QƏLBİN PAK SAXLANILMASI
«Haram yolla əldə olunan təam pis təamdır, zəifə edilən zülm ən çirkin zülmdür. Çirkin iş, adı kimi çirkin olar və çətinliklərə dözmək qəlbi pak saxlayar. Müdara (xoş keçinmə) sərtlik hesab olunan yerdə sərtlik müdaradır. Nə çox ki, dərman dərd ola, dərd dərman. Nə çox ki, nəsihət göznəlilməyən kəs nəsihət versin və nəsihət istənilən şəxs xəyanət etsin.»1
Əmirəl-mö’minin Əlinin (ə) oğlu imam Həsən Müctəbaya (ə) vəsiyyətinin üçüncü hissəsi ümumi moizələr şəklində bəyan olunmuş qısa cümlələrdir. Bu dürlü ifadələrin həm dünya həyatında təsdiqi var, həm də axirət səadəti üçün faydalıdır. İndi isə Allah-təalanın yardımı (tövfiqi) həddində bu nurani cümlələrin izahına başlayırıq. İnşaəllah, faydalı olar.
Deyildiyi kimi, bu şərif vəsiyyətnamənin nüsxələri, ifadələrin sayı, onların təqdimi və tə’xiri cəhətdən bir-birlərindən fərqlənirlər. Ona görə də nüsxələrdəki ziddiyyətlərdən pəhriz üçün bu vəsiyyəti şərif «Biharul-ənvar» kitabından oxuyuruq. Bə’zi kitablarda «Haram yolla əldə olunan təam pis təamdır...» ifadələri tam verilməmiş, digər bə’zi nüsxələrdə isə müxtəlifliklər mövcuddur. İndi isə bu nöqtəni nəzərdən qaçırmamaqla Həzrətin (ə) kəlamının aydınlaşdırılması və təfsirinə başlayırıq.
DÜNYA MALINDAN BƏHRƏLƏNMƏYİN ME’YARI
Müttəqilər imamı Əli (ə) bu hissədə buyurur: «Haram yolla əldə olunan təam pis təamdır ...» Bu cümləni iki cür təfsir etmək olar:
a) İlkin olaraq deyə bilərik ki, bir insan, adətən, dünya işlərini dəyərləndirmək, onlardan bəhrələnmək və ya pəhriz etmək üçün ölçüdən istifadə edir. Həmin ölçü əsasında işləri qiymətləndirir və bu işlərə münasibətdə vəzifəsini müəyyənləşdirir. Məsələn, bir şəxs özünə deyə bilər ki, mənim təbimə uyğun gələn nə varsa, yaxşıdır, təbimə uyğun gəlməyənlər isə pisdir. Ya da insan belə bir me’yarı əsas götürür ki, nədən ki ləzzət alıram yaxşıdır, nədən ki ləzzət almıram pisdir və bütün dünyəvi işlərini bu me’yar əsasında tənzimləyir.
Həzrət Əlinin (ə) nəzərində isə bu sırf maddi me’yarın heç biri düzgün deyil. Əksinə, mə’nəvi və ruhani me’yar nəzərdə tutulmalıdır. Hər xoşa gələn qidanın yaxşı, hər xoşa gəlməyən qidanın pis sayılması düzgün fikir deyil. Ləzzət və tamsızlıq, təbəuyğunluq və qeyri-uyğunluqdan əlavə mə’nəvi me’yar da nəzərdə tutulmalıdır. O qida yaxşıdır ki, dadsız da olsa halal olsun. O qida pisdir ki, şirin və dadlı da olsa, haram olsun. Bu təfsirə əsasən, təkcə zahiri me’yarlarla kifayətlənməməli, mə’nəvi dəyərlərə də diqqət yetirilməlidir. Bu cəhətə görə deyə bilərik ki, Həzrətin (ə) «haram yolla əldə olunan təam pis təamdır» cümləsini bəyan etməkdə məqsədi, həqiqətən, dünyəvi ləzzətlərin mə’nəvi tərəfinə diqqət yetirilməsidir.
