bizim qəlbimizi qaraldır, həyatımızı zülmətə çevirir. Heç bir ziddiyyəti yoxdur ki, günahkar öz günahının cəzasını çəksin, lakin mühit günahlandırmaq, ittiham etmək, şayiə və xəyallarla digərlərini günahlandırmaq mühiti olmasın. Mən burada bunu da deyim: Televiziyadan yayımlanan məhkəmə iclaslarında bir müttəhimin başqa bir şəxs haqqında nəsə deməsi şəriət baxımından mötəbər sayılmır. Bəli, müttəhim məhkəmədə özü haqda nə desə, mötəbərdir; özü barədə etdiyi etiraflar mötəbər sayılır. Müttəhimin bir məhkəmədə kamera önündə, milyonlarla tamaşaçı qarşısında öz əleyhinə etdiyi bütün etiraflar şəriət və el adətləri baxımından məqbuldur, keçərlidir, digəri haqda dedikləri isə qəbul olunmur. Cəmiyyəti ittiham və şübhə ilə doldurmaq olmaz. Quran buyurur: "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – deməli deyildilərmi?" Birinin ittiham edildiyini eşitdikdə nə üçün bir-birinizə qarşı bədbin olursunuz? İcra və məhkəmə orqanlarının vəzifəsi öz yerində. İcra orqanları cinayətkarı təqib etməli, məhkəmə orqanları isə qanunlarımızda göstərilən şəkildə cəzalandırmalıdır. Bu işdə səhlənkarlığa yol vermək olmaz. Lakin qanuni yollarla cinayəti sübut olunmuş cinayətkarın cəzalandırılması gümanla, xəyalla və böhtanla birini ittiham və bədnam etməmizdən, cəmiyyətdə ağızlara salmamızdan fərqli bir şeydir. Belə olmaz. Bu düzgün deyil. Yaxud digərləri – xaricilər, əcnəbilər və qərəzli televiziya kanalları bir şəxsin, yaxud şəxslərin əleyhinə danışır, filan yerdə xəyanət etdiyini, filan yerdə səhvə yol verdiyini iddia edirlər. Biz də onu eynilə yaymalıyıq?! Bu zülmdür, məqbul deyil. Əcnəbi informasiya vasitələrinin nə zaman bizə ürəyi yanmışdır?! Nə zaman bizim haqqımızda həqiqətləri söyləmişlər ki, indi də söyləmiş olsunlar?! Deyirlər, danışırlar, iddia edirlər. Bunları şəffaflıq adlandırmaq olmaz. Bu, şəffaflıq deyil, şübhə yaratmaqdır. Şəffaflığın mənası budur ki, İslam Respublikasında bir məmur öz işlərini açıq şəkildə xalqın ixtiyarına qoysun. Şəffaflığın mənası budur və bunu etməlidirlər. Lakin bizim sübut olunmadan onu-bunu ittiham etməyə, doğruluğu mümkün olan, lakin hələ sübuta yetməmiş məsələləri kiməsə aid etməyə haqqımız çatmır. Bu onu müttəhim edir, o bunu; əcnəbi mediadan, qərəzli İngiltərə mediasından faktlar göstərirlər, sonra da o tərəfdən biri peyda olub bütün quruluşu İslam quruluşuna yaraşmayan şəkildə ittiham edir. İslam quruluşunun məqamı bəzilərinin aid etdiklərindən olduqca ucadır. Bu irad onlara daha çox yapışır. Bir şəxsə böhtan atmaq günahdır, bir İslam quruluşuna, bir təşkilata böhtan atmaq isə olduqca böyük günahdır. İlahi! Öz təqvanla bizi günahlardan uzaqlaşdır!