İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə21/23
tarix23.10.2017
ölçüsü3,86 Mb.
#11747
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

qırx birinci dərs




İNSANLIQDAN




«O adamlardan olma ki, yalnız məcbur edildikdə nəsihətdən bəhrələnirlər. Həqiqətən, aqil şəxs nəsihəti ədəblə qəbul edir, dördayaqlı isə yalnız qamçı ilə».

İNSANIN RƏFTARINDA MEYLLƏRİN ROLU


Belə bir sual çoxlarına cavabsız görünə bilər ki, nə üçün insan nəsihətlərə, ayə və rəvayətlərin göstərişlərinə bir o qədər də əməl etmir? İnsanın heç bir öyüd-nəsihətsiz doğru yolu seçib, bu yolda hərəkət edilməsi üçün nə etmək lazımdır? Bu sual həyati əhəmiyyət daşıdığından ona cavab verilməsi çox mühümdür.

Şübhəsiz ki, bütün canlılar kimi, insanın da əməl və rəftarları hansısa məqsəd daşıyır. Əgər heyvan ot yeyirsə, onun məqsədi tox olmaqdır. Əgər insanda da belə bir xüsusiyyət varsa, demək, onun da belə bir məqsədi var. İstənilən bir əməl hansısa meyldən yaranır.

Eyni bir hədəfə doğru müxtəlif meyllərlə hərəkət edilməsi mümkündür. Bə’zən bir neçə meyl eyni hədəfə doğru aparır. Amma heç bir əməl məqsədsiz olmur. Hətta bir şəxs parkda gəzirsə, onun da hansısa məqsədi var. Bu insandan soruşduqda ki, onun gəzişməsinin məqsədi nədir, cavab verməkdə çətinlik də çəkə bilər. Amma onu gəzməyə vadar edən daxili bir tələbat vardır. Allah-təala bütün insanların daxilində belə bir meyl qoymuşdur. Bu meyl başqa canlılarda da müşahidə olunur. İstər insan, istərsə də digər canlılar qidalanmaqdan ləzzət alırlar. İnsanın daxilində onu müxtəlif işlərə sövq edən çeşidli meyllər mövcuddur. İnsanın meyli bir şey istəyirsə, o yubanmadan bu istəyin ardınca gedir. Əlbəttə ki, belə bir istəyin həyata keçməsinə maneçilik yoxdur. Bir neçə meyl eyni zamanda baş qaldırdıqda bu meyllərdən biri qabağa düşür. Məsələn, insan həm ləzzət almaq, həm də rahat olmaq istəyir. Ləzzətə çatmaq üçün əziyyətə düşmək lazım olduğundan insan rahatlıq meylini üstün tutub, ləzzət ardınca getmir. Rahatlıq istəyində olan adamlar bir çox meyllərini susdururlar. Macəraçı adamlar isə əksinə, daim öz meyllərini tə’min etmək ardınca qaçırlar.


MEYLLƏRİN OYANMASINDA VƏ GÜCLƏNMƏSİNDƏ TƏ’SİRLİ OLAN AMİLLƏR


İnsanla heyvan arasında müştərək meyllər mövcuddur. Bu meyllərin yaranmasında da müxtəlif amillər vardır. Məsələn, təcrübədə sübut olunmuşdur ki, insanda cinsi meyli oyadan fizioloji səbəblərdir. Amma elə meyllər də vardır ki, onların oyanması hansısa orqanla əlaqəli deyil. Bu meyllərin oyanmasında psixoloji amillər fəaldır. Məsələn, insan hörmət umacağında olur. Bu meyl insan orqanizmindəki hansısa üzvün tələbi ilə yaranmır. Hörmət istəyini yaradan psixoloji amillər mövcuddur. Demək, bə’zi meyllər orqanizmlə, bə’zi meyllər isə ruhla bağlıdır.