b) Uyğun kəlam üçün verilə biləcək digər bir təfsir budur ki, Həzrətin (ə) məqsədi mütləq haramdır. Yə’ni Həzrətin (ə) kəlamı bu mə’naya işarə edir ki, bizim gördüyümüz işlərin hamısı ruhumuzun formalaşmasına tə’sir göstərir. Bu dünyada qəbul etdiyimiz qidalar bədənimizdə əsər qoyur. Faydalı və sağlam qida bədənimizi inkişaf etdirir, bədənin sağlamlığını və enerjisini tə’min edir. Qida zəhərli olsa bədən xəstələnər, növbənöv mikroblara yoluxar, bə’zən də ölümlə çarpışmalı olar. Anoloji olaraq, insanın ruhu da onun dünyadakı yaxşı və pis əməllərinin nəticəsində sağlam və ya xəstə, diri və ya ölü ola bilər. Gördüyümüz işlər əslində ruhumuza təqdim etdiyimiz qidalardır. Pis, zəhərli qidalar orqanizmimizi xəstələndirdiyi kimi, günah və haram işlər də ruhumuzu xəstəliyə düçar edir. Ruhumuza tə’sir göstərən həmin bu əməllərimiz və rəftarlarımızdır. Necə ki, yediyimiz qidalar bədənə tə’sir göstərir, əməl və rəftarlar da ruhumuzda tə’sir qoyur. Bu təfsirə əsasən, Həzrətin (ə) kəlamının mə’nası budur ki, haram iş insan ruhunun pis qidasıdır. Bu izah əvvəlki izahdan daha əhatəli və yetərlidir.
ƏN PİS ZÜLM
Həzrət Əlinin (ə) digər bir sifarişi zəif adamlara zülm etməkdən çəkinməkdir: «Zəifə edilən zülm ən çirkin zülmdür». Zülmlərin ən pisi, ən çirkini zəif fərdlərə zülm edilməsidir. Aydındır ki, hər bir zülm pis və çirkindir. Zülm, yə’ni «həddi aşmaq», «başqalarının hüquqlarına riayət etməmək». Başqalarının hüququna riayət etməyən insan zülm etmişdir. Zülm edilən şəxs istər zəif olsun, istər güclü, bu əməl pis və çirkindir. Amma zəif adamların haqqı tapdalandıqda daha çox pis olur. Zəif fərdin vəziyyəti bir şəkildədir ki, bizim daxili hisslərimizi oyatmalı və o şəxsin himayəsinə vadar etməlidir. Yə’ni onun vəziyyəti mərhəmət və lütf tələb edir. İndi əgər onu himayət etmək, ona mərhəmət göstərmək əvəzinə başına vursaq, bu əməlimiz ikiqat zülm sayılar. Çünki vicdanın və ən’ənənin ziddinə əməl etmişik. Kömək etməməyimiz bir yana, onun haqqını tapdamışıq. Buna görə də uyğun əməl daha pisdir. Həqiqətən, belə bir əməl ikiqat zülmdür və daha çirkin sayılmışdır.
Belə bir əməlin daha çirkin olmasının digər bir səbəbi budur ki, güclü öz haqqını müdafiə edə bilirsə, zəif öz haqqını müdafiə edə bilmir. İnsanın zalımcasına əməlləri zəif fərdə münasibətdə daha rahat və tam şəkildə yerinə yetir. Ona görə də zəifə edilən zülm daha zalım və daha rəhimsiz sayılır. Ona əsasən də, zəifin haqqını tapdamaq onun hüquqlarını görməzliyə vurmaq çox çirkin işdir.
Hər halda Həzrətin (ə) bu kəlamı bizə xəbərdarlıq edir ki, məbada, özümüzdən gücsüz-qüdrətsiz bir şəxslə baş-başa gəldiyimiz vaxt onunla bacardığımız kimi rəftar edək. Hansı ki, zəiflərin zəifliyi bizi mərhəmətli rəftara dəvət edir. Belə olmasın ki, onlara kömək etməməyimizdən əlavə, onların aşkar hüquqlarını da tapdayaq. Məbada, müdafiə gücü olmayanlarla ən rəhimsiz şəkildə davranıb, onların haqqına təcavüz edək.
