İmam Hüseyn əleyhissəlamın Yezidin dövründə etdiyi inqilab o qədər qüvvətli idi ki camaatın qəlbində əbədi qalmışdır. Müşahidə etdiyimiz kimi üstündən neçə əsrlər keçməsinə baxmayaraq, camaat indi də Kərbəla şəhidlərini özləri üçün örnək nümunə qərar verərək fədakarlıq qəhrəmanlıq meydanlarında onlardan ilham alırlar. Əgər İmam Hüseyn (əleyhissəlam) Müaviyənin dövründə qiyam etsəydi çox ehtimal ki onun qiyamı belə nəticə verməyəcəkdi. Bu məsələnin sirrini Müaviyənin nüfuzu hoqqabazlığı hiyləsi və dini jestində və onun müşkülatı həll etməkdə seçdiyi xüsusi yolda axtarmaq lazımdır. Düzdür Müaviyə hökumətində İslamı tamamilə təhrif etmiş Bəni–Üməyyəni İslamın sadə hökumətinin əvəzinə hökumətə gətirmiş və İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi. Ancaq o bunu da yaxşı bilirdi ki camaata İslam adı altında rəhbərlik etdiyi üçün dinə zidd olan işlər görməməlidir. Əksinə o həmişə çalışırdı ki öz işlərinə dini ad qoysun. Bununla da gördüyü işləri tutduğu mövqeylə uyğunlaşdırırdı. Şər’i görülməsi mümkün olmayan işləri isə gizlində görürdü. Bə’zi tarixi sənədlər göstərir ki Müaviyə dinsiz və heç nəyə inanmayan bir insan olmuşdur. Belə ki özü elə də əməlli və düzgün adam olmayan Müğeyrə ibn Şü’bə Müaviyənin xüsusi məclislərində onun özündən eşitdiyi sözlər barədə fikirləşərək narahat olub deyirdi: «Müaviyə camaat arasında ən pis adamdır.» Ancaq bununla belə, Müaviyənin dinin bə’zi zahiri işlərinə riayət etməsi onun əsl mahiyyətini anlamaqda camaat üçün çox çətin olmuşdu. Müaviyə öz hökumətini dini hökumət kimi göstərmək üçün vəziyyət və şəraitdən lazımi qədər istifadə edirdi. O bir tərəfdən Osmanın qisasını bəhanə edir digər tərəfdən də, Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlardan İmam Həsən əleyhissəlamla sülh bağladıqdan və camaatın onunla bey’ət etməsindən sonra özünü camaatın gözündə xəlifəliyə layiq qələmə verirdi. Buna əsasən, əgər İmam Hüseyn (əleyhissəlam) onun dövründə qiyam etsəydi Müaviyə asanlıqla İmam əleyhissəlamın qiyamını haqqın batilə qarşı qiyamı kimi yox hökumət və vəzifə üstündə siyasi mübarizə kimi qələmə verəcəkdi.