İnsanın Allahla ünsiyyətə ehtiyacı qeyri-üzvi, ruhani meyllərdən yaranır. Allahla ünsiyyət meylinin ruhla bağlı səbəbləri vardır. Bə’zən bu meyl o qədər qüvvəli olur ki, insan uğur qazanmaq üçün bütün çətinliklərə, o cümlədən aclığa, yuxusuzluğa, min bir əzab-əziyyətə dözməyə hazır olur.


MEYLLƏR ARASINDAKI TƏZAD


İnsanın təbii meyllərə nə dərəcədə tabe olması mövzusu geniş vaxt tələb etdiyindən bu barədə danışmaq fikrindən daşınırıq. Amma qeyd etməliyik ki, bu meyllərin güclənməsində və ya zəiflədilməsində insan mühüm rol oynayır. Demək, bu meyllərə nəzarət etmək mümkündür. Məsələn, moizə dinləmək, dualar oxumaq insandakı ilahi meylləri gücləndirir. Əxlaqi göstərişlərə əməl olunması, müqəddəs dinin ayinlərinə bağlılıq insandakı ilahi meyllərin çiçəklənməsi ilə nəticələnir.

«Şəbaniyyə» münacatında çox ibrətamiz bir tə’bir vardır: «Ey mənim Allahım! Məndə elə bir güc olmadı ki, sənə itaətsizlikdən kənarlaşa biləm. Yalnız dostluq məhəbbətin üçün məni oyatmağın həmin məqamda yardımçım oldu». Bu tə’birdə insan vücudundakı iki qüvvə xatırladılır. Bunlardan biri günaha, o biri isə savaba doğru çəkən qüvvədir.

Qur’ani-kərimdə də insanı iki müxalif qütbə doğru çəkən qüvvələr haqqında danışılır. Bu cəhətlərdən biri Allaha, digəri isə onun əksinə yönəlmişdir. Daxili bir qüvvə insanı Allaha doğru cəzb edib, onun qəlbini ilahi məhəbbətlə doldurur. Digər bir qüvvə isə insanı nəfs istəklərinə doğru çəkən şeytani qüvvədir. Bu qüvvə insanda vəzifə, var-dövlət, firavan həyat həvəsi yaradır. Yuxarıda zikr olunmuş münacatda insanı Allaha doğru çəkən qüvvə əks qüvvədən böyük tanıtdırılır. Bu qüvvə insanı nəfs istəklərindən uzaqlaşdırıb, Allaha doğru sövq edə bilir. Əgər bu amil güclənərsə, insan qeyri-ilahi qüvvələrin əsarətindən rahatlıqla qurtula bilər.

Elmi araşdırmalar da təsdiq edir ki, insan müxtəlif qüvvələrin tə’sir mərkəzindədir. Bu qüvvələrin hərəsi insanı bir tərəfə çəkir, onu hansısa fəaliyyətə sövq edir. İlahi məhəbbət cazibəsində olanlar heç vaxt şeytana uymur, onun vəsvəsələrinə təslim olmurlar. Peyğəmbərin göndərilməsi, ilahi kitabların nazil olması insanın vücudundakı meylləri tarazlamağa xidmət edir. Sadalanan vasitələr insandakı ilahi meylləri dirçəldir və onların cazibəsini gücləndirir ki, insan qeyri-ilahi qüvvələrin hücumlarından qoruna bilsin.

İnsana bu keşməkeşlərdə yardımçı olan amillərdən biri yaranış aləminin əvvəlinə diqqət göstərilməsidir. Əgər insan inansa ki, varlıq aləminin yaradıcısı Allahdır və bütün işlərin tədbiri Onun əlindədir, Ona təvəkkül edər. Bəli, bə’zən insan bu həqiqətə inansa da, əməl məqamında öz inamını unudub, başqa cür hərəkət edir. Məhz bu vaxt vaizlərin və əxlaq müəllimlərinin nəsihətləri ona köməkçi ola bilər. Moizənin rolu odur ki, insandakı inamları diri saxlasın və bu həqiqətləri daim ona xatırlatsın. Uyğun həqiqətləri daim xatırlayan insan heç vaxt itaətsizlik göstərmir.

