ƏMANƏT MƏSULİYYƏT DEMƏKDİR
İndi isə görək əmanət nədir? Biz «yəhmilnəha» kəlməsindən onun mənasını başa düşə bilərik. Maddi və cismani deyil, məsuliyyətli bir vəzifədir. Rəvayətlərdə deyilir ki, əmanət, məsuliyyət, təklif (dini borc), vəzifə və qanun deməkdir. İnsan həyatı vəzifə və təkliflər əsasında yaşanılmalıdır. Gərək onun üçün qanunlar təyin olunsun. O da bu məsuliyyəti öz öhdəsinə götürməlidir. Bu xüsusiyyətlər insandan başqa heç bir varlıqda mövcud deyildir. İnsandan başqa bütün varlıqlar gördükləri hər bir işi məsuliyyət hissi keçirmədən və məcburi olaraq görürlər. Yalnız insanlar üçün qanun təyin edib onları bu qanunlara əməl etməkdə azad buraxmaq olar. Yalnız insanlara demək olar ki, səadət istəyirsənsə bu yolla, bədbəxtlik istəyirsənsə ayrı bir yolla get. Hər hansını seçmək öz ixtiyarındadır. Bu məsələyə təklif və ya dini vəzifə deyilir.
Buna görə də heyvan mükəlləf (dini vəzifəsi olan bir varlıq) sayılmır və onun öhdəsinə heç bir vəzifə və məsuliyyət qoyulmamışdır. Sanki maşına bənzəyən bir varlıqdır. İnsan isə gördüyü hər bir işdən ötrü məsuliyyət daşıyır. Allah-taalanın Quranda əmanət kəlməsindən məqsədi elə bunlardır. Yəni dini borc, vəzifə və məsuliyyət hissi. Qurani-kərimdə buyurulur: «Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər». Əlbəttə göylər, yer və dağlar bir nümunə kimi zikr olunur, amma həqiqətdə əmanət bütün məxluqata təklif olunmuşdu; onlarda onu qəbul etmək üçün istedad və qabiliyyət yox idi. Təkcə insan bu məsuliyyəti qəbul etməyə hazır oldu. O, dedi: Ey mənim Allahım! Mən bu məsuliyyəti öhdəmə götürürəm. Bu kamal və səadət yolunu öz ayaqlarımla getməyə hazıram. Çünki sən mənə misli olmayan yaradıcılıq və təşəbbüs qüvvəsi bəxş etmisən.
Dostları ilə paylaş: |