Həzrət (ə) sözünün davamında buyurur: «Çirkin iş adı kimi çirkin olar». Bu təbir yeganə təbirlərdəndir və az insan onu dilinə gətirə bilər. Bildiyimiz kimi gördüyümüz işlərin bəzisi həm yaxşı, həm də pis iş kimi tanına bilər. Gördüyümüz işlərin əksəri belədir. Dəqiq desək, bizim əməllərimiz və işlərimiz əxlaqi mühakimə əsasında iki cürdür. Məsələn, «söhbət etmək», «yemək yemək», «yol getmək» kimi əməllər həm yaxşı ola bilər, həm də pis. Məsələn, söhbət etmək bir yerdə yaxşı və layiqli əməl ola bilər, digər bir yerdə isə çirkin və pis sayılar. Gülmək müəyyən bir yerdə yaxşı, digər bir yerdə pis hesab oluna bilər. İşin adı onun gözəl və çirkin olmasının göstəricisi deyil. Amma elə əməllər də vardır ki, onların adı həmin əməlin yaxşı və ya pis olmasını tə’yin etmək üçün kifayətdir və həmin ad uyğun əməlin yaxşı və ya pis olmasından danışır. Belə əməllər yalnız bir formada gerçəkləşir. Məsələn, «söyüş» sözü özü artıq pisliyi aşkar bildirir. Söyüşün nə üçün pis olduğunu sübut etmək üçün sübut gətirmək lazım deyil. Söyüşün adı onu pis bir iş saymağımız üçün kifayət edir. Çünki söyüş özü pis deməkdir. Ehsan pis ola bilmədiyi kimi, söyüş də yaxşı ola bilməz. Söyüşü pis saymaq üçün dəlil-sübuta ehtiyacımız yoxdur.
Allah-təala Qur’ani-kərimdə buyurur: «Zinaya da yaxın düşməyin. Çünki o çox çirkin bir əməl, pis bir yoldur».1 Zinaya yaxınlaşmamağın dəlili onun çirkin iş olmasıdır. Yə’ni olduqca çirkin bir işdir. Demək, pis ad özü işin çirkinliyinə dəlildir. «Çirkin iş adı kimi çirkin olar», yə’ni işin pis olması onun adından bəllidir və onun pisliyinin sübutu üçün əlavə bir dəlilə ehtiyac yoxdur. Zülm də çirkin, çox çirkin bir işdir. Heç bir zülm müsbət qəbul etdirilə bilməz. Zülm və çirkin sayılmış bir əməlin yaxşılığından, gözəlliyindən danışmağa yer yoxdur.
QƏLBİN CİLOVU
Şübhəsiz, insan öz işlərinin icrasına təhriklərin, ən azı təmayüllərin ardınca başlayır. Bu təhriklərin yaranmasında qəlbin böyük rolu, tə’siri var. Əməllərin icrası üçün bədənə zəruri qüvvə verən, başqa sözlə, bədəni o yan-bu yana çəkən qəlbdir. Həzrət (ə) bu hissədə qəlbə nəzarət və onun qorunması üsulunu bəyan edir: «Çətinliklərə dözmək qəlbi pak saxlayır».
İnsan qəlbi xaraktercə meyllərə və həvəslərə malikdir. Nəfs həvəsləri qəlbdə ortaya çıxan arzulardır. Bu meyllər və istəklər çox vaxt ötəri və xoşa gəlməz olur: «Həqiqətən, nəfs pis işlər görməyi əmr edir».2 Məhz qəlbin bir şey istəməsi bu istəyin yaxşı olması dəlil deyil. Qəlb çox vaxt insanın zərərinə olan şeylər istəyir. Bu istəklər və meyllər qəlbdə təbii şəkildə ortaya çıxsa da, müəyyən tədbirlər vasitəsi ilə onların qarşısını almaq olar. Ya da həmin istəklərin çiçəklənməsinin, hakim olmasının qarşısı alına bilər. Yə’ni qəlb meyllər qarşısında müdafiə, qorunma mövqeyi tuta bilər. Ən mühümü qəlbin qorunma halı üçün bir iş görmək lazımdır ki, insanın ixtiyarı öz əlində olsun. Məbada, nəyə gəldi könül verək. Axı əməl və rəftarlarımız öz əlimizdədir. Qəlb istəklərə doğru hərəkət edirsə, bədən üzvləri də eyni istiqamətə yönəlir. Göz, qulaq və digər əzalar qəlb istəyi ardınca gedir. Bütün bədən qəlb istəyinə çatmaq üçün həmin istiqamətdə hərəkət edir:
Dostları ilə paylaş: |