Müaviyə Yezidi vəliəhd tə’yin etmək məqsədi ilə irəli sürdüyü siyasəti davam etdirərək Mədinə şəhərinin camaatından xüsusən də, başda İmam Hüseyn (əleyhissəlam) olmaqla şəhərin adlı-sanlı şəxsiyyətlərindən Yezid üçün bey’ət almaq məqsədi ilə Mədinə şəhərinə gəldi. Müaviyə Mədinəyə gəldikdən sonra İmam Hüseyn (əleyhissəlam) və Abdullah ibn Abbasla görüşüb söhbət əsnasında Yezidin vəliəhdliyi məsələsini ortaya atdı. O çalışırdı ki onları bu işə razı salsın. İmam Hüseyn (əleyhissəlam) Müaviyənin bu sözü qarşısında bir müqəddimə (ön söz) qeyd etdikdən sonra sözə belə başladı:
«Sən özünü üstün tutmaqla ifrata düçar olmusan. Camaatın ümumi malını qəsb etməklə zülm etmisən! Sən camaatın malını onların özlərinə qaytarmaqdan çəkindin və bu işdə xəsislik etdin. Açıq-aşkar o qədər qarətlər etdin ki öz həddini aşdın. Haqq sahiblərinin haqqını özlərinə qaytarmadığın üçün Şeytan (səni yoldan çıxarmaqda) öz arzusuna çatdı. Yezid üçün saydığın fəzilətləri və İslam ümmətini idarə etmək üçün qeyd etdiyin ləyaqətləri başa düşdüm. Sən camaata elə adamı tanıtdırmaq istəyirsən ki elə bil camaat onun həyat sabiqəsini tanımır. Sanki, burada olmayan bir nəfərdən xəbər verirsən ki camaat onu görməyib. Elə bil ki onu ancaq sən tanıyırsan. Xeyr Yezid öz batinini açıb aşkar etmişdir. Yezidi olduğu kimi tanıtdır. Yezid itbaz quşbaz və keyf adamıdır. O ömrünü çalmaq oxumaq və əyyaşlıqla keçirir. Yezidi bu cür tanıtdır. Bu boş təbliğlərini kənara qoy! Bu ümmətin müqabilində boynuna yığdığın öz günahların bəsdir. Elə bir iş görmə ki Allah qarşısında günahların bundan da ağır olsun. Sən o qədər öz batil və zülm yoluna davam edib ağılsızlıq düşüncəsizlik üzündən zülmlər etdin ki artıq camaatın səbr kasasını doldurmusan. İndi səninlə ölüm arasında bir göz qırpımından artıq vaxt qalmayıb. Bunu bil ki sənin bütün əməllərin Allah yanında qorunub saxlanır və sən onlardan ötrü cavab verməli olacaqsan.»9