İNSANLIQLA HEYVANLIQ ARASINDAKI SƏDD


İnsanı heyvandan fərqləndirən əsas cəhət onun öz meyllərinə tə’sir göstərə bilməsidir. İnsan öz meyllərini idarə edə bilirsə, heyvanlarda belə bir qabiliyyət yoxdur. Əslində elə insanın insanlığı da bundadır ki, o öz meyllərini tənzimləyə bilir.

İnsan edə bilər ki, öz ilahi meyllərini dünyəvi meyllərindən üstün tutsun və bu ilahi meylləri gücləndirsin. İnsan moizə və nəsihətdən, elm və bilikdən faydalanaraq, öz meyllərini idarə edə bilər. Hansı ki, heyvanlarda belə bir iste’dad yoxdur. Heyvana onun meylləri hakimdir və onun meyllər ardınca getməkdən savay yolu yoxdur. Məsələn, heyvan üçün fərqi yoxdur ki, qida haradan və hansı yolla əldə olunub. O yalnız özünü doyurmaq məqsədindədir. Əgər insan da eyni şəkildə hərəkət etmiş olsa, heyvandan fərqlənməz. Qur’ani-kərimdə buyurulur: «Kafir olanlar eynən heyvanlar kimi yeyir, bəhrələnirlər onların yeri atəşdir».1 Kafirlər, əqidədən məhrum olanlar eynən heyvanlar kimi qidalanırlar. Əlbəttə ki, mö’minlər də dünya ləzzətlərindən istifadə edirlər. Amma kafirlər bu işdə Allahın razılığını nəzərə almır, mö’minlər isə hədd gözləyirlər. İlahi və mə’nəvi dəyərləri ayaq altına almış kafirlər əslində heyvandan da alçaqdırlar.2

Öz insanlığımızı dərk etmək üçün araşdırmalıyıq ki, vücudumuzdakı hansı meyllərə üstünlük verməliyik? İlahi meyllər heyvani meyllərlə ziddirsə, hansı yolla hərəkət etməliyik? Ümumiyyətlə insan heyvan istəklərin caynağından qurtula bilərmi? Bəli, insanlıqla heyvanlıq arasındakı sərhəd bu nöqtədən ötüb-keçir. Təəssüf ki, bə’zən heyvanlar öz heyvani istəklərindən çəkinsələr də, insan həmin istəklərin əsiri olduqda ifrata varır. Əkin sahəsinə daxil olmuş heyvan əkin sahibini gördükdə baş götürüb qaçır. Amma bə’zi insanlar min dəfə cəzalandırılsalar belə, öz pis əməllərindən əl çəkmirlər. Bə’zi heyvanlar müəyyən üsullarla tə’lim olunurlar. Bə’zi insanlar isə peyğəmbərlə təmasda olmalarına baxmayaraq, tərbiyə olunmurlar. Əslində heyvanlar bə’zi insanlardan daha asan tərbiyələnirlər. Məgər belə bir heyvan insandan üstün deyilmi?!

Qeyd etməliyik ki, bir çox bəlalardan sonra günahdan əl çəkən insan da heyvandan üstün sayılmamalıdır. Çünki heyvan da bir yerdə palçığa batdıqda ikinci dəfə həmin yerdən keçmir. Əsl insan odur ki, Allaha məhəbbətin sayəsində öz rəftarlarını islah etsin. Yalnız bəlalardan sonra islah olmaq isə əsil insanlıq sayılmır.

Vəsiyyətnamənin bu hissəsində Əmirəl-mö’minin (ə) buyurur ki, əgər heyvanlıq səddini aşıb insanlıq məqamına ucalmaq istəyirsinizsə, nəfs istəklərinizə qalib gəlməyə çalışmalısınız. Moizə və nəsihət, ilahi sevgi, Əhli-beytə (ə) məhəbbət yolu ilə öz səadətinizi tə’min edin. Məbada, heyvanlar kimi qamçı gücünə nəsihət eşidəsiniz. Aqil insan yalnız öz ağlının köməyi ilə nəsihətləri qəbul etməli və ali məqsədə çatmalıdır.